Azərbaycanın ilk veb-portalı 20 illik yubileyini qeyd edir

Отправлено 18 мая 2015 г., 10:14 пользователем Murad Nabibekov   [ обновлено 18 мая 2015 г., 10:15 ]





Nərgiz QƏHRƏMANOVA
AMEA Rəyasət Heyəti aparatının 
İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması 
idarəsinin Elektron informasiya şöbəsinin rəis müavini


        Azərbaycanda İnternet-media mətbuatın ən inkişaf etmiş sahələrindən biridir 

        Bu gün cəmiyyətin inkişafında, ictimai fikrin formalaşmasında İnternetin, informasiya texnologiyalarının rolu əvəzsizdir. Məhz informasiya cəmiyyətinin həyatımıza gətirdiyi yeniliklərin nəticəsidir ki, müasir dövrdə mətbuatımızın inkişafı istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur. Əminliklə demək olar ki, İnternet-media Azərbaycanda mətbuatın ən inkişaf etmiş sahələrindən biridir. Ölkəmizdə onlarla veb-saytlar, portallar, İnternet-televiziyaları fəaliyyət göstərir. Əgər Azərbaycanda bu sahənin tarixinə nəzər salsaq görərik ki, ilk veb-portal olan science.gov.az 1995-ci ildə www.ab.az adı altında yaradılmışdır. İlk dəfə İnternetə çıxış isə 1991-ci ildə rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasovun rəhbərliyi ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunda həyata keçirilmişdir. 
        AMEA-nın rəsmi portalı olan science.gov.az-ın əsas məqsədi akademiya haqqında müvafiq məlumatların, onun çoxşaxəli fəaliyyətinin Azərbaycan və dünya ictimaiyyətinə çatdırılması, həmçinin akademiya əməkdaşlarının beynəlxalq elmi informasiya məkanı ilə əlaqələrinin təmin edilməsidir. Bundan əlavə, portalda AR Prezidenti tərəfindən elm və təhsil sahəsində imzalanmış rəsmi sənədlər, AMEA Rəyasət Heyətinin rəsmi sənədləri, eləcə də AMEA-nın dövri nəşrləri yerləşdirilir. Portal AMEA tərəfindən keçirilən elmi tədbirlər (konfranslar, simpoziumlar, forumlar və s.), Azərbaycan alimlərinin elmi nailiyyətləri, həmçinin dünyada baş verən elmi yeniliklər haqqında mühüm və etibarlı informasiya mənbəyidir. 

        Science.gov.az-ın inkişaf mərhələləri 

        Portalın 20 ildəki fəaliyyətinə nəzər salsaq onun 2 inkişaf mərhələsini geridə qoyduğunu görərik. 1995-2003-ci illəri əhatə edən I mərhələdə sayt statik, strukturlaşdırılmamış səhifələrdən ibarət idi, verilənlər bazası isə mövcud deyildi. 
        Portalın II inkişaf mərhələsi 2003-2015-ci illərə təsadüf edir. Qeyd edək ki, AMEA Rəyasət Heyəti 26 sentyabr 2001-ci il tarixdə “www.science.az portalının yaradılması haqqında” qərar qəbul edilmiş və bu iş İnformasiya Texnologiyaları İnstitutuna həvalə etmişdir. Bundan sonra saytın dəqiq strukturunun, dizaynının olmaması, buradakı məlumatların sistemsiz doldurulması və nəhayət yeni texnologiyaların meydana gəlməsi veb-portalın yenidən işlənməsini zəruri etmişdir. Bu mərhələdə portalın dizaynı və strukturunun fotoqalereyası yaradılmış, xəbərlər verilənlər bazası əsasında işlənilməyə başlamışdır. Eyni zamanda science.az-da animasiya şəkillərinin yerləşdirilməsi, səhifələrin daim yenilənməsi və yeni konsepsiyanın işlənilməsi həyata keçirilmişdir. 
        Portal cari ildə yeni bir mərhələyə qədəm qoymuşdur ki, bu da mühüm dəyişikliklərin baş verməsilə müşaiyət olunmuşdur. Son zamanlar AMEA-da islahatlar və struktur dəyişikliklərinin aparılması, AMEA-nın yeni korporativ üslubunun işlənilməsi və yeni texnologiyaların meydana gəlməsi veb-portalın yenidən qurulması zərurətini ortaya qoymuşdur. Bu zərurətdən irəli gələrək AMEA Rəyasət Heyətinin 3 iyul 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş "AMEA Rəyasət Heyətinin informasiyalaşdırılmasına dair Fəaliyyət Planı"nda digər məsələlərlə yanaşı, www.science.az portalının yeni versiyasının hazırlanması da nəzərdə tutulmuşdur. Qərarın icrasını təmin etmək məqsədilə AMEA İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən ən yeni texnologiyaların tətbiq olunması şərtilə portalın yeni versiyası hazırlanmışdır. Yeni versiya AMEA Rəyasət Heyəti aparatı, AMEA-nın elmi müəssisə və digər təşkilatlarının strukturu və fəaliyyəti, AMEA-nın sabiq prezidentləri, fəxri, həqiqi və müxbir üzvləri, elmi müəssisə və digər təşkilatlarda çalışan elmlər doktorları və fəlsəfə doktorlarının elmi fəaliyyətlərinin əsas istiqamətləri, elmi nailiyyətləri, elmi-pedaqoji fəaliyyətləri, əsas elmi əsərləri və s. haqqında məlumatları dəqiq və tam şəkildə əks etdirən böyük informasiya bazasına və güclü axtarış imkanlarına malik informasiya sistemidir. AMEA-da aparılan islahatlar və struktur dəyişikliklərinin portalda əks olunması, videoqalereya və internet-televiziya olan “ElmTV”nin yaradılması, o cümlədən ən yeni texnologiyalardan istifadə hazırkı mərhələdə portalın əsas xüsusuiyyətləridir.


        “ElmTv” mühüm videomənbədir 

        www.science.az portalında mühüm yeniliklərdən olan “ElmTv” Azərbaycanda elmin populyarlaşdırılması məqsədini daşıyan ilk İnternet-televiziyadır. AMEA-nın institut və təşkilatlarının fəaliyyətini əks etdirən bu videomənbə mühüm əhəmiyyət kəsb edən tədbirlərin canlı yayımını həyata keçirir. Azərbaycan elmi nailiyyətləri ilə yanaşı, dünyada baş verən elmi yeniliklərin də yayımı ilə məşğul olan “Elm Tv”də xəbərlər, xüsusi reportajlar, reklam çarxları, müsahibələr və s. öz əksini tapır. 

        www.science.az portalı tədris bazası kimi 

        www.science.az portalı fəaliyyət göstərdiyi bu illər ərzində həm də tədris bazası rolunu oynamışdır. Burada ölkənin müxtəlif ali məktəblərindən olan tələbələr təcrübə keçmiş, onlarla jurnalist, veb-dizayner və veb-proqramçılar yetişdirilmişdir. Belə ki, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin çoxsaylı tələbələri veb-jurnalistika sahəsində kadr hazırlığı məktəbi olan science.gov.az portalında işləyərək təcrübə qazanmışlar. Həmin fakültənin tələbələri üçün institutda təşkil olunmuş təcrübə kurslarında ümumilikdə 300 tələbə iştirak etmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, ölkənin bir çox tanınmış saytlarında fəaliyyət göstərən media mütəxəssisləri məhz science.gov.az-ın yetirmələridir. Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAC) əməkdaşlarına isə İnformasiya Texnologiyaları İnstitutunda İnternet-medianın praktiki əsasları, saytların yaradılması və idarə edilməsi üzrə təcrübə keçilmişdir. 

        www.science.az həm də informasiya-sorğu sistemidir 

        Portal AMEA-nın bütün struktur bölmələri, həqiqi və müxbir üzvləri, institut və təşkilatlarında çalışan elmlər və fəlsəfə doktorları haqqında informasiya mənbəyidir. Azərbaycanın nüfuzlu alimlərinin həyat və fəaliyyətinə, elm sahəsində əldə etdikləri nailiyyətlərə dair bütün məlumatları bu portaldan əldə etmək olar. 

        2014-cü ildə portala 1216407 müraciət qeydə alınmışdır 

        2004-2014-cü illər ərzində www.science.gov.az portalının “Xəbərlər” bölməsinin statistikası aparılmış və məlum olmuşdur ki, 2014-cü ildə portalda 1379 xəbər yer almışdır. 2005-ci ildə science.az-a müraciətlərin sayı 260120 idisə, 2014-cü ildə bu rəqəm1216407 olmuşdur. Portala ölkəmizdən sonra ən çox Türkiyə, Rusiya, ABŞ və Almaniyadan olan istifadəçilər daxil olmuşlar.

        www.science.az multimedia qalereyasıdır 

        science.gov.az-ın fotoqalereyasında Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən keçirilən konfrans, seminar, görüş və digər tədbirlərdən çəkilən minlərlə fotoşəkillər öz əksini tapmışdır ki, bu materialları Azərbaycan elminin tarixi salnaməsi hesab etmək olar. 2004-2014 cü illər ərzində müxtəlif tədbirlərdən əldə olunan fotomaterialların sayı 54 866-dan çoxdur. 

        20 yaşınız mübarək! 

        Məlumat üçün bildirək ki, 2003-cü ildən bəri istismarı AMEA İnformasiya Texnologiyaları İnstitutunda həyata keçirilən science.az portalı 2014-cü ildə AMEA Rəyasət Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin strukturuna daxil edilmişdir. 
        Azərbaycanda İnternet-medianın qaranquşu hesab edilən science.gov.az bu gün də öz işini uğurla davam etdirir. Ölkənin elmi ictimai həyatının dəqiq, dolğun və obyektiv şəkildə işıqlandırılması yönündə mühüm rol oynayaraq, ölkədə fəaliyyət göstərən alim və mütəxəssislərin elmi nailiyyətlərinin dünya informasiya fəzasında tanınmasına geniş imkanlar yaradır. AMEA və bütövlükdə respublika elmi ictimai mühitində, o cümlədən dünya elm məkanında baş verən yeniliklər portalın əməkdaşları tərəfindən operativ əldə edilərək ölkə ictimaiyyətinə çatdırılır. Burada əksini tapan məlumatlar daim yenilənir, təkmilləşdirilir və genişləndirilir. İnformasiya kommunikasiya texnologiyalarının sürətli inkişafı şəraitində Azərbaycan elminin informasiya təminatında mühüm rol oynayan portal Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Hazırda www.science.az-ın əməkdaşları tərəfindən science.az-ın Facebook və Twitter səhifəsi idarə olunur. Portalda yerləşdirilən mühüm məlumatlar sosial şəbəkələrdə də operativ olaraq işıqlandırılır. 
        Bu illər ərzində göstərdiyi uğurlu və səmərəli fəaliyyətinə, Azərbaycanın elminin işıqlandırılması istiqamətindəki əvəzsiz xidmətlərinə görə science.gov.az kollektivini ürəkdən təbrik edir, portalın əməkdaşlarına gələcək fəaliyyətlərində yeni-yeni nailiyyətlər, yaradıcılıq uğurları arzu edirik! 20 yaşınız mübarək!