99 yaşlı akademik: “Mircəfər Bağırov iclasda məni işdən çıxarıb dedi: “Yoldaşlar, bu adam bürokratdır!”” (müsahibə)

Отправлено 14 нояб. 2014 г., 1:13 пользователем Murad Nabibekov   [ обновлено 14 нояб. 2014 г., 1:24 ]
“Milli Elmlər Akademiyasının əvvəlki prezidentləri haqqında o qədər də yaxşı fikirdə deyiləm”

        Modern.az saytı Azərbaycanın ən qocaman alimi, 99 yaşlı İsmayıl İbrahimovlamüsahibəni təqdim edir. Akademik İsmayıl İbrahimov Azərbaycanın ilk informatika alimidir, nəzarət ölçü cihazları üzrə ilk mütəxəssisdir. Uzun müddət Azərbaycan Dövlət Neft-Kimya İnstitutunun (indiki Dövlət Neft Akademiyası) rektoru olan İsmayıl İbrahimov həm də Nazirlər Soveti sədrinin müavini vəzifəsində də çalışıb.

        - Bir ay 18 gün qalıb. Allah ömür versə, dekabrın 31-də 99 yaşım tamam olacaq, 100-ə keçəcəm. Mən Allaha inanan adamam.

        (Söhbətin bu yerində, “bir dəqiqə bağışlayın”, - deyib qarşı otağa keçir. Kömək etmək istəsək də, razı olmur. Balaca “Quran” kitabı götürür)

        - Bu “Quran”ı görürsüz, anadan olandan, 1915-ci ildən mənimlədir. Bizim ailədə 8 uşaq olub. Amma onlardan bir ən böyüyü qalıb, bir də ən kiçiyi, yəni mən. Qalan altısı körpə yaşlarında ölüblər. Mən anadan olanda atam çörəkçi işləyib. Savadsız adam olub. Deməli, bir nəfər Məkkəyə gedən vaxtı atamın dükanına gəlir ki, onunla xudahafizləşsin. Atam da ona əlində olan qızılları verib deyir ki, Məkkəyə gedirsən, bunları al, ora apar, oradan mənə “Quran” gətir. Çünki atamın məndən əvvəl altı uşağı ölmüşdü. Mənim də iki yaşım var idi. İstəyirdi ki, mən yaşayım. “Quran”ı da o səbəbdən mənim üçün istəyib. Bax, bu həmin “Quran”dır. Hər zaman mənimlədir, hər zaman mənim cibimdə olub.

        - İsmayıl müəllim, yəqin ki, Ordubaddan Bakıya oxumaq üçün gələndə də o “Quran” sizinlə olub. Həmin vaxtlardan danışaq...

        - Ordubaddan Bakıya gələndə anam “Quran”ı itirə biləcəyimdən ehtiyat etdiyindən məndən aldı. Sonra yenə “Quran” mənə çatdı. Bakıya gəldim, o zamankı Məşədi Əzizbəyov adına Sənaye İnstitutunda, indiki Neft Akademiyasında oxudum. 1941-ci ilin fevralında oranı bitirdim. Ondan sonra isə məni “Azərenerji”yə işləməyə göndərdilər. Bu vaxtlar müharibə başladı.

        - Müharibə başladı və siz adi əsgərdən batalyon komandirinə qədər yüksəldiniz. Bu necə oldu?

        - Müharibə başlayanda məni də əsgər kimi çağırdılar, amma sonradan götürmədilər. Nəzarət-ölçü cihazları üzrə ilk azərbaycanlı mütəxəssisəm. O sahəni yaxşı bildiyim üçün “Azneft” mənə kurslar açmağı təklif etdi. Kurslar açıldı və mən orada dərs dedim. Müharibənin əvvəllərində ali məktəblərdə oxuyan və çalışanlar orduya cəbhəyə azad idi. Amma tələbat artandan sonra artıq tələbə və müəllimləri də çağırırdılar. Beləliklə, məni ikinci dəfə hərbi komissarlığa çağırdılar. Harada işlədiyimi soruşdular. Dedim ki, həm “Azərenerji”də, həm də “Azneft”də işləyirəm. Yenə dedilər ki, “Azneft”də işləyənləri əsgər aparmırlar. Mən əsgər getmək istədiyimi bildirdim. Beləliklə, orduya getdim. Bir ilə yaxın cəbhədə vuruşandan sonra “Azneft”də işləməyimi əsas gətirərərək, əsgərlikdən azad etdilər. Yenidən Bakıya gəldim, yenidən əvvəlki işimlə məşğul olmaq istəyirdim. Amma gəlib gördüm ki, əvvəlki müəllim yoldaşlarım artıq burada yoxdur, hamısı ya cəbhədədir, ya da həlak olublar. O səbəbdən burada daha işləyə bilmədim, yenidən cəbhəyə qayıtdım. Artıq ondan sonra müharibə bitənə qədər vuruşdum. Ali təhsilimi və mülküdəki fəaliyyətimi nəzərə alıb Leninqradda akademiyaya oxumağa göndərdilər. Adi rabitəçidən başlayaraq batalyon komandirinə qədər yüksəldim. Müharibə qurtarandan sonra da bizi buraxmadılar. Həm peşəkarlığımızı, həm də ali təhsilimizi nəzərə alıb cəhbədə saxladılar. Sonra biz Sverdlovsk ətrafında döyüşlərdə iştirak etdik və oradan da Yaponiyaya keçdik. Yaponiya ilə vuruşmadan sonra da bir il hərbidə qaldım.

        - Maraqlıdır, necə oldu ki, batalyon komandiri sonradan elmlə məşğul oldu və çox keçməmiş rektor təyin olundu?

        - Bir ildən sonra özüm xahiş etdim ki, heç olmasa gedim diplomumu götürüm. Çünki heç diplomumu da almamışdım. Bakıya gəldim. Diplomumu almağa gedəndə institutun partiya katibi mənimlə tanış olanda rektorun yanına apardı. Dedi ki, bu Azərbaycanın nəzarət-ölçü cihazları üzrə ilk mütəxəssisidir. Müharibədə də bu istiqamətdə xeyli fəaliyyət göstərib, odur ki, qalıb burada dərs desin. Rektor razılaşdı, amma kafedra müdirini də çağırıb məni işə qəbul etməsini tapşırdı. Kafedra müdiri dedi ki, onun burada dərs deməyi üçün bir il istehsalatda işləməsi vacibdir. Mən də gedib amerkalıların Bakıda açdığı neft emalı zavodunda işlədim. Qayıdandan sonra məni baş laborant kimi işə qəbul etdilər. Sonra universitetin “partkomu” oldum. Rektor pilləsinə qədər qalxdım. Düz 10 il rektor vəzifəsində çalışdım. Daha sonra Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi gələndə məni Nazirlər Soveti sədrinin müavini vəzifəsinə təyin etdi. 18 il də o postda çalışdım. 65 yaşım olanda Heydər Əliyevin yanına gedib dedim ki, təqaüdə getmək istəmirəm, yenidən müəllimliyə qayıtmaq istəyirəm. Bu söhbətdən sonra yenidən Neft-Kimya İnstitutuna rektor təyin olundum. Daha 10 il rektor işlədim. Sonra yaşla bağlı qanun çıxdı və rektor vəzifəsindən getməli oldum. Yaşıma görə rektorluqdan çıxsam da, məni müəllim kimi saxlayırdılar. Referent kimi qalacaqdım, istəmədim.

        - Hazırda nə ilə məşğulsunuz?

        - Oradan uzaqlaşandan sonra akademiyanın Kibernetika İnstitutundan dəvət aldım. İnstitut direktoru dedi ki, işlə bağlı ərizə yaz, qəbul edək. Ərizə yazmayacağamı bildirib dedim ki, əgər istəyirsinizsə sizinlə bərabər çalışım, onda özünüz yazılı müraciət edin, mən müraciətimdə yazım ki, razıyam. Elə də etdilər. İndi də orada baş elmi işçi kimi tam ştatda çalışıram. Sonra yeni İnformasiya Texnologiyaları İnstitutu açılanda ora da dəvət etdilər. Yarım ştat da orada çalışıram. Bundan əlavə, Moskvada Lenin adına Beynəlxalq Uşaq Fondu yaratdılar. Heydər Əliyev o vaxt vəzifədə idi. Moskvadan mənə zəng vurub dedi ki, Bakıda da belə fond yaranmalıdır. 16 ildir həmin fonda da rəhbərlik edirəm. Amma oradan maaş almıram.

        
Bu bəlkə də oxucu üçün tanışlıq dialoqu idi. 99 yaşlı akademiki yormadan onunla yavaş-yavaş xatirələrini bölüşməyə çalışırıq. Danışır və xatirələrində kimlər yoxdur...


        - İsmayıl müəllim, Elmlər Akademiyasının yaranmasını da yəqin ki, xatırlayırsınız. Sizi elmə bağalayan nə oldu?

        - 1945-ci il aprel ayının 23-ü idi. Müharibənin qurtarmasına az qalmışdı. Mən o zaman batalyon komandiri kimi telefonun yanında idim. Birinci katib Mircəfər Bağırov, icraiyyə komitəsinin rəhbəri Mirqasımov və Nazirlər Sovetinin sədri Teymur Quliyevin adından teleqram aldıq. Orada bildirilirdi ki, Azərbaycanda sovet quruculuğunun 25 illiyinin tamam olması münasibətilə sizi və nümayəndə heyətinizi bura dəvət edirik. O zaman biz Azərbaycan diviziyasında döyüşdüyümüz üçün teleqram yalnız bizə göndərilmişdi. Teleqramı diviziya komandirinə çatdırdılar. Ona verdikdən bir neçə dəqiqə sonra məni çağırıb dedi ki, siz 4 azərbaycanlı əsgər götürüb zabit kimi Azərbaycanın 25 illiyinə gedin. Aprelin 28-i bu təqvim qeyd olunurdu. Mən də 4 azərbaycanlı əsgəri götürüb Bakıya gəldim. Bizi çox yaxşı qəbul etdilər. Necə oldusa, bizi Azərbaycanda cəmi bir ay idi yaranan Elmlər Akademiyasına apardılar. Akademiya 1945-in martında yaranıb. Akademiya prezidenti o vaxt Mirəsədulla Mirqasımov idi. Çox gözəl söhbətimiz alındı. Müharibədən danışdıq. Deməli, mən hələ müharibədə olan zaman akademiya prezidenti ilə görüşdüm. Onunla söhbət çox gözəl təsir bağışladı. Söhbət zamanı baş verən bir hadisə heç yadımdan çıxmır. Telefona zəng gəldi, Mirəsədulla dəstəyi qaldırdı, kiminlə danışdığı məlum deyildi. Mirəsədulla üç dəfə təkrarladı ki, “mən bu qanunsuzluğu edə bilmərəm”. Telefondakı adam yenə nəsə dedi. O bir də dedi ki, “mən qanunu poza bilmərəm”. Axırda Mirqasımov telefondakı adamın adını çəkdi: “Yoldaş Bağırov, mən bu qanunsuzluğu edə bilmərəm!”, - deyib telefonun dəstəyini yerə qoydu. Sən demə, Mərkəzi Komitənin birinci katibi Mircəfər Bağırovla danışırmış və ard-arda bir neçə dəfə “mən bu qanunsuzluğu edə bilmərəm”i də ona deyirmiş. Doğrudur, biz bilmədik ki, onlar konkret hansı qanunsuzluqdan danışırdılar. Amma Bağırova o cür etirazı məndə Mirəsədulla Mirqasımova böyük hörmət yaratdı. Bu mənim akademiyaya bağlanmağımın əsas səbəbi oldu. Sonrakı səbəb isə elmin özü idi. Elm məni özünə çox çəkirdi. Bax, mənə elmə bu cür gəldim.

        - O günlə bu günü müqayisə edəndə orada nələr dəyişib?

        - Müharibə qurtarandan elmin içindəyəm. Assisent, dosent, kafedra müdiri, professor və rektor oldum. Elə o vaxtdan akademiyanın bütün işi ilə tanışam. Mirəsədulladan tutmuş indiki prezindent Akif Əlizadəyə qədər hamı ilə tanışlığım və birgə fəaliyyətim olub. Akademiyanın hazırkı fəaliyyəti çox yaxşıdır. Heç kəs deyə bilməz ki, akademiya pis çalışır. Akif Əlizadə akademiyada çox böyük işlər görür, çox yaxşı təşkilatçıdır. Onun dövründə akademiya çox irəli getdi. O institut direktorluğundan vəzifəyə gəlib. Ondan əvvəlki prezidentlər haqqında o qədər də yaxşı fikirdə deyiləm.

        - Əvvəlki prezidentlətin dövründə yaxşı olmayan nə idi? Axı, siz onların hamısı ilə çalışmısınız...

        - Akifdən qabaqkı rəhmətlik prezident xeyli zəif idi. Rəhmətlik Heydər Əliyev katib gələndə mənə zəng eləyib dedi ki, akademiyanın prezidentini dəyişmək istəyirik. Kimi məsləhət görərsiniz? İnanın bu cür soruşdu, çünki əlaqələrimiz çox yaxşı idi. Dedim ki, bir nəfəri məsləhət görərəm, ancaq bilmirəm siz razılaşarsınız, ya yox? Mən Həsən Abdullayevi məsləhət görürəm. Amma məsuliyyəti öz üzərimə götürmürəm. Məsləhət görərdim ki, siz sabah Nazirlər Sovetinin sədri və ikinci katibi Pavlovla gedib onun çalışdığı Fizika İnstitundakı işlərlə tanış olasınız. Bu adam onsuz da bütün günü institutunda olur, orada çalışır. Sabahı gün ikinci katib Pavlov mənə zəng vurdu, dedi ki, “İsmayıl Əliyeviç biz gedib baxdıq, onun işi çox xoşumuza gəldi. Belə qərara gəldik ki, elə onu akademiyanın prezidenti seçək”.

        - Sizcə, akademiya öz tədqiqat istiqamətini əsasən hansı istiqamətə yönəltməlidir?

        - Akademiya indi sənayenin inkişafı istiqamətində fəaliyyətini artırmalıdır. Çünki mürəkkəb dövrdür. Neft sənayesini inkişaf etdirmək lazımdır. Akademiyanın prezindenti də elə bu istiqamətdə düzgün fəaliyyət göstərir.

        - Amma elə akademiklər olub ki, onlar müəyyən müddətdə ölkəyə rəhbərlik də ediblər, yükəsək postlar da tutublar. Məsələn, akademiklər İmam Mustafayev və Mirzə İbrahimovla əlaqələriniz necə idi?

        - Onların ikisinin dövründə “pis olub” demək istəməzdim. Hərəsinin öz yeri və öz gördüyü işlər var. Ancaq, İmam Mustafayev Mirzə İbrahimovdan güclü idi. Çünki İbrahimov yazıçı idi. O, mütəxəssis deyildi. Akademiyada əsas işlər praktikaya söykənir. Ona görə də mən Mustafayevə üstünlük verərdim.

        - O adamların cərgəsində dostlarınız kimlər olub?

        - Ən böyük dostum Vəli Axundov olub. O da bir vaxt Mərkəzi Komitədən akademiyaya gəldi, sonra oradan da getdi. Biz yaxın dost olmuşuq. Texnikumda bir yerdə oxumuşuq. O texnikumda komsomol katibi, mən isə həmkarların katibi olmuşuq. O vaxtdan dostluq eləmişik. Vəli güclü və savadlı insan idi. Amma onun dövrü mürəkkəb oldu. Çünki müharibəyə qədər Bakı 13 milyon ton neft verirdi. Bağırov sonra o rəqəmi 22 milyona qaldırdı. Müharibənin də qazanılmasında bunun böyük rolu oldu. Sonra vəziyyət dəyişdi. Rusiyada zəngin neft yataqları tapıldığından Bakı neftinə diqqət azaldı. Hasilat 22 milyondan 14 milyona endi. Bu göstəricini artırmaq üçün Vəli Axundovu vəzifədən kənarlaşdırdılar, o, mütəxəssis deyildi. Onun uzaqlaşdırılması da xeyir vermədi. Çünki bizdə neftlə bağlı hər hansı iş görülsəydi, mütləq gərək Moskvadan icazə alaydın. Neftin çıxarılmasını dənizə yönəltmək lazım idi. Quruda neft o qədər də yaxşı çıxmırdı. Məcburən ya suda hasilatı artırmaq, ya da xariclə müqavilələr bağlamaq lazım idi. Sovet vaxtında isə xaric anlayışı ölmüşdü. Heç bir xarici müqavilə -filan olmurdu. Müstəqillik illərindən sonra Heydər Əliyevin gördüyü birinci iş xariclə müqavilələr oldu. Bu, Azərbaycana çox böyük fayda verdi. Elçibəyin vaxtında onları etmək mümkün deyildi. Amma bizim üçün neft çox vacib amil idi. Bu gün də o siyasət davam edir. Düzdür, neft get-gedə azalır, amma vaxt gələcək, dünyada neft azalanda Azərbaycan neftinin dəyəri qalxacaq. Amma sənayeləşməyə xüsusi diqqət yetirilməlidir.

        
Söhbətin bu yerində İsmayıl müəllimin otağına keçirik. Hitlerə qarşı batalyon komandiri kimi vuruşan İsmayıl müəllim medalları barəsində danışanda deyir ki, həm də Sosialist Əməyi Qəhrəmanıdır. Söhbətin bu yerində Mircəfər Bağırovla bağlı xatirələrini danışır:

        - Bu illər ərzində məni yalnız bir nəfər - Mircəfər Bağırov işdən çıxarıb. O vaxt Neft-Kimya İnstitutunun partiya komitəsinin katibi idim. Bakı şəhər Partiya Komitəsinin katibi məni yanına çağırdı. Dedi ki, yeni bir rayon təsis edilib, sizi ora “raykom katibi” təyin etmək istəyirik. Təsəvvür edin, bütün ali məktəblər, elm və təhsil müəssisələri ora tabedir. Mən müəllimlik fəaliyyətimi davam etdirmək istədiyimi, bu səbəbdən ora getmək istəmədiyimi bildirdim. Bununla da söhbət qurtardı. Sonra məni çağırıb sənaye sahəsi üzrə başqa yüksək vəzifə təklif etdilər. Dedilər ki, bu, Mircəfər Bağırovun təklifidir. “Ona görə istəyirik ki, sizi aparaq onun yanına, bu barədə özü ilə söhbət edin”. Razılaşdım, məni Mircəfər Bağırovun qəbuluna apardılar. Dedi ki, biz sizə “raykom katibi” vəzifəsi təklif edirik”. Sonra əvvəllər gördüyüm işlərlə, müharibədəki fəaliyyətimlə maraqlandı.
Bağırova o anda etiraz edə bilmədim. Bir müddətdən sonra məzuniyyətə çıxdım. Məzuniyyətdə olanda Mərkəzi Komitənin ikinci katibi Səmədova yazdığım məktubda qeyd etdim ki, “bu, Mircəfər Bağırovun təklifi olsa da, qəbul etmək istəmirəm”.
        Məzuniyyətdən qayıdandan sonra Səmədovun köməkçisi zəng vurub dedi ki, ikinci katib sizinlə danışmaq istəyir. Getdim. Səmədov kabinetində məktub barəsində soruşdu. Dedi, “bəs sən bilmirsən ki, Bağırovun dediyi söz Mərkəzi Komitədə müzakirə olunmur?”. Dedim, bilirəm. Səmədov qayıtdı ki, “bəs onda niyə sənə təklif olunan işlə məşğul olmaq istəmirsən? İstəmirsənsə, özün Mircəfər Bağırova yaz”.
        Elə yazmağa başlayırdım ki, Səmədova Mircəfər Bağırovun özü zəng vurdu. Yemelyanov bizim yanımızda idi. O, Dövlət Təhlükəsizlik Komitəsinin sədri idi. Bağırov Səmədovdan Yemelyanovu soruşdu. O da dedi ki, “oturub İbrahimovla söhbət edir”. Soruşdu ki, “hansı İbrahimov?”. Səmədov izahat verəndən sonra Bağırov dedi ki, “telefonun dəstəyini ona ver”. Dedi, “biz istəyirdik ki, sizi daha məsul vəzifələrə gətirək. Onun üçün əvvəlcə bu postu sizə təklif etdik. Əgər istəmirsinizsə, biz sizi azad edirik”. Nə isə məni işdən çıxardı. Daha sonra Təftiş Komitəsinin konfransında çıxışım olacaqdı. Mircəfər Bağırov da orada olmalı idi. Çıxışımı etdim, ondan sonra Mircəfər Bağırov mənə bir neçə sual verdi. Sonuncu sualı verəndə dedim ki, bilmirəm. Elə bu zaman üzünü zaldakılara tutub dedi: “Yoldaşlar, bu bürokratdır. O bizimlə çalışmaq istəməyən bir adamdır”.
Zaman elə gətirdi ki, Mircəfər Bağırov getdi. Onun ətrafında olan adamlar da eyni tale ilə üzləşdilər. İmam Mustafayev gələndən sonra mənə yenə həmin vəzifə təklif olundu. Ondan sonra Vəli Axundov gələndə yenə ona mənim barəmdə danışıblar. Vəli deyib: “Biz onunla dost olmuşuq, onun vəzifəyə gəlməsini məndən soruşmayın”. Sonra ətrafındakı adamlara dedim ki, özüm partiya komitəsindən gedirəm. Amma siz bunu Vəliyə deməyin. Madam ki, mənə görə ona söz gələr, elə indidən getsəm yaxşıdır. Vəli bundan lap sonralar xəbər tutdu. Rəsmi iclasların birində məni yanında oturtdu və bunun səbəbini soruşdu. Mən ona baxıb, sadəcə gülümsədim...

Söhbətləşdi: Elmin NURİ, 
Modern.az

        P.S. İsmayıl müəllim yavaş-yavaş yorulurdu. Hamıya qısa gələ biləcək bu müsahibə üçün o az qala iki saat yaxın danışıb. Bəzən möcüzəli şəkildə 50 il bundan qabaqkı hadisəni az qala saatına qədər dəqiqliklə desə də, sonra hafizəsi onu aldadırdı. Onu çox yormadıq. Amma həqiqət bu idi ki, onun yaddaşının o tərəfində bir quruluşun, bir dövlətin canlı tarixi yatır. O tarixi quran insanlar da orada var-gəl edir. Bacaranı çölə çıxır, bacarmayanı isə orada qalır...