Avropa Hunları və Attila

Отправлено 19 окт. 2014 г., 1:32 пользователем Murad Nabibekov   [ обновлено 14 дек. 2014 г., 6:43 ]








Yrd. Doç. Dr. Ramin Sadıqov,
Türkiyə

Türk xalqlarının tarixi çox zəngindir. Bu zənginliklər içində xüsusən fərqli Türk boyları mühüm yerə sahibdir. Orta Asiyanın şərqindən başlayaraq Avropaya qədər axınlar edən Hunlar fərqli millətlərin şəkillənməsində mühüm rol oynadılar. Hunlar eramızdan əvvəl 3-cü əsrdən etibarən Metə xanla adlarını duyurdular. Qurduqları imperiyalarla bir çox milləti hakimiyyətləri altında saxladılar və bir çox millətin də həyat şəraitini dəyişdirdilər, yurdlarından çıxartdılar. Nəticədə 476-cı ildə Roma imperiyasının dağılmasının səbəbkarlarından biri oldular.  

Bu yazımızda Avropa xalqlarının həyatında mühüm rol oynamış Avropa Hunları haqqında fikirlərimizi dəyərli oxucularımız olan sizlərlə bölüşəcəyik.

 Avropa Hunları

Kimlikləri haqqında 200 ildən bəri müxtəlif təhminlər yürüdülən və bəzi alimlər tərəfindən Monqol, Türk-Monqol qarışımı, Türk-Monqol-Mançu qarışımı, Fin-Uqor qarışımı olduqları və ya bir başa Slavyan mənşəyindən gəldikləri, ayrıca German soyuna mənsub olduqları, yaxud Qafqaz qövmlərindən gəldikləri söylənən Avropa Hunlarının, əslində Asiya Hunlarından gəldikləri son zamanlardakı tədqiqatlarda açıqca ortaya çıxmışdır. Qərb Hunlarının, Asiya Hunlarından gəldiklərinə dair ən güclü dəlil, Fr. Hirth tərəfindən söylənmişdir. Bu dəlilə görə 355-365-ci illərdə Alan ölkəsi (Xəzər-Aral dənizləri arası) istila edilərkən, Çin mənbələri bu ölkənin Hiung-nular tərəfindən zəbt olunduğunu söylərkən, lakin Latın yazıçı A. Marcellinus (4-cü əsrin sonu) Alan ölkəsinin Hunlar tərəfindən ələ keçirildiyini söyləmişdir.

Geniş Hun imperiyası torpaqlarında müxtəlif German ləhçələri, Slavyan, İrani, Fin-Uqor dilləri, Latınca ve Yunanca danışılırdı.

Avropa Hunlarının hokmdar sülaləsinin Türk olduğuna və Hun kütləsinin Türkçə danışdığına şübhə yoxdur. Hökmdar ailəsində təsbit edilən adlar belədir--Qaradon-qara don, Muncuq (bayraq mənasında işlənib. Attilanın atasının adı) Attila, İlek, Dengizik, İrnek, ayrıca Aybars, Oktar, Arıkan və s.

Hunlar 4-cü əsrin ortalarında Alan ölkəsini ələ keçirdikdən sonra 374-cü ildə Volqa çayı sahillərində göründülər. Həmin tarixlərdə Qaradənizin şimalındakı düzənliklər bir German qövmü olan Qotların işğalı altında idi. Hun komandanı Balamırin idarəsindəki hücumda Qotlar məğlub oldular. Beləliklə şiddətli Hun hücumu nəticəsində, Qaradəniz sahillərindəki müxtəlif qövmlər bir birilərini yerlərindən çıxartdılar, Roma imperiyasının şimal əyalətlərini xarabalığa çevirərək İspaniyaya qədər qovdular. Avropada bu etnik dəyişim tarixdə məşhur “Qövmlər köçü” kimi qeyd olunmuşdur. Şiddətli Hun hücumlarının Avropa millətlərinin zehnində oyandırdığı dəhşət, Latın və Yunan mənbələrinin verdiyi məlumatlara görə Hunlar əleyhinə Avropada müxtəlif rəvayət və hekayələrin yayılmasına səbəb olmuşdur.

Hunlar Qotlar və Alanlardan təşkil etdikləri köməkçi qüvvətlərlə 378-ci ildə Tuna çayını keçdilər, Romalılardan hər hansı müqavimət görmədən Trakyaya qədər irəlilədilər. Ancaq Roma torpaqlarında görünən Hunlar kəşfiyyat üçün gedənlər idi.

Hunlar Roma imperatoru I Theodosios-un ölüm ili olan 395-ci ildə yenidən hərəkətə keçdilər. Onlardan bir qol Balkanlar üzərindən Trakyaya yönələrkən, bir qol isə Qafqaz üzərindən Anadoluya hücum etdilər. Anadoluya hücum həm Romalıları, həm də Sasani imperiyasını xeyli qorxutmuşdu. Hun süvariləri Ərzurum bölgəsindən etibarən Qarasu-Fırat vadiləri yolu ilə Malatya (Melitene) və Çuxurovaya irəliləmişdilər. Bölgəsinin ən güclü qalaları olan Urfa (Edessa) və Antakya qalalarını bir müddət mühasirəyə aldıqdan sonra Suriyaya enərək oradan Qüdsə keçmişdilər. Ancaq sürətli və qısa olan bu yürüşdən geriyə qayıdan Hunlar Azərbaycandan keçərək şimala, mərkəzlərinə qayıtdılar. Hunların Anadoluya bu girişləri, mənbələrdə Türklərin Anadoluda ilk dəfə görünməsi kimi qeyd olunmuşdur.

Qərbdə Hun təzyiqi 400-cü ilə doğru hökmdar Uldız komandanlığı altında hiss edilməyə başlandı. Balamırın oğlu ya da nəvəsi olduğu düşünülən Uldız əslində Hun xarici siyasətinin əsaslarını təsbit etmişdi. Bu siyasətin əsası bu idi ki, şərqi Roma yəni Bizans daima təzyiq altında tutulmalı, qərbi Roma ilə münasibətlər dostluq səviyyəsində davam etdirilməli idi.

Beləliklə Uldızın Tuna sahillərində görünməsi “Qövmlər Köçü”nün ikinci dalğasını başlatmış, Hunlardan qaçan Viziqotlar İtaliyaya sığınmışdılar. Şərq sərhədləri Asiyada Aral gölünə qədər genişlənmiş Hun imperiyasının “qərb qolunun” hökmdarı olduğu anlaşılan Uldız 404-405-ci illərdə Tunanı keçərək Bizansa Hun təhdidlərinin azalmadığını göstərmişdir. Bu arada Yunan mənbələrinə görə Uldız, sülh danışıqları üçün yanına gəlmiş Trakya bölgə rəhbərinə “Günəşin batdığı yerə qədər hər yeri işğal edə bilərəm” deyərək meydan oxumuşdur.

Uldızın ölümündən sonra Hun imperiyasının başına Karaton keçdi. Karaton mənbələrə görə, daha çox ölkənin şərq sərhədləri ilə məşğul olmuş görünmüşdür. Ancaq 422-ci ildə Avropa Hunları tarixində yeni bir dövr başladı. Belə ki, Hun hökmdar ailəsinə mənsub 4 qardaşdan biri olan Rua imperatorluq taxtına oturdu. Siyasətdə Uldızın yoluyla gedən Rua, Bizansın Hun torpaqlarında fəaliyyətə keçirdiyi cəsusluq şəbəkəsini bəhanə gətirərək tərtib etdiyi Balkan səfərində (422) müqavimət göstərə bilməyən Bizansı illik 350 libre[1] qızıl vergiyə bağladı. Bu arada Bizansla, Roma arasında problemlər yaşanırdı. Bu vəziyyət Hunların işini rahatlaşdırırdı. Çünkü hər ikisini də təsir altında saxlamağı bacarırdılar. Rua beləliklə hər iki Yunan dövlətinin daxili və xarici siyasətlərinə açıqca yön verirdi.

Lakin Bizans tarixçisi Priskosa görə “Ruadan 350 libre qızıl qarşılığı sülh qoparmış imperator II Theodosios” gizli şəkildə Hunlara qarşı əcnəbiləri qızışdırmağa davam edirdi. Bu səbəblə Rua, o zamana qədər qüvvədə olan, Bizanslıların Hun torpaqlarındakı əcnəbilərdən paralı əsgər yığma fəaliyyətlərini və ticarətlə məşğul olmalarını qadağan etdi. Bu qadağaya görə artıq Hun ölkəsində heç bir Yunan gəzə bilməyəcək, ticarət bəlli sərhəd qəsəbələrində olacaqdı. Bu arada Rua bir müddət əvvəl Bizansa sığınmış Hunların mühüm şəxslərindən Mama və Atakam-ın geri qaytarılmasını tələb etdi. Bizans impeatoru anlaşma yolları aradı. Bu səbəblə elçilərini Hun sarayına göndərdi. Tam o sırada Rua-nın ölməsi (434) Bizansı böyük bir təhlükədən qurtardı. Lakin Bizanslılar Rua-nın ölümünə sevinsələr də bu sevinç az çəkdi, çünkü Attila Hun hökmdarı oldu.

 Attila

 Hunların başına keçdiyi zaman 40 yaşlarında olan Attila, atası Muncuq öldükdən sonra əmisi Ruanın yanında böyümüş, onunla bərabər hərbi yürüşlərə iştirak etmiş və bu səbəblə müxtəlif qövmləri yaxından tanımışdır. Ayrıca əmisinin yanında Hunların daxili və xarici siyasətinin əsaslarını öyrənmişdi. Rua ölüncə Hun ölkəsi böyük qardaşı Bleda ilə bərabər Attilaya qalmışdı. Müxtəlif mənbələrin məlumatına görə əyləncəyə aludə olmuş Bleda (Macar mənbələri ona Buda deyir) ikinci planda qaldığı üçün dövləti ciddi bir hökmdar vəsfinə malik qardaşı Attilaya tərk etmişdir. Zatən ordu və xarici işlər Attilanın əlində idi. Bu arada əmiləri Aybars (şərq qolu rəhbəri) və Oktar (qərb qolu rəhbəri) Rua dövründəki vəzifələrində idilər. Qardaşı Bleda da Attilanın yanında 11 il köməkçi vəzifəsində işləmiş, 445-ci ildə əcəli ilə ölmüşdü.

434-cü ildə Hun sərhəddinə gələn Bizans elçilərini Attila, Tunanın şimal sahillərindəki Konstantia qalası önündə qarşıladı və istəklərini sülh şərtləri kimi yazdırdı. Konstantia sülhü adlanan bu müqavilənin əsas şərtlərinə görə Bizans artıq Hunlarla bağlı hər hansı bir qövmlə müzakirələr aparmayacaq, Hunlardan qaçanlara (Bizanslı olsa belə) sığınma haqqı tanımayacaq, Bizansın əlində olanlar geri veriləcək, ticarət münasibətləri yenə bəzi sərhəd qəsəbələrində davam edəcək, Bizansın ödədiyi illik vergi iki qatına, yəni 700 librə qızıla yüksələcəkdi.

Bizans imperatoru II Theodosios-un qəbul etdiyi bu hökmlərə görə, Hunlara geri verilən qaçaqları Attila dərhal asdırırdı. Bu vəziyyət Hun ölkəsində olduğu kimi digər ölkələrdə də Attilanın qəddar bir insan olduğu söz söhbətlərinin yayılmasına səbəb olurdu. Bu arada Attila ölkənin şərq bölgələrində aylarca davam edən təftiş gəzintilərinə çıxdı.

Bu dönəmdə Hun ölkəsində əsas olaraq bu qövmlər yaşayırdı.

1- Germanlar (şərqdən qərbə qədər) Şərq Qot, Gepid, Turcilinq, Sueb, Markoman, Kuad, Herul, Ruqi.

2- Slavyanlar (Orta və qərbi Rusiyada) Veneda, Ant, Sklaven.

3- İranlılar (Qafqazdan Tuna çayına qədər) Alanlar, Sarmat, Baştarna, Neur, Roxolan.

4- Fin-Uqorlar (Uraldan Baltik dənizinə qədər) Çeremis, Mordvin, Merya, Veşi, Çud, Est, Vidivari.

5- Türklər. İmperiyanın hər tərəfinə yayılmış Hunlar, Qaradəniz sahillərinin şimalından Volqaya qədər Beş-oğur, Altı-oğur, On-oğur, Şaraqur, Akatir, Volqanın şərqində Sabar və başqa Türk qövmləri.

Təqribən 45 fərqli etnikin yaşadığı və fərqli dillərin danışıldığı Hun imperiyasında sükunət vadı. Sadəcə 442-ci ildə Akatirlərin bir üsyan istəyi oldu, lakin bu Attilanın oğlu tərəfindən yatırıldı.

440-cı ildən etibarən Attila Bizans üzərindəki təzyiqi artırdı. Çünkü Bizans imperatoru Hunlarla Konstantia müqaviləsinin şərtlərinə əməl etmirdi. Attila buna çox əsəbləşmişdi, bu səbəblə 441-442-ci ildə I Balkan səfərinə çıxdı. Fəqət qərbi Roma dövləti baş komandanı Aetiusun Bizans adına qarantor olması və öz oğlu Karpilionu Hun sarayına rehin göndərməsi Hun hücumlarını dayandırdı. Lakin bu səfər nəticəsində Tuna sahillərindəki bir sıra qalalar Hunların əlinə keçdi.

Fəqət Bizans bir müddət sonra yenə sülh şərtlərini pozdu. Belə ki, qaçaqları Hunlara geri vermir, illik vergini ödəməkdən boyun qaçırırdı. Buna görə Attila 447-ci ildə II Balkan səfərinə çıxmağa məcbur oldu. Hun ordusu iki qoldan Tuna çayını keçərək sürətlə irəlilədi, Sardika (Sofiya), Philippopolis (Filibe), Markianapolis (Preslav), Arkadiopolis (Lüləburqaz) kimi şəhərləri ələ keçirdi. Ardından Bizans paytaxtını mühasirəyə aldı. İmperator Theodosios sülh təklifi üçün Anatolios adlı köməkçisini Attilanın yanına göndərdi. Attila Bizansla bu dəfə də müavilə bağladı. Lakin Bizans üçün artıq şərtlər daha da ağırlaşdı. Belə ki, Bizans hərb təzminatı olaraq 6000 librə qızıl ödəyəcəyinə söz verdi, illik vergi isə 3 qatına, yəni 2100 librə qızıla çıxarıldı.

Bizans üçün bu şərtlər çox ağırdı. Buna görə də imperator Theodosios sarayındakı baş bilənləri toplayaraq bir qurtuluş yolu axtarıb tapdı. Bir süiqəsd ilə Attilanı öldürməyə qərar verildi. Hun paytaxtına, yəni Orta Macarıstana doğru yola çıxan elçilik heyətinin içində suiqəsdi həyata keçirəcək Biqila adlı adam və məşhur Yunan müəllifi Priskos da vardı. Heyət 448-ci ildə Attilanın yanına gəldiyində, Attila plandan xəbər tutdu, Biqila da sorğuya çəkiləndə hər şeyi etiraf etdi.

Attila Bizanslıların heç birinə dəymədi, lakin imperatora bir məktub yazdı. Məktubda belə yazılırdı “Theodosios, Attila kimi nəcib bir atanın oğludur. Attila, atası Muncuqdan aldığı nəcibliyi qorumuş, fəqət Theodosios Attilanın xərac verəni olmaqla kölə vəziyyətinə düşmüşdür. Lakin Theodosios köləlik ləyaqətini də qoruya bilməmiş, əfəndisi olan Attilanın canına qıymaq istəmişdir.”

Attilanı sakitləşdirmək üçün Bizansdan yeni bir heyət gəldi. Lakin Attila çox düşüncəli və əslində başqa bir plan üçün qərarlı idi. Bu dəfə qərbi Romaya hücum haqqında fikirləşirdi. 451-ci ildə Hun ordusu (80-100 min Türk və digərləri German-Slavyan 200 min nəfər) İtaliyaya doğru yola çıxdı. Bu arada Roma ordusu (təqribən 200 min) da şimala doğru irəliləyirdi. Iki ordu Katalaunum adlı mövqedə qarşılaşdı. 24 saat boyunca davam edən və hər iki tərəfin böyük tələfat verdiyi bu müharibədə kimin dəqiq qalib gəldiyi bugün də bilinmir. Təqribən 165 min insanın öldüyü müharibədə Avropa tarixçiləri Attilanın məğlub olduğunu iddia edirlər. Lakin son dönəmlərdəki tədqiqatlar savaş gününün axşamı Roma ordusunun dağıldığını xəbər verməkdədir. Bu fikri isbat edən bir hadisə də, bir il keçmədən Hunlar yenidən İtaliya üzərinə yürüş edəndə, Romanın Attila ordusunun qarşısına çıxacaq gücü yox idi.

Attila 452-ci ildə 100 minlik ordusuyla Venesiya ovalığına getdi. Bu sırada Roma sarayı əndişəli, xalq həyəcanlı idi. Roma senatı nə olursa olsun barış təklif edilməsini tövsiyyə edirdi. Kilsə də bu arzuda idi. Dərhal bir heyət hazırlandı və dövrün məşhur papazı Papa I Leo rəhbərliyindəki nümayəndələr Attilanın hüzuruna getdilər. Papa, imperator və bütün xristian dünyası adına Attiladan Romanı bağışlamasını xahiş etdi. 5 il əvvəl İstanbul yaxınlarına gəlib İstanbula girməyən Attila bu dəfə də Papanın ağzından Romanın təslim olduğunu duyduqdan sonra ölkəsinə geri döndü. Qərbi Romanın da ölkəsinə bağlandığına sevinmiş Attilanın qarşısındakı yeni planı artıq Sasanilər idi. Fəqət İtaliya səfərindən dönüşdən bir il sonra 60 yaşında ansızın öldü və bu plan həyata keçmədi.

Attilanın ölümündən sonra xanımı Arıq-kan-dan olma üç oğlu İlək, Dəngizik və İrnək atalarının yerini tuta bilmədilər. İmperator olan İlək üsyan edən German qövmlərini yatırmaq üçün baş verən Nedao (Avstriyada) müharibəsində həyatını itirdi. (454) Çox cəsur fəqət siyasi zəka cəhətdən zəif olan Dəngizik imperatorluqda birlik qurmaq üçün mübarizə apardı və nəhayət bir Bizanslının qılınc zərbəsi ilə öldü. (469) İrnək isə böyük qardaşlarının ölümündən sonra artıq Orta Avropada qalmağın çətinliyini anlayaraq, müharibələrlə yorğun düşən Hunların böyük bir qismi ilə Qaradənizin qərb sahillərinə yerləşdi.

Beləliklə Avropa Hunları o dövrdən sonra başqa millətlərlə qaynayıb qarışdılar. Lakin tarixdə adları qaldı, qəhrəmanlıqları dillər əzbəri oldu. Avropada yerləşdikləri yerdə bugün var olan Macarıstan (Hungary)-ın adı onların adı ilə bağlıdır.  

----------------------

 [1] 1 libre 453,59237 gram

Mənbə: "Şəki bələdiyyəsi" qəzeti, 

№ 10 (121), Oktyabr 2014