Prjevalskinin borclu olduğu şəkili – Zaman bəy Şıxəlibəyov

Отправлено 14 сент. 2014 г., 2:36 пользователем Murad Nabibekov   [ обновлено 19 сент. 2014 г., 11:04 ]












Zəkəriyyə ƏLİZADƏ,
AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru,
geologiya- mineralogiya elmləri doktoru, professor



        Doğma Azərbaycanımızın yetirdiyi nə qədər dəyərli oğullarımızı, dövlət adamlarımızı hələ də tanımırıq! Bu yazıda onlardan biri olan Zaman bəy Şıxəlibəyovdan söz açacağıq. Zaman bəyin həyat yolu Azərbaycan (Şəki) – Türkiyə (İstanbul) – Şərqi Türküstan (Kaşğar) – Orta Asiya (Buxara, Daşkənd) torpaqlarından keçsə də indiyədək bu yerlərin heç birində ona həsr edilmiş ayrıca bircə məqalə belə yazılmayıb. Bu, onun haqqında ilk yazıdır. 

        Rus məmurlarının 1860-cı ildə tərtib etdiyi, professor Ədalət Tahirzadənin Azərbaycan Respublikası Tarix Arxivindən üzə çıxardığı Şəki şəhərinin müsəlman məmur və bəylərinin 82 səhifəlik siyahısında mərhum praporşik Şıxəli bəy Hacı bəy oğlunun oğulları: 22 yaşlı quberniya katibi Zaman bəy (təx. 1838), 20 yaşlı Bala bəy, 16 yaşlı Mehdi bəy və 8 yaşlı Məhəmməd bəyin adlarını oxuyuruq. Burada Zaman bəyin oğulları: 4 yaşlı İsa bəyin və 1 yaşlı Hacıağa bəyin də adları çəkilir. Sonralar bu oğullar soyadlarını Şıxəli bəyə istinadən “Şıxəlibəyov” götürüblər.
        Bizi Zaman bəy Şıxəli bəy oğlu Şıxəlibəyovun kimliyi çox maraqlandırdı, buna görə də onun şəxsiyyətini öyrənməkdən ötrü ən müxtəlif mənbələrə baxdıq və çox maraqlı faktlar əldə etdik. Doğrudur, bizim öyrəndiklərimiz hələ Zaman bəyin həyatı haqqında tam təsəvvür yaratmır (hətta ölüm tarixini belə dəqiqləşdirə bilməmişik), ancaq topladığımız məlumatın gələcək araşdırmalara ciddi təkan verə biləcəyini düşünürük.

* * *
        Səbəbini hələ dəqiq müəyyənləşdirə bilmədiyimiz bir hadisə üzündən Zaman bəy və qardaşları Şəkidən Osmanlı torpağına –İstanbula qaçmalı olublar. Bizcə, bu, çarizmin müstəmləkə rejiminin təzyiqləri nəticəsində baş vermişdi. İstanbulda Osmanlı hərbi qüvvələrində qulluq etməyə başlayan Zaman bəy burada tezliklə böyük nüfuz sahibi olub.
        Şərqi Türküstanı – Kaşğarı (bu gün ora Çinin uyğur türklərinin yaşadığı Sincan muxtar vilayəti kimi tanınır) Çin istilasındanqurtarmaq üçün böyük bir savaşa girən Məhəmməd Yaqub xan (1820-1877) özünün qardaşı oğlu Seyid Yaqub xan Törəni İstanbula elçi olaraq göndərdi və 16 iyun 1873-cü ildə elçini Sultan Əbdüləziz (1861-1876) şəxsən qəbul etdi. Məhəmməd Yaqubxanın yer üzündəki müsəlmanların qoruyucusu olan Osmanlı sultanının geniş qanadları altına sığınmaq istəməsi haqqında yazdığı məktubu oxuyan elçi ölkəsinin qorxulu durumunu şifahi anlatdıqda onun sözləri Sultan Əbdüləzizi xeyli duyğulandırmış və Kaşğarxanına dərhal yardım göndərmək haqqında əmr vermişdi.
        
        
Sultanın əmri ilə yardımı təşkil etmək topxana müşiri (marşal) Əli Səid paşa və ümum fabrikalar naziri Seyyid paşaya həvalə edilmişdi. Qısa müddətdə bütün alətləri ilə birlikdə 6 ədəd Krupp səhra topu, 1000 ədədi işlənmiş, 1000 ədədi isə yeni olmaqla 2000 tüfəng, piston və barıt düzəldən dəzgah və başqa alətlər hazırlanmışdı. Əlbəttə, bu alətləri işlədə biləcək adamlara da ehtiyac vardı. Onlardan yararlanmaqda Şərqi türküstanlılara yardımçı olmaq və kaşğarlıları nizami savaşa hazırlamaq üçün Əndərunlu Murad əfəndinin başçılığı altında istehkam zabiti Əli Kazım, piyada zabiti Mehmet Yusif, süvari zabiti Çərkəz Yusif, topçu zabiti İsmayıl Haqqı və “Dağıstan bəyzadələrindən Zaman bəy” və istefada olan 4 könüllü zabit Sultanın verdiyi məktubu da götürərək elçi Seyid Yaqub bəylə birlikdə yola düşmüşdür. Xatırlatmaq istəyirik ki, o dönəm Osmanlı ədəbiyyatında Azərbaycanın şimalındakı dağlıq hissələr, o sıradan Şəki ümumi “Dağıstan” adı altında gedirdi.

        Nə isə, Zaman bəyin də daxil olduğu Osmanlı hərbi heyətini aparan gəmi Süveyş kanalından geçərək Hindistanın Bombey şəhərində lövbər atmışdır. Heyət ingilislərin törətdiyi çoxlu çətinlik və əziyyətləri dəf edərək Kaşğara çatmış və müsəlmanların sevgi və gözyaşları arasında şəhərə girmişdir. Yaqub xan Osmanlı yardım heyətini 100 top atəşi ilə salamlamışdı. Osmanlı heyətinin bu gəlişi ilə Orta Asiyanın islam aləmində yeni həyat başlanmışdır. Göndərilmiş Türk bayrağı Kaşğar səmalarında dalğalanmış, xütbə Sultan Əbdüləzizin adına oxudulmuş və pullar da onun adına kəsilmişdir. Yaqub xan Osmanlı dövlətinin onaverdiyi “əmir” ünvanını götürərək özünü “Kaşğar əmiri Yaqub xan Badövlət” adlandırmışdır. Əmir Yaqub xan göstərdiyi yardıma və iltifata görə Osmanlı dövlətinə təşəkkür üçün 7 aprel 1875-ci ildə İstanbula minnətdarlıq məktubu göndərmişdir.
        Əmir Yaqub xan 8 iyun 1872-ci ildə ruslarla 5 maddəlik ticarət müqaviləsi imzalamışdı və onun hazırlanmasında ruslarla danışığı Zaman bəy Şıxəlibəyov aparmışdı. Əmir 2 fevral 1874-cü ildə Hindistandakı ingilis müstəmləkə idarəsi ilə də 12 maddəlik müqavilə imzaladı. Bundan sonra Rusiya və İngiltərə Kaşğar əmirliyində öz konsulluqlarını açdılar. Kaşğar əmirliyi Buxara xanlığı və Osmanlı dövləti ilə də diplomatik əlaqələr qurdu. Yaqub xanın güclənməsindən qorxuya düşən çinlilər 1877-ci ildə onu zəhərlədib öldürdülər və 1878-ci ildə yenidən Şərqi Türküstana hakim oldular.

* * *
  
        
Q.P.Fyodorov “Türküstan diyarında xidmətim (1870-1910)” adlı xatirələrində yazır ki, İvanov məni Buxara əmirini Qafqaza və Krıma müşayiət etməyə göndərdi. Bu, sözsüz ki, bütün xidmətim boyu aldığım tapşırıqların içərisində ən xoşagələni idi. Hələ sürətli qatarın əla vaqonlarındakı gedişlərin rahatlığından, Pyatiqorsk və Yaltadakı cah-cəlallı imarətlərdəki həyatdan danışmıram. Ancaq əmirin yaxın məiyyətində 3 ay fasiləsiz olmaq mənə böyük zövq verdi. Əlahəzrət daim elə lütfkar və qayğıkeş idi ki, onun yanında qulluq etmək adama ləzzət verirdi. Pyatiqorskda bulvarda o, ayrıca bir qatlı ev tutdu və demək olar ki, heç yana getmədən bütün vaxtını öz kabinetində keçirdi. Tək-tük hallarda şəlaləyə, yaxud batal bulağına gəzintiyə gedirdi. Əmirin yanında məndən başqa, onun daimi saray həkimi Pisarenko və tərcüməçi Zaman bəy Şıxəlibəyov da olurdu. Zamanbəy o qədər maraqlı adamdır ki, onun haqqında bir qədər danışmaq lazımdır. 
     
  
        
Şəkidən çıxmış Zaman bəy 1876-cı ildə Türkiyə müharibəsi vaxtı hələ çox gənc ikən xeyli qafqazlının içərisində Türkiyəyə mühacirət edib.
Rus hakimiyyətinin repressiyalarından çəkinərək geri dönməyə qorxub və öz qardaşları ilə İstanbulda qalıb. 1870-ci illərdə Kokand xanlığından şərqdə müstəqil Kaşğar xanlığı mövcud idi. Bu, qabaqlar Çinin bir əyaləti olub, ancaq bir cəsur macəraçı, Orta Asiya camaatından olan Yaqub bəy adlı birisi Kaşğarda hakimiyyəti öz əlinə keçirib və özünü müstəqil hökmdar elan edib (Badövlət). Bu Yaqub bəylə Kaufman sonralar hərbi nazir olmuş baş qərargah kapitanı Kuropatkinin vasitəçiliyi ilə hətta dostluq haqqında müqavilə bağlayıb. Bu hakim ölkədə bir sıra islahatlar keçirmək istəyərək Türkiyə sultanından ona bir neçə savadlı müsəlman göndərməyi xahiş edib. Sultan bu xahişi yerinə yetirib və Kaşğara göndərilmiş 4-5 nəfərin arasında Zaman bəy də olub. Kuropatkin Kaşğarda olan vaxt Zaman bəy ona lap çox kömək edib.

        Tezliklə (görünür, Yaqub bəyin ölümündən sonra) Zaman bəy Daşkəndə gəlib və Kaufmanın təqdimatı ilə Kuropatkinə göstərdiyi xidmətlərə görə minnətdarlıq kimi çar Zaman bəyin gənclik günahlarından keçib və onu qulluğa qəbul etməyə icazə verib. O, ömrünün sonunadək general-qubernatorun dəftərxanasında tərcüməçi işləyib...
        Bu, çox ağıllı, genişürəkli, xeyirxah, qayğıkeş və heç nəyə baxmadan gerçək müsəlman idi, xristianlara rəğbətlə yanaşırdı. Əmir bu adamın gözəl xasiyyətlərini dəyərləndirməyi bacarırdı və ömrünün sonunadək öz dostluq və inamını ondan əsirgəmədi. Pyatiqorsk və Yaltada olduğu zaman əmir Zaman bəydən demək olar ki, bir dəqiqə də ayrılmırdı və onlar saatlarca qəpik-quruşdan piket oynayırdılar. Əmir bu oyunu əla öyrənmişdi və Zaman bəydən udduğu 10-15 qəpiyi əlahəzrətin öz xüsusi pul kisəsinə necə böyük bir məmnunluqla qoyduğunu görəndə özünü gülməkdən saxlaya bilməzsən, Zaman bəy öz növbəsində bu xoşbəxt dəqiqələrdə udduğu məbləği öz pul kisəsində gizlədirdi. Geri döndüyümüz vaxt yolda Zaman bəy mənə qürurla etiraf etdi ki,əmirdən üst-üstə 4 manat 75 qəpik udmuşam.
        Pyatiqorskda bir ay qaldıqdan sonra əmir Yaltaya köçdü. Burada o, yaşayışını bir qədər dəyişdi. Hər gün səhər yeməyindən sonraYaltanın ətrafına – Livadiyaya, Oreandaya, Massandraya, Qurzufa gəzməyə gedirdi. Mənim və Zaman bəyin mütləq qatıldığımız bu gəzintilərdən böyük ləzzət alırdıq. Əmir bir cüt boz kəhər qoşulan əla araba saxlayırdı və bu araba ilə nümunəvi şossedə şütümək gerçəkdən zövq verirdi. Yaltadakı gözəl həyatı korlayan bir şey vardısa o da, əlbəttə, orden almaqdan ötrü əmirlə görüşmək istəyən qonaqların daimi üzlülüyü idi...

* * * 
 
        
Q.P.Fyodorovun “Türküstan diyarında qulluğum (1870-1910-cu illər)” adlı xatirələrində Buxara xanı ilə bağlı ikinci bir qeydi də var. Müəllif yazır ki, 1893-cü ildə imperator III Aleksandr Buxara əmiri Seyid Əbdüləhəd xanı Peterburqa yanına çağırdı. Baron Vrevski əlahəzrəti yolda müşayiət etməyi və Peterburqda onun yanında olmağı mənə tapşırdı. Ancaq məndən başqa əmrin məiyyətinə tərcüməçilər Sultan Asfendiyarov, Zaman bəy Şıxəlibəyov və həkimlər Pisarenko və Kazanski daxil idilər. 1893-cü ilin noyabrında mən yoldaşlarımla birgə Buxaraya yollandım və əmir bizi orada təntənə ilə qarşıladı...

        Bu səfərin Bakı ilə bağlı hissələrini “Kaspi” qəzetinin 1892-ci ilin sonları – 1893-cü ilin başlanğıcındakı bir çox saylarında oxuyuruq. Onlarda Buxara əmirinin Bakıda olması haqqında geniş məlumat verilmişdir. Həmin məlumatların ən qısa şəkildə xülasəsi ilə tanış olaq.
        Rusiyada 2 aya yaxın qaldıqdan sonra Buxara əmiri Seyid Əbdüləhəd Bahadur xan (1857-1911) 1893-cü ilin fevralında Buxaraya qayıtdı. 19 fevral 1893-cü ildə o, qatarla Bakıya gəldi ki, buradan paroxodla Uzun Adaya getsin. Əmirin yanında onun məiyyətinə daxil olan 10 nəfər və 15 nəfər də qulluqçusu vardı. Geri dönərkən onun yükü 800 pud idi. Sürət qatarı ilə əmir Tiflisdən Bakıya səhər saat 9:45-də çatıb.
        Əmirin gəlişi münasibətilə Bakı vağzalı bayraqlarla bayram kimi bəzədilmişdi. Qatarın dəqiq gəliş vaxtı bilinməsə də perronda və vağzal ətrafında xeyli camaat toplaşmışdı. Qatar yaxınlaşanda Salyan batalyonunun orkestri Buxara marşı çalmışdır. Qatar “çar” otaqlarının qarşısında dayanmışdır. Əmirlə bir qatarda gəlmiş Bakı qubernatoru Rogge öz vaqonundan çıxaraq qarşılayanları əmirə təqdim etmişdir. Buxara əmirinin yanında onun saray əyanlarından başqa Türküstan general-qubernatoru Q.P.Fyodorov və tərcüməçi Zaman bəy Şıxəlibəyov da olmuşdur.
        Buxara əmiri Şəmsi ƏsədullayevMusa Nağıyevin mədənlərinə baxdıqdan sonra gündüz saat 12:30-da qubernator Rogge ilə birlikdə Həsən bəy Nəbibəyovun evinə getmiş, orada Nobel şirkətinin nümayəndələri də olmaqla qonaqlarını qəbul etmiş və gecəni Nəbibəyovun evində qalmışdır. Gedərkən əmir minnətdarlıq əlaməti olaraq ev sahibi Həsən bəyə qızıl zəncirli qızıl saat hədiyyə etmişdir.

* * * 
        İndisə Zaman bəy Şıxəlibəyovla bağlı ən maraqlı məqamlardan birinə gəlirik. Bu, görkəmli rus səyyahı N.M.Prjevalsinin səyahətininbaş tutmasında onun həlledici rol oynaması ilə bağlıdır.
        N.M.Prjevalski “Kulcidən Tyanşan arxasına və Lobnora” kitabında öz səyahətlərini təsvir edərkən Zaman bəyə də yer ayırmışdır. O, öz xatirələrini yazarkən əvvəlcə Zaman bəyi “qaralamışdır” – ondan şikayət edir, ancaq ən sonda özünün ona borclu olduğunu etiraf edir. İstəyirik ki, oxucularımız ona münasibətin Prjevalskidə necə dəyişdiyini özləri müşahidə etsinlər. Xatırladım ki, səyyah onu öncə səhvən milliyyətcə erməni bilib.
        1877-ci ildəki səyahətindən söz açan zaman Prjevalski yazır: “Korla çatdığımızın ertəsi günü Badövlətin (Kaşğar xanım Yaqubxanım – Z.Ə.) yaxın adamlarından biri olan keçmiş rus təbəəsi, Zaqafqaziyada Şəki şəhərindən çıxmış və deyəsən, mənşəcə erməni olan Zaman bəy yanımıza gəldi. Haçansa hətta rus qulluğunda olmuş bu Zaman bəy rusca əla danışırdı və ağzını açan kimi bildirdi ki, Badövlət onu Lobnoradək yol yoldaşı olmaq üçün bizə göndərmişdir. Bu xəbərdən kefim pozuldu. Yaxşı bilirdim ki, Zaman bəy bizə göy qoymaqdan ötrü göndərilir və rəsmi şəxsin olması bizim araşdırmalarımız üçün yüngüllük deyil, əngəl olacaq. Belə də oldu. Doğrudur, Zaman bəy bizə şəxsən çox yaxşı idi və mümkün olduğu qədər bizə yardım göstərdi. Ona görə mənim bu hörmətli bəyə dərin minnətdarlıq borcum var. Onunla Lobnorda bizə Yaqub bəyin başqa etibar elədiyi hər hansı bir adamdansa daha yaxşı idi...”.
        Bir qədər sonra Prjevalski yazır: “Yenə ən kəskin ifadələrlə mən bu və buna bənzər onlarla hadisəni də Zaman bəyin başına çaxdım...”.
        Ən sonda isə Prjevalski Zaman bəyə tamam başqa cür yanaşmış, Lobnor ekspedisiyası üçün ona hədsiz minnətdar olduğunu bildirmişdir. O, gündəliyində belə bir qeyd etmişdir: “Mən Zaman bəyə atəşin bir məktub yazaraq bizə göstərdiyi bütün xidmətlərinə görə ona təşəkkür etdim. Həqiqətən Zaman bəy bizim üçün çox şey etdi – onsuz bizim üçün on qat çətin olardı. Biz onda heç Lobnora gedə bilərdikmi? Mənimki əcəb gətirir. Bir il tez, yaxud bir il gec olsaydı Lobnor araşdırması baş tutmayacaqdı”.
        Yazımızın sonunda ümidvar olduğumuzu bildiririk ki, tarixçilərimiz bu maraqlı soydaşımızın həyatı ilə yaxından maraqlanacaq və arxivlərdən onunla bağlı sənədləri üzə çıxaracaqlar. O, hərtərəfli öyrənilməyə layiq şəxsiyyətdir!