20 Yanvar xalqımızın qəhrəmanlıq tarixində yeni səhifədir

Отправлено 20 янв. 2015 г., 4:40 пользователем Murad Nabibekov   [ обновлено 20 янв. 2015 г., 4:41 ]






Firədun İBRAHİMOV,

AMİ-nin Şəki filialının Təbiət elmləri və tədrisi metodikası kafedrasının müdiri, AMEA Şəki Regional Elmi Mərkəzinin aparıcı elmi işçisi, professor

        1980-cı illərin sonunda SSRİ-nin dağılması labüd idi. Keçmiş Sovet Respublikalarında, o cumlədən Azərbaycanda milli hərəkat başlanmışdı. Amma bir sıra respublikalarda milli hərəkatlar nəzarət altında idi. Yəni, sözügedən proseslərə lazimi şəkildə və kifayət qədər güclü siyasi intellektlər tərəfindən müəyyən nəzarət olunurdu. Azərbaycanda isə bir hərc-mərclik dövrü yaşanırdı. Proseslərə nə respublikanın rəhbərliyi, nə də onlara qarşı duran müxalif qüvvələr nəzarət edə bilirdi. Xalq hərakatının tərkibinə öz mənafeyini ifadə edən siyasi “lider”lərdən başlamış DTK-nın nümayəndələrinə kimi yerləşdirilmişdi. Bu tərkib mürəkkəb idi... Ona görə də, bu proseslər 20 Yanvar hadisəsinə gətirib çıxardı. Millətə rəhbərlik etməli lederlərin olmaması, müxtəlif siyasi, şəxsi iddiaların həddindən artıq çox olması, respublika rəhbərliyinin naşılığı və onların yalnız Moskvanın əmri ilə oturub-durmalaı səbəbindən belə bir vəziyyət yarandı:1990-cı il yanvarın 20-də Azərbaycanda gedən milli-azadlıq və dövlət müstəqilliyi uğrunda hərəkat amansız şəkildə cəzalandırıldı.
        20 Yanvar faciəsi beynəlmiləlçilik və xalqlar dostluğu pərdəsi altında fəaliyyət göstərən-SSRİ adlanan bir imperiyanın mahiyyətini açdı, bu dövlətə az- çox inanan insanların inamını sarsıtdı. Xalqın iradəsini qırmaq məqsədilə törədilmiş qanlı terror Azərbaycan xalqının milli-azadlıq və müstəqillik uğrunda apardığı hərəkata güclü təkan verdi və respublikada siyasi mübarizə yeni bir mərhələyə daxil oldu. Haqqın, ədalətin müdafiəsi yolunda canlarını qurban vermiş Vətən Övladları şəhidlik zirvəsinə ucalmaqla xalqımızın qəhrəmanlıq tarixinə yeni, parlaq səhifələr yazdılar və bununla da 20 Yanvar tarixini şərəf və ləyaqət tarixinə çevirdilər. Millət fədaisi, həmişəyaşar Vahabzadə Bəxtiyar 20 Yanvar şəhidlərini belə dəyərləndirir:

                Qatil gülləsinə qurban gedirkən,
                Gözünü sabaha dikdi şəhidlər.
                Üçrəngli bayrağı öz qanlarıyla
                Vətən göylərinə çəkdi şəhidlər.

                O şənbə gecəsi, o qətil günü,-
                Mümkünə döndərdik çox namümkünü.
                Xalqın qəlbindəki qorxu mülkünü,
                O gecə dağıdıb sökdü şəhidlər.

                İnsan insan olur öz hünəriylə,
                Millət millət olur xeyiri, şəriylə.
                Torpağın bağrına cəsədləriylə,
                Azadlıq toxumu əkdi şəhidlər.


        20 Yanvar faciəsi respublikada milli azadlıq hərəkatını və demokratik prosesləri, müstəqillik üğrunda xalqımızın apardığı mübarizəni dayandıra bilmədi. Baş verən hadisələr, milli münaqişələr Sovet imperiyasının çökməsi ilə nəticələndi və Azərbaycan öz tarixi müstəqillik haqqına qovuşdu.
        20 Yanvar hadisəsi xalqımızın milli-azadlıq hisslərinin güclü olduğunu, Azərbaycanda milli müstəqil dövlət quruculuğu üçün sosial əsasların olduğunu göstərdi. Eyni zamanda, bizim müstəqil yaşamaq və mövcud olmaq maraqlarımzı, xalqın qəhrəmanlığını göstərdi. Həmçinin, o zaman Azərbaycana rəhbərlik edənlərin gücsüzlüyünü nümayiş etdirdi, eləcə də xalq hərəkatına başçılıq edənlərin hərəkatı idarə etmək iqtidarında olmadığını əyaniləşdirdi.
        Bu hadisə xalqın müstəqil dövlət qurmaq uğrunda mübarizəsinə mərkəzi hakimiyyətin gözlənilməz və kifayət qədər sərt reaksiyası idi. Eyni zamanda, bu mübarizəyə rəhbərlik edərək onu istiqamətləndirən lider yox idi. 20 Yanvar hadisəsi onu da təsdiqlədi ki, Azərbaycan xalqı Qarabağın ondan qoparılıb başqa dövlətin tərkibinə qatılmasına heç cür razı olmayacaqdır!
        Bütün bunlar torpaqlarımızın əlindən alınmasına qarşı xalqımızın kütləvi etirazı idi. Bu baxımdan, 20 Yanvar hadisəsi istiqlal mübarizəmizin zirvələrindən biridir. 20 Yanvar hadisəsində ayağa qalxan xalqımızın yeganə tələbi Qarabağın əlimizdən verilməməsi ilə bağlı idi. Onu da vurğulamaq yerinə düşər ki, Çar Rusiyasının siyasətini bu dəfə Sovet imperiyası davam etdirdi. Yenə də ayrı-seçkilik aparılır və ermənilər müdafiə olunurdu, imperiya Qarabağı ermənilərə verməyə cəhd edirdi, necə deyərlər,“ min birinci oyununu” çıxarırdı.
        Qarabağ uğrunda hərəkat milli azadlıq mübarizəsinə çevrildi. Xalq başa düşürdü ki, torpaqlarını, suverenliyini qorumaq üçün azad olmalıdır.
        1918-ci ildə Şərqdə ilk demokratik dövlətlərimizin üçrəngli bayrağı yenidən meydanlarda ucaldıldı.
        Xalq ayağa qalxdı və istiqlalını bərpa etdi.
        Yeri gəlmişkən, bir məntiqə dayanan nəticəni diqqət mərkəzinə çəkmək istəyirəm: Əgər Sovet rəhbərliyi digər respublikalardan fərqli olaraq Azərbaycana xüsusi ordu kontingenti, cəza dəstəsi göndərdisə və qanlı əməliyyatlara birbaşa SSRİ rəhbərliyi başçılıq etdisə, deməli, Azərbaycanda baş verən bu hərəkatın həqiqətən Sovet dövlətinin dağılmasında kifayət qədər güclü rol oynayacağı maraqlı strukturlar tərəfindən öncədən dərk olunmuşdu. Təsdiqləməyə əsas vardır ki, bu hadisə Moskvanın imperiyanı idarəetmək üsulubuna davamlı bir müqavimət olub. Yəni, 20 Yanvar böyük bir müqavimət hərəkatı idi ki, həqiqətən də Sovet dövlətinin dağıdılmasında müəyyən rol oynadı.
        20 Yanvar hadisəsi Sovet rejiminin iç üzünü açdı. Sübut olundu ki, müxtəlif kürsülərdən və masa arxasından edilən çıxışların kəskinliyinə baxmayaraq, Baltikyanı ölkələrdə, Ukraynada, Mərkəzi Asiyada, Gürcüstanda və Ermənistanda imperiya Azərbaycana qarşı olduğu qədər amansız tədbirlərə əl atmadı. Sovet rejimi ən müasir hərbi texnikanı əliyalın xalqımızın üzərinə yeritdi.Bakıda 137 şəhidin xatirəsini əbədiləşdirən simvola çevrilmiş məkan “Şəhidlər xiyabanı” yarandı.

                Şəhidlər xiyabanı...
                Dilə gəlir məzarlar:
                - Axı, biz neyləmişdik?
                Dilə gəlir
                Məzarları seyr edən solğun üzlər,nəzərlər:
                - Axı, biz neyləmişdik?
                Bu ittiham, bu sual
                Şəhidlərin birləşən hər yasında səslənir.
                Onların yetim qalan körpə balalarının
                Dünyadan haqq istəyən göz yaşında səslənir:
                - Axı, biz neyləmişdik?
                ...Bu ittiham, bu sual
                Bağrına dağ çəkilən qocaman bir millətin
                Dodağında səslənir.
                Sərvəti talan olmuş,
                Düz sözü yalan olmuş
                Böyük bir məmləkətin
                Göygölündə səslənir,
                Şahdağında səslənir:
                - Axı, biz neyləmişdik? 
(Bəxtiyar Vahavzadə, “Şəhidlər” poemasından)

        Xalqımız ötən əsrin əvvələrində verdiyi şəhidlərin ruhu ilə silahlanaraq Sovet imperiyasına qarşı mübarizə aparırdı. Amma Sovet dövlətinin dağılması daha mürəkkəb proses idi və bu, qeyd etdiyim kimi ,1980-cı illərin ortalarından başlamışdı. Artıq Sovet dövlətindən ayrılmalar labüd idi və Kommunist Partiyasının Siyasi Bürosunda da baş verən hadisələr onu göstərdi ki, Moskvanın özü də müəyyən səviyyədə sovetlər hakimiyyətindən imtina etməyə hazırlaşır. Bu, yalnız Moskvanın daxili siyasətindən yox , “xaricə yönəlişlik siyasət”ində də özünü göstərirdi. Çünki dünyada elə proseslər gedirdi ki, Moskva Sovet dövlətinin dağılacağının qaçılmazlığını başa düşürdü. Buna görə də, prosesi mümkün qədər ağrısız keçirmək istəyirdilər.
        20 Yanvar Azərbaycanın müstəqillik addımlarının və imkanlarının daha aydın şəkildə ifadə edildiyi yer oldu.
        O dövrün hadisələri zaman keçdikcə , illər boyu təhlil ediləcəkdir.
        Məlum olduğu kimi, Ümummilli Lider Heydər Əliyev uzun zaman Azərbaycana rəhbərlik etmişdi və hər zaman Azərbaycanda gedən prosesləri izləyirdi və O, Azərbaycanda baş verən hadisələrlə bağlı müxtəlif vaxtlarda fikrini bildirmişdi. Amma 20 Yanvar hadisəsi ərəfəsində Ulu öndər Heydər Əliyev Moskvada təcrid vəziyyətində yaşayırdı. Heydər Əliyev böyük Lider kimi Azərbaycana faydasını verməyə çalışsa da, həm Moskva tərəfindən buna imkan verilmirdi, həm də yerlərdə xalq hərəkatına rəhbərlik edənlər tərəfindən maneələr törədilirdi. Çalışılırdı ki, Heydər Əliyev mümkün qədər bu hərəkatın rəhbərliyindən kənarda qalsın (bu gerçəkliyə min təəssüf). Eyni iddia ilə Moskvadan asılı olan yerli hakimiyyət (buyruq qulları) də çıxış edirdi.
        20 Yanvar hadisəsindən sonra həyatı təhlukədə olsa da, Ulu öndərimiz Moskvada Azərbaycan nümayəndəliyinə gələrək bəyanatla çıxış etdi. Bu bəyanat tarixi bir bəyanat olmaqla xüsusi dəyərə malikdir. Ulu öndərimizin bəyanatı Azərbaycanın müstəqillik tarixinin ən böyük aktlarından biridir. Yəni, əslində, müəyyən zamandan sonra milli liderin xalqımızla bir yerdə olması imkanları buradan başlandı və bu imkanlar da get-gedə genişləndi.
        1990-cı illərin əvvəllərində baş verən hadisələr də göstərdi ki, Heydər Əliyev böyük siyasi liderdir və məhz bu millətin Lideridir. Mənim subyektiv anlamıma görə, 20 Yanvar hadisəsinin baş verməməsi mümkün idi. Bunun üçun Millətimizin Xilaskarı olmaq səviyyəsinə yüksəlmiş müdrik insanı –Heydər Əliyevi qorumağı bacarmalıydıq və nəinki qorumalıydıq, eyni zamanda onun Azərbaycan dövlətinin birinci şəxs olaraq idarəetmə sükanı arxasından kənarda qalmasına imkan verməməliydik. Nə yazıqlar ki, belə etmədik. Çox şeyi itirəndən sonra imana gəldik. Təəssüf ki, bu günümüzdə də, kimin kim olduğunu yetərincə dərk etməyən “dümbələklər” vardır.
        ... Xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev tez bir zamanda doğma Vətənini təlatümdən xilas etdi. Bu gün Azərbaycanda Heydər Əliyev yolu uğurla davam edir. Dünyanın tanımağa məcbur qaldığı zəngin və müstəqilliyi dönməz olan Azərbaycan vardır. Zülmə, istibdada qarşı duruş gətirə biləcək Azərbaycan dövləti və onun xalqımızın güvəndiyi güclü ordusu vardır. Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi böyük öndərimizin yolunu davam etdirir.Bu, millətimizin sabahına nikbin və həm də obyektiv olan baxışlarını yaradır.
            20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymət də Ulu öndərimizin təşəbbüsü ilə verilmişdir.
            Məlum olduğu kimi, Heydər Əliyev 1990-cı ildə Naxçıvana gəldi və həmin ilin payızında keçirilən seçkilərdə Naxçıvan və Azərbaycan parlamentlərinə deputat seçildi. 1990-cı ilin noyabr ayında Ulu Öndərin böyük siyasi nüfuzu sayəsində 20 Yanvar faciəsinə prinsipal qiymət verilməsi məsələsi gündəliyə gətirildi. Naxçıvan Ali Məclisi birinci sesiyasında 20 Yanvar hadisəsinə siyasi qiymət barədə qərar qəbul etdi.
            Milli Şuranın qəbul etdiyi qərarın biabırçı müddəalarını rədd edən Heydər Əliyev bu işə həssaslıqla yanaşdı və Azərbaycana rəhbərliyin sükanı arxasına kecdikdən sonra 20 Yanvar hadisəsinə yenidən hüquqi-siyasi baxımdan doğru-düzgün qiymət verilməsinə nail oldu. Hüquqi-siyasi qiymət ümumiləşmiş formada bundan ibarət oldu :
        - Moskva Azərbaycana təcavüz edib. Təcavüzdə əsas məqsədi Azərbaycan SSRİ-nin tərkibindən çıxmaq istədiyi üçün cəzalandırılması idi.
        -Hadisələrin günahkarlarının adları xalqa bəyan olundu.
        -Moskvanın təcavüzünün qarşısı alınmalıydı, o zamankı respublika rəhbərliyi bu qırğına imkan verməməliydi, lakin həmin şəxslər fərasətsizlik, səriştəsizlik göstərmiş, vətəndaşlarını qoruya bilməmiş və 20Yanvar hadisəsinin baiskarları sırasında qalmışlar.
        - Bu hadisəyə görə o dövrdə xalqın azadlıq hərakatına rəhbərlik edənlər də məsuliyyət daşıyırdı. Sovet ordusunun təcavüz edəcəyini bilərək xalqı qırğına aparan və bu zaman özləri kənarda qalanlar da günahkardırlar.

        Mənə elə gəlir ki, 20 Yanvar hadisəsi ilə bağlı bizim rasional hüquqi-siyasi, elmi-tarixi təfəkkürümüzdə qaranlıq məqam yox dərəcəsindədir.Konkret aspektlərə, məqamlara ( istintaq materialları gizlədilsə , hətta məhv edilsə belə) zaman aydınlıq gətirəcəkdir. Bu hadisə ilə bağlı bütün sualları cavablandıran elmi-tarixi tədqiqatlatlar işlənəcəkdir. Artıq 20 Yanvar hadisəsinin araşdırılması istiqamətində ilk sambalı elmi-analitik yanaşma akademik Ramiz Mehdiyev tərəfindən aparılmışdır. Akademik Ramiz Mehdiyevin “Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri” kitabı 20 Yanvar qırğının tarixinin doğru-düzgün işıqlandırılması sahəsundə çox mühüm elmi hadisədir.
        Tariximizdə bu hadisə özünə məxsus yerini hər zaman qoruyub saxlayacaq, gələcək nəsillərimiz tərəfindən də dəyərləndiriləcək, unutqanlığa yol verilməyəcəkdir.
        20 Yanvar şəhidlərinə, cəmi şəhidlərimizə Allahdan Rəhmət diləyirəm.

Şəki şəhəri, 20 yanvar 2015-ci il