Poeziyamızın Bəxtiyarı

Отправлено 20 апр. 2015 г., 6:01 пользователем Murad Nabibekov   [ обновлено 20 апр. 2015 г., 6:01 ]
(Şairin xatirə gününə)









Vaqif YUSİFLİ
filologiya elmləri doktoru,
professor

        Bu gün Batıdan Doğuya, Doğudan Batıya-hər bir türkün sevdiyi şairlərdən biri də Bəxtiyar Vahabzadədir. Bu fikrin isbatına heç bir ehtiyac yoxdur – bunu desək də, deməsək də, tarix özü bu həqiqəti təsdiq edib. Bəxtiyar Vahabzadə hər hansı bir türkün yaddaşında “şair”, “poeziya”, “şeir” sözlərinin ardınca gələn ilk beş-on sözdən biridir: Nizami, Füzuli, Nəsimi, Rumi, Xətai, Yunis İmrə, Vaqif, Sabir, Hadi, Müşfiq, Səməd Vurğun, Şəhriyar, Nazim Hikmət, Rəsul Rza… Bu müqayisədə heç bir mübaliğə görmürəm. Şairlərin böyüklüyünü xalq bilir, xalqın yaddaşı onun sevgisi kimidir.
        Neçə il öncə – B.Vahabzadənin anadan olmasının 70 illiyi münasibətilə belə bir kitab nəşr olunmuşdu: “Poeziyamızın Bəxtiyarı”. O kitabda B.Vahabzadənin yaradıcılığı, keçdiyi ömür yolu və şəxsiyyəti barədə məqalələr, resenziyalar toplanmışdı. Dünyanın, Azərbaycanın tanınmış sənətçiləri poeziyamızın Bəxtiyarına ən səmimi, ən duyğulu ürək sözlərini izhar edirdilər.
        Tanrının XX əsrdə türk dünyasına bəxş etdiyi böyük yazıçı Çingiz Aytmatov isə B.Vahabzadəni belə qiymətləndirirdi: “Tarix çoxdan ötüb keçib. Nə haqlılar qalıb, nə haqsızlar. Adama elə gələ bilər ki, keçmiş “fəna mülkünə” qərq olubsa, əzab çəkməyə dəyməz. Lakin Bəxtiyar tarixi bu günün gözüylə mühakimə edir, bizi inandırır ki, bunun bilavasitə ona və müasirlərinə dəxli var. O, bizi inandırır ki, indiki adamların, indiki zamanın taleyi keçmişdən asılıdır”.
Mayestro Niyazi deyirdi: “Bəxtiyar ona görə bəxtiyardır ki, onu xalq sevir, onun Bəxtiyarı var”.
        Bəxtiyar Vahabzadə poeziyası onun şəxsiyyətindən ayrılmazdır. Əslində, hər hansı bir şeir şairdən kiçik bir zərrədir. Şair havadan poeziya yarada bilməz. Poeziya onun ruhi, iç aləminin bəlirtiləridir. Şairin dünyası isə ÖZ DÜNYASI ilə yaşadığı dünyanın harmoniyasından, yaxud ziddiyyətindən yaranır. Harmoniya yarananda şair yaşadığı dünyanın gözəlliklərindən hədsiz zövq alır. Amma bəzən elə ifrata varır ki, ətrafında top atılsa da, diksinmir, yaxud, o dərəcədə ifrata varır ki, həyatda olmayan gözəlliyə də bir gözəllik donu bəxş edir, despotu adil padşaha çevirir və s. Öz dünyası ilə yaşadığı dünya arasında bu cür süni harmoniya yaradan şairlərin çoxu ilhamına xəyanət edən şairlərdir. Şair ilk şeirindən son şeirinəcən təkcə gözəllikləri vəsf etməməlidir, həm də və bəlkə də, ən başlıcası, yaşadığı dünya ilə müxalifətdə olmalıdır. Sevincin içində sevinc bolluğunu görməyə nə var, dərdi gör, qəmi sez, kədəri ara. Gözəlliyin içində gözəlliyin çalarlarını duymağa nə var, bu gözəlliyin faciəsini gör.
        Mənim fikrimcə, Bəxtiyar Vahabzadə Mirzə Ələkbər Sabirdən sonra dövranla, dünya ilə ən amansız müxalifətdə olan şairlərimizdən birisidir. Dahi Sabirin “Hophopnamə”si göz yaşları içində qəhqəhə idi, üz tutduğu xalqa “özünü dərk et” harayını, fəryadını çatdırırdı. Bəxtiyarın “Bəxtiyarnamə”si isə nə göz yaşlarıdı, nə də qəhqəhə. Müdrik bir şair-filosofun bəzən çılğın, bəzən qəzəb, HİDDƏT, ÜSYAN dolu çağırışlarıdır. “Ey xalqım, özünü dərk et və düşüngəsrlər boyu səni izləyən və qəhr edən bu bəlalardan özün çıxış yolu ara, tarixdən ibrət al!”

        Törədi Koroğlu dəlilərindən
        Savadlı, bilikli “ağıllılar” hey.
        Bu ağıl hünərə deyil, bəs nədən
        Kölə ehtiyata səcdə qılır hey?

        Dayaq olmalıykən öz elinə sən,
        Elin kürəyində bir bıçaq oldun.
        Sən igid olmalı, ər olmalıykən,
        Özgənin əlində oyuncaq oldun.


        Əllinci illərin sonları. Sovet imperiyasının hələ heç sarsılmadığı, daha da güc topladığı o illərdə Bəxtiyar Vahabzadə “Gülustan” poemasını yazdı. Bircə elə bu fakt kifayətdir deyək ki, o taylı-bu taylı yatmış millətin içində huşyar insanlar da vardı, biri də Bəxtiyar Vahabzadə idi. Ötən illərdə yazılan bir məqalədə oxumuşdum ki, guya bu poemanı yazmaqla Bəxtiyar Vahabzadə özü haqqında ucuz şöhrət, illüziya yaratmaq istəyirmiş… Bəlkə də həmin müəllif poemanın yazıldığı illərdə ali məktəbdə marksizm-leninizm kursu keçirdi və təpədən dırnağa komsomolçu idi. CÜRƏT, QEYRƏT, MİLLİ AMAL insana heç də əlli, altmış yaşında bəxş olunmur, insanla birgə doğulur, qanda, ilikdə yaranır bunlar.

        Kağıza həvəslə o da qol atdı,
        Dodağı altından gülümsəyərək.
        Bir qələm əsrlik hicran yaratdı,
        Bir xalqı yarıya böldü qılınc tək.

        Öz sivri ucuyla bu lələk qələm,
        Dəldi sinəsini Azərbaycanın.
        Başını qaldırdı,
        Ancaq dəmbədəm
        Kəsdilər səsini Azərbaycanın.


        Xalqın, millətin sevimli şairinə ilk mənəvi zərbə də elə bu poemadan sonra dəydi. Amma Bəxtiyar sarsılmadı, bəziləri kimi etirafda bulunmadı.
Biz millət şairi, xalq şairi ifadələrini tez-tez işlədirik. Bəzən buna layiq olmayanların və haqqı çatmayanların adlarının qarşısında bu ifadələri işlətməkdən çəkinmirik. Bəxtiyar Vahabzadənin həm şəxsiyyəti, həm də yaradıcılığı onu millətin, xalqın böyük şairi anlamına gətirir. Onun üçün dünya Azərbaycandan başlayırdı, Azərbaycanla da bitirdi. Bu xalqın dəli-divanəsiydi.
        Bəxtiyar Vahabzadə poeziyamızda milli birliyin, vahid azərbaycançılığın lideri idi. Bu fikri söyləməklə onun poeziya tarixində xidmətlərini şişirtmək fikrində deyilik. Ancaq həqiqət budur ki, milli birlik, Azərbaycanı vahid görmək ideyası sovet dönəmində Bəxtiyar Vahabzadə poeziyasından başlayır. Onun bu xalqın fikri-mənəvi intibahına səsləyən harayına qoşulanda istər-istəməz fikirləşirsən: yalnız ÖZ XALQINI SEVƏN bir şair, onun tarixi keçmişiylə qürrələnən, həm də faciələrini görən bir insan bir böyük ərklə onu qınaya bilər, həm də ona qarşı hər hansı haqsızlığa dözümsüzlük göstərər.
        Bəxtiyar poeziyasında həmişə Zamanın ahəngi, ritmi, hətta addım səsləri aydınca duyulmuşdur. Zaman onun poeziyasında həm konkret mənada-dəqiq ayı, ili, əsri ilə məlum çərçivədə, həm də bütün keçmişləri, indiyə və gələcəyə sığışdırılan bir dairədədir. Zamanın ayrı-ayrı bölümlərini ifadə edən yazılarında Bəxtiyar Vahabzadə “Gülüstan”, “416″, “Şəhidlər”, “Yollar-oğullar” şairidir. Yəni konkret tarixi hadisələrin konkret Zaman bölümündə əksi… Amma unutmaq olmaz ki, burada konkretliyin özündə də bir şərtilik var. “Gülüstan” bir xalqın tarixi faciəsinin ibrət dərsidir, bir zamanın başqa bir zamanda ehyası, sonrakı zamanın da əbədi ağrısıdır. “Şəhidlər” də həmçinin.
        Amma elə şeirlər, poemalar var ki, orada Zaman dəyişməz və bütövdür, konkret bir ayla, əsrlə məhdudlaşmır. Məsələn, “İnsan və zaman” silsiləsindən olan bir sıra şeirlər, “Latın dili”, “Gəl, ana təbiət”, “Muğam”, “Mənə nə var?”, “Özümdən narazıyam”, “Həyat, sən nə şirinsən”, “Ana dili” … və s. bu qəbildən olan poetik nümunələr

        Fırlandıqca bu dünya, yox da dönüb var olur,
        Quruyan çeşmələrdən sular yenə car olur.
        Bu dünyanın xeyri də, şəri də təkrar olur,
        Niyə təkrar olmasın? Axı, dünya fırlanır.
    
        Min-min illər bu dünya beləcə fırlansa da,
        Bir yuvanın bülbülü min budağa qonsa da,
        Aylar, illər, fəsillər bir-birini dansa da,
        Dəyişməzdir əqidəm, çox da dünya fırlanır.


        B.Vahabzadənin bu fikir axtarışlarını onun bir çox şeirlərində, poemalarında və pyeslərində izləyə bilərik. Burada bu xüsusda geniş söz açmağa ehtiyac duyulmur. Ancaq qısaca deyim ki, B.Vahabzadə müasir Azərbaycan poeziyasında bir tendensiya xarakteri daşıyan fəlsəfi lirikanın gözəl nümunələrini yaratmışdır. Vaxt, Zaman, Ölüm-Olum, Gözəllik, Təbiət və Urbanizisaya, Xeyir və Şər… bütün bu anlayışlar Bəxtiyar poeziyasında öz fəlsəfi-poetik həllini tapırdı. Əzəldən bu böyük şairin daxilində narahat və ağıllı bir filosof yaşayırdı. O, heç bir vaxt ateist olmadı, dinimizi inkar etmədi.

        Allah! Bilirik, cism deyil, bəs nədir allah!
        Ən yüksək olan haqda, həqiqətdədir allah.
        Dondunsa təkamül və gözəllik qabağında,
        Dərk et, bu təəccübdə, bu heyrətdədir Allah.

        Gerçək də budur: Gizlidir hər zərrədə vəhdət.
        Bir zərrə ikən küllə qovuşmaq ulu niyyət.
        Gördüklərimiz zahiridir, bətnə nüfuz et!
        Batindəki, cövhərdəki fitrətdədir Allah.

        İnsan! Təpədən dırnağa sən arzu, diləksən.
        Nəfsində doyumsuz, fəqət eşqində mələksən.
        Zülmün üzünə haqq deyilən şilləni çəksən,
        Şilləndə möhürlənmiş o qeyrətdədir Allah.


        Bəxtiyar şeirinin bütün parametrlərində, hətta onun kiçik çalarında belə qüvvətli şəkildə hiss edilən, duyulan, hətta bir çox məqamlarda bu poeziyanın aparıcı füquruna çevrilən BƏXTİYAR obrazıdır. Çağdaş poeziyamızda belə bir görünüş, yəni şair obrazının onun poeziyasında bu dərəcədə aparıcı rol oynaması ilk növbədə, bu obrazın xarakterindən doğur. Belə demək mümkünsə, bütün şeir və poemalarında poetik duyğunun, hissin mərkəzində şair obrazı durur.
        Ucalıq və yüksəklik! Genişlik və səmavilik! Xəyal və romantika! Məncə, Bəxtiyar poeziyasının bütün pafosunu bu sözlər təyin edir…
        Bəxtiyar poeziyası o taylı-bu taylı hər bir azərbaycanlı üçün Vətən dərsi idi. Onun şeirlərini, poemalarını oxuyub Vətəni sevdik, onun torpağını, daşını sevdik. Xalqımızın tarixini vərəqlədik, fiziki Azərbaycanın parçalandığını görsək də, mənəvi Azərbaycanımızı bütöv gördük. Onun poeziyası bütövlükdə tarixi keçmişimizə və XX əsr Azərbaycanına tutulan saf, ləkəsi, təmiz bir güzgüdür deyirik. Poeziyamızda CƏSARƏTİN necə boy atdığını, müstəbidləri necə titrətdiyini hiss etdik. Qanlı Yanvar faciəsindən bir neçə gün sonra Bəxtiyar Vahabzadənin rus generalının üzünə tüpürdüyünü dedilər, amma o öz şeirlərində çox-çox əvvəl imperiyanın üzünə tüpürmüşdü.
Bəxtiyar şeiri düşüncə, idrak yoluna işıq saçır. Bu işıqdan hələ neçə nəsil faydalanacaqdır. 

Kultur.az