20 Yanvar şəhidlərini dəfn edən şəxs - Qüdrət Əbdülsəlimzadə

Отправлено 19 янв. 2014 г., 10:49 пользователем Murad Nabibekov   [ обновлено 19 янв. 2014 г., 10:50 ]

Qüdrət Əbdülsəlimzadə:
“Gələcəkdə xalqımıza qarşı törədilən bu vəhşilik dəlil-sübut olacaq deyə, şəhidlərin bir yerdə basdırılmasını istəmirdilər”




Müsahibimiz iqtisad elmləri doktoru, professor, 20 Yanvar şəhidlərinin dəfni komissiyasının sədri olmuş Qüdrət Əbdülsəlimzadədir. Onunla Şəkidəki evində görüşdük. Bizi gülərüz və qonaqpərvərliklə qarşılayan Əbdülsəlimzadə ilə 23 il əvvələ qayıdıb o dövrün hadisələrindən bəhs etdik.

- Qələmə aldığınız “20 yaşlı yanvar” adlı kitabda şəhidlərimizin dəfni üçün yaradılan komissiyanın fəaliyyətindən, o zaman qarşınıza çıxan çətinliklərdən bəhs etmisiniz. “20 yaşlı 20 yanvar” kitabının yazılmasını zəruri edən şərtlər nə idi?

- 20 yanvar hadisəsi rus imperiyasının son 200 ildə müxtəlif formalarda, çar Rusiyasının timsalında, sonda isə bolşevik rejiminin timsalında Azərbaycan xalqına, onun ziyalılarına, mədəniyyətinə qarşı yönəlmiş böyük bir təcavüzkarlığın, işğalçılığın qəti ifadəsi idi. 20 yanvar hadisələri haqda soruşanda bəzən deyirlər ki, kimsə bunu təşkil edib. Düzgün deyil. Bu hadisə hansısa partiyanın, qrup adamın hərəkatı deyildi. Bütövlükdə xalqın hərəkatı idi. Bu hadisənin rejissoru da, aktyoru da, müəllifi də xalqın özü idi. Biz dəfn komissiyasını təsis edərkən onun fəaliyyətinin böyük olacağını nəzərdə tutmamışdıq. Şərq, Azərbaycan adətinə görə hadisə baş verəndən sonra şəhidləri dəfn etmək lazım idi. Biz elə fikirləşirdik ki, 1-2 gün ərzində bu işi həll etmək mümkün olacaq. Təəssüf ki, qəbirlərin yerini qazarkən çətinliklərlə üzləşdik. Çünki həmin ərəfədə Bakıda fövqəladə vəziyyət idi. O zaman şəhidləri bir yerdə dəfn etməyimizi heç cür istəmirdilər. Çünki gələcəkdə xalqımıza qarşı törədilən bu vəhşilikləri dəlil-sübut kimi göstərməyimizdən qorxurdular. Buna baxmayaraq xalqın köməkliyi və iradəsi ilə bu hadisə baş tutdu. Beləcə, Azərbaycan xalqı öz şəhidlərini Bakının ən yüksək nöqtəsində dəfn etdi və bu gün də bura xalqımızın ziyarət yerinə çevrildi.

- Şəhidlər Xiyabanı üçün nəyə görə məhz Dağüstü Park seçildi?

- O vaxt yer seçimi üçün xeyli mübahisələr oldu. Yanvarın 20-də səhər saat 7-də hərbi vəziyyət ləğv olundu və camaat tədricən indiki Prezident Aparatının qarşısına yığılmağa başladı. Orada şəhidlərin harada dəfn edilməsi ilə bağlı müxtəlif fikirlər səsləndi. Birinci fikir o oldu ki, şəhidləri indiki Səməd Vurğun bağının qabağında dəfn edək. İkinci fikir 26-lar bağı, 3 cü fikir isə indiki dağüstü park oldu. Müəyyən mübahisələrdən və razılaşmalardan sonra vahid qərara gəlindi və təxminən saat 11- 12 radələrində 300 nəfər könüllü ilə birlikdə qəbirləri hazırlamaq üçün Dağüstü Parka qalxdıq.

- Dəfn zamanı hansı maneələrlə, əngəllərlə rastlaşdınız?

- Dəfn zamanı süni əngəllər çox oldu. İlk növbədə hakimiyyət orqanları özləri bu işdə maraqlı deyildi. Onlar istəmirdilər ki, şəhidlər mütəşəkkil şəkildə bir yerdə, bir qəbiristanlıqda dəfn olunsunlar. İkinci müqavimət isə fövqəladə hadisə şəraitində kütləvi mitinqlərə, yığıncaqlara olan qadağa idi. Dəfn komissiyası vertolyotların gurultusu, uzaqdan yaxından eşidilən güllə səsləri və o vaxtkı Moskva mehmanxanasının ətrafında olan snayperlərin hədəfi altında işləyirdi. Dəfələrlə hərbiçilər gəlib bizi qorxuzublar. Qəbirlər qazılan zaman belə bizi saat 5-6-dan sonra işləməyə qoymurdular. Amma biz onlarla dil tapıb başa salırdıq ki, bu insanlar müsəlman adət-ənənələrinə görə tez dəfn edilməlidir. Beləcə, dəfn prosesini başa çatdıra bildik. İsmayıl Şıxlının bir sözü vardı: “Sapı özümüzdən olan baltalar”. Onlar da bizə çox əngəllər törətdilər. Amma hüquq-mühafizə orqanlarının içində elə qeyrətli oğlanlar vardı ki, onlar bizi hazırlanan təxribatlar haqda məlumatlandırırdılar.

- Şəhidlərimizə hazırda verilən dəyər sizi qane edirmi?

- Əlbəttə. Şəhidlərimizin uyuduğu yer elə bir yerdir ki, bura ziyarətgah, tarixi sübutdur. Biz buranın daha da abadlaşdırılması üçün dəfələrlə Prezident Aparatına müraciət etmişik. Abadlıq üçün bir çox işlərdə görüldü. Lakin son vaxtlar Dağüstü Parkın istirahət yerinə, əyləncə yerinə çevrilməsi ümumi milli mənafe və Şərq dəyərləri baxımından düzgün deyil. Bu məkanda məscid tikilsə də təəssüf ki, indi fəaliyyət göstərmir. Biz demişdik ki, şəhidlərin muzeyi yaradılmalıdır. Həmçinin görkəmli Azərbaycan inqilabçılarını, Məhəmməd Əmin Rəsulzadəni, Topçubaşovu və başqalarını da bura gətirib dəfn etmək fikrimiz vardı.

- O dövrləri görmüş bir adam kimi işğal altında olan torpaqlarımızı geri almağın yolunu nədə görürsünüz?

- İmperiyadan qurtarmaq yolundakı mübarizə ilə ölkənin müəyyən bir ərazisinin işğal olunması arasında mahiyyətcə fərq olmasa da, formaca fərq var. Ona görə də burada mübarizənin müxtəlif yollarından istifadə etmək lazımdır. Torpaqlarımızın geri qaytarılması istiqamətində BMT-nin 4 qətnaməsi var. Əgər biz qətnamələrdən, onun təsir gücündən vaxtında istifadə etməyi bacarsaydıq, fikrimcə, çox məsələni həll etmək mümkün olacaqdı. Yəqin ki, biz obyektiv və subyektiv səbəblər üzündən bir qədər geçikdik və bütün dünyanı ayağa qaldıra bilmədik. İndi müharibə yolu ilə Qarabağ torpaqlarını azad etmək nə qədər cəzbedici, milli qeyrət ruhunda səslənsə də, faktiki cəhətdən biz o torpaqları azad etmək istəsək qonşu dövlətlərin də mənafeyi ilə toqquşmalı oluruq və bilirik ki, onların arxasında da müəyyən dövlətlər dayanır. Şəxsən mən istərdim ki, bu məsələ sivil, dinc və beynəlxalq hüquq normalarına uyğun yolla həll olunsun.

- Necə oldu ki, qismən də olsa diqqətinizi iqtisadiyyatın nəzəri əsaslarından ayırıb “Haqdan gələn səslər”ə, “Müdriklik əlifbası”na yönəltdiniz?

- Mən əslində fəlsəfə fakültəsinə daxil olmuşam. 4-cü kursda oxuyanda Moskvadan belə bir məktub göndərdilər ki, fəlsəfə kadrlarının hazırlanması milli respublikalardan alınıb yalnız Ukraynaya icazə verilir və 3 mərkəzdə - Moskva, Leninqrad və Kiyevdə hazırlanmalıdır. Bizim ixtisasımızı 4-cü kursdan dəyişib tarix etdilər. O zaman Yusif Məmmədəliyev bizim rektorumuz idi. Mən ali məktəbi Stalin təqaüdü ilə bitirdiyimə görə Yusif Məmmədəliyevin məsləhəti ilə Elmlər Akademiyasının İqtisadiyyat institutuna getdim və 3 il orada oxuduqdan sonra iqtisad elmləri namizədi adını aldım. Daha sonra burada 35 il işlədim. Sonra milli azadlıq hərəkatı başlayan zaman hərəkatın iştirakçısı oldum. O zaman hərəkatda hər təbəqədən olan adamlar var idi. Hətta rəhmətlik Elçibəydən bir dəfə soruşdular ki, necə olur hər yerindən duran - qəssab, bazarda alver edəni də hərəkata qoşulur. O da dedi ki, xalq hərəkatında hamı olmalıdır. Sonra vaxt keçdikcə hamısı dəyişəcək, seçiləcək və onda əsl partiya yaranacaq. Xalq hərəkatında akademiya xüsusilə fəal iştirak edirdi. İsa bəy akademiyadan, Əbülfəz Elçibəy, Cəmil Həsənli, Əli Kərimli universitetdən çıxıb. Universitetin və akademiyanın rolu bizim ictimai-siyasi həyatda həmişə böyük olub.

- Xalqımızın güzəranının yaxşılaşması, rifah halının yüksəlməsi üçün hazırda hansı sosial-iqtisadi problemlərin həll edilməsini vacib hesab edirsiniz?

- Son 20 ildə iqtisadiyyatın inkişafı və vəziyyətin yaxşılaşdırılması istiqamətində müəyyən addımlar atılıb. Lakin belə bir sual doğur ki, bizim malik olduğumuz müasir imkanlar, sərvətlərimiz, əldə olunan valyuta ehtiyatlarımız baxımından 9 milyonluq xalqın maddi rifah halı kifayətdirmi? Burada iki meyar var. Birincisi, qonşu ölkələrlə, ikincisi isə dünya standartları ilə ölçülür. Bizdə minimum əmək haqqı 90-120 manat civarındadır. Bizdə olan minimum əmək haqqı insanların yaşayışı üçün lazım olan səviyyədə deyil. Respublikada orta aylıq əmək haqqı anlayışı var. Yəni bütövlükdə insanlara verilən əmək haqqı işləyənlərin sayına bölünür. Prezidentin də çıxışlarında göstərilir ki, bu, hardasa 400-450 dollar həddindədir. Bu rəqəm ilk baxışda normal görünə bilər. Lakin məsələ burasındadır ki, bu orta aylıq əmək haqqının içərisində 120 manat alan da var, 2 min manat da. Həmçinin Azərbaycanın iqtisadiyyatının quruluşunda ciddi dəyişikliklər aparmaq lazımdır. Yeni iş yerləri, istehsal sahələri açmalıyıq. Şübhəsiz bu sahədə müəyyən işlər görülür. Lakin bizim işçi potensialı, ali məktəbi yeni bitirənlərin işlə təmin olunması baxımından bu, hələ kifayət deyil. Buna görə də qeyri-neft sektorunun tükənməyən resursların inkişafına daha çox diqqət ayırmaq lazımdır. Vaxtilə akademik Qaşqay göstərirdi ki, Azərbaycanda 300 adda mineral müalicəvi su var ki, onların dünya bazarında satışı bizə qara qızıl, neft qədər qazanc gətirə bilər.

- Son dövrldə hansı əsərləriniz işıq üzü görüb və gələcək planlarınız nədir?

- Mən iki universitetdə - Qərb və Bakı Biznes universitetlərində işləyirəm. Bu sahədə mənim “İqtisadi nəzəriyyə”, “İqtisadiyyat”, İqtisadi fikir tarixi" adlı kitabım işıq üzü görüb. Professor İnqilab Əlibəyovla bir yerdə yazdığımız “İqtisadi tarix” kitabım var. Bu il isə “İqtisadi nəzəriyyə-ekonomiks” adlı kitabım çıxıb. Kitab Qərb standartları əsasında yazılıb. Həm müəllimlər, həm də şagirdlər üçün nəzərdə tutulan 3-cü kitab isə “İqtisadi nəzəriyyədə metodik vəsait” adlanır. Həmçinin “Mikro-iqtisadiyyat” adlı kitabım nəşr olunub. “Makro-iqtisadiyyat” isə çıxacaq. Gələcəkdə Azərbaycanın iqtisadi fikrinə dair oçerk şəklində kitab yazmaq fikrindəyəm.
Günel MANAFLI, 
23 Avqust 2013

Mənb
ə: http://musavat.com

URL: http://musavat.com/news/%C3%B6lk%C9%99/20-Yanvar-%C5%9F%C9%99hidl%C9%99rini-d%C9%99fn-ed%C9%99n-%C5%9F%C9%99xs-q%C9%99zetimiz%C9%99-dan%C4%B1%C5%9Fd%C4%B1_161805.html