Həyatımızı işıqlandıran mayak

Отправлено 25 июл. 2015 г., 11:57 пользователем Murad Nabibekov   [ обновлено 25 июл. 2015 г., 11:58 ]






Akif ƏLİZADƏ
Azərbaycan Milli Elmlər 
Akademiyasının prezidenti, akademik

        Qədim və zəngin tarixə malik Azərbaycan özünün əbədiyyət salnaməsində daim xatırlanacaq unudulmaz günlərə yer vermişdir. Milli mətbuatımızın bünövrəsini qoyan “Əkinçi” qəzetinin fəaliyyətə başladığı uzaq 1875-ci ilin 22 iyul tarixi də belə günlərdəndir. 

        Həmin gün xalqımız üçün çoxdan gözlənilən, möhtəşəm tarixin başlandığı gün oldu. Məhz bu gündə vətən, millət fədailəri xalqın maariflənməsinin təməlini qoydular. Elə bir təməl ki, cəmiyyətin hər bir üzvünə qaranlığı işıqlandıran mayak kimi doğru yol göstərdi. Bu yolda milli maarifçilik hərəkatının banilərindən təbiətşünas alim, pedaqoq, ictimai xadim Həsən bəy Zərdabi başda olmaqla “xalqın təəssübkeşləri”, maarifçi mühərrirlər ana dilimizdə qəzet nəşr etmək ideyasını qərarlaşdırdılar. Həsən bəy Zərdabinin yorulmaz əməyi sayəsində 1875-ci ildə nəşrinə başladığı “Əkinçi” qəzetinin əsas məqsədi fanatizmi, cəhaləti aradan qaldırmaq, xalqı elmə, maarifə və tərəqqiyə çağırmaq, ona milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ etmək və elmi-mədəni səviyyəsini yüksəltməkdən ibarət idi.
        “Əkinçi” qəzeti ilə əsası qoyulmuş milli mətbuatımız xalqın milli mədəniyyəti tarixinə şərəfli səhifələr yazdı, milli özünüdərk və mənliyimizin formalaşmasında, eləcə də mənəvi dəyərlərimizin qorunmasında misilsiz xidmətləri oldu. Daim mütərəqqi ideyalara əsaslanan “Əkinçi” elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafı, həmçinin yeni tipli təhsil ocaqlarının - məktəblərin yaradılması naminə müntəzəm iş apardı, onun ən böyük uğuru isə dilinin sadə və səlis, xalqın dilinə yaxın olması oldu. Qəzetin səhifələrində təbiət elmləri, tibb və kənd təsərrüfatının inkişafı, xarici ölkələrin bu sahələrdə qazandığı uğurlar haqqında mütəmadi olaraq elmi-kütləvi məqalələr yayımlandı, həmçinin mənəviyyat tariximizdən bəhs etdi. Xalqımızın mənafeyini müdafiə edən qəzet azadlıq ideyalarının, mütərəqqi elmi, bədii, fəlsəfi və maarifləndirici fikirlərin carçısı oldu. Xalqı cəhalətdən, fanatizmdən uzaqlaşdırmaq, onlara öz hüquqlarını anlatmaq, savadlanmasına kömək etmək məqsədini qarşıya qoyan “Əkinçi” milli mətbuat tariximizdə mühüm xidmətlər göstərdi.
        Həsən bəyin nəşr etdirdiyi “Əkinçi” qəzetində “Daxili xəbərlər”, “Əkin və ziraət xəbərləri”, “Tazə xəbərlər” rubrikaları ilə yanaşı, “Elmi xəbərlər” sərlövhəsi də yer aldı, müxtəlif mövzularda dərc olunan məqalələr qısa müddətdə böyük oxucu auditoriyası toplaya bildi. “Əkinçi” məzmunu, ideya istiqaməti, dili nöqteyi-nəzərindən Azərbaycan xalqına, onun milli ənənələrinə sədaqətlə xidmət etdi. “Əkinçi” çar Rusiyasının müstəmləkəsi olan Vətənimizin sabahını düşünən hər kəs üçün cəsarət nümunəsinə çevrildi, onun işıq üzü görən cəmi 56 sayı inqilaba bərabər oldu, cəmiyyətimizdə dövri mətbuata, oxumağa, məlumatlanmağa həvəs yaratdı, elmi təfəkkürə olan əbədi meyiləri gücləndirdi.
        Maarifçilik ideyaları ilə fərqlənən qəzet milli mətbuatımızın müasirlik, ümummilli məqsədlərin təbliği, ana dilimizin zənginləşməsi, obyektivlik və başqa bu kimi əsas yaradıcılıq prinsiplərini özündə ehtiva edən bir məktəb kimi formalaşdı. Sonrakı illərdə Azərbaycanın görkəmli maarifçi ziyalılarının nəşr etdirdiyi “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “İrşad”, “Həyat”, “Füyuzat”, “Həqiqət”, “Tazə həyat”, “Tərəqqi”, “Molla Nəsrəddin” və digər mətbu orqanlar “Əkinçi” qəzetinin ideya xəttinə əsaslanmış, onun ənənələrini davam etdirərək XX əsrin əvvəllərində formalaşmış milli oyanış və özünüdərk proseslərinə verdikləri misilsiz töhfələrilə milli mətbuatımızın inkişafına xidmət göstərmişlər.
        “Əkinçi” təkcə milli mətbuatımızın yaranma tarixi deyil, həmçinin xalqımızın milli şüurunun, azadlıq mübarizəsinin başlanma tarixidir. Həsən bəy Zərdabinin bu ideyaları və “Əkinçi” ənənələri ilə mayalanan milli mətbuatımız çətin və şərəfli bir yol keçdi. Milli mətbuat xalqın hürriyyət ideyalarının tərəqqisi, istiqlalımızın möhkəmləndirilməsi prosesindəki fəal iştirakını 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra da davam etdirdi. Bəhs olunan həmin dövrdə Azərbaycan Parlamenti tərəfindən mətbuatla bağlı, söz və fikir azadlıqlarını müəyyən edən hüquqi sənədlər qəbul edildi, eləcə də Üzeyir bəy və Ceyhun bəy Hacıbəylilərin bilavasitə rəhbərliyi ilə “Azərbaycan” qəzeti çap olunmağa başladı. Cəmi 23 ay davam edən Azərbaycan Xalq Cümhuriyyəti dövründə ölkə üzrə 129 adda qəzet və jurnal nəşr olundu və fikrimcə, həmin dövr üçün bu, mütərəqqi bir göstəricidir.
        Azərbaycan mətbuatı sovet hakimiyyəti illərində də xalqın özünəməxsus və zəngin milli ənənələrini müdafiə etdi, qorudu, müntəzəm olaraq respublika gündəmini hər cəhətdən geniş işıqlandıra bildi, ictimai-siyasi və milli-mədəni həyatdakı proseslərdən uzaq qalmadı və bunlar, ideoloji buxovlar və sərt senzura şəraitində 70 il davam etdi.
        Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra ölkəmizdə söz və ifadə azadlıqlarının təmin olunması, müasir azad mətbuatın formalaşması, onun hüquqi-normativ bazasının qurulması və iqtisadi müstəqilliyinin təminatı baxımından geniş imkanlar yarandı. Xalqın istəyi ilə 1993-cü ildə yenidən ölkə rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və xidmətləri sayəsində kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdi, beynəlxalq norma və prinsiplərə uyğunlaşdırıldı, söz və informasiya azadlığını məhdudlaşdıran maneələr, mətbuata tətbiq edilən senzura aradan qaldırıldı, redaksiyaların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görüldü və nəticədə milli mətbuatın hərtərəfli inkişafı istiqamətində yeni perspektivlər yaradıldı.
        Yarandığı 140 illik bir dövrdə Azərbaycanın milli mətbuatı böyük və mənalı bir inkişaf yolu keçmişdir. Xalqın qədim və zəngin ədəbi, mədəni irsə sahib olması, eləcə də Şərq və Qərb sivilizasiyalarının qovşağında formalaşmış mədəniyyəti demokratik milli mətbuatın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır.
        Bu gün elm və media əlaqələri özünün çoxşaxəli və faydalı xüsusiyyətləri ilə seçilir. Azərbaycanda elmi və elmi-texniki siyasəti həyata keçirən əsas dövlət qurumu kimi Azərbaycan Milli Elmlər Akademiyası öz fəaliyyətini daim ölkəmizdə yayımlanan kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq şəraitində həyata keçirir. Akademiya tərəfindən görülən hüquqi və kadr islahatları, proqramlar, elmi-kütləvi toplantılar və görüşlər, beynəlxalq əməkdaşlıq əlaqələri və başqa bu kimi tədbirlərin işıqlandırılmasında milli mətbuatımız əzmlə çalışır. Multidissiplinar istiqamətlər üzrə aparılan tədqiqatlar, onların nəticələri, həmçinin alimlərimizin beynəlxalq tədbirlərdə iştirakı və əldə edilən nailiyyətlər də mətbuatın gündəmində geniş təbliğ olunmaqdadır.
        Azərbaycan Milli Elmlər Akademiyası bu il yaranmasının 70 illiyini qeyd edir. Ötən tarixi dövr ərzində akademiyanın, alimlərimizin və elmi nailiyyətlərimizin təbliği və elmin cəmiyyətdə populyarlaşmasında 140 illik tarixi olan milli mətbuatın göstərdiyi xidmətlər əvəzsizdir. Kütləvi informasiya vasitələrinin gündəlik faydalana bildiyi əsas informasiya mənbələrindən biri kimi akademiya öz fəaliyyətində buna önəm verir.
        Azərbaycan Milli Elmlər Akademiyasında son illər aparılan struktur islahatlarından biri olan və Rəyasət Heyəti aparatının nəzdində fəaliyyət göstərən İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi akademiya və ictimaiyyət, eləcə də kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulması, həmçinin qurumun təbliği və elmin kütləviləşdirilməsi istiqamətində çoxşaxəli fəaliyyət göstərir. İdarə tərəfindən həyata keçirilən ictimaiyyətlə əlaqələr işinin müasir formada təşkili, eləcə də elektron media və çap məhsulları vasitəsi ilə informasiyaların cəmiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Hazırda sözügedən idarənin təşkilatçılığı ilə AMEA-nın elmi müəssisə və təşkilatlarında ictimaiyyət və media ilə əlaqələrə məsul əməkdaşlardan ibarət şəbəkə formalaşdırılıb ki, bu da öz növbəsində institutlarda aparılan elmi-tədqiqatlar, keçirilən tədbirlər və s. haqqında mətbuatın dəqiq və operativ informasiya ilə təminatına imkan yaradır.
        AMEA-da son illərdə həyata keçirilən tədbirlər ölkədə elmin inkişafı və təbliği, həmçinin informasiya və elmin kütləviləşdirilməsi sahəsində idarənin fəaliyyətinin səmərəliliyinin artırılması baxımından da əhəmiyyətli olmuşdur. Belə ki, son zamanlar islahatlarla xarakterizə olunan və yeni inkişaf mərhələsini yaşayan Azərbaycan Milli Elmlər Akademiyası kütləvi informasiya vasitələri ilə əlaqələrini daha da genişləndirmişdir. AMEA üzvlüyünə keçirilmiş seçkilər, “Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə kimi inkişaf Konsepsiyası”nın və AMEA Nizamnaməsinin yeni layihəsinin hazırlanması, ən müasir elmi problemlər əsasında formalaşan yeni institutların yaradılması, akademiyanın ilk dəfə olaraq “Solidol”, “Niqrol” və başqa bu kimi 28 adda brend məhsullarını istifadəyə verməsi, həmçinin akademiyanın nəzdində “Göytəpə arxeoloji parkı”nın layihəsinin təqdimatı, AMEA-nın ümumi yığıncağı, görkəmli alim və mütəfəkkirlərin adlarına təsis olunmuş adlı mükafatlar, regionlarda ilk dəfə elmin kütləvi təbliğinə başlanılması, Bakı Elm Festivalı, “Azərbaycan alimlərinin I qurultayı”, mətbuat konfransları, digər dövlət qurumları ilə birgə keçirilən tədbirlər, eləcə də Avropa Birliyinin “HORİZON-2020” proqramı üzrə keçirilən toplantılar, Beynəlxalq Geodeziya İttifaqı, CERN və digər beynəlxalq layihələr ölkə mətbuatının səhifələrində geniş işıqlandırılmışdır. Qeyd etmək lazımdır ki, təkcə bu ilin birinci yarısına olan statistik göstəricilərə görə AMEA tərəfindən 700-ə yaxın xəbər hazırlanaraq media orqanlarına göndərilmiş, həmçinin eyni dövrdə aparılmış monitorinqin nəticələrinə əsasən kütləvi informasiya vasitələrində akademiya haqqında 2 min 400-dən çox xəbərin yayımlandığı məlum olmuşdur.
        Cari ildə media ilə əlaqələri daha da genişləndirmək məqsədilə akademiya tərəfindən Şamaxı Astrofizika Rəsədxanasında jurnalistlər üçün iki günlük Yay məktəbi təşkil olunmuşdur və burada AMEA-da aparılan islahatlar, kadr siyasəti, yeni elmi nailiyyətlər və elmin populyarlaşdırılması istiqamətlərini əhatə edən təlimlər keçirilmiş, aktiv iştirakçılar sonda sertifikatlarla mükafatlandırılmışlar.
        Azərbaycan kütləvi informasiya vasitələri bu gün azad, müstəqil şəkildə fəaliyyət göstərir. Mövzu rəngarəngliyi ilə fərqlənən və özünün çoxsaylı auditoriyasını dəqiq, qərəzsiz və operativ məlumatlandıran ölkə mətbuatı da 140 illik ənənədən doğan dəyərləri, milli təəssübkeşliyi qoruyub saxlayaraq xalqımıza əvəzsiz xidmət göstərməkdədir.
        Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Milli mətbuatın 140 illik yubileyinin keçirilməsi haqqında” sərəncamının ölkəmizdə təntənə ilə qarşılanması, mədəni-kütləvi tədbirlərin keçirilməsi ölkəmizin ictimai-siyasi və mədəni həyatında mühüm hadisə kimi qiymətləndirilir.

Mənbə: science.az