Rusiyadakı bolşevik inqilabının gizli əli: Almaniya

Отправлено 21 сент. 2014 г., 3:11 пользователем Murad Nabibekov   [ обновлено 21 сент. 2014 г., 3:12 ]













Ramin SADIQOV,
tarix üzrə fəlsəfə doktoru


Rusiya 20-ci əsrin əvvəllərində

        20-ci əsrdə tarixin seyrini dəyişdirən inqilablar içində Bolşevik İnqilabı şübhəsiz ilk sırada gəlir. Çünkü bu inqilab sadəcə Çar hakimiyyətinin devrilməsi yox, eyni zamanda bəlli bir dövrə qədər dünyada iki qütblülüyün yaranmasının, Kommunist və Sosialist ideologiyasının yayılmasının, Soyuq Müharibənin şiddətlənməsinin əsas amillərindən biri oldu. Bu inqilabın gətirdiyi sistem, dünyanın böyük bir coğrafiyasında ideolojik qarşıdurmalar yaratdı, bunun da nəticəsində milyonlarla insan həyatını itirdi. Üstəlik inqilabın gəyirdiyi ideologiya ilə barışmayanlar “utanc düşərgələrində” yaxud həbsxanalarda son nəfəsini verdi.

Bu inqilabın baş vermə səbəbləri və inqilabı hazırlayan şərtlərin nə olduğunu qeyd etməzdən əvvəl bir xüsusa diqqət çəkmək yerinə düşərdi. İnqilab, başqa heç bir düşüncə, inanc və ideologiya ilə barışmaz tək tip insan “Sovet insanı” yetişdirmək adı ilə inancsız və dinsiz bir cəmiyyət yaratma təşəbbüsü göstərdi. 70 il boyunca bunun uğrunda işlər görüldü, lakin İttifaqı təşkil edən millətlərin qəlbindən inancları sökülüb atıla bilinmədi. Məhz bu səbəbdən 90-cı illərin əvvəllərində başlayan Sovet ölkəsinin dağılma təhlükəsi qarşısında millətlər azadlıqlarını elan etdilər.

Əslində bu inqilabın böyük bir “dahinin” yəni Leninin əqli çevikliyi sayəsində zəfərlə nəticələndiyinə dair uzun illər anladılan hekayələr Sovet təbliğat mexanizması kimi beyinlərə işləndi. Leninin adı hər yerdə əbədiləşdirildi, şəhərlər, hətta qəsəbələr və kəndlər onun heykəlləri ilə bəzədildi, insanlar “ixtira olunan” yeni “bayramlar”da bu heykəllərin önündə baş əyməyə məcbur qılındı. Dərsliklərdə Lenin kimi oxumaq, onun kimi “geniş düşüncəli” və inqilabçı ruhla yetişmək gərəkdiyi qeyd olundu. Haqqında cildlərlə əsərlər yazıldı, mahnılar bəstələndi, müxtəlif filmlər çəkildi. Lakin Sovet ölkəsi dağıldıqdan sonra açılan arxivlər, ortaya saçılan yeni sənədlər 70 il boyunca çəkilən zəhməti bir neçə ay içində sildi süpürdü. Ona görə də “dəmir pərdə ölkəsi”nin millətləri qəlblərində yığılmış nifrətlərini elə ilk öncə Leninin heykəllərini parçalayaraq göstərdilər.

Yazının başlığından da bəlli olduğu kimi buradakı məramımız Bolşevik İnqilabının, dolayısıyla Leninin Alman dövlətinin bir layihəsi olduğunu anlatmaqdır. Bunun üçün elm aləmin əlində kifayət qədər sənəd vardır. Zatən son dövrlərdə həm Bolşevik inqilabı, həm də şəxsən Lenin haqqında aparılan tədqiqatlar yazdıqlarımızı təsdiq edən mahiyyətdədir.

 Fevral İnqilabı və İki hakimiyyətlilik 

Rusiya 20-ci əsrin əvvəllərinə həm ölkə daxilində, həm də ölkə xaricində böyük problemlərlə başladı. Ölkə daxilindəki sosial problemlər, uzaq Şərqdə Yaponiya qarşısında alınan ağır məğlubiyyətlər və xalqın Çar idarəsinə qarşı fikrini inqilabi qığılcıma çevirməyə çalışan təşkilatların təbliğatları Rusiyanı içindən çıxılmaz vəziyyətə gətirmişdi. Lakin nə Çar Nikolay, nə də hökümətin problemi çözmə cəhdləri bir işə yarayırdı. Hətta problemlərin çözümü üçün 1916-cı ilin Noyabrından, 1917-ci ilin Martına qədər üç baş nazir, iki ədliyyə naziri və iki torpaq naziri dəyişdirilmiş, fəqət bu da bir çarə olmamışdı.

Bu arada davam edən müharibənin Rusiya iqtisadiyyatına vurduğu ziyan gündən günə artırdı. Məsələn, Lev Trotski qələmə aldığı “Rus inqilabının tarixi” adlı əsərində qeyd edir ki, “1915-ci ildə müharibə Rusiyaya 10 milyard rubla başa gəlmişdi. 1916-cı ildə bu rəqəm 19 milyarda yüksəlmiş, 1917-ci ilin ilk altı ayında isə 10 milyarddan çox pul xərclənmişdi

Ölkənin başı bir yandan müharibəyə qarışmışkən bir yandan da ölkə içində hər tərəfə yayılan nümayişlərlə məşğul idi. Moskva, Tver, Bakı, Kiyev, Xarkov və digər şəhərlərdə tez tez nümayişlər keçirilirdi. Əgər 1914-cü ildə 70 nümayiş təşkil olunmuşdursa, 1916-cı ildə bu rəqəm 1416-ya yüksəlmişdi. 1905-ci ilin Qanlı Yanvar hadisələrinin ildönümünü qeyd etmək üçün 1916-cı il Yanvar ayında Petroqradda təşkil olunan nümayişə 100 mindən çox insan iştirak etmişdi. Kəndlilər də öz etirazlarını yüksəldir, bankları, mağazaları yandırır, torpaq sahiblərinə hücum edir, tarlaları talan edir, varlıların mülkü olan meşələri məhv edirdilər.

Cəbhədən gələn məğlubiyyət xəbərləri, əsgərlərin ümidsizliyi, ordudan qaçma hallarının çoxalması da çarəsizliyin çıxılmaz halı idi. I Dünya müharibəsi sırasında Rusiyada 15 milyon insan səfərbər olunmuşdu, bunun 1 milyon 650 min nəfəri ölmüş, 4 milyona yaxını yaralanmışdı. Üstəlik 2 milyon yarımdan çox Rus əsgəri əsir düşmüşdü.

Vəziyyət getdikcə ağırlaşır, II. Nikolay və ətrafındakı bir neçə nəfər xaric hər kəs bir inqilabın yaxınlaşdığını hiss edirdi. Lakin çox qəribədir ki, o dönəmdə İsveçrədə yaşayan bolşeviklərin rəhbəri Lenin inqilabın yaxınlaşdığına inanmırdı. Hətta 1917-ci ilin Yanvarında bir iclasdakı çıxışında deyirdi ki, “Biz yaşlı insanlar, gələcəkdəki inqilabı görə bilməyəcəyik.

1917-ci ilin əvvəllərindən etibarən Rusiyada etiraz dalğaları gedərək böyüyürdü. Yanvar ayında toplam 200 mindən çox fəhlə nümayişə çıxmışdı. Fevral ayının 17-də Putilov fabrikinin fəhlələri maaşlarının 50% artırılması və daha əvvəl işdən çıxarılmış yoldaşlarının yenidən işə alınması tələbi ilə etirazlara başladılar. Fabrik idarəsi etirazçıların tələblərini rədd etdi. 3-4 gün içində etiraz dalğası artdı, 24 Fevralda 200 min fəhlə küçələrə çıxdı. 25 Fevral axşamı Nikolay sərəncam verdi. Sərəncama görə, Rusiya, Almaniya və Avstriya ilə ciddi bir müharibə şəraitində olduğu halda hər cür qarışıqlığın durdurulması əmr olunurdu.

Bu sərəncamdan sonra Duma buraxıldı. Gizli polis nümayişlərə iştirak edən müxtəlif partiya mənsublarını həbs etməyə başladı. Gecə boyunca 171 nəfər həbs olundu. 26 Fevral səhəri silahsız xalq kütləsinə atəş açıldı. Lakin 27 Fevralda 25 min əsgər nümayişçilər tərəfinə keçdi. Ardından 30 min nəfər Tavrida Sarayına irəlilədi. Nikolay Petroqrada dönmək üçün qatar vağzalına gəldiyi sırada üsyançı əsgərlər tərəfindən həbs olundu və taxtdan əl çəkməsi istəndi.

Beləliklə inqilab baş verdi, lakin ölkədə iki hakimiyyətlilik yarandı. Biri Dumanın təşkil etdiyi Müvəqqəti Komissiya, digəri isə Petroqrad Fəhlə və Əsgər soveti idi. Fevral inqilabı baş verdiyi əsnada İsveçrədə olan Lenin “İnqilabımızda proletariyatın vəzifələri” adlı məqaləsində 2 Martda təşkil olunan Müvəqqəti Höküməti burjuaziya hökuməti adlandırır, Petroqrad Fəhlə və Əsgər Sovetinin isə onu kontrol etməklə məsul olduğunu deyirdi. Lakin burada xüsusilə qeyd olunmalıdır ki, Fevral inqilabı baş verəndə Bolşevik partiyasının rəhbərləri ya xarici ölkələrdə yaşayır, ya da Sibirin ucqarlarında sürgündə həyatı sürürdülər. Bu səbəblə o dövrdə Bolşeviklər kiçik miqyaslı nümayişlər xaricində ölkənin siyasi həyatında böyük bir təsir göstərə bilməmişdilər.

   Leninin Rusiyaya dönüşü.

 Fevral İnqilabı baş verəndə Lenin İsveçrədə idi. İnqilabı duyunca Rusiyaya qayıtmaq hazırlıqlarına başladı. Bu arada Bolşevik partiyası üzvlərinə yazdığı məktublarda Müvəqqəti Hökümətə etimad etmədiyini bildirdi. Uzun bir müddət Rusiyaya dönmək üçün münasib yollar axtardı. Menşevik Martov ona Almaniya üzərindən Petroqrada getməsinin doğru olacağını söylədi. Bu təklif Leninin ağlına batdı.

Şübhəsiz İttifaq dövlətləri Leninin müharibə barədəki fikirlərini bilirdilər. Hələ 1915-ci ildə Parvus kimi tanınan Aleksandr Helphand Almaniya Xarici İşlər Nazirliyinə Leninin bu fikirlərini çatdırmışdı. Fransız tədqiqatçı alim Helene Carriere d`Encausse Lenin haqqında qələmə aldığı monoqrafiyasında qeyd edir ki, Leninin Rusiyanın məğlub olması barəsindəki fikirləri elə çox diqqət çəkici idi ki, Almaniya Xəzinə Nazirliyi “Rusiyada inqilabi təbliğat üçün 2 milyon Mark” ayrılmasını qərarlaşdırmışdı. Hətta Alman Xarici İşlər Nazirliyi verdiyi qərarda, “Rus inqilabçılarının təbliğat xarakterli məhsullarla birlikdə Almaniya torpaqlarından keçərək Petroqrada getməsi üçün” İmperatorun icazəsini açıqladı. Göründüyü kimi Lenin, Rus gücünü parçalamaq üçün Almaniya üçün bir vasitə idi. Almanlar bu yolla ondan inqilab xarakterli çıxışlar etməsini və Rus ordusunu müharibədən çəkindirməsini istəyirdilər.

Şübhəsiz Lenin də Alman dövlətinin əsl niyyətini bilirdi, lakin tək hədəfi iqtidara gəlmək olduğu üçün təklifləri geri çevirmirdi. Lev Trotski “Rus inqilabının tarixi” əsərində qeyd edirdi ki, “Müharibənin əvvəllərində Lenin, Kelkuela adlı bir cəsus vasitəsi ilə Alman məqamları ilə əlaqə qururdu. Bu əlaqə sayəsində Almanlar Leninə həm maddi, həm də başqa məsələlərdə kömək göstərirdilər. Məsələn, “Plomblanmış vaqonda” səyahət Almaniya planı idi. Ayrıca qeydiyyat dəftərlərindən anlaşıldığı kimi Almaniyanın maddi təminatı 1917-ci ilin Martından eyni ilin Noyabrına qədər davam etmişdir.”

Leninin təklifi ilə İsveçrəli sosialistlər Robert Qrimm və Fritz Platten, Alman hökümət nümayəndələri ilə görüşmələrə başlandı. Leninin tək istəyi, minəcəyi qatarın başqa bir ölkəyə aid olması və gələcəkdə Almaniya ilə ittifaq qurmaqla günahlandırılmamasıydı.

Beləliklə 27 Martda Bolşeviklər Zürihdən ayrıldılar. Mindikləri qatar diplomatik toxunulmazlığa sahib idi. Ayrıca razılaşmalara görə heç bir yerde saxlanmadan və hər hansı bir yoxlamaya tabe tutulmadan qatar birbaşa Rusiyaya çatacaqdı.

Qatar 3 Apreldə Rus sərhəddinə çatdı. Rus Kadet Partiyasının orqanı olan Reç qəzeti Bolşeviklərlə Almaniya əlaqələri haqqında 5 Apreldə belə yazırdı: “Tələsik Rusiyaya dönmək istəyən Lenin və yoldaşlarına Almaniya dövlətinin bu qədər xidmət göstərməsi, düşmən ölkə vətəndaşlarına öz torpaqlarından sorğusuz sualsız keçmələrinə icazə verməsi bizə görə hər şeyi açıqca göstərir. Lakin bizə görə, Rus xalqının könlünə və vicdanına gedən yol heç bir vaxt Almaniyadan keçməməlidir.” 

Rusiyaya dönüncə bütün fəaliyyətini inqilabi çıxışlar və məruzələrə həsr edən Lenin, 4 Apreldə Tavrida Sarayında, tarixə “Aprel Tezisləri” kimi düşən məruzəsi ilə çıxış etdi. Bu tezislərdə Müvəqqəti Hökümətə dəstək verilməməsini, nizami ordunun ləğv edilib yerinə milis gücləri təşkil olunmasını, torpaqların varlıların əlindən alınması və dövlətləşdirilməsini, məhsul istehsalı və paylanmasına Sovetlərin baxmasını, bütün bankların fəhlə Soveti nəzarətində tək bir mərkəz altında toplanmasını açıqladı. Bu planla əslində Bolşevik Partiyasının strategiyası və taktikasını təyin etdi.

Lakin bu fikirlər ölkə mətbuatında tənqid atəşinə tutuldu, Lenin “sayaqladığına” qənaət gətirildi. Hətta Rus içtimaiyyəti bir yana Bolşeviklər belə Leninin bu fikirlərini qəbul etməyə yanaşmadılar. Petroqrad mərkəz komitəsi tezisləri müzakirə etmək üçün bir iclas keçirdi. Iclas sonundakı səs vermədə 13 səs əleyhinə, 2 səs lehinə oldu. Bu nəticə Lenin üçün bir faciə idi.

Hətta ən yaxın dostları da Leninin tezislərini qəbul etmədilər. Zinovyev və Kamenev tezislerin sadəcə Leninin şəxsi fikirləri olduğunu və Bolşeviklər tərəfindən qəbul olunmadığnı söylədilər.

 Bolşevik İnqilabına doğru

 1917-ci ilin yayı Rusiya siyasi tarixi üçün çox qalmaqallı keçdi. İyun ayında Müvəqqəti Hökümətin bütün cəbhələrdə hücum əmri verməsindən sonra Rus ordusunun Qalitsiya torpaqlarından qovulması artıq xalqın hökümətə olan inamını sarsıtmışdı. Ölkədə yenə nümayişlər, böyük etirazlar yayılırdı. Iqtisadi tənəzzül sürətlə davam edirdi. 1917-ci ilin İyun və İyul aylarında 439 fabrik bağlanmışdı. Aclıq və qıtlıq başlamışdı. Ordudya qorxu və panika hakimdi.

İyulun əvvəllərində bundan faydalanan Bolşeviklər Müvəqqəti Hökümət əleyhinə böyük bir mitinq təşkil etdilər. Mitinqə 500 mindən çox insan iştirak etdi. Fəhlə və əsgərlər “Bütün iqtidar Sovetlərə” şüarıyla küçələrə axışdılar. Tavrida Sarayını işğal edən nümayişçilərə Müvəqqəti Hökümət sərt bir reaksiya verdi. 5 İyuldan etibarən Pravda qəzetinin yayımı dayandırıldı, bəzi ordu hissələri cəbhədən alınaraq paytaxta gətirildi. Ardından nümayişçilərə atəş açıldı, nəticədə 700-ə yaxın insan həyatını itirdi. Müvəqqəti Hökümət Lenin, Zinovyev və Kamenevin həbsinə qərar verdi.

Lenin haqqındakı həbs qərarı çıxarılarkən onun “Alman cəsusu” və “vətənə xəyanət” etdiyi suçlamaları yayıldı. Ardından mətbuatda onun haqqındakı suçlamalar yayınlandı. Lenin bu vəziyyətdə ölkədən qaçmaqdan başqa çarə qalmadığını düşündü. Bu səbəblə bir yanğınsöndürən qiyafəsində Finlandiyaya getdi. O, qaçdı, lakin yoldaşlarından bəziləri həbs olundu. Bu arada Bolşevik Partiyasının bəzi üzvləri Leninin ölkədən qaçmaq yerinə təslim olmasını təklif edirdilər.

Bu hadisə hökümət daxilində çaxnaşma yaratdı, Knyaz Lvov hakimiyyətdən çəkildi və yerinə Kerenski keçdi. Kerenski ölkədə ciddiyətini və ağırlığını hiss etdirmək üçün general Kornilovu bütün orduların baş komandanı təyin etdi. Lakin xüsusən xarici dövlətlərin dəstəyini alan Kornilov Avqust sonlarına doğru hakimiyyəti devirmək həvəsinə düşdü və Müvəqqəti Höküməti Bolşeviklərə dəstək verməklə suçlayaraq üsyan etdi. Lakin hakimiyyətdən çəkilməyən Kerenski, bütün ölkədə Kornilova qarşı savaşılmasını əmrini verdi. Belə olduqda Bolşeviklər Müvəqqəti Hökümətə köməklik göstərdilər. Məhz Kornilov üsyanı xalq nəzdində Bolşeviklərə rəğbəti artırdı.

Kornilov üsyanı Bolşevikləri tək başına, yəni rəqibsiz şəkildə iqtidara yönləndirdi. Hətta Kerenskinin belə, Bolşeviklərin fikirlərinə uyğun addım atması, bölgələrdə yerləşən Sovetlər daxilində Eser və Menşeviklərin öz vəzifələrindən uzaqlaşmasına və yerlərinə Bolşeviklərin keçməsinə səbəb olurdu.

Sentyabrın əvvəllərindən etibarən ölkədə hər şey Bolşeviklərin arzuladığı kimi gedirdi. Almaniyanın dəstəyi əvvəlki kimi davam edirdi. Belə ki, 29 Sentyabr 1917-ci ildə Almaniya dövlət katibi Kyulman, Alman siyasətinin Rusiyadakı müvəffəqiyyətləri barədə mərkəzə belə yazırdı: “Bizim çalışmalarımız hiss olunan nəticələr verdi. Şübhəsiz bizim davamlı dəstəyimiz olmadan Bolşevik hərəkatı indi sahib olduğu ölçü və təsirə heç bir zaman nail ola bilməzdi.”

Bir yandan da bütün ölkə qıtlıqdan əziyyət çəkirdi. Əslində Rusiyada taxıl sıxıntısı yox idi. Lakin iri kapitalistlər və spekulyantlar taxıl qiymətlərinin qalxması üçün iş görürdülər. Müvəqqəti Hökümətin isə bu məsələni çözməyə gücü yetmirdi. Bu sırada yalnız mərkəz və böyük şəhərlərdə deyil, kənar bölgələrdə də böyük mitinqlər təşkil olunur, hərkəs bir səslə “Bütün iqtidar Sovetlərə” şüarı səsləndirirdi.

Ölkədəki vəziyyəti yaşadığı Finlandiyadan izləyən Lenin, Rusiyadakı Bolşevik yoldaşlarına göndərdiyi məktublarda silahlı üsyana qalxmaq üçün bütün şərtlərin hazır olduğunu bildirirdi. Hətta “üsyan etməyib gözləməyi” xəyanət saydığını söyləyirdi. Lakin onun bu radikal çıxışları ən yaxın dostları Zinovyev və Kamenevi belə narahat edirdi. Çünkü hər ikisi Rusiyadakı dəyişimin silahlı yolla güc tətbiq edərək deyil, daha demokratik bir tərzdə baş verməsinin tərəfdarı idilər. Leninin radikal çıxışları işi o yerə çatdırdı ki, ən sonda Kamenev Lenindən gələn məktubların yandırılmasını təklif etdi. Təklif bütün Bolşeviklər tərəfindən dərhal qəbul olundu. Lenin isə yazdığı yeni məktubunda Kamenevi “alçaq”lıqla suçladı.

16 Oktyabrda Leninin silahlı üsyan tələbi yenidən Kamenev və Zinovyev tərəfindən rədd olundu. Hətta 18 Oktyabrda üsyanın necə olacağına dair məlumatlar Menşeviklərin yayın orqanı Novaya Jizn qəzetində yayınlandı. Planı bəlli olan Lenin dəliyə dönmüşdü. “Bolşevik Partiyasının üzvlərinə” adlı yeni məktubunda Kamenev və Zinovyevin xəyanətindən bəhs edərək onların partiyadan qovulmasını tələb etdi.

Bu arada Bolşeviklərin  planından xəbərdar olan Müvəqqəti Hökümət təhlükəsizlik tədbirlərini artırdı. Paytaxta ordu yeridildi, stratejik nöqtələr nəzarətdə saxlanıldı. Bütün bu tədbirlərdən xəbərdar olan Lenin isə 20 Oktyabrda göndərdiyi yeni bir məktubda: “Bütün gücümüzlə hücum etməliyik. Bir neçə gün içində zəfər qazanmalıyıq” deyə tələblərini təkrarlayırdı.

23 Oktyabrda Bolşeviklərin silahlı qüvvələrinin mərkəzi olan Hərbi İnqilab komitəsi orduya göndərdiyi məktublarla ölkədə bütün iradənin tək sahibi olduğunu açıqladı. Buna müqabil Müvəqqəti Hökümət isə Bolşeviklərin yayın orqanı Raboçi Put qəzetini bağlatdı. Hərbi İnqilab Komitəsi əsgərləri mətbəəyə hücum edərək qəzetin yayınlanmasını təmin etdilər. Qəzet “Müvəqqəti Hökümətə üsyan” manşeti ilə çıxdı. Stalin qəzetdə yayınlanan “Bizə nə lazımdır?” adlı məqaləsi ilə açıqca: “Vaxt yetişib. Fevralda baş tutmayan iş indi tamamlanmalıdır. Burjiaziya və kapitalistlərin hökümətinin yerinə, fəhlə, kəndli və əsgər höküməti hakimiyyətə gəlməlidir. İqtidar mütləq fəhlə, kəndli və əsgər Sovetlərinin əlinə keçməlidir.” fikirlərini söyləyirdi.

Demək olar ki, üsyan başlamışdı. Dillərdə Leninin məşhur o “bugün tezdir, sabah gecdir” sözləri təkrarlanırdı. Ayrıca göndərdiyi yeni məktubunda Bolşevik rəhbər, “Sizi inandırıram ki, üsyan sırasında gecikmək ölümə bərabərdir. Konqres və iclaslarla vaxt itirmək yerinə silahlı üsyanla iqtidarı ələ keçirmək məsələsini danışmalıyıq! Gözləməyək! Onsuz da hökümət sarsılıb. Hər vasitə ilə onu əzməliyik...” deyirdi.

Şəhərdəki mühüm stratejik əraziləri nəzarətə götürməyi bacaran Bolşeviklər, Müvəqqəti Hökümətin iki nazirini də yaxalamışdı. Lenin də gizli şəkildə Rusiyaya gəlmiş, bir evdən üsyana rəhbərlik etməklə məşğul idi. 24 Oktyabrda şəhərdəki bir çox yer Bolşeviklər tərəfindən nəzarətə götürüldüyü üçün Müvəqqəti Hökümət nə edəcəyini bilmir, Qış Sarayında gözləyirdi. 25 Oktyabr sabahı nazirlərdən biri paytaxt bölgə komandiri Polkovnikova şəhərdəki vəziyyəti soruşduqda, o, hökümətin əlində hərbi güc qalmadığını söyləyirdi. Həqiqətən də Bolşeviklərin aylar boyunca apardığı təbliğatın nəticəsində əsgərlərin çox hissəsi üsyançıların tərəfinə keçmişdi.

Inqilab öz nəticəsini verdi. 26 Oktyabr səhəri Müvəqqəti Hökümət hakimiyyətdən uzaqlaşdırıldı, Lenin “Rusiya vətəndaşlarına” adlı bir yazı ilə sevincini xalqla bölüşdü. O, yazırdı: “Müvəqqəti Hökümət hakimiyyətdən uzaqlaşdırılmışdır. Iqtidar Petroqrad Fəhlə və Əsgər Sovetinin əlinə keçmişdir. Dərhal demokratik bir sülh müqaviləsi bağlanmalı, torpaq üzərindəki kapitalist hakimiyyəti ləğv olunmalı, istehsal üzərində fəhlə nəzarəti və Sovet höküməti qurulması işi gerçəkləşdirilməlidir.

Almaniya dəstəyi və sərmayəsi Bolşevik İnqilabından sonra da davam etdi. 8 Noyabr 1917-ci ildə Almaniyanın Stokholm səfiri Lusiyus ölkəsinin xarici işlər nazirliyinə göndərdiyi telegramda “məşhur bir iş” üçün 2 milyon mark göndərilməsini istədi. 9 noyabr tarixində isə stats-sekretar Külman, Maliyyə nazirliyinin stats-sekretarına yazdığı məktubda, “Rusiyada siyasi təbliğat aparılması üçün Xarici İşlər Nazirliyinin sərəncamına 15 milyon markın verilməsini” rica erdi. Eyni gün Almaniya Baş Qərargah zabiti Xarici İşlər Nazirliyinə göndərdiyi telegramda, Fəhlə və Əsgər Sovetinin qələbəsini “öz tərəflərindən məqbul saydıqlarını” açıqladı.

28 Noyabr tarixində isə stats-sekretar Buşenin köməkçisi Bern-dəki səfirliyə göndərdiyi telegramda: “Aldığımız məlumatlara görə Petroqraddakı hökümət böyük bir iqtisadi böhran içərisindədir. Bu səbəblə onlara pul göndərilməsi məsləhətli sayılmaqdadır” yazılırdı. 15 Dekabrda Stokholm səfiri Lusiyus Xarici İşlər Nazirliyinə göndərdiyi başqa bir telegramda qeyd edirdi ki : “Alman köməyinin dayandırılması Bolşeviklərin iqtidardan düşməsi ilə nəticələnə bilər.

Der Spiegel dərgisində 2007-ci ildə yayınlanmış bir yazıda göstərilirdi ki, Almaniya Xarici İşlər Nazirliyinin arxiv sənədlərinə görə Rus Bolşevikləri 1914-cü ildən 1917-ci ilin sonlarına qədər Rusiyada rejimin dəyişdirilməsi üçün silah və pul köməyi kimi Almaniyadan 26 milyon Mark (bu günün dəyəri ilə 75 milyon avro) maliyə köməyi almışdılar.

Göründüyü kimi Rusiyanın müharibədən çəkilməsi qarşılığında Bolşeviklərə kömək edərək hakimiyyətə keçmələrində mühüm rol oynayan Almaniya, əslində istəyinə 3 mart 1918-ci ildə nail oldu. Tarixə Brest-Litovsk sülh müqaviləsi adı ilə keçən bu müqavilə Sovet Rusiyası ilə İttifaq dövlətləri (Almaniya, Avstriya-Macarıstan, Osmanlı və Bolqarıstan) arasında imzalandı. İttifaq dövlətləri Sovet Rusiyasından torpaq istəyirdilər. Yeni Sovet höküməti torpaq itkisini müharibəyə tərcih etməyə qərar verdi. Beləliklə Baltikyanı ölkələr, Polşa, Belarusiya, Ukrayna və Finlandiya əraziləri Almaniyaya verildi. Bu həqiqət belə Bolşeviklərin, Almaniya qarşısında öhdəliklərini necə yerinə yetirdiklərini açıqca göstərməkdədir. Almaniya istəyinə qovuşmuşdu. Nəticədə Rusiya müharibədən çəkilmiş, Almaniya isə uzun illər ələ keçirmək istədiyi torpaqlara qovuşmuşdu.

Sovet İttifaqının dağılmasından sonra aparılan müstəqil tədqiqatlar Bolşeviklərin Alman cəsusu olduqlarını söyləməyə imkan verir. Hətta Rusların özləri belə bu həqiqətləri açıqca qeyd edir, Alman maliyyə köməyinin Lenin “zəkasını” necə ələ aldığını etiraf etməkdədirlər. Dolayısıyla bu gün hələ də Bolşeviklərin hakimiyyətə gəlməsini Leninin “fitri istedadına” bağlayan insanlar, tarixi həqiqətlərlə tanışdıqdan sonra bir daha düşünsünlər. Düşünsünlər və bütün dünyanın gördüyünü onlar da görə bilsinlər...