XIX əsrin sonu XX əsrin əvvəllərində Şəki təhsili

Отправлено 15 дек. 2014 г., 4:15 пользователем Murad Nabibekov   [ обновлено 16 дек. 2014 г., 1:51 ]







Elşən ABDURAHMANOV,
AMEA Şəki Regional Elmi Mərləzi,
elmi işçi 

        XIX əsrin I yarısında Şimali Azərbaycanın Çar Rusiyası tərəfindən işğal edilməsi cəmiyyətin həyatında bir çox sahələrdə köklü dəyişikliklər yaratdı. Çar Rusiyası dövrün başqa mütləqiyyət quruluşlu monarxiyaları kimi kütləvi təhsilə maraq göstərməsə də, silki səciyyə daşıyan təhsil sisteminin formalaşdırılmasına önəm verirdi. Hökumət üçün məmurlar hazırlamaq, sədaqətli qulluqçular yetişdirmək, aristokratik idarəetməni daha da inkişaf etdirmək və digər dövlətlərə münasibətdə elm-təhsil sahəsindəki balansı qorumaq zərurəti Rusiya imperiyasını bir sıra islahatlar keçirməyə məcbur edirdi.Rusiyanın qabaqcıl Avropa ölkələri ilə yaxın və rəqib münasibətlər saxlaması, ölkənin geriliyini aradan qaldırmaq istəyi və kapitalizmin inkişafı da təhsilə olan diqqətin artırılmasına səbəb olurdu.
        Rusiya imperiyasının işğalçılıq siyasətinə və müstəmləkəçi məqsədlərinə baxmayaraq Şimali Azərbaycanda xalq maarifi və təhsil böyük tərəqqi yolu keçmiş, məktəblər həm kəmiyyət, həm də keyfiyyət baxımından xeyli inkişaf etmişdir.
        İşğalın ilk dövrlərindən dövlət məktəblərində yerli əhalinin sayca məhdudluğuna baxmayaraq, zaman keçdikcə bu cür məktəblərə xalqın marağı artmaqda idi. Azərbaycanın bütün rus məktəblərində 1843-cü ildə 476, 1848-ci ildə 537, 1852-ci ildə 633, 1856-cı ildə 822 şagird təhsil alırdı. 1834-cü ildə Qarabağ əyalətində hər 1247, Şəki əyalətində isə hər 1990 yerli kişi əhalisinə 1 şagird düşürdü. 
        1831-ci il dekabrın 30-da Nuxada fəaliyyətə başlayan qəza məktəbində həmin ildə 28, 1842-ci ildə 60, 1846- cı ildə 67, 1850-ci ildə 72 şagird təhsil alırdı. Halbuki, 1846-cı ildə Şəki məscidləri nəzdindəki məktəblərdə 450 nəfər oxuyurdu. 
        1852-ci ildə rus məktəblərində təhsil alan azərbaycanlıların ən yüksək faizi Nuxada (37%- 24 nəfər) və Şamaxıda ( 36%- 80 nəfər) müşahidə olunurdu. Azərbaycanda bütün qəza məktəblərində 1857-ci ildə cəmi 148 azərbaycanlı şagird vardı.
        1850-ci ildə hökumət məktəblərində ümumilikdə 72, 1863-cü ildə 56 nəfər təhsil alırdısa, 1863- cü ildə ruhani məktəblərində təhsil alanların sayı 1830 – a çatırdı. 
        Göründüyü kimi yerli əhalinin əksəriyyəti müxtəlif səbəblərdən XIX əsrin ilk yarısında Çar Rusiyasının açdığı məktəblərə deyil, daha çox ruhani məktəblərə meyl edirdi. Bununla belə əhali içərisində dövlət məktəblərinə maraq göstərənlər də vardı.Şuşa qəza məktəbi üçün əhali tərəfindən 5235 manat 16 qəpik, Nuxa qəza məktəbi üçün 4613 manat 44 qəpik pul toplanmışdı. 
        1850- ciildə Şəki əhalisi vəsait toplayaraq öz hesabına məktəb açdı. Çar hökuməti yalnız bu məktəbin rus dili müəlliminə veriləcək cüzi bir hissəsini öz öhdəsinə götürdü. 1855-ci ildə yerli sakin Əbdül Qafar bəy Hüseynov Şəki qəza məktəbinin nəfinə hər il 500 manat verməyi öhdəsinə götürdü və bu məktəbin fəxri hamisi təyin edildi. Şəki camaatının maarifə və təhsilə olan meylini çar məmurları da etiraf edərək yazırdılar : “ şəkililər təhsili sevirlər və məktəb açmaq üçün məmnuniyyətlə 4000 manat vəsait toplamışlar”.Şəki əhalisi çar hökumət idarələrinə yazırdılar ki “ Biz bacardığımız qədər məktəb üçün yararlı bina tikməkdə hökumətə kömək eləməyə hazırıq.Şəhərin mərkəzində olan müsəlman cəmiyyəti 500 nəfərlik ailə başçısının yarıdan çoxunun öz uşaqlarını məktəbdə oxutmaq arzusunda olduğunu bildirir.” 
        Əhalinin dövlət məktəblərinə olan münasibətlərinin dəyişməsinə bir sıra amillər təsir edirdi.Bütün üstünlükləri ilə birlikdə dövlət xidmətinə yol açan rus təhsilinin vacibliyi, iqtisadi tələbat, dünyəvi və daha yaxşı təhsil almaq istəyi rus məktəblərində təhsil almağa marağı daha da artırırdı.Digər tərəfdən dövlət də yerli əhalini öz tərəfinə çəkməkdə , xüsusilə “Ali müsəlman silki” ilə yaxınlaşmaqda maraqlı idi. Hər dəfə yeni nizamnamə qəbul edildikdə “yerli şəraitin nəzərə alınması” əsas müddəa kimi irəli sürülürdü.Digər tərəfdən dövlət məktəblərində şəriət dərslərinin tədris edilməsi əhalinin bu məktəblərə getməsində əsas maneəni aradan qaldırmış olurdu.
        1843-cü ildə Nuxada təcrübə-ipəkçilik məktəbi açıldı . Bu qanunauyğun bir qərar idi, çünki, Nuxa qəzası Zaqafqaziyada ipəkçilik təsərrüfatının mərkəzi və Bakıdan sonra ikinci sənaye şəhəri hesab edilirdi.1836-cı ildə təsis edilmiş “Qafqazda ipəkçilik və ticarət sənayesinin yayılması Cəmiyyəti” Nuxanı özünün daimi fəaliyyət məskəni seçmiş, və burda məktəb açmışdır.Məktəbdə 4 il təlim kursu keçirilirdi.Hər tədris ilində 30 şagird qəbul edilirdi.Tədris müddətində şagirdlər barama toxumlarının hazırlanmasını və sortlara bölünməsini və ipəkqurdu yemlənməsi prosesini , ən yeni dəzgahlarda barama açmağın təkmilləşdirilmiş İtaliya üsulunu öyrənir, İtaliya və Fransa dəzgahlarında əriş və arğa emalının sirlərinə yiyələnirdilər. Artıq 1851-ci ildə məktəb şagirdlərinin emal etdikləri ipək sapların nümunələri Fransa fabrikantlarının xoşuna gəlmişdi , 1852-ci ildə isə 7 pud eşilmiş ipək Londonda yüksək qiymətə satılmışdır. Məktəb fəaliyyətə başlayandan etibarən buraya 236 şagird qəbul edilmiş, bunlardan 117-si məktəbi uğurla bitirmişdir. Nuxada təcrübə-ipəkçilik məktəbi 20 ildən artıq fəaliyyət göstərmiş və onun nəzdində ipəkçilik şöbəsi də açılmışdır. 
        1872-ci il təhsil əsasnaməsindən sonra qəza məktəbləri pullu şəhər məktəbləri ilə əvəz edildi. Nuxada şəhər məktəbi 1877-ci ildə yaradılmışdır. Məktəb 3sinifli idi. Şəhər məktəbində ana dili müəllimləri içərisində Nuxada dövrün məşhur müəllimlərindən Abbas Mirzə Axundov, Molla Çələbi oğlu və başqaları var idi.1882-ci ildən məktəbin nəzdində xüsusi musiqi sinifləri açılmış və burada 25 şagird təhsilə başlamışdır. 
        1882- 1898-ci illərdə Nuxa qəzasının 13 kəndində(Qutqaşen – 12.09.1882, Vəndam-30.10.1883 və s) yaradılan kənd məktəbləri( xalq məktəbləri) təhsil şəbəkəsinin ucqarlara doğru yayıldığını göstərməkdədir.
        Bu dövrdə qız məktəblərinin açılması olduqca mütərəqqi bir hal sayıla bilər.Nuxada ilk yeni üsullu müsəlman qız məktəbini Şəfiqə Xanım Şeyxzadə 1894-cü ildə təsis etmişdir. Məktəbə xırda oğlan uşaqları da qəbnul olunurdu. Dərs haqqı ayda 1 manat idi.3 il fəaliyyət föstərən məktəb Şəfiqə xanımın atası Məmmədəmin Şeyxzadə Şamaxıya məktəb açmaq üçün getməsilə fəaliyyətini dayandırmışdır.1904-cü ildə Şəkidə fəaliyyət göstərən 6 ibtidai məktəbdə artıq 170 nəfər qız təhsil alırdı.
        1898-ci ildə şəhərdə yeni bir məktəb, rus-tatar ( azərbaycanlı- M.İ.) məktəbi açıldı.Məktəb Hacı Əbdürəhim Ağanın təşəbbüsü ilə açılmışdı. O, cümə məscidinin yanında ikimərtəbəli bina tikdirmiş, onun üçün lazımi avadanlıq almışdı.Məktəbdə Quranın tərcüməsi, Azərbaycan, rus, ərəb dilləri, hesab və Rusiyanın coğrafiyası keçirilirdi.Məktəb 4illik idi. Oxumaq haqqı cüzi idi (ayda 1 manat).Yoxsul uşaqlar bu haqdan azad edilirdi . Məktəbin 3 müəllimi var idi və onlara maaş vermək üçün vəsait çatmadıqda əhalidən toplanılırdı. Beləliklə, 2 dünyəvi məktəbdə 100-dən artıq uşaq təhsil alırdı. Bu məktəbləri bitirənlərin bəziləri təhsilini davam etdirmək üçün Qoriyə gedirdilər. Onlardan görkəmli pedaqoq və yazıçı Rəşidbəy Əfəndiyevi göstərmək olar. 
        XIX əsr Şəki təhsilinin inkişafında məscidlər nəzdindəki məktəb və mədrəsələrin də mühüm rolu olmuşdur.Dövrün bir çox tanınmış şəxsiyyətləri ilk təhsillərini məhz ruhani məktəblərindən başlamışlar.Bu tip məktəblərin içərisində elələri vardı ki, nəinki qəzada həmçinin , Qafqaz regionunda tanınırdı. Məsələn Əlican bəy Nuxəvinin mədrəsəsində məşhur pedaqoq, ədəbiyyatşünas, tərcüməçi Əbdülqəni Nuxəvi Məhəmməd oğlu Xalisəqarızadə 1844 – cü ildən etibarən müəllimliyə başlayaraq, təqribən 36 il məhsuldar elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur.Mədrəsədə şagirdlər humanitar fənlərlə bərabər cəbr, riyaziyyat, həndəsə, astronomiya və sair kimi təbiət elmlərindən də yaxşı təhsil alırdılar. Mədrəsə elmi səviyyəsi və mütərəqqi təlim üsulları ilə fərqlənirdi. Bu mədrəsə ilə yanaşı Şəkidə 32-yə qədər milli məktəb və mədrəsə fəaliyyət göstərirdi. 1842-ci ildə Bakı, Quba , Qarabağ, Şəki, Şirvan və Talış qəzalarında ümumilikdə məscidlərin nəzdindəki 502 məktəbdə 5242 şagirdin təhsili ilə 534 müəllim məşğul olurdu. 
        Əsrin sonlarına yaxın Nuxada məscid məktəblərinin yenidən qurulmasında ilk addımlar atılmışdır. Mədrəsə təhsilini inkişafında dövlət məktəblərini bitirərək xaricdə təhsil alan milli təfəkkürlü ziyalılar da mühüm rol oynamişlar. 1896-cı ildə Məmməd Əfəndinin sədri olduğu məscidin nəzdində yeni tipli məktəb fəaliyyətə başladı. “Üsuli-sövtiyyə” adlandırılan bu məktəbin baniləri Hacı Ağa Məhərrəm Hüseynov, Mustafa Bədəlov və Hacı Süleyman Hüseynov olmuşdur. Burada Ərzurumda əsaslı şəriət təhsili almış Məmməd Əmin Şeyxzadə müəllimlik edirdi.Məktəbdə Azərbaycan, ərəb və rus dilləri, hesab və Rusiya coğrafiyası( Azərbaycan dilində) tədris edilirdi. Bu mə ktəbin üstünlüyü ana dilli təlimin yeni üsulla – səs üsulu ilə aparılması idi. Kasıb uşaqlar məktəbə pulsuz qəbul edilirdi. Məktəbdə 4 müəllim çalışırdı.Onların sırasında Ömər Faiq Nemanzadə, Qəzənfər bəy Cavanşir də var idi.Rus dilini tədris etmək üçün Zaqafqaziya Müəllimlər Seminariyasını bitirənlər də dəvət edilmişdi. 
        Gəncə məktəbləri direktoru 1901-ci ildə yazırdı :” Gəncə quberniyası ərazisində Nuxa qəzası özünün sırf müsəlman məktəbləri ilə şöhrət qazanmışdır. Burada şəriət elmlərindən əlavə həm də dünyəvi elmlər , o cümlədən coğrafiya və hesab tədris edilir.” 

Yeni tipli ruhani məktəbləri içərisində 1906-cı ildə Qaragözovlar məscidi nəzdində açılmış ibtidai məktəbi qeyd etmək lazımdır. Bu məktəb iki il fəaliyyət göstərmişdir. Burada qızlar da təhsil alırdı. Məktəbin açılışında Şəkinin nüfuzlu şəxslərindən Rəşidbəy Əfəndiyev, Məmməd bəy Hüseynbəyov, Mustafabəy Hüseynbəyov, Hacı Xəlilbəy Sultanov və başqaları var idi.14
        XX əsrin əvvəllərində təhsilin inkişafında müxtəlif xeyriyyə cəmiyyətlərinin böyük rolu olmuşdur. Xüsusilə də “Nicat” və “Nəşri-Maarif” cəmiyyətləri qeyd edilə bilər.Onlar yeni məktəb və mədrəsələr açmaq, mühazirələr və axşam kursları təşkil etmək, yoxsul uşaqların məktəblərə daxil olması və təhsillərini dam etdirməsinə kömək etmək, dərsliklərin nəşri vəs işlərin icrasını öhdələrinə götürürdülər. 1906-cı ildə Nuxa camaatı I cümə məscidində ( Xanzadələr məscidi) yığışıb Cəmiyyəti-Xeyriyyə və Nəşri- Maarif Cəmiyyətlərini təsis edərək yuxarıda qeyd olunan işlərin icrası üçün müəyyən vəsait toplamışlar.Bu işdə Axund Fərəculla Pişnamazzadə , Axund Məhəmməd Həsən Mövlazadə, Məşədi Abdullah Qafarov , Şirəli bəy Əmircanov Cəbrayıl Qasımov xüsusilə fərqlənirdi. 
        Beləliklə XIX-XX əsrin əvvəllərində Şəki təhsilinə qısa nəzər saldıqda dövlətin diqqət və qayğısının məhdudluğuna, geniş xalq kütlələrinin təhsilə cəlb edilməsinə etinasız yanaşılmasına baxmayaraq məktəb şəbəkəsinin müəyyən inkişaf səviyyəsinə çatdığını , əhalinin məktəblərin açılmasında fəal iştirak və yardımını , dini təhsillə yanaşı dünyəvi təhsil sisteminin də inkişafında maraqlı olduğunu görərik.Məhz bu inkişaf və diqqətin nəticəsi idi ki, qeyd etdiyimiz bu dövrdə Azərbaycan ziyalılarının böyük bir nəsli yetişmişdir.Bu ziyalılar Azərbaycanın mədəni inkişafının bütün ağırlığını şərəf və ləyaqətlə öz çiyinlərində daşımağı bacarırdılar.Beləliklə Sovet tarixşünaslığında iddia edildiyi kimi Çar Rusiyası dövründə əhalinin heç də hamısı və ya tam əksəriyyəti tamamilə savadsız və cəhalət içərisində deyildi.
        Sovet dönəminin ilk illərində dövrün bir çox tanınmış şəxsiyyətləri təzyiqlərə məruz qalmış , əlyazmaları və şəxsi arxivləri əsasən məhv edilmişdir.Bu isə, o dövrün təhsilinin və bir çox şəxsiyyətlərin elmi-pedaqoji fəaliyyətinin kifayət qədər araşdırılmasına və ətraflı öyrənilməsinə imkan verməmiş və ya mane olmuşdur.