Təriqətçilik müstəmləkəçiliyin xidmətində

Отправлено 18 июл. 2014 г., 3:00 пользователем Murad Nabibekov   [ обновлено 18 июл. 2014 г., 3:04 ]
        
Təməli böyük coğrafi kəşflər dönəmində qoyulmuş dünya müstəmləkə sisteminin qurulması prosesi nə az, nə çox, üç yüz ildən artıq davam edib və XIX yüzilin son rübündə başa çatıb. Birinci dünya müharibəsi ərəfəsində Asiya ərazisinin 56,6%-i, əhalisinin 47,6%-i Afrika ərazisinin 90,5 %-i, əhalisinin 87,6%-i, Amerika ərazisinin 27,2%-i, əhalisinin isə 6,2%-i bu sistemin tərkibində idi.
        Müstəmləkəçilər yer kürəsinin əhəmiyyətli hissəsini əhatə edən nəhəng ərazidə yalnız top-tüfəng gücünə yox, həm də xalqların daxilində mövcud olan etnik, dini və təriqət fərqlərindən faydalanaraq tətbiq etdikləri “parçala hökmranlıq et” siyasəti hesabına uzun müddət ağalıq edə biliblər. Onlar qurduqları bu sistemin davamlı olmasını təmin etmək üçün milli birliyin yolunda səddə çevrilən təriqətçiliyə daim rəvac veriblər.
        Birinci Pyotrun müsəlman aləminə sünni-şiə qarşıdurmasını körükləmək barədə öz xələflərinə yazdığı vəsiyyətnamə bunu təsdiq edən bariz örnəkdir.
        XX yüzilin əvvəlində Azərbaycanda gedən istiqlaliyyət uğrunda mübarizəyə həm nəzəri, həm də əməli baxımdan mühüm töhfələr vermiş görkəmli hüquqşünas və ictimai-siyasi xadim Mustafa bəy Topçubaşov 1919-cu il yanvarın 6-da Rusiyanın tanınmış siyasətçisi S.D.Sazanovla söhbət zamanı rus imperiyasının Azərbaycan xalqını hansı fəlakətə düçar etdiyini belə ifadə edib: “Allahın bizdən anadangəlmə istedad və əməyə məhəbbət hissini əsirgəmədiyi halda bizi geridə qalmış bədbəxt bir xalqa döndərən ruslara nə deyəsən”.
        Acınacaqlı hal bu idi ki, İslamın cövhərini unutmuş sələflərimiz təriqətçiliyə meyllənməklə rus imperiyasının xalqımız üçün nəzərdə tutduğu bu bədbəxtlik girdabının qazılmasında iştirak ediblər. Necə? Cavab üçün dahi Üzeyir Hacıbəyliyə müraciət edək: “Rusiya mütləqiyyətinin quyuqazan alətləri.... biz müsəlmanların içində quyu qazılmağa qabil olan yerlər tapdı.... Rusiya hökuməti bir o qədər zəhmət çəkmədi. Çünki bizim aramızda yaramaz əllər əvvəldən quyu qazıb hazır qoymuşdular, o quyunu bir qədər də dərinləşdirmək və lazım olsa, digər bir quyu qazmaq kifayət idi. Rusiya hökuməti onu da elədi, bunu da. Əvvəlcə bizim gözümüzü yumdu və ondan sonra başlayıb “Şeyxülislam təyini, “Müfti” nəsbi (qoyulması), “Ömər şkolası” güşadı (açılışı), “Əli şkolası” təsisi, “şiə zakon uçiteli”, “Sünni zakon uçiteli” təyini ilə bərabər sair fəsadlar ilə bizim aramızda əvvəlcədən qazılmış olan şiə və sünni quyusunu daha gen və daha dərin bir hala salıb ləzgi, tatar, müsəlman ibarələri ilə dəxi digər bir quyu qazıb, rahat və arxayın oturdu.
        Məlumat üçün bildirim ki, ilk şiə “Əli məktəbi” 1847-ci ildə, ilk sünni “Ömər məktəbi” isə 1849-cu ildə Tiflisdə çar hökuməti tərəfindən açılıb.
        1879-cu ildə Gəncə (Yelizavetpol) quberniyasına daxil olan Şəki (Nuxa) qəzasının vəfat etmiş ikinci qazısının yerinə yeni şəxsin təyin edilməsiylə bağlı sənədlərdən ibarət olan əlimizdəki arxiv materialları Üzeyir bəyin nə qədər haqlı olduğunu təsdiq edir.
        Dini qurumların tərtib etdiyi protokollarda və ruhanilərin yazdığı ərizələrdə əksini tapmış faktlardan məlum olur ki, Şəki qəzasının ikinci qazısı, əslən Xaçmaz (indi Oğuz rayonundadır) kəndindən olan Hacı Əhməd Əfəndi vəfat edib. 1879-cu il fevralın 6-da Şəki şəhərindəki “Aləmgöz xanım” məscidinin imamı Hacı Fəzlullah Əfəndi Hacı Abdullah oğlu “Zaqafqaziya sünni ruhani idarəsi”nə ərizə ilə müraciət edərək bu vəzifəyə iddialı olduğunu bildirib.
        8 mart 1879-cu ildə yuxarıda adı çəkilən dini qurumdan Gəncə quberniyasındakı “sünni əhalinin” təmsilçilərindən ibarət “Quberniya Məclisi”nə ünvanlanan raportdan məlum olur ki, Xaçmaz camaatının adından hələ mart ayının 10-da bura bir ərizə təqdim olunub. Ərizədə xaçmazlılar Şəki qəzasının kiçik qazı vəzifəsinə mərhum Hacı Əhməd Əfəndinin əvəzinə oğlu Molla Çələbinin təyin edilməsi üçün sərəncam verilməsini xahiş ediblər. Həmin vəzifəyə təyinat ruhani idarəsinə məxsus nizamnamənin 23-cü fəslinin tələbləri və qubernatorun məktubu əsasında verilirdi.
        Raportda Molla Çələbinin Şəki qəzasının ikinci qazisi vəzifəsinə namizədliyinə ruhani idarəsinin mənfi münasibətini şərtləndirən səbəblər sadalanır. Onun ali vəkilinin məlum olmaması və Xaçmaz ruhaniləri sırasında həmin vəzifəni yerinə yetirməyə yetərli dərəcədə səriştəsi olan Molla Çələbi adında ruhaninin tanınmaması əsas səbəb olaraq qabardılır.
        Lakin Gəncə quberniyasında yaşayan “sünni əhalinin” nümayəndələrinin çoxluq təşkil etdiyi “Quberniya Məclisi”nin 14 dekabr 1879-cu il tarixdə Daxili İşlər Nazirliyinə göndərdiyi 592 nömrəli raportdan bəlli olur ki, ruhanilərin Molla Çələbinin Şəki qəzasının kiçik qazısı vəzifəsinə namizədliyinə mənfi münasibət sərgiləmələrinə baxmayaraq o, 2 avqust 1879-cu il tarixdə qubernatorun verdiyi 8183 nömrəli əmrə əsasən qısa müddət ərzində kiçik qazı vəzifəsini icra edib. Onun fəliyyətinə münasibət raportda belə ifadə edilib: “... Molla Çələbi bisavad və ziyadəsi ilə cahil olduğu cəhətdən qulluğun mənfəətlərinə xəsarət yetirmişdir”. Şəkidə fəaliyyət göstərən “Quberniya məclisi”nin sədri Əhməd Əfəndinin .... və katibi Mirzə Əhməd Əfəndiyevin imzalarının yer aldığı bu sənəddə daha sonra bildirilir ki, məclis 24 sentyabr 1879-cu il tarixdə qəbul etdiyi qərarla Şəki qəzasının kiçik qazısı vəzifəsini müvəqqəti olaraq icra etməyi “elmi şəriət qaydalarından bəhrələnmiş, gözəl əxlaq ilə vəsflənən və dövlətin arzularına xalis və kamil şəkildə itaət edən” Bum kəndinin sakini Hacı Əli Əfəndi oğluna həvalə edib və qubernatorun nəzərinə çatdırıb. Lakin qubernator sərəncam vermədiyindən məclisin qəbul etdiyi qərar gerçəkləşməyib.
        1879-cu il martın 8-də, yəni Xaçmaz kəndi sakinləri tərəfindən Molla Çələbinin namizədliyinin Şəki qəzasının ikinci qazısı vəzifəsinə irəli sürülməsindən iki gün əvvəl Şəki şəhər sakini Əbdürrəhman Əfəndi Ramazanov da bu vəzifəyə təyin edilmək arzusunu ifadə edən ərizə ilə “Zaqafqaziya Sünni Ruhani İdarəsi”nə müraciət edib. O, ərizəsində Şəkinin tanınmış və bəyənilib seçilmiş ruhanisi olduğuna baxmayaraq diqqətdən kənarda qalmasından şikayətlənir, dəfələrlə vədlər verilməsinə rəğmən mənsəb hörmətinə layiq görülmədiyindən gileylənir.
        O, 4 mart 1879-cu il tarixdə eyni məzmuna malik ərizə ilə qubernatora da müraciət edib.
        10 mart 1879-cu ildə “Zaqafqaziya Sünni Ruhani İdarəsi”nin sədri, müfti Hacı Əhməd Əfəndi və Əfəndi Molla Rəhim Ağaəliyevin imzaları ilə Gəncə quberniyasındakı sünni əhalinin nümayəndələrinin çoxluq təşkil etdiyi “Quberniya Məclisi”nə ünvanlanan 54 saylı raportda Əbdürrəhman Əfəndi Ramazanovun “böyük Rusiya dövlətinə ürəkdən xidmət etməsinə” baxmayaraq kölgədə qalmasından, münasib dini vəzifəyə irəli çəkilməməsindən irəli gələn narazılıq notları özünü açıq-aydın biruzə verir.
        Bu məsələ ilə bağlı Şəki şəhərində fəaliyyət göstərən həmin dini qurumun adından 22 mart 1879-cu ildə “Zaqafqaziya Sünni Ruhani İdarəsi”nin ünvanına yazılan 130 saylı raport diqqət çəkir. Sənəd yaranmış durum üçün “Quberniya Məclisi”nin suç sahibi olmadığını sübuta yetirmək cəhdi kimi qavranılır. Raportda bildirilir ki, “Quberniya məclisi” cənab Əbdürrəhman Əfəndi Ramazanovun həmin vəzifəyə təyin olunması üçün “Zaqafqaziya Sünni Ruhani İdarəsi” tərəfindən 10 mart 1879-cu il tarixdə verilən 45 nömrəli əmrin meydana gəlməsinə və 21 mart 1879-cu il tarixdə tərtib olunmuş 124 nömrəli raportla onun şəxsi keyfiyyətləri, müsbət əməlləri barədə məlumatların qubernatorun diqqətinə çatdırılmasına vasitəçilik edib.
        Lakin ölüm Əbdürrəhman Əfəndi Ramazanova Şəki qəzasının kiçik qazısı kimi fəaliyyət göstərməyə imkan verməyib. Gəncə quberniyasının sünni əhalisinin nümayəndələrinin çoxluq təşkil etdiyi “Quberniya Məclisi”nin Şəkidən “Zaqafqaziya Sünni Ruhani İdarəsi”nə göndərdiyi 122 nömrəli raportdan bəlli olur ki, Əbdürrəhman Əfəndi Ramazanov martın 20-də öz əcəliylə vəfat edib.
        XIX yüzildə rus imperiyasının Azərbaycanda qurduğu müstəmləkə rejiminin xalqımızın milli-mənəvi dəyərlər sisteminə münasibətini yalnız bir ilin və bir epizodun timsalında ortaya qoyan sənədlərdən ibarət arxiv materiallarının açıqladığı gerçəkliklər göz qabağındadır. Bu gerçəklikləri dərk etmək üçün beyin sormağa lüzum yoxdur. Hər şey olduqca sadədir.
        Əvvəla, sənədlərdə əksini tapmış dini təsisatların adlarına və bəzi ifadələrə diqqət yetirək: “Zaqafqaziyanın sünni idareyi ruhaniyyəsi”, “Yelizavetpol Ahlat Sünni Qubernski Məclisi”, “Zaqafqaziyanın Sünni məzhəb müsəlmanlarının sədri”, “Zaqafqaziyanın Sünni taifəsi” və s. Bu anlayışlar xalqın vəhdətinə xələl gətirən təriqətçiliyə geniş miqyasda rəvac verildiyini sübuta yetirir.
        İkincisi, bütün dini təsisatlar və din xadimləri müstəmləkə rejminin tam nəzarəti altında, hərtərəfli asılı durumda fəaliyyət göstərib. Azadlığın, müstəqilliyin ən cüzi təzahür hallarına belə yol verilməyib.
        Üçüncüsü, rus imperiyası azadlıq dini olan İslamdan müstəmləkə rejimini möhkəmlətmək üçün istifadə etmək niyyətində olub. İslamın fəlsəfəsindən uzaq düşən, mənəvi və əxlaqi göstəricilərinə görə aşağı səviyyədə olan və yalnız “böyük rus dövlətinə” xidmət edən ruhanilərə üstünlük və imtiyazlar verib.
        Dəyərli oxucular, əziz dostumuz Ədalət Tahirzadənin aşkarladığı arxiv materialları bir daha sübut edir ki, müstəmləkə əsarəti altına düşmüş xalqın öz ölkəsinin maddi sərvətlərindən bəhrələnməsi bir yana qalsın, heç mənəvi dəyərlərinə də sahiblik edə bilməsi mümkün deril. Aşağıda sizə təqdim olunan faktalogiya örnəkləri də bunu təsdiq edir. Sənədlərin şərhinin bir qədər geniş alınmasının başlıca səbəbi isə onları tərtib edənlərin artıq çağdaş Azərbaycan terkcəsi üçün arxaikləşmiş ərəb və fars sözlərindən bol-bol istifadə etməsi nəticəsində dilinin olduqca ağır olmasından irəli gəlib. Düşündüm ki, bu şərh sənədlərin mahiyyətini dərk etməkdə oxuculara yardımçı ola bilər.

№-32 6 fevral 1879

        Zaqafqaziyanın sünni məzhəb müsəlmanlarının sədri, müfti Əli Fəzlullah Hacı Əbdülməcid Əfəndidən
        Nuxa şəhərində Aləmgöz xanım məscidinin imamı və müdərrisi Hacı Fəzlullah əfəndi Hacı Abdullah oğlundan

Ərizədir. 

        Hala (hələ də) iki ildən ziyadə olur ki, Yelizavetpol Quberinski məclisində müvafiq tabda (?) imtahan tutmaq ilə həmin Aləmgöz xanım məscidində mən, cənab mərhəmətiylə musaddıq (təsdiq edilmiş) imam olub bu vəqtə qədər müvafiq şəriət və qanun imamlıq və müdərrislik əmrini yerinə yetirməkdə qaim olmuşdum. Və la bu yavuq müddətdə Nuxa uyezdinin kiçik qazısı himmətli Hacı Əhməd Əfəndi mərhum olub və onun yeri vakansiya olmadığından məhlə mollalığından qazılıq mərtəbəsinə tərəqqi etmək üçün qaidəyə müvafiq şürutlar (şərtlər) ilə imtahan olmaq istəyirəm. Filhazə (bununla bərabər) rica-i acizəmdir ki, rızai bari (Uca Yaradan rızası üçün ) üçün lətif və mərhəmət ilə hüzuru alilərində imtahan edib əgər layiq görsəniz qazılığa nəsb etməyə (təyin olunmağa) bais olaram. Hərçənd bu haqqım.... ol məqama istedadlı---- olan və ol şanım təalə.....mərhəmət səməri..... olsa ümidim olur ki..... umur-ı bila kusur (qüsursuz əmrlər) və la nöqsan (nöqsansız) müvafiq tabda əncam götürməm lazım edər xüsusunda ərz olundu. Və bu babda qubernatora ərizə göndərdim.
        Fi 30 Avqust 1879
        Hacı Fəzlullah Əfəndi Hacı Abdullah əfəndi oğlu qol yazdım.


№-33 6 fevral 1879 

        Zaqafqaziyanın sünni idareyi ruhaniyyəsi hüzuruna Nuxa üyezdindən Bum pristavlığından Bum qaryəli (kəndlisi) Abdülmanaf Əfəndi, Həsən Əfəndi oğlundan ərizə-i acizanəmdir (aciz bir ərizəmdir).
        Çün bu ənqəribşanda (yaxın zamanlarda) şəhər qazısı Qazi-i Sani Hacı Əhməd Əfəndi pir Həmdi vəfat edib. Bir ruhani olmaq səbəbindən ötrü rica və təvəqqe qdirəm ki, o mərhumun əvəzində o mənsəbə bizi qazi təyin buyurub ömrü üstünə duayl xeyr edəsiz. Və bu babda qısa bir ərizə də Yelizavetpol quberniyasına vermişəm. Ona vacib edir, cürət ərz olundu. Minəl bad (sonrası da ki...) sahibi ixtiyarsız.
        Nuxa üyezdi tahrirən (yazıldı) fi 30 Mahı Şəvval 1879 (30 Şəvval 1879-cu ildə)
        Bu ərizəni öz dəsti xəttim ilə yazıb öz adıma olan möhr_________ Abdülmanaf Əfəndi Həsən əfəndi oğlu


8 MART 1879 

        Zaqafqaziyanın sünni İdareyi Ruhaniyyəsinə (ruhani idarəsinə) Yelizavetpol Quberniyasından Nuxa şəhərinin sakini Əbdürrəhman əfəndi Ramazanovdan

Ərizədir. 

        Ol idarəyi ruhaniyyənin malumu aliləridir ki, (o ruhani idarəsinə yaxşı məlumdur ki....) bir halda Nuxa şəhərində mjusaddıq (təsdiq edilmiş, qəbul edilmiş) və bir guzidə (seçilmiş, bəyənilmiş) mollalar cümləsində təsdiq olumuşam və bu qaideyi (qaydalar) ruhaniyyə qoyulmazdan əqdəm (əvvəl) olmuşam. Naziri şəriət və bir məmalik (məmləkətlər) qazisi və məclisin 22-də muttasıl (fasiləsiz. Davam edici) ümnayı xülusu qəlbdən (xalis qəlb niyyəti ilə) xidmət etmişəm. Və bir təzə qayda tərtib olunan zaman qəflət olunub bir artıq mənsəb mənə hörmət olunmayıb. Ancaq mollalıq dərəcəsində qalmağıma kurrayı kurrat (dindar, saleh şəxslər) ilə ərizə vermişəm. Mənə vəd olunub vakansiya gözləməyə. Və bu ana can bir münasib vakansiya olmayıb. Çox zəhmətlər ilə gözdən itmişəm. Nəhayət indi Nuxa uzeydinin qazi-i sani (ikinci qazısı) Hacı əhməd əfəndi Hacı Əbdürrəhman əfəndi oğlu vəfat edib. Yeri vakansiya olmasına görə həmin arzuhal (ərizə) ilə əhvalatı idareyi ruhaniyyəyə bəyan edib rica-i külli (həddindən artıq rica) və hakiranə (alçaq könüllü şəkildə yazmaq) edirəm. Necə ki idareyi ruhaniyyə huzuruna bir-bir əhvalım kamalıyla bəyandır, elə bir tədbir tərəflərindən əncam (nəticə, son) mərhəmət oluna ki ol mənsəbə təsdiq olunmağıma bais ola. Ki, axır ömrümdə bəlkə mərhəmətşanə ilə müstəfid (faydalanan, xeyir görən) və bəhrmənd (nəsib almış) olub ümna-i xidmətinizə duaçı olaram. Necə ki, həmişə duaçı olmağım məşhur və sabitdir. (isbat olunmuş) bunu da artırıram ki, bir ərizəyə bir payə səriştələrim ola ki, əqdəmdə olan qulluqlarıma dəlil əvvəla göndərmişəm.

        Alicah (uca mövqe sahibi) Yelizavetpol qubernatoruna martın 4-də 1879 sənədə (ildə) Əbdürrəhman Əfəndi Ramazanov.
        Qol yazdım_______ Nuxa______
Mənbə: "ŞƏKİ BƏLƏDİYYƏSİ" qəzeti