Obyektlərə əcnəbi adların verilməsilə bağlı yeni tələblər

Отправлено 18 дек. 2013 г., 22:21 пользователем Murad Nabibekov   [ обновлено 27 дек. 2013 г., 23:34 ]
Fəxrəddin Veysəlli: “Əcnəbi adların vurulmasına icazə verən orqan müqavilə imzalamamışdan bəzi məsələləri nəzərə almalıdır

Azərbaycan Milli Elmlər Akademiyası İmadəddin Nəsimi adına Dilçilik İnstitutunun direktoru Fəxrəddin Veysəlli ilə müsahibə

    Son vaxtlar ədəbi dilin normalara uyğun istifadə edilməsi problemi daha çox müzakirə edilən mövzulardandır. Bu problemlə bağlı tele-radio məkanında, eləcə də yazılı mətbuatda monitorinqlər aparılır. Bundan başqa, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” və onun icrasına dair tədbirlər planı təsdiq olunub. Bu proqramda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun da üzərinə müəyyən vəzifələr qoyulub. Tətbiqi dilçiliyin müasir problemləri, bu sahədəki çətinliklərin aradan qaldırılması, yeni yanaşmalar, həmçinin tədbirlər planının icrası çərçivəsində görüləcək işlər və digər məsələlərlə bağlı AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktor əvəzi, professor Fəxrəddin Veysəlli ilə söhbətləşdik:

    - Ümumiyyətlə, bugünkü həyatımız başdan-ayağa dilçilik problemlərilə bağlıdır. Dil harda işlənirsə, onun tətbiqilə bağlı problemlər var. Əlifbanın tərtibi, xarici dillərin öyrənilməsi, Azərbaycan dilinin ana dili kimi tədrisi, tərcümə məsələləri, avtomatik tərcümə, klaviaturalarda şriftlərin düzəlməsi kimi məsələlər dilçiliyin problemləri sırasındadır. Dilimizin televiziya, radio, ümumilikdə, kütləvi informasiya vasitələrində işlədilməsi də qeyd etdiyimiz məsələlərə daxildir. Bu sahədə çox ciddi problemlər var. Yayınmalar, ədəbi dilin normalarına riayət edilməməsi və sair kimi problemlər hələ qalmaqdadır. Məsələn, bəzən qəzetlər öz prestijini qaldırmaq, oxucu toplamaq məqsədilə sözləri istədikləri kimi işlədir və ədəbi dilin normalarından uzaqlaşır. Nəticədə isə dilimiz korlanır və ona ziyan dəyir. Ona görə də Azəbaycan dilinin normalara uyğun işlədilməsi üçün onun tətbiqi məsələlərini hərtərəfli işləyib hazırlamaq lazımdır ki, sonradan problem yaranmasın. Burda ən vacib məsələlərdən biri də dilin tədrisidir. Tədris zamanı xarici dillərlə Azərbaycan dilinin daim müqayisəsi aparılmalıdır. Çünki Ana dilinə söykənən tədris həmişə uğurlu olur. Ana dilini uzaqlaşdırmaq olmaz. Çox təəssüf ki, bizdə əksər hallarda Ana dili tədrisdən uzaqlaşdırılır.

    - Bəs müqayisə necə aparılmalıdır?

    - Xarici dillərin tədrisi zamanı sözlər paralel olaraq Ana dili ilə müyasə edilməlidir. Məsələn, tədris zamanı hansısa söz seçilərkən onun Azərbaycan dilində forması, işlənməsi, hallanması şagirdə və tələbəyə izah edilməlidir. Deyək ki, ingilis dilində hal kateqoriyası yoxdur, amma Azərbaycan dilində altı hal var. Ancaq ola bilməz ki, hal olmasa da, seçilən sözün ingilis dilində qarışılığı olmasın. Yəni şagird və tələbəyə bu və ya digər məsələlərin müqayisəsini çatdırdıqda dil öyrənən istər-istəməz fikirləşir, düşünür və düzgün variantı tapır. Nəticədə isə xarici dili səlis mənimsəyə bilir. Odur ki, tədris zamanı bu kimi müqayisələri aparmağa ehtiyac var.

    - “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” və tədbirlər planı təsdiq edilib. Bu sənədlərin icraya yönəldilməsi işi başlayıbmı?

    - Bu sənədə əsasən, Azərbaycan dilinin tədqiqi, tətbiqi, təbliği və dilçiliyin inkişafı ilə bağlı işlər görüləcək. Eyni zamanda, Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı prezident sərəncam imzalayıb. Bütün bunlar ona yönəlib ki, dövrün nəbzini tutaq, keçmişdə olduğu kimi küncə-bucağa atılmış tədqiqat işi yazmayaq. Bu işi elə səviyyədə yerinə yetirək ki, o həm bizə xeyir versin, həm də dilimizin işlənməsi və tətbiqi ilə bağlı sanballı elmi nəticələr ortalığa qoyulsun. Bununla bağlı Dilçilik İnstitutunda üç şöbə yaradılıb. Bunlar “Kompüter dilçiliyi”, “Klassik dillər və mədəniyyətlər” və “Sosiolinqvistika və dil siyasəti” şöbələridir. Qarşıda duran vəzifələr yeni tədqiqat planlarının hazırlanması, təsdiqi və bütün kollektivin bu işlərə səfərbər olunmasından ibarətdir. Görüləcək tədbirlər nəticəsində dilimiz və dilçilik elmimiz yeni aspektdə tədris olunacaq və öyrəniləcək.

    Bundan başqa, Dilçilik İnstitutunda tele-radio məkanında monitorinq aparacaq xüsusi şöbə yaradılıb. Həmin şöbə Azərbaycan dilinin normalara uyğun işlədilməsinə yönəlik plan hazırlayacaq və ona müvafiq öz işini quracaq. Şöbə konkret normativlər müəyyənləşdirəcək. Bu normativlərdə geyimdən tutmuş, intonasiyaya qədər, bütövlükdə Azərbaycan dilinin necə işlənilməsinə kimi məsələlər əks olunacaq.

    - Dilçilik İnstitutunun əməkdaşlarının iştirakı ilə tele-radio məkanında ədəbi dilin qorunmasına dair monitorinq aparılır, qüsurlar və təkliflər səsləndirilir. Bəs dilimizin inkişafı ədəbiyyatımızda hansı səviyyədədir?

    - Bizim üçün maraqlı məqam ədəbiyyatın dilidir. Bəli, ədəbiyyatın dili səlis və axıcı olmalıdır. Təbii ki, ədəbiyyatın da öz problemləri var. Amma ədəbiyyatın problemləri ilə birbaşa məşğul olmuruq. Bu problemlərlə bağlı Ədəbiyyat İnstitutu məşğul olur. Bizim institut isə daha çox ədəbiyyatda dilin işlənməsi imkanlarını genişləndirmək üçün məsuliyyət daşıyır. Janrından asılı olmayaraq bədii əsərlərdə dilimiz elə işlənməlidir ki, ortalığa çıxan əsər həm də müasir səviyyədə olsun.

    - Hər müasirliyi qəbul eləməliyikmi?

    - Bəli, qəbul etməliyik, başqa çıxış yolumuz yoxdur. Çünki biz Avropaya inteqrasiya edirik. Biz mütləq müasir dövrün tələblərini nəzərə almalıyıq. Biz təcrid olunmuş şəkildə yaşaya bimərik. Düzdü, burda alınma söz məsələsi də ortaya çıxır, ancaq bu, başqa problemdir. Əlbəttə, alınma sözlər də “süzgəc”dən keçirilməlidir. Bizə doğrudan da lazım olan alınma sözlərdən istifadə etməliyik ki, onun qarışılığında özümüzdən əndərabadi sözlər düzəltməyək.

    - Yeri gəlmişkən, ölkədə əcnəbi adlarla fəaliyyət göstərən kifayət qədər ictimai iaşə və digər obyektlər mövcuddur. Bu məsələnin qaydaya salınması ilə bağlı hansı işlər görmək fikrindəsiniz?

    - Doğrudan da bu sahədə vəziyyət bərbad gündədir. Yaratdığımız monitorinq şöbəsi həm də reklamlarla, əcnəbi adlarla bağlı müvafiq iş görəcək. Bəri başdan fikrimiz budur ki, obyektlərə və digər yerlərə əcnəbi adların vurulmasına icazə verən orqan müqavilə imzalamamışdan bəzi məsələləri nəzərə almalıdır. Məsələn, həmin qurum ilk növbədə tələb etməlidir ki, hansısa ad Azərbaycan dilində iri formada, xarici dildə isə onun altında kiçik şriftlərlə yazılmalıdır. Çünki Azərbaycan əhalisi birinci növbədə öz dilində olan reklamı axtarır. Vətəndaşa xarici dildə yazılan reklamın böyüklüyü lazım deyil. Odur ki, bu problem institutumuzda müzakirə mövzusudur və monitorinq şöbəsi bu barədə iş aparacaq. Şöbə dilimizin reklamlarda işlənməsinə ciddi diqqət yetirəcək və bu barədə müvafiq təkliflərlə çıxış edəcək.

    - Son vaxtlar daha çox müzakirə olunan problemlərdən biri də dərsliklərdir...

    - Biz dərsliyin dilinə elmi müstəvidən yanaşırıq. Yeri gəlmişkən, dərsliklərlə bağlı monitorinq keçirməyi planlaşdırırıq. Monitorinqdə dərsliklərini dilinə xüsusi diqqət yetirəcəyik. Araşdırmalarımız həm orta, həm də ali məktəblərin dərsliklərini əhatə edəcək. Monitorinqlərin nəticələri müvafiq qurumlara təqdim olunacaq. Gələcəkdə hazırlanacaq dərsliklərdə nəzərə alınması üçün rəy və təkliflər verəcəyik. Digər tərəfdən, dərsliklərdəki problemlərə müvafiq təşkilatlar cavabdeh olmalıdır. Biz deyirik ki, dərslikdə hansısa söz bu cür işlənməlidir və norma belədir.

Atif Sarıxanlı, Hafta.az

Mənbə: http://www.dilcilik.org//54.htm