İstedadlı uşaqların təlimi ilə bağlı müəllim hazırlığı

Отправлено 15 сент. 2014 г., 0:17 пользователем Murad Nabibekov   [ обновлено 15 сент. 2014 г., 0:36 ]







Frədun İBRAHİMOV,

AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işçisi,
pedaqoji  elmləri doktoru, professor 

  

İstedadlı uşaqlarla işləyən müəllimlərin hazırlanması (istər bakalavirat səviyyəsində həyata keçirilən təhsil prosesində, istərsə də əlavə təhsil yolu ilə) prosesi özündə bir sıra zəruri elementləri ehtiva edir. Bunların sırasında aşağıdakılar da vardır: 1. İstedad anlayişnın mahiyyətinin bütün aspektlər üzrə pedaqoji profilli təhsilalan tərəfindən mükəmməl şəkildə mənimsənilməsi.Bu elementin vacibliyi ondadır ki, hər hansı gerçəyin dərkolunma səviyyəsi ilə onunla münasibət(rəftar, ünsiyyət və s.) arasında dialiktik əlaqə mövcuddur.Sözügedən dialektik bağlılıq təhsilin həyata keçirilməsində mühüm komponent olan “müəllim-şagird” münasibətlərinə də aiddir; 2. İstedadların müəyyənləşdirilməsi, dəstəklənməsi və inkişaf etdirilməsi məsələsinin  çağdaş zamanəmizin ən aktual problemlərindən-XXI əsrin çağrılarından olduğunu  təhsilalanın dərk etməsinə istiqamətlənən iş. Bu element təhsilverənin fəaliyyətində istedadlı uşaqlarla bağlı işin diqqət mərkəzində saxlanmasını şərtləndirir; 3. İstedadlarla aparılan iş üzrə dünyanın qabaqcıl təhsil sistemlərində formalaşmış təcrübənin mənimsənilməsi. Bu element müxtəlif proqram, model və layihələrin öyrənilməsi yolu ilə reallaşdırıla bilər( bu, maliyyə resuslarının məsrəfi baxımından əlverişli yollardan biri kimi dəyərləndirilir).Proqram, model, layihələrin öyrənilməsi  işinin məxsusi vasitə, üsul və formaları vardır; 4. Sinif və qruplarda əhatə olunan bütün uşaqların imkanlarının reallaşmasına təminat verən kurikulumların təhsilin həyata keçirilməsi prosesində yaradıcılıqla tətbiq olunması metodikası ilə təhsilalanların hərtərəfli şəkildə tanış edilməsi.Burada fəal(interaktiv)təlim modelinin yarada biləcəyi üstünlukləri təhsialanların anlaması vacibdir; 5. Təhsilalanların nəzəri(ümumi və xüsusi) hazırlığının yüksəldilməsi ilə vəhdət halında pedaqoji məharətlərinin cilalanması yönümündə aparılan iş.Bu ona görə vacib elementdir ki, təhsil prosesində  həyata keçirilən vəzifələr vahidin tərəfləri kimi çıxış edir.Bunlardan hər hansı birinə laqeyidlik yolverilməzdir. Sözügedən uzlaşmanı isə real pedaqoji prosesdə yalnız ustad səviyyəsində dayana bilən müəllimlər həyata keçirə bilərlər.

“İstedad“anlayışının interpretasiyası. Elmi mənbələrdə göstərilir ki, son zamanlar istedadın mənşəyini bir neçə səciyyəvi xüsusiyyətlərin uzlaşmasında, kəsişməsində axtarırlar. Renzullinin üç halqalı modeli buna nümunə ola  bilər: güclənmiş motivasiya(fəaliyyətə aludə olmaq); orta səviyyədən yüksək intellekt; yaradıcılıq.

Apardığımız müşahidələr əsasında toplanılmış materialların müqayisəli təhlili bizi belə qənaətə gətirir ki, istedadlılar  bacarıq və qabiliyyətlərinin  özünəməxsusluğu ilə fərqlənirlər.Bu qəbildən olanlar böyük həcmli informasiyaya, zəngin söz ehtiyatına malik olur, örtülü əlaqə və asılılıqları tapır, səbəb-nəticə əlaqələri qurur, nəticə çıxara bilir, informasiyaları inteqrasiya və sintez edir, mürəkkəb ideyaları anlayır, incə fərqləri görə bilir, ziddiyyətlərə həssaslıq göstərir, informasiya axtarışının alternativ  yollardan istifadə edir, prosesi, eləcə də onun nəticəsini qiymətləndirir , hipotez qura bilir, mühakiməsi ilə seçilir.Onların riskləri mənalıdır, divergent təfəkkürü vardır, təfəkkürü sürəkli və çevikdir, zəngin təxəyyülə malikdir, orjinal ideyaları  vardır, birmənalı olmayanları qavraya bilir, intuisiyası heyrətamizdir, estetik dəyərləri diqqəti cəlb edir.İstedadlı uşaqlar  emosional sahənin xüsusiyyətləri  ilə də seçilirlər: tapşırığın yerinə yetirilməsində təkidlidirlər, daxili motivasiyaya malikdirlər, mənəvi problemlərin analizinə həssas yanaşırlar, kinayəsiz, istehzasız yumor hissinə malikdirlər,davranışda və təfəkkürdə müstəqildirlər, sağlam rəqabəti qəbul edirlər.

Elmi mənbələrdə qeyd  olunur ki, istedadın birmənalı tərifini  hələlik vermək mümkün olmamışdır. Fikrimizi arqumentləşdirmək məqsədi ilə bəzi mülahizələrə diqqət yönəldək. Professor Ə.Əlizadə yazır ki, psixologiyada istedad anlamının özünəməxsus inkişaf tarixçəsi var. Vaxtilə istedad dedikdə , qabiliyyətlərin inkişafı üçün zəruri olan anatomik-fizioloji imkanları nəzərdə tuturdular. Bu anlam tədricən köklü surətdə dəyişildi: istedad fəaliyyətin səmərəli icrası üçün şərt olan qabiliyyətlərin özünəməxsus kompleksi kimi başa düşüldüV.Ştern əqli istedada belə bir tərifin verilməsini məqbul sayıb:”Əqli istedad-şüurlu surətdə öz təfəkkürünü yeni tələblərə yönəltmək, yeni məsələlərə və yeni tələblərə uyğunlaşmaq kimi ümumi əqli qabiliyyətdir “Psixologiya” lüğətində  “istedad” anlayışı ilə bağlı göstərilir: istedad- insan psixikasının bütün həyat boyu inkişaf edən sistemlilik  keyfiyyəti olub, onun bir və ya bir neçə  sahədə digər insanlara  nisbətən kifayət qədər yüksək nailiyyətlərini şərtləndirir; istedad-uğurlu fəaliyyəti şərtləndirən qabiliyyətlərin keyfiyyətli uzlaşmasıdır; istedad-insanın fəaliyyət imkanlarının genişliyini, səviyyəsini və özünəməxsusluğunu şərtləndirən qabiliyyətlərin ümumiləşməsidir; istedad-talantlılıq və fəaliyyətdə görkəmli nailiyyətlər əldə edilməsi üçün daxili imkanlardır; istedad- adidə qeyri-adiliyi görmək, bir və ya bir neçə fəaliyyət  sahəsində yüksək bacarığın və əksər hallarda qabiliyyətin nümayiş etdirilməsidir.

”İstedad təzahürünün əsas anlayışlarının müəyyənləşdirilməsində qabiliyyət anlayışına istinad edilməsi səmərəli və məqsədəuyğundur“(B.Teplov). Biz də “istedad”anlayışının “qabiliyyət” anlayışı vasitəsi ilə interpretasiya olunmasi fikrinə tərəfdarıq, hansı ki,qabiliyyətlər şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətləri olub müəyyən fəaliyyətin müvəffəqiyyətli icrasının şərtini təşkil edir və onun üçün zəruri olan bilik, bacarıq və vərdişlərə yiyələnmə dinamikasındakı fərqlərdə öz ifadəsini tapır.

Məlum olduğu kimi, qabiliyyətlər bilik, bacarıq və vərdişlərlə qarşılıqlı əlaqədədir, lakin onları eyniləşdirmək olmaz. Əgər müəllim hərtərəfli yoxlama aparmadan uşağın ancaq müəyyən bilik, bacarıq və vərdişlər sisteminə malik olub-olmamasına görə onun qabiliyyətli və ya qabiliyyətsiz olması haqqında nəticə çıxarırsa, elmi cəhətdən kobud, praktik cəhətdən zərərli addım atır. Danılmazdır ki, bilik, bacarıq və vərdişlər qabiliyyətlərin inkişafı üçün zəruri şərtlərdən biridir. Bilik uşaqların zehni qabiliyyətlərinin, yaradıcı-dialektik təfəkkürünün, idrak motivlərinin, psixi proseslərinin inkişafına kömək edir.

Uşaqların qabiliyyətlərini inkişaf etdirmək üçün onların müvafiq bilik, bacarıq və vərdişlərə yiyələnməsinə ardıcıl surətdə fikir verilməlidir. Biliyin yaradıcı səciyyə daşıması üçün onun elə bil ki, yenidən kəşf olunması-özününküləşdirilməsi lazımdır.Bilik hafizə faktından fikir faktına, canlı düşüncə prosesinin bir ünsürünə çevrildikdə, o özü də canlanır və sonrakı nəzəri və əməli fəaliyyət üçün təməl olur (7;334). Qabiliyyətlər bilavasitə bilik, bacarıq və vərdişlərdə deyil, onların qazanılma dinamikasında, yəni bütün başqa şərtlər eyni olduqda, bu fəaliyyət üçün zəruri olan bilik, bacarıq və vərdişlərə yiyələnmə prosesinin nə qədər tez , dərin, asan və möhkəm icra olunmasında təzahür edir.

Söylənilənlərə belə bir ümumiləşmə vermək olar: qabiliyyət bir insanı digərindən fərqləndirən fərdi psixoloji xüsusiyyətlər kimi dərk olunur; qabiliyyət insanın istənilən fərdi xüsusiyyətləri deyil, yalnız hər hansı bir məsələnin uğurlu həllini şərtləndirən keyfiyyətləri kimi özünü təsdiqləyir; qabiliyyət anlayışı yalnız insanın əldə etmiş olduğu bilik, bacarıq və vərdişlərlə məhdudlaşmır;qabiliyyət insan fəaliyyətinin özü kimi  ictimai-tarixi xarakter daşıyır.

Qabiliyyət və istedad əmək fəaliyyətinin konkret , tarixən inkişaf edən formalarından təcrid olunmuş  şəkildə izah edilə bilməz.Onlar konkret tarixi dövrdə fəaliyyətin ictimai  cəhətdən əhəmiyyətli olan hansı növlərinin təşəkkül etməsindən və “fəaliyyətin müvəffəqiyyətli icrası” dedikdə hansı meyarın başa düşülməsindən tamamilə asılıdır.Bu meyardan asılı olaraq hər hansı bir ictimai quruluşda istedadın bu və ya digər xüsusi növü haqqındakı anlayışın da  məzmunu əhəmiyyətli dərəcədə dəyişilir.Məsələn, “musiqi qabiliyyətləri” və ya “musiqi istedadı” anlayışı  bir səsli mahnıdan başqa digər musiqi bilməyən xalqlardan fərqli olaraq müasir adamlar üçün  başqa məzmuna malikdir.

C.Gilfordun intellektin strukturu modeli zəminində istedad anlamının məzmunu daha da dəqiqləşdirilmişdir.Müasir təsəvvürlərə görə,istedad anlamını koqnitiv qabiliyyətlərə aid edirlər, inkişafın bütün digər tərəflərini isə talant termini ilə təhlil edirlər.Lakin bununla bahəm qeyd etmək lazımdır ki, intellektin inkişafı prosesində bütün psixi funksiyalar qarşılıqlı əlaqədədir.Klarkın fikrincə, istedadlı adam öz imkanlarını tam şəkildə yalnız qavrayış, təfəkkür, emosiyalar və başqa funksiyaların inteqrasiyası vasitəsilə reallaşdıra bilər. M.Karne bu fikirləri açıqlayaraq göstərir ki, Klarkın mövqeyi Yunqun ideyalarına əsaslanır.

İnsanın  istedadı onun fəaliyyəti ilə üzə çıxır.Fəaliyyət növləri və onları təmin edən psixika sahələri kriteriyasına görə, istedadın növlərinin ayırd edilməsi əsas fəaliyyət sahələri çərçivəsində müvafiq psixi sahələr və psixi səviyyələrin iştirak dərəcəsi nəzərə alınmaqla aparılır.Sözügedən aspektdən istedadın aşağıdakı növləri fərqləndirilə bilər:praktik fəaliyyətdə peşələr üzrə, idman sahəsində, təşkilati və s. fəaliyyətlərdə istedad; idraki fəaliyyətdə məzmundan asılı olaraq müxtəlif növ intellektual istedad( dəqiq elmlərdə, təbiət elmlərində, intellektual oyunlarda və s.);bədii-estetik fəaliyyətdə-xoreoqrafik, səhnə, ədəbi-poetik, musiqi, təsviri və s. istedad; kommunikativ fəaliyyətdə-liderlik, attrakativ(cəlbedici, diqqətçəkici) istedad; mənəvi-dəyər yönümlü fəaliyyətdə-yeni mənəvi dəyərlərin yaradılmasında təzahür edən istedad.

Təbii ki, istedad və zəka arasındakı  münasibətdən də bəhs etmək olar.Zəka hiss və ağılın, fəhm və intellektin vəhdətidir. Müəyyən bir məsələnin öyrənilməsində abstakt təfəkkür, formal məntiq qaydaları ilə yanaşı, müəyyən bir sövq-təbii hiss, fəhm(fəlsəfi dildə desək”qeyri-şüuri” idrak) də iştirak edir.

M.Qorki S.Sergeyev-Senskiyə yazdığı bir məktubunda belə göstərir: “Mənə elə gəlir ki, Sizin, L.N.Tolstoy “qəflətən qocalmışdır” fikriniz düz deyil, məncə o, özünün qüdrətli istedadının müqabilində son dərəcə aciz görünən qoca dərrakəsilə, bir qədər küt və ağır dərrakəylə doğulub. Tolstoy özünün bu iki keyfiyyəti arasındakı facianə uyğunsuzluğu hələ lap gəncliyində duymuş, elə buna görə də bütün ömrü boyu bu dərrakəylə mübarizə aparmışdır.Fikrimizcə, burada əlavə şərhə ehtiyac yoxdur.

Elmi mənbələrdə “aktual istedad” və”potensial istedad” anlayışları işlədilir.Aktual istedad  istedadlı uşağın müəyyən hadisə, proses sahəsində fəaliyyətininyaş və sosial normalara nəzərən yüksək icraçılıq səviyyəsini şərtləndirən psixoloji xarakteristikasıdır.Potensial istedad isə istedadlı uşağın müəyyən hadisə, proses sahəsində fəaliyyətinin yaş və sosial normalara nəzərən yüksək nəticələrin müəyyən imkanlarını (potensialını) şərtləndirən psixoloji xarakteristikadır.İstedadı təzahür formasına görə də təsnifatlaşdırmaq olar:gizli istedad və aşkar istedad.

Gizli istedad qeyri-ənənəvi, maskalanmış formada təzahür edir və bir qayda olaraq , ətrafdakılar tərəfindənqeyri adekvat qarşılanır.Bu zaman istedadlı uşaq nəzərdən qaçırıla, zəruri kömək və dəstəkdən məhrum ola bilər. Aşkar istedad uşaqfəaliyyətində, hətta  əlverişsiz şəraitdə belə, özünü kifayət qədər parlaq və aydın əks etdirir. Nailiyyətləri o qədər aşkar olur ki,mütəxəssislərin tərəddüdünə yer qalmır.

Elmi mənbələrdə (2) göstərilir ki, uşaqlarda istedad əlamətləri onların real fəalyyətlərində və ya onların davranış xüsusiyyətlərinin müşahidəsi zamanı görünə bilər.İstedadın yəqin əlamətləri fəaliyyətin yüksək səviyyədə yerinə yetirilməsi ilə bağlıdır və”istəyirəm” həm də “bacarıram”kateqoriyaları ilə birlikdə nəzərdən keçirilməlidir. Yəni istedad əlamətləri uşağın davranışının instrumental və motivasiya aspektlərini əhatə edir.

İstedadlıların davranışlarının instrumental aspekti aşağıdakı əlamətlərilə şərh edilə bilər:fəaliyyətin  spesifik strategiyalarının olması; keyfiyyətcə özünəməxsus məhsuldarlığa səbəb olan fəaliyyət üsullarının olması.

İstedadlı uşağın davranışının motivasiya aspekti aşağıdakı kimi şərh edilə bilər:predmet gerçəkliyin bəzi sahələrinə( səslərə, rənglərə, işarələrə, canlılara, qurğulara və s.) və ya öz fəallığının müəyyən formalarına(fiziki,idraki, təsviri, bədii və s.) həzz hissi yaşantıları ilə müşayiət edilən yüksək həssaslıq; doymayan maraqla ifadə olunan yüksək idraki tələbat və şəxsi təşəbbüsü ilə fəaliyyətində verilən şərtlər çərçivəsindən kənara çıxma;bu və ya digər məşğuliyyətlərə, fəaliyyət sahələrinə aşkar ifadə olunan böyük maraq və ya aludəçilik, hər hansı bir əşyaya qeyri-adi yanaşmadan qaynaqlanan maraq; müəyyən bir fəaliyyətə intensiv meylin nəticəsi olan inadkarlıq və yüksək əməksevərlik;paradoksal, ziddiyyətli və qeyri-müəyyən informasiyaya güclü meyil, standart, tipik və hazır qərarlara və cavablara müqavimət və onlardan yayınma; öz zəhmətinin məhsuluna yüksək tələbkarlıq, kamilliyə can atmaq; kifayət qədər çətin məqsədlər qoymaq və onlara nail olmağa ciddi səy göstərmək.

Qeyd edək ki, istedad sahələri müxtəlifdir və hər sahəyə uyğun səciyyəvi xüsusiyyətlər özünü büruzə verir.Elmi mənbələrdə istedad sahələrinə aşağıdakılar aid edilir: ümumi intellektual qabiliyyətlər; müəyyən(spesifik)akademik qabiliyyətlər; yaradıcı təfəkkür və fəaliyyət; liderlik; psixomotor qabiliyyətlər; incəsənətin təsviri və ifaçılıq növləri.

Müxtəlif şəxslərdə istedadın ayrı-ayrı komponentləri –tərkibləri fərqli səviyyədə təzahür edə bilər.Bu səbəbdən də ayrı-ayrı uşaqlarda istedadın eyni bir növü bənzərsiz, unikal səciyyə kəsb edə bilər. İstedad yalniz o zaman təşəkkül tapır ki, insanın ümumi qabiliyyətlər ehtiyatı uğurlu fəaliyyət üçün zəruri olan, lakin yaxşı inkişaf etməmiş və ya çatışmayan qabiliyyət tərkibini kompensasiya edə bilsin

İstedadların müəyyənləşdirilməsi, dəstəklənməsi və inkişaf etdirilməsi probleminin aktuallığıİstedadlar nadirdir, onları qorumaq və hifz etmək lazımdır.Millətin əsil həyatı – yaşama gücü məhz onlardadır(2; 8).Akademik A.X Mirzəcanzadə yazırdı ki, belə şəxslərə fərdi yanaşmaq və xeyrxah münasibət göstərmək lazımdır.Burada bir kəlamı yada salmaq yerinə düşər:”İstedadlara  hökmən kömək lazımdır, istedadsızlar özlərinə yol tapacaqlar”. Fəal yaradıcı şəxsiyyət  əsl mənada o vaxt formalaşa bilər ki, istedadın əlamətləri bəri başdan bu istedadın inkişafına kömək edən obyektiv gerçəkliklə “möhkəmləndirilmiş” olsun.

K.Marks qeyd edirdi ki, Rafaelin istedadına  malik olan hər kəs, əslində Rafael ola bilməz:”Hər hansı başqa sənətkar kimi , Rafael özünə qədər incəsənətdə əldə edilmiş texniki müvəffəqiyyətə, öz ölkəsində cəmiyyətin təşəkkülü və əmək bölgüsünə və nəhayət, onun vətəni ilə işgüzar münasibətdə olan bütün ölkələrdə əmək bölgüsünə əsaslanırdı.Rafaelə bənzər digər  şəxs öz istedadını inkişaf etdirməyə müyəssər ola bilərmi? Bu tamamilə həyatın və dövrün tələbindən asılıdır”

“Daim  yeni olan  yeganə  yeniliyi”-istedadı qorumaq və hifz etmək  əvvəlki dövrlərdən daha çox indi XXI əsrdə aktuallıq kəsb etməkdədir.İntelekt və intellektual uşaqlar probleminin aktuallığı ilə bağlı professor Ə.Əlizadə yazır:”İki əsrin , XX və XXI yüzilliyin qovşağında qabiliyyət və istedad problemi xüsusilə aktuallaşıb. Bü çoxcəhətli problem hələ lazımi səviyyədə öyrənilməsə də , artıq bir həqiqət şəksizdir: qabiliyyət və istedad şəxsi məsələ deyil, milli sərvətdir. Onu göz bəbəyi kimi qorumaq, xalqa qaytarmaq valideynin də, tərbiyəçinin də, müəllimin də ən şərəfli missiyasıdır”.

İstedadlıların müəyyənləşdirilməsi, dəstəklənməsi və inkişaf etdirilməsi  ciddi elmi problemdir. Istedadın qorunması və inkişaf etdirilməsi həm də cəmiyyətin yaradıcı potensialının aktuallaşdırılması, onun inkişaf problemidir.

J.Bryuno göstərir ki, istedadlı uşaqların təliminin ümdə məsələləri bunlardır: hər bir şəxsiyyətin inkişafına şəraitin yaradılması; fərdi nailiyyətləri mümkün qədər tez bir zamanda maksimum səviyyəyə çatdırmaq; istedadların potensial imkanlarının cəmiyyətin inkişafına yönəltməklə, onun tərəqqisinə nail olmaq.

         İstedadların  seçilməsi ilə bağlı məsələdə “Kim seçilməlidir və necə seçilməlidir? “-sualına bir mənalı cavab vermək mümkün deyildir. Bu sahədə görülməli olan işləri tez, yüngül, ucuz ,az müqavimət yolu ilə həyata keçrmək cəhdləri cəmiyyətə böyük itkilər hesabına başa gələ bilər.Odur ki,istedadlıların axtarılıb tapılması, dəstəklənməsi və inkişaf etdirilməsi istiqamətində fəaliyyətlər planlı çoxmərhələli şəkildə həyata keçirilməlidir. V.Q.Belinski yazırdı:“Talant , istedad ağıla, təhsilə, zəngin məlumatlara, hadisələrə və şeylərə orjinal və düzgün baxışlara əsaslanmırsa, o tezliklə fərasətsizliyə  çevrilir “. İstedadın  qorunması xüsusi qayğı tələb edir və burada təhsil-tərbiyənin rolu danılmazdır, əvəzsizdir.

Yeri gəlmişkən qeyd edək ki, bir qrup alim talantlı uşaqları  istedadlı uşaqların bir qismi kimi ayırd edir, başqa qrup isə talant və istedad anlayışlarını sinonim kimi işlədir.Nailiyyətləri yeniliyinə və sosial əhəmiyyətinə görə obyektiv tələblərə cavab verən uşaqlar talantlı uşaqlar hesab edilirlər.Talantlı uşağın konkret fəaliyyət məhsulu bir qayda olaraq,  yüksəkixtisaslı mütəxəssis tərəfindən peşə ustalığı və yaradıcılıq meyarlarına nəzərən qiymətləndirilir.

Gənc istedadların axtarılmasında əsas yanaşma yalnız uşaqlara deyil, həm də müəllim və valideynlərə yönəlmiş tibbi-psixoloji və pedaqoji tədbirlər kompleksidir.

İstedadlı uşaqların seçilməsi ilə bağlı məsələlərlə müəllimlərin həm nəzəri, həm də praktik hazırlığa malik olmaları vacibdir.Müəllim bilməlidir ki, uğurlu nəticə  bu prosesdə müxtəlif metodlardan istifadə olunmaqla seçilmiş uşaqların  inkişafı və nailiyyətləri mütəmadi izlənildikdə əldə olunur.İstedadlı uşaqların seçilməsi prosesi özündə bir neçə mərhələni saxlayır.

İstedadlı uşaqların yaradıcılıq potensialının inkişaf praktikası xüsusi yaradıcılıq proqramlarının və təlim materiallarının hazırlanmasını və tətbiqini zəruri edir.İstedadlı uşaqlara gələcəkdə öz yaradıcılıq potensiallarını aktuallaşdırmaları üçün zəruri olan keyfiyyətləri-yaradıcılığı, ünsiyyəti, liderlik xüsusiyyətlərini və digər şəxsiyyət xüsusiyyətlərini formalaşdırmağı öyrətmək məqsədi ilə xüsusi təlim proqramları işlənir.

Pedaqoji təmayüllü ali məktəblərdə(eləcə də kolleclərdə) istedadlarla işin istiqamətləri .Burada iki istiqamətin fərqləndirilməsini məntiqi hesab edirik:

1.Pedaqoji təmayüllü məktəblərdə təhsil almaqda olan pedaqoji  istedadlı tələbələrlə aparılan işlər;

2.İstedadlı uşaqların təlimi ilə bağlı müəllim hazırlığı.

Pedaqoji istedad bəzi mütəxəssislər tərəfindən istedadın ayrıca bir növü kimi fərqləndirilir.Qeyd edək ki, pedaqoji istedadın da strukturu  digər növlər kimi mürəkkəb və çoxcəhətlidir.Pedaqoji təfəkkür, pedaqoji təxəyyül, didaktik, perseptiv, ekspressiv, kommunikativ, təşkilatçılıq qabiliyyətləri onun zəruri tərkiblərini təşkil edir.Professor Ə.Əlizadə mürəkkəb və çoxcəhətli qabiliyyətlər məkanının kreativ episentrinin yenə də pedaqoji təfəkkür və pedaqoji təxəyyül sahəsində olduğunu xüsusilə vurğulayır.

Ə.Əlizadə yazır:”Pedaqoji qabiliyyət, bir qayda olaraq, pedaqoji məktəblərdə formalaşır və inkişaf edir.Məktəbli yaşı dövründə isə onlar, necə deyərlər, “anadan müəllim doğulmuş” şagirdlərin uşaqlarla, ilk  növbədə kiçik uşaqlarla ünsiyyətdə özlərini göstərirlər.Belə uşaqlarda ünsiyyət tələbatı güclü olur və onlar həvəslə rollu oyunlarda iştirak edir.Belə uşaqlar şəxsiyyətlərarası münasibətlərdə problemli vəziyyətlə rastlaşanda onu asanlıqla həlledə bilirlər. Məktəbli  yaşı dövründə pedaqoji təfəkkür və pedaqoji təxəyyül şagirdlərdə məhz kommunikativ sahədə pöhrələnməyə və inkişaf etməyə başlayır” (4).

Pedaqoji istedadlı tələbələrlə iş baxımından tədqiqat qruplarının , birliklərinin yaradılmasının böyük imkanları var.Tələbələr tədqiqat istiqamətlərini və üsullarını fərdi qaydada seçə bilərlər.Pedaqoji  sahədə tələbənin istedadının sonrakı inkişafı onun tədqiqat işlərinə cəlb olunması ilə şərtlənir.Çünki şəxsiyyətin yaracılıq qabiliyyətləri məhz tədqiqatçılıqda formalaşır.Tədqiqatçılıq fəaliyyəti biliyin  daha yüksək səviyyədə sistemləşməsini təmin edir.Tədqiqatçılıq fəaliyyətinə cəlb olunmanın geniş yayılmış forması layihə metodudur.Tələbəyə maraq dairəsi və istedad səviyyəsi nəzərə alınaraq layihə tapşırılır.O işini tədqiqat yönümündə quraraq praktik tapşırığın həllini tapır və işini  məruzə və təqdimatla bitirərək öz mövqeyini müdafiə edir.Layihələr fərdi və qrup halında yerinə yetirilə bilər və hər bir formanın  tələbənin sonrakı inkişafı üçün öz üstünlükləri var.Xüsusi elmi seminarlarda yaradıcılıq işlərinin aparılması, kafedra və laboratoriyalarda  elmi rəhbərlərlə fərdi işlərin həyata keçirilməsi, elmi məktəblərin fəaliyyətinə qoşulmaq  və sair bu kimi formaların qabaqcıl təcrübədə xüsusi yeri vardır. Pedaqoji  məktəblərdə istedadlı uşaqlarla işin təşkili məsələsində təhsil prosesinin müxtəlif mərhələlərində tələbələrin müxtəlif yanaşmalarla qruplaşdırılmasının geniş imkanları var.Bu yanaşmalardan məktəbin  geniş mənada imkanlarından, oradakı istedadlı tələbələrin sayından və s. asılı olaraq müxtəlif formalardan istifadə edilə bilər.

İstedadlı uşaqların  təlimi ilə bağlı müəllim hazırlığına verilən tələblər, müvafiq  proqram, model və layihələrin əsasında duran arqumentlər. Istedadlı uşaqlarla işləyən müəllimlərin hazırlanmasının strategiyası, məzmunu, forma və metqdları bu müəllimlərin peşəkarlığının həm baza, həm də spesifik tərkibinin formalaşmasını və inkişafını təmin etməlidir. Bu hazırlıq zamanı həm də istedadlı uşaqlarla işləmək üçün tələb olunan şəxsiyyət keyfiyyətlərinin də cilalanmasına xüsusi diqqət yetirilməlidir.

Elmi mənbələrdə göstərilir ki, sözügedən hazırlıq bir sıra tələblərə cavab verməlidir: 1. Müəllim  istedadlı uşaqlarla işləyərkən öz-özünə refleksiv mövqedə durmağı bacarmalıdır(müəllim şagirdi  bir şəxsiyyət kimi  artıq bərqərar olmuş xüsusiyyətləri ilə qəbul etməlidir); 2. Müəllimlərin təhsili kompleks xarakterli(psixo-pedaqoji, peşə və şəxsiyyətyönümlü ) olmalıdır; 3. Konsultasiya və treninqlər sistemi yaradılmalıdır. Təcrübə göstərir ki, məhz bu formada təşkil edilmiş fəaliyyətdə müəllimlər işlərinə mane olan şəxsiyyətyönümlü problemlərini asanlıqla dərk edirlər. Bu forma həm də müəllim üçün zəruri olan özünüdərk, özünənəzarət, inkişafa meyil kimi zəruri vərdişlərə yiyələnməsində səmərəlidir; 4. Müəllimlərin peşəkarlıq səviyyələrinin yüksəldilməsi üçün zəruri psixo-pedaqoji şərait yaradılmalıdır(fakültativlər, metodbirləşmələr dərnəklər sistemi və s.); 5. Bütün təlim prosedurları demokratikləşdirilməli və humanistləşdirilməli, azad və yaradıcı təlim şəraiti təmin edilməlidir; 6. Müəllimlərin təhsil səviyyəsi yüksək, fəaliyyət sahəsi geniş olmalıdır; 7. Şagird(müdavim) heyətinin xüsusiyyətləri (yaş, sağlamlıq vəziyyəti və s.) nəzərə alınmalıdır;  8. Müəllimlərin peşə və peşəsonrakı hazırlığı və peşə təcrübəsində aşağıdakılar mühüm əhəmiyyət kəsb edir: uşaqlarla təlim-tərbiyə üzrə iş təcrübəsi (pedaqogika və psixologiya ixtisaslarında təhsil alan tələbələr; kütləvi ümumtəhsil məktəblərində iş təcrübəsi olan pedaqoq və psixoloqlar;istedadlı uşaqlarla iş üzrə ixtisaslaşmış müəssisələrdə iş təcrübəsi olan pedaqoq və psixoloqlar); istedadlı uşaqlarla işləmək üçün əldə olunan əvvəlki xüsusi hazırlığın səviyyəsi (aldığı biliklər, təcrübə, iştirak etdiyi tədbirlər və s.); 9. Təlim infrastrukturunun səciyyəsi. İstedadlı uşaqlarla aparılan iş üçün müvafiq şəraitin xarakterik xüsusiyyətləri nəzərə alınmalıdır( təlim sistemində istedadlı uşaqların təlimi və inkişafı üçün əhəmiyyətli olan müəyyən komponentlərin olub-olmaması, məsələn, təlim-metodik materialların, laboratoriyaların, kitabxanaların, muzeylərin, psixoloqların, əlavə təhsil  mütəxəssislərinin və s.).

İstedadlı uşaqlarla iş istiqamətində müəllim hazırlığında  bir sıra  prinsiplərdən bəhs etmək olar.Bunların sırasında aşağıdakılar da vardır:ümumi və xüsusi təhsilin birliyi və diferensasiyası prinsipi; təlimin mərhələlik prinsipi (hazırlıq təlimin müxtəlif mərhələlərində-bakalavr və magistratura mərhələlərində və sonrakı peşə fəaliyyəti dövründə (ixtisasartırma kurslarında) aparılmalıdır); nəzəri və praktik hazırlığın birliyi(vəhdəti) prinsipi (İstedadlı uşaqlarla işləyən mütəxəssislərin hazırlığı zamanı nəzəri və praktik yönüm adekvat əlaqələndirilməlidir).

Təbii olaraq qarşıya belə suallar qarşıya çıxır: İstedadlı uşaqlarla işləməli müəllimlər üçün zəruri keyfiyyətlər hansılardır? Istedadlı  uşaqların təlimi ilə bağlı  muəllim hazırlığı prosesində hansı pedaqoji prşəkarlıq və şəxsiyyət keyfiyyətləri diqqət mərkəzinə çəkilməlidir?Psixoloqlar bu cür sualları  cavablandırmışlar. Onlar istedadlı uşaqlarla bağlı müəllim fəaliyyətinin zəruri peşəkarlıq tərkibini  müəyyənləşdirə bilmişlər. Sözügedən tərkibə aid olunur:  istedad təzahürünün pedaqogikasının və psixologiyasının mənimsənilməsi əsasında  qazanılmış psixo-pedaqoji biliklər, bacarıqlar və vərdişlər( istedad, onun növləri, psixoloji əsasları, kriteriyaları, aşkarlanma prinsipləri və s. haqda biliklər) -istedadlı uşaqların psixoloji xüsusiyyətləri, onların yaş və fərdi inkişafı barədə bilgilər; istedadlı uşaqlarla işləyənlərin peşəkarlıq kvalifikasiyalarının xüsusiyyətləri barədə bilgilər; istedadlı uşaqlarla işin istiqamət və formaları barədə, onların təliminin proqram və texnologiyalarının hazırlanmasının prinsip və strategiyaları barədə bilgilər, istedadlılıq əlamətləri əsasında istedadlı uşaqların müəyyənləşdirilməsi metodlarının hazırlanması və tətbiqi sahəsində bacarıq və vərdişlər; istedadin növü, xüsusiyyəti, şagird kontingenti və konkret təlim şəraiti nəzərə alınmaqla, istedadlıların təliminin didaktikası və metodikası sahəsində bacarıq və vərdişlər; istedadlı uşaqlarşn, onların valideynlərinin və digər ailə üzvlərinin psixo-pedaqoji konsultasiyası sahəsində bacarıq və vərdişlərIstedadlı  uşaqlarla işləyən müəllimin şəxsiyyət və peşəkarlıq  mövqeyi ənənəvi təlim prosesinin uğurlu icrasından daha çox uşaq istedadının fəallaşdırılmasına və inkişaf etdirilməsinə, təlim prosesində nəzarət və idarəçilikdən daha çox şagirdlərə təlim müstəqilliyin verilməsinə yönəlməlidir.

İstedadlı uşaqlarla işləməli olan müəllimlərin peşə əhəmiyyətli şəxsiyyət keyfiyyətlərinə aid edilir: idraki və daxili peşəkarlıq motivasiyasının və empatiyasının yüksək inkişaf səviyyəsi; daxili mərkəzləşmiş nəzarət; yüksək və adekvat özünəqiymət; şəxsiyyət kimi  inkişafa meyillilik və s.

ABŞ-ın “Astor” proqramında istedadlı uşaqlarla işləyən müəllimlər üçün aşağıdakı keyfiyyətlərin zəruriliyi qeyd olunur: xeyrxahlıq və həssaslıq; istedadlı uşaqların psixologiyasının xüsusiyyətlərinə bələd olmaq, onların tələbatlarını və maraqlarını duymağı bacarmaq; yüksək intellektual inkişaf səviyyəsinə malik olmaq; geniş maraq və bacarıq dairəsinə malik olmaq; pedaqoji təhsildən başqa, daha bir sahədə təhsilli olmaq; istedadlı uşaqların təhsili ilə bağlı çox müxtəlif öhdəliklərin yerinə yetirilməsinə hazır olmaq; canlı və fəal xarakterli olmaq; yumor hissinə malik olmaq(istehzasız); mütəhərriklik( çeviklik) nümayiş etdirməli, öz baxışlarını nəzərdən keçirməyə və davamlı olaraq özünü kamilləşdirməyə hazır olmaq; yaradıcı, bəlkə də qeyri- ənənəvi fərdi dünyagörüşünə malik olmaq; yaxşı sağlamlığa və möhkəm dəyanətə malik olmaq; ali təhsildən sonra istedadlı uşaqlarla iş sahəsində xüsusi hazırlıq keçmək və bu sahədə yeni xüsusi bilgilərin mənimsənilməsinə hazır olmaq.

K.Tekeks istedadlı uşaqlarla işləyən müəllim və tərbiyəçilərə aşağıdakıları məsləhət görür: 1. Müəllim təlimdə aydın ifadə olunmuş yarış elementli oyunlardan çox istifadə etməməlidir. Belə oyunlarda istedadlı uşaqlar əksər hallarda qalib çıxırlar ki, bu da oyun iştirakçılarında onlara nifrət hissi yarada bilər. 2. Müəllim istedadlı uşağı ən yaxşı və səliqəli işinə görə ağız dolusu tərifləməyə, onda perfektsionist meyllərin möhkəmlənməsinə çalışmamalıdır.Önəmli fərdi uğurlarına görə istedadlı uşağı xüsusi ayırd etmək məsləhət deyil, onun digər uşaqlarla birgə fəaliyyətini rəğbətləndirmək daha yaxşı olar. 3. İstedadlı uşağı qələbə pedestalına yüksəltmək, başqa şagirdlərin gözündə onu vunderkində döndərmək məsləhət deyil. Onun uğurlarının yerli-yersiz təriflənməsi sinifdə qısqanclıq ovqatı yaradır, uşaqları qıcıqlandırıb bir-birindən uzaqlaşdırır.Başqa ifrat hal - uşağın qeyri-adi qabiliyyətlərinin kütləvi şəkildə, həm də niyyətli surətdə kiçildilməsi də yolverilməzdir.  4. Müəllim nəzərə almalıdır ki, istedadlı uşaqların əksəriyyəti sərt reqlamentləşdirilmiş, təkrarlanan məşğələləri pis qavrayırlar. Bu məsləhətləri  müəllifin öz sözləri ilə dəqiqləşdirərək professor Ə.Əlizadə belə yazır:”Uşağa bir fərdiyyət kimi yanaşılmalıdır. Onun şəxsiyyət kimi hərtərəfli inkişafına xüsusi diqqət yetirilməlidir”

İstedadlı və  talantlı uşaqlarla işləməyə hazırlanan müəllim təlim proqramlarının ixtisaslaşdırılmasında  əsas götürülən prinsiplərə yaxından bələd olmalıdır.Passov tərəfindən irəli sürülən həmin prinsiplər aşağıdakılardır: istedadlı uşaqlar üçün tədris proqramının məzmunu vacib problemlərin, ideyaların və mövzuların uzunmüddətli və dərindən öyrənilməsini nəzərdə tutmalıdır; istedadlı uşaqlar üçün təhsil proqramı produktiv təfəkkürün inkişafına və onun praktik tətbiqi vərdişlərinin qazanılmasına istiqamətlənməlidir (bu, şağirdlərin əldə etdikləri bilikləri dərindən dərk etmələrini təmin edərək, onlarıyeni biliklərə sövq edəcəkdir); istedadlı və talantlı uşaqların tədris proqramı onlara  mütəzəm dəyişməkdə, inkişafetməkdə olan bilgilərlə, yeni informasiyalarla əlaqədə olmağa şərait yaratmalı (imkan verməli), onlarda yeni biliklər əldə etmək istəyini aşılamalıdır; istedadlı və talantlı uşaqlar üçün tədris proqramı müxtəlif bilik və informasiya mənbələrinin olmasını və bu uşaqların onlardan müstəqil istifadəsini nəzərdə tutmalıdır; istadadlı və talantlı uşaqların tədris proqramı təhsildə və inkişafda onların təşəbbüskarlığını və müstəqilliyini rəğbətləndirməlidir; istedadlı və talantlı uşaqların tədris proqramı onlarda mənlik şüurunun, özünüdərkin inkişafını təmin etməli, başqa insanlarla, təbiətlə, digər mədəniyyətlərlə və s. ilə əlaqələrin mahiyyətini başa düşməyə yardım etməlidir; istedadlı uşaqlar üçün tədris proqramı qabaqcadan müəyyən olunmuş prinsiplərlə qiymətlədirilməlidir,burada əsas diqqət uşaqların təfəkkür proseslərinə, onların yaradıcılıq bacarıqlarına, ifaçılıq məharətlərinə yönəlməlidir.

İstedadlı uşaqlarla işləməyə hazırlanan müəllimlərin təhsil proqramlarında  hansı mühüm xüsusiyyətlərin olduğunu bilməsi onun səmərəli fəaliyyəti baxımından önəmlidir. Yeri gəlmişkən qeyd edək ki, sözügedən təhsil proqramlarının  xüsusiyyətlərinin tələbələr (gələcək müəllimlər) və ya müdavimlər tərəfindən mənimsənilməsi üçünseminarların tətbiqi faydalıdır.

Karne, Şvedel və Uilyams istedadlı uşaqlar üçün təhsil proqramında aşağıdakı xüsusiyyətlərin olmasını vacib hesab edirlər: bir qayda olaraq standart tədris planında olmayan materialların daxil edilməsi; seçilmiş mövzunun dərindən araşdırılmasının təqdir olunması; tədris planının icrasının qabaqcadan tərtib olunmuş sərt qrafik əsasında deyil, istedadlı uşaqların idraki tələbatlarına və imkanlarına uyğun aparılması; mücərrəd anlayışlarla işləməyi tələb edən və yüksək səviyyəli təfəkkür prosesləri ilə aparılan mürəkkəb fəaliyyətlərə üstünlük verilməsi; istifadə edilən zaman, material və vəsaitlərlə bağlı böyük təfəkkür çevikliyinin tələb edilməsi; məsələlərin həllində müstəqilliyə, məqsədyönlülüyə yüksək tələblərin verilməsi; liderlik xüsusiyyətlərinin mənimsənilməsinə və nümayiş etdirilməsinə geniş imkanların yaradılması; yaradıcı və produktiv təfəkkürün təqdir edilməsi; özünün və eləcə də başqalarının hiss və davranışlarının təhlil edilməsi bacarığının tərbiyə edilməsi; bilik bazasının genişləndirilməsi və nitq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün səmərəli başlanğıcların yaradılması.

Elmi mənbələrdən  məlum olur ki, Qərb təhsilində  istedadlı uşaqlarla aparılan işlərə dair proqram və konseptual modellər  sırasında “S.Kaplanın proqramı”, əsası  C.Kerrol və B.Blum tərəfindən qoyulmuş  nəzəri  yanaşmaya  uyğun  ərsiyə  gətirilmiş  C.Blok və L.Andersonun ”Tam mənimsəməyə əsaslanan təlim metodu” (C.Blok və L.Anderson), C.Gilfordun ”Sərbəst sinif”, Renzullinin”Tədris proqramının zənginləşdirilməsinin üç növü”, B.Blumun ”Təlim məqsədlərinin taksonomiyası” özünə üstün yer almışdır.  İstedadlı uşaqların təlimi ilə bağlı müəllim hazırlığı prosesində bu proqramların mahiyyətinin mənimsənilməsi ümumi işin xeyrinə olar. Çünki sözügedən proqram və modellər təcrübə sınağında özünü doğrultmuşdur.

S.Kaplanın istedadlı uşaqların təlimi üçün proqramı əsasən iki metoda istinad edir: deduktiv və problemli tədqiqatlar.Birinci metod şərhlərdən başlamağı nəzərdə tutur.Onun məqsədi uşaqların öyrəndiklərini yada salmaq, onların maraqlarını yeni informasiyanı öyrənməyə, ümumi hipotezlə tanış  olmağa yönəltmək və stimullaşdırmaqdır.Sonrakı mərhələdə müəllim əvvəlcə şagirdləri öyrənməli olan ümumi ideya-problemlə tanış edir.Bundan sonra şagirdlər öz hipotez və ideyalarını irəli sürürlər.Sonra bu hipotezlərin isbatı və ya inkarı üçün informasiya toplayaraq tədqiqatlar aparırlar.Əldə etdikləri məlumatları sistemləşdirərək onu bəyan edirlər.Nəticədə hipotezləri ya təsdiq olunur, ya da rədd edilir və onlar bu tədqiqatın nəticələrini yekunlaşdıraraq növbəti fəaliyyətlərini planlaşdırırlar.

Tam mənimsəməyə əsaslanan təlim metodunun praktiki tətbiqi aşağıdakı addımlar ardıcıllığını nəzərdə tutur: 1. Giriş hissə-şagirdlərin tam mənimsəmə metodu əsasında işləməyə təlimatlandırılması; 2. Hər bir tədris vahidi üzrə tam mənimsəmə istiqamətində təlim; 3. Hər bir şagird üşün materialın tam mənimsənilməsinin qiymətləndirilməsi; 4. Aldığı qiymətin mahiyyətinin hər bir şagird üçün izah edilməsi.Metodun vacib amili tam mənimsənilmə etalonunun aydın formulə edilməsidir.

Gilfordun “Sərbəst sinif” modeli sərt vaxt qrafiki olmayan, sərbəst dərs sistemləri, təlim vaxtının, tədris proqramının, dərs otaqlarının səmərəli istifadəsini nəzərdə tutur.Bu yanaşmada təlim prosesi müəllim və şagirdlər tərəfindən birgə idarə olunur.Renzulli modelinə uyğun tədris proqramı şagirdlərə imkan verir  ki, vaxtlarının çox hissəsini özləri üçün daha maraqlı olan fəaliyyət növlərinəhəsr edə bilsinlər.Burada müəllimin vəzifəsi ondan ibarətdir ki, hər bir şagirdə aşağıdakı məsələlərdə köməklik etsin: şagird maraqlarına cavab verən və gücü çatacaq məsələlərin həllini öhdəsinə götürsün; şagird bu məsələlərin həlli üçün zəruri olan metodlara və tədqiqat vərdişlərinə yiyələnsin.

B.Blumun təlim məqsədlərinin taksonomiyası istedadlı uşaqların idraki funksiyalarının inkişafına istiqamətlənmişdir. Təlim planlarında nəzərdə tutulmuş məqsədləri prinsipcə mümkün olan nəticələrlə müqayisə etməklə, müəllimlər öz tədris planlarına daxil edə biləcəkləri tapşırıqların növlərini və əlavə məqsədləri müəyyənləşdirə bilərlər.Taksonomiya uşaqların yaddasaxlama, dərketmə və məsələ həlletmə qabiliyyətlərinə təlimin təsirini təhlil etmək üçüçn səmərəli alətdir. B.Blumun, C.Gilfordun və b. taksonomiyaları üç sahəni-idrak, emosional və psixomotor sahələri əhatə edir.Lakin müasir təlim nəzəriyyələri təlimin məqsədlərini həmin sahələrə görə deyil,təlimin təhsilləndirici, inkişafetdirici və tərbiyəedici tərkibinə - komponentlərinə əsasən müəyyən edir.Azərbaycan psixoloqu professor Ə.Əlizadə təlim məqsədlərinə görə, əsas taksonomik kateqoriyaları üç bölümdə qruplaşdırılmışdır: təhsilləndirici, inkişafetdirici və tərbiyələndirici.

Ümumtəhsil məktəblərində təhsil-tərbiyənin“sinif-dərs sistemi” üzrə həyata keçirilməsi layihələri sırasında”Fəal(interaktiv) təlim”in bizə məlum olan proqram,model və layihələrlə müqayisədə daha böyük üstünlükləri vardır. Bu sistem bütün şagirdlərə öz imkanlarını reallaşdırmaq nöqteyi-nəzərdən bərabər şərait yaradır.Fəal(interaktiv) yanaşmada geridəqalmaın qaçılmazlığı ilə bağlı mülahizələrin yanlışlığı təsdiqlənir, istedadlılaın inkişafına meydan verilmiş olur.Bu sistemin tətbiqində bir sıra prinsip və mexanizmlər diqqət mərkəzinə çəkilir.Sözügedən prinsiplər bunlardır:

1. Şagirdə yönəlmiş təlim prinsipi:şagird təlim prosesinin mər­kəzi obyekti kimi çıxış etməlidir; təlim uşağın imkan və qabi­liy­yət­lərinə, onun biliyinə, maraq və tələbatlarına yönəlməlidir;

2. Fəal təlim prinsipi: tədris prosesi elə təşkil olunmalıdır ki, id­rak fəallığını, təbii öyrənmə fəaliyyətini doğursun, şagirdə “ilk kəşf” sevinci keçirməyə imkan versin, onda yeni biliklərə yiyələn­mək həvəsini yaratsın;

3. İnkişafetdirici təlim prinsipi: təlim inkişafı qabaqlamalı (L.S.Vı­qotskiy), uşağın “qarşıdakı (yaxın) inkişaf zonasına” yö­nəl­mə­lidir. Yəni təlim uşağın özünün müstəqil fəaliyyəti və ya böyük­lə­rin köməyi sayəsində aşkarlanan bilik və bacarıqları əldə etmək po­ten­sial imkanlarına tuşlanmalıdır;

4. “Qabaqlayıcı təlim” pinsipi:təlim cəmiyyətin inkişaf tə­ma­yüllərini əks etdirməli və yeni nəsillərə yaxın gələcəkdə təşəkkül ta­pacaq dünyada fəaliyyətə hazırlamalıdır;

5. Təlim-tərbiyə sisteminin çevikliyi prinsipi:İctimai mü­hi­tin və şagirdlərin dəyişən tələbləri nəzərə alınmaqla, təlim proq­ram­la­rının məzmununun, tədris planlarının qurulmasının, təlim-tərbiyə pro­sesinin təşkilinin, pedaqoji texnologiyaların seçilməsinin siste­ma­tik təzələnməsi baş verməlidir;

6. Əməkdaşlıq prinsipi:“müəllim-şagird-valideyn ” qarşı­lıq­lı münasibətləri sistemində onların hər biri təlim prosesi gedişində tə­rəf-müqabili kimi iştirak etməlidirlər;

7. Dialoji təlim prinsipi:məsələlərin birgə həlli gedişində özü­nün və qrup üzvlərinin fikirlərini, imkanlarını və təcrübələrini mü­əyyən edə bilməsi və faydalanması məqsədi ilə hər bir şagirdin mü­zakirələrdə və qrupun işində iştirakı təmin edilməlidir.

Bu sistemin  tətbiqi mexanizmlərinə aşağıdakılar aid edilir: Mexanizm №1. Problem situasiyanın yaradılması.Şagirdin qarşısına problem qoyulur və onun problemi həll etməyə yönəldilməsi nəticəsində idrak fəallığı yaranır. Mexanizm №2. Şagird-tədqiqatçı, müəllim faslitator.Fəal(interaktiv) təlim zamanı şagird subyekt mövqeyini tutmalı, bu prosesin bərabər iştirakçısı olmalıdır.Şagird tədqiqatçı, müəllim isə bələdçi funksiyasını həyata keçirməlidir.Şagirdlər bilikləri müstəqil şəkildə tədqiqat zamanı əldə etməlidirlər. Mexanizm №3. Dialoqun və əməkdaşlığın zəruriliyi.Fəal(interaktiv) təlim dialoji şəkildə əməkdaşlıq şəraitində keçirilir. Mexanizm №4. Psixoloji dəstək: hörmət və etibar.Şagirdlərin idrak fəallıqlarını saxlamaq vasitəsi-onların psixoloji dəstəklənməsidir:müəllimin xeyirxah münasibəti, şagirdlərə hörmət və etibarı, onların bacarığınainamı. Fəal(interaktiv)təlim texnalogiyaların tətbiqi üçün açıqdır.      

Vurğulamaq yerinə düşər ki,  təhsil proqramlarının , koseptual modellərin, layihələrin uğuru onu tətbiq edən müəllimin, tərbiyəçinin pedaqoji qabiliyyətləri ilə şərtlənir. Müəllimlərdə pedaqoji qabiliyyətlərin formalaşması bu gün aktual məsələ kimi meydana çıxır.Ənənəvi didaktik sistemdə müəllimin didaktik və təşkilatçılıq  qabiliyyətlərinə daha çox diqqət yetirilib.Müasir təhsil konsepsiyası didaktik və təşkilatçılıq qabiliyyətlərinin əhəmiyyətini qətiyyən azaltmadan bu gün, təhsilin humanistləşdirilməsi  şəraitində kommunikativ vəperseptiv, ekspressiv və konstruktiv qabiliyyətlərin əhəmiyyətini xüsusi vurğu ilə dəyərləndirir.Müəllimlərin pedaqoji ustalığının artırılmasının başlıca yolu məktəb şəraitində pedaqoji qabiliyyətlərin psixoloji ölçülərlə inkişaf etdirilməsindən ibarətdir.Bundan başqa, pedaqoji universitet və institutlarda tələbələrdə, gələcək müəllimlərdə bu qabiliyyətlər xüsusi metodika ilə inkişaf və tərbiyə olunmalıdır.Təkmilləşdirmə kurslarında müəllimlərlə elmi-metodik iş məhz pedaqoji qabiliyyətlərin inkişaf etdirilməsi yönumündə aparılmalıdır.Sosial-psixoloji treninq üsullarından sistemli istifadə olunmalıdır.Müəllimlərə autotreninqin sirlərini öyrətmək lazımdır.Professor Ə.Əlizadənin vurğuladığı kimi müəllimlərin pedaqoji ustalığının artırılmasına respublikanın görkəmli rejissorlarının və aktyorlarının yaxından köməyi ilə müasir teatr pedaqogikasının uğurlarından da faydalanmanın vaxtı artıq çatmışdır.