“Din ayrı, dövlət ayrı!”...bəs biz?)

Отправлено 15 авг. 2014 г., 3:41 пользователем Murad Nabibekov   [ обновлено 15 нояб. 2014 г., 4:43 ]
“Əlbəttə, mən də zarafat edirəm, amma zarafatda belə, 
doğru sozümü bildirirəm.”
Hz. MƏHƏMMƏD (s.a.s.)

 


İradə RÖVŞƏN, 
AMEA Şəki Regional Elmi Mərkəzinin
laboratotiya rəhbəri,
memarlıq üzrə fəlsəfə doktoru
 


    Sərlövhənin sonundakı bu simvol ) - mötərizə internet istifadəçilərinə yaxşı məlumdur – təbəssüm işarəsidir. Sosial şəbəkələrdə nə yazsan da, statusların, şərhlərin axırında bu işarəni qoydunsa, nə gədər gərgin mövzu müzakirə olunsa bu işarə gərginliyi aradan qaldırır, söhbəti yumşaldır. Məqaləyə başlıq seçəndə çox fikirləşdim neсə edim ki, gərginlik yaranmasın. Çünki mövzunu çox ciddi hesab edirəm və belə başlıqla məqaləni oxumamış hökmən başqa rəng verənlər tapılacaq. Təbəssüm mötərizəsi burda köməyimə çatdı...

    Müasir zəmanəmizdə ictimayyətin qarşısında duran başlıca problemlərdən biri Azərbaycan xalqının tarix boyu yaratdığı mədəni irsi qoruyub saxlamaqdır. Arzuolunan haldır ki, artıq maddi-mədəni abidələrə qarşı olan münasibət son vaxtlar müasir elm sahəsində ön plana çəkilib.
    AMEA Şəki Regional Elmi Mərkəzinin (ŞREM) bir qrup əməkdaşı vaxtaşırı olaraq doğma Şəkimizdə və eləcə də Vətənimizin digər rayonlarında yerləşən tarixi abidələri ziyarət etməyi, ölçü işləri aparmağı, sxem və fotoşəkillər çəkilməsini iş planına daxil edib. Plana uyğun olaraq mütamadi şəkildə biz memarlıq baxımından maraq doğuran qədim yaşayış evlərini, abidələri, dini tikililəri – məscidləri və məbədləri ziyarət edirik.
    Təbii aşınma nəticəsində memarlıq dəyərinə malik qədim evlərin dağılması Azərbaycan xalqının tarixi-mədəni irsinin itirilməsinə, bu irs haqqında müasir nəslin təsəvvürünün dəyişməsinə gətirib çıxara bilər. Elə buna görə də qrupumuz memarlıq dəyərinə malik yaşayış evlərinin üzə çıxarılıb qeydə və siyahıya alınaraq bərpa işlərinin aparılmasını vacib məsələlərdən biri hesab edir.
    Qonaqpərvərlik qədim tarixə malik olub, bütün dünya xalqlarına xas olan bir adətdir. Şəki əhalisi də hər zaman öz qonaqpərvərliyi, səmimiyyəti, mehribançılığı ilə seçilib. Biz də dəfələrlə bunun şahidi olmuşuq. Qədim evlərin sahibləri bizi həmişə gülərüzlə qarşılayıb, öz mülklərində tədqiqat işləri aparmağa şərait yaradıblar və heç bir problemlə rastlaşmamışıq. Lakin sakinlərə məxsus olmayan bəzi obyektlərdə qarşılaşdığımız mənzərələr çox məyusedici olur desəm, yanılmaram.
    İş planımıza əsasən növbəti dəfə Şəkidə yerləşən məscidlər, minarələr barədə məlumat toplamalı idik. XVIII-XIX əsrlərə aid arxiv materiallarında, kitablarda, başqa tarixi mənbələrdə olan məlumatları üzə çıxarsaq da, şəhərimizdə XX əsrdə inşa edilmiş, yaxud tikintisi yarımçıq qalan məscidlər haqqında məlumat toplamaq vacib idi. Eyni zamanda XVIII və XIX əsrə məxsus dini binaların öyrənilməsində mövcud məscidlərə və ibadətxanalara - məhəllə məscidlərinə diqqət yetirmək məqsədəuyğundur. Ölçülərinə görə çox da böyük olmayan bu tikililər xalq memarlığının çoxsaylı cizgilərini özündə əks etdirən bütöv memarlıq əsərlərini təmsil edirlər. Qədim İpək Yolunun üzərində yerləşən və Qərblə Şərq arasında körpü rolunu oynayan Azərbaycan torpağı tarix boyu müxtəlif dinlərin qovuşduğu bir məkan olmuşdur. Belə bir şəraitin mövcüdluğunda Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi, tolerantlıq və s. səbəblər böyük rol oynamışdır.
    XVIII əsrin əvvəllərindən başlayaraq Şəkidə ipəkçiliyin sürətlə inkişafı bir çox sahələrin də - sənətkarlığın, iqtisadiyyatın, mədəniyyətin, elm və təhsilin tərəqisi ilə yanaşı, şəhərin genişlənməsinə və yeni binaların tikilib istifadəyə verilməsinə səbəb olmuşdur. O dövrün bir çox çətinliklərinə baxmayaraq, xalq memarları qarşıya qoyulan vəzifənin öhdəsindən bacarıqla gəlmiş və relyefə uyğun özünəməxsus memarlıq ansamblı yaratmağı bacarmışlar. Şəkinin Böyük İpək Yolunun üzərində yerləşməsi sənətkarlığın, ticarətin inkişafına təkan vermiş, sənətkarlar kütləsinin, sahibkarlar zümrəsinin yaranması üçün münbit şərait yaratmışdır.
    İpək sahibkarlarının əksəriyyəti müqəddəs Həcc ziyarətinə gеtdiyinə görə «Hacı» titulu daşıyırdılar və onlar üçün dini-mənəvi dəyərlər gündəlik həyat tərzi və davranışları idi. Bu insanlar da əldə etdikləri gəlirlərin əhəmiyyətli hissəsini böyük və yaraşıqlı evlərin, məscidlərin, hamamların, bulaqların tikintisinə sərf edirdilər.
    Məqalələrimi izləyən hörmətli oxucular bilir ki, yazılarımda subyektiv fikirlərimi bildirsəm də, təriflərlə yanaşı çoxlu təngidə yol versəm də, təhgirə keçmək heç vaxt ağlıma da gəlməyib. Bu məqalədə də işimizə mane olanların adını çəkməsəm də, onu deməliyəm ki, “çox hörmətli mollalar” bizə söylədiyiniz iradların heç yeri deyildi: “Din ayrı, dövlət ayrı!”, “Burda şəkil çəkmək olmaz!”, “Siz kitab yazıb-satıb pul qazanırsız - günahdır!” - mən bu sözlərin heç birinin mahiyyətini dərk edə bilmədim. Siyasətlə heç vaxt məşğul olmamışam və din ilə dövlət münasibətlərini də belə təsəvvür etmirdim. Qarşılaşdığım situasiyalardan isə belə qənaətə gəldim ki, dövlət məmurlarının arasında yaramazı, rüşvətxoru olduğu kimi, ruhanilərin, dindarların da yaltaqları, ələbaxımlıları yox deyil.
    İstəsən də, istəməsən də, hər bir insanın həyat tərzi onun düşüncəsinə görə olur və o, özü həyatını qurur, bu da dini baxışlardan asılı deyil. Axmaq insan isə həmişə buraxdığı səhvlərin günahkarını kənarda axtarır. Əgər insan faktorunun cəmiyyətin aparıcı qüvvəsi olduğunu və fərdlərin yetişməsində tərbiyənin, sevginin rolunun daha böyük olduğunu nəzərə alsaq, onda tam məsuliyyətlə deyə bilərik ki, məscidlər də təkcə ibadət yeri olmamalı, bəşəri dəyərlərin qorunub saxlanılmasına xidmət etməlidir. Müqəddəs dinimiz olan İslam da insanlara sevgi, mərhəmət öyrədir. Əgər müsəlmansansa, bütün insanları özünə bərabər, qardaş hesab etməlisən. Məhz sosial ədalət prinsiplərinin də kökündə bu dayanır. Lakin bəzən elə insanlarla qarşılaşırsan ki, üzdə özlərini mələk kimi göstərsələr də, ətrafdakılara olan münasibətləri, elədikləri hərəkət onları heç şüursuz canlılardan fərqləndirmir.
    Bu yaxınlarda bir əhvalat danışdılar mənə. Mustafa əfəndi məscidindən qalan minarə şəkililərə yaxşı tanışdı. Və nə vaxtsa həmin məscidin qapılarını özünü Allah adamı hesab edən bir “müsəlman” satıb, digər bir “müsəlman” da alıb. Yenə də ad çəkməyəcəm. Amma onu deyə bilərəm ki, eşitdiyimə görə, satan çox ağır xəstəliyə tutulub və əzab içində dünyasını dəyişib, alan isə həbsxanada canını tapşırıb. Əlbəttə, bu insanların faciəli ölümlərini alqı-satqıya bağlamaq bəlkə də düzgün deyil, amma özünü müsəlman sayan insanlar belə hərəkət edərdimi? İndiki bəzi ruhanilər də belə... sözdə bir cür, əməldə başqa.

HAŞİYƏ. Həyatımda rastlaşdığım bir əhvalatı da sizinlə bölüşmək istəyirəm.

    Sankt-Peterburqda olarkən kafelərinin birində məni çox ustalıqla “soydular”. Rəfiqəmlə otrumuşduq nahar edirdik, içində pul kisəsi olan çantamı da asmışdım stolumuzun yaxınlığındakı asılqandan. Bu vaxt əynində xristian dindarı olduğunu bildirən qara uzun əba olan birisi kafenin çıxışında gur səslə nəsə oxumağa başladı. Təbii ki, kafedə oturanların hamısı, o cümlədən mən də rəfiqəmlə çevrilib “müğənni”yə baxmağa başladıq. Sən demə, bu fırıldaqçı-oğruların peşəkarlıq nümunəsi idi ki, bunu da mən asılqandan çantamı götürəndə anladım – çantada pul kisəsi yox idi... bu hadisədə mənə ən pis təsir edən isə o oldu ki, insanlığa yaraşmayan hərəkət din pərdəsi altında həyata keçirilmişdi... Axı kimin ağlına gələrdi ki, mömin bir bəndə ictimai yerdə “mahnı oxuyub” başqalarının diqqətini yayındırmaqla oğru yoldaşlarına şərait yaradırmış...

    Qeyd etmək istərdim ki, ayrı-ayrı dövlətlərdə dini siyasətlə məşğul olan rəsmi hökumət nümayəndələrinin, nüfuzlu beynəlxalq təşkilatların və aparıcı elmi-tədqiqat mərkəzləri təmsilçilərinin, görkəmli din xadimlərinin Azərbaycanda bir araya gəlməsi vacib məsələ imiş. Bu gün Azərbaycan Respublikasında din-dövlət münasibətləri Azərbaycan Respublikasının Konstitusiyası, "Dini etiqad azadlığı haqqında" 
Azərbaycan Respublikasının qanunu və bu qanuna edilmiş dəyişikliklər və əlavələr, habelə digər normativ aktlara əsasən tənzimlənməlidir. Baxmayaraq ki, Bakida vaxtaşırı "Dövlət-din münasibətləri və maarifləndirmə işi" və buna oxşar konfranslar keçirilir, dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi lazımi səviyyədə deyil.
    Dövlət-din münasibətləri barədə fikirlərim qalsın kanarda. Hazırda məni narahat edən başqa məsələdir. Düzdür, qıfıllarla rastlaşsaq da, hasarlardan aşsaq da, tikintisi yarımçıq qalmış məscidlərin fotolarını da çəkdik, ölçü işləri də apardıq. Lakin bir sualımıza cavab verən olmadı... tədqiqatlar zamanı belə problemlərlə rastlaşsaq, bizə - elmi işçilərə qarşı münasibət belə davam etsə, gələcək nəsil milli memarlığımız, maddi-mədəni irsimiz olan abidələrimiz barədə məlumatı hardan əldə edəcək?
    Müasir dövrümüzdə Kütləvi İnformasiya Vasitələrinin çoxluğuna baxmayaraq, yenə də kitabxanalarda toplanmış müxtəlif mövzularda olan kitablara və cəmiyyətin inkişafına həsr edilmiş əsərlərə tələbat daha çoxdur. Şəki Regional Elmi Mərkəzin məhsulu olan kitablarda özünə yer tapmış tarixi faktlar da elmi araşdırmalar üçün əvəzolunmaz materiallardır. Çox güman ki, əsərlərimiz kitabxanaların rəflərində özünəlayiq yerini tutacaq, maraqlı məlumatlarla oxuculara xidmət edəcəkdir.
    Məqaləni bir lətifə ilə tamamlamaq istəyirəm: - Bir ateist müəllim dərsdə şagirdlərə Allahın yoxluğü barədə söhbətdən sonra, uşaqlara təklif edir ki, hamı bəkdən “Allah yoxdur” desinlər. Bir şagirddən başqa bütün uşaqlar müəllimin dediyini xorla təkrar edirlər. Müəllim ağzını açmayan uşaqdan soruşur: “Sən niyə susdun?” Uşaq cavab verir: “Ay müəllim, Allah yoxdursa boş-boş qışqırmağın nə manası var? Yox əgər varsa, mən Allahımla niyə münasibətlərimi pozmalıyam ki?”
    İndi də həmin uşağın məntiqi ilə yaşayan insanlar çoxdur, ələlxüsus da ruhanilər arasında. Allah fəryadımıza çatsın.