Daş, kərpic, taxta!..

Отправлено 13 апр. 2014 г., 3:17 пользователем Murad Nabibekov   [ обновлено 15 нояб. 2014 г., 4:42 ]
İradə RÖVŞƏN, 
AMEA Şəki Regional Elmi Mərkəzinin
laboratotiya rəhbəri,
memarlıq üzrə fəlsəfə doktoru



    Məqaləni ekoloji problemlər barədə mühazirə ilə başlamaq istəməzdim. Çünki, tək Azərbaycanda yox, bütün dünyada analoji problemlər göz qabağındadır və hər birimiz təbiətdə baş verən fəlakətlərdən xəbərdarıq. Demək olar ki, dünyada ekoloji gərginlik artıq son həddə çatmışdır və gərginliyi zəiflətməklə yanaşı, tədricən aradan qaldırmaq üçün ekoloji müvazinəti bərpa etmək tələb olunur.

    Baxmayaraq ki, ekologiyaya xidmət edən qurumlar tərəfindən gurultulu layihələr, ağacəkmə aksiyaları və bir çox digər işlər həyata keçirilir, yenə də nəticələr qənaətbəxş deyil. Bunun səbəbi də yalnız ondadır ki, insan öz yaxın ətrafında, evində, həyətində, ailəsində, kiçik bir dünyasında ildən ilə artan problemləri həll etmək əvəzinə, ilk baxışdan gözəgörünməz, hissolunmaz olsa da təhlükəli nəticələrə gətirib çıxaran problemlərlə dolu həyatını yaşamağa davam edir.
    Bəzən dünyada baş verənləri kənardan müşahidə edərək biz özümüzü gunahsız sayırıq. Sanki ətrafımızda baş verənlərin heç bizlərə aydiyyatı yoxdur. Halbuki bu belə deyil.
    Ekoloji problemlərin bütün fenomenləri barədə çox danışmaq olar.
    Bu yazımda mən sürətlə inkişaf edən tikinti materialları istehsalı barədə öz subyektiv fikirlərimi oxucularla bölüşmək istəyirəm.
    Bu gün tikinti materiallarına aid məsələlər ətrafında müzakirələr aparmaq vacibdir. Belə ki, hər gün bazarda geniş yayılmış məşhur və tanıdığımız tikinti materiallarından başqa, yeni və daha çox qazanc əldə etməyə imkan verən materiallarla qarşılaşırıq. Ona görə də bir çox materialları insanlar artıq sınaqdan keçirdiklərinə görə belə tikinti materiallarına şübhə ilə yanaşırlar.
    Yeni təmir olunmuş evin havasında ziyanlı toksik maddələr o gədər yüksək olur ki, insan orqanizmində tədricən böyük problemlərə səbəb olur. Gəlin tikintidə, yaşayış evlərinin təmirində istifadə olunan materialların (penobeton, penoplas, polistirol, poliuretan, polivinil, linoleum, DSP, PVX,...və s.) mənfi və müsbət cəhətlərini müqaisə edərək nəticə çıxartmağa çalışaq.
    Şəxsən bəndəniz gündəmə gələn yeni tikinti materiallarının əksəriyyətinin müsbət cəhətlərini görmür və qəbul edə bilmir. Onların yeganə üstünlüyü ondan ibarətdir ki, yeni inşa edilmiş, yaxud təmir olunmuş binalar estetik baxımdan bir müddət gözəxoş görünür. Vəssalam! Əlbəttə, dünya bazarında ekoloji təmiz tikinti materialları istehsal olunur, lakin onların qiyməti o dərəcədə bahadır ki, hər kəsin həmin materialları almağa sadəcə maddi imkanı yoxdur.
    Onu da qeyd edim ki, mən nə qədər ata-babalarımız istifadə edən tikinti materiallarının tərəfdarı olsam da, XXI əsrdə yeni, müasir stildə, modern layihələr əsasında inşa edilən yaşayış evləri, içtimai binalar daha ürəyimcədir. Şəki qədim şəhərdir. Hal hazırda şəhərimizin qədim hissəsi qorunub saxlanılsa kifayətdir. Yeni Şəki öz həyatını yaşayır və inkişaf etməkdə davam edir. Bu inkişafa da maneçilik tör
ətmək olmaz. 
    Eyni zamanda, gəlin XIX-XX əsrlərdə ata-babalarımızın istifadə etdikləri tikinti materiallarını xatırlayaq.
    Ümumiyyətlə, insanlar həmişə yaxında olan və ucuz başa gələn tikinti materiallarından istifadə etməyə meylli olublar. Dağlıq ərazilərdə və çay kənarlarında yaşayan əhali öz tikililərini çay-qaya daşlarından, saf torpaqlı yerlərdə palçıqdan, çiy və bişmiş kərpicdən, meşə materiallarınd=an, qarğı-qamışdan istifadə edib.
    Şəki-Zaqatala bölgəsinin də xalq inşaatında çay daşı geniş yayılmışdır. Əhali tikintidə çay daşından üç şəkildə: təbii halda, sındırılmış formada və nəhayət, həndəsi şəklə salınmış kubik formasında istifadə edib. Keçmişdə olduğu kimi, indi də əhali çay hövzələrindən daş yığır, xüsusi alətlər vasitəsilə onları lazımi şəklə salır və bir yerə toplayaraq araba, yaxud yük avtomobilləri ilə istənilən yerə aparır.
    Çaylaq daşları ilə kərpic bir birinə ən müxtəlif variantlarda birləşir.
    İri divar səthlərində iki, ya üç cərgə çaylaq daşından sonra bir və ya iki cərgə kərpic düzülürdü. Burada kərpic müəyyən vəzifə daşıyırdı. Kərpic çox da düz olmayan çaylaq daşından hörülmüş cərgələri düzəldir, eyni zamanda boz rəngli divarda bədii məzmunlu qırmızı zolaqlar yaradırdı. Bunun üçün kərpiclər uzununa, üfqi şəkildə qoyulur, ancaq bu, kərpicin tətbiqi üsulunun yeganə variantı deyildir.
    Şəki abidələrini, köhnə və müasir fərdi yaşayış binalarını ötəri də olsa görən hər bir mütəxəssis asanlıqla ayırd edə bilər ki, bu şəhərin memarlığında kərpicdən bütün mümkün variantlarda istifadə olunmuşdur. Maraqlısı odur ki, variantların bir qismi tam ənənəvi şəkil daşıyaraq bizə təkcə kərpicdən tikilən binaları, həmin binaların ucaldığı rayonları xatirladırsa, o biri qismi tam yeni üsullarla tətbiq edilmişdir. Misal üçün, çaylaq daşı, kərpic və ağ daşın, yaxud ağ silikat kərpicinin bir yerdə tətbiqi variantlarını göstərmək olar.
    Ümumiyyətlə, kərpic təkcə qapı tağları və yanlarında deyil, binaların xüsusi tərtibat vasitəsi ilə bəzədilmiş hissələrinin əksəriyyətində, demək olar, qabarıq qoyulub. Bundan məqsəd yenə də kölgə-işıq effekti yaratmaq və kərpic vasitəsilə düzələn bəzək ünsürlərini daha baxımlı etməkdir. Müstəsnalığı o kərpic naxışları təşkil edir ki, onlar kərpicin növbə ilə gah üfqi, gah da şaquli vəziyyətdə qoyuluşu nəticəsində alınır.
    Ağ silikat kərpic də Şəki tikintilərində yaxın vaxtlarda işlədilən materiallardan biridir. Ondan ağ daş kimi əksəriyyətlə bəzəkli hissələrdə və əsasən dişli haşiyə əmələ gətirən yerlərdə istifadə edilmişdir. Bunun üçün silikat kərpic yonulmuş, üçbucaqlı şəklində divara hörülmüşdür.
    Biz artıq XXI əsrdə yaşayırıq. Adətən ev inşa edilməzdən əvvəl bizi ilk növbədə evimizin divarlarını, həyətimizi əhatə edən hasarı hansı materialdan tikmək fikri düşündürür. Əgər özümüz üçün əsas meyarlar davamlılıq, möhkəmlikdirsə, onda ən yaxşı seçim - daşdır. Həmdə müasir dövrümüzdə daşdan ucaldılmış divarlar landşaft dizayn işlərinin gözəl ünsürüdür.
    Hansı amillərə görə bu tikinti materialından istifadə etmək məsləhətdir?
    - İstifadə etmə müddəti demək olar məhdudiyyətsizdir. Həmin müddət daşdan çox, daşları bir birinə birləşdirən tərkibdən aslıdır;
    - Daş - təbii materialdır, deməli ekoloji təmiz və ətraf mühüt üçün təhlükəsizdir;
    - Növündən asılı olaraq daşın qiymətləri geniş diapazona malikdir;
    - Daşdan istifadə yüksək yanğın təhlükəsizliyini təmin edən ən başlıca amillərdən biridir; 
    - Daşın görünüşü demək olar ki, hər bir stilə uyğun gəlir.

    Qeyd etdiyim kimi, tikinti istehsalı nə gədər sürətlə, “iri addımlarla” inkişaf etsə də, inşaat işlərində bişmiş kərpic, kubik, cürbəcür bloklar istifadə edilsə də, ata-babalarımızın əsrlərlə işlətdikləri materiallar aktuallığını yenə də itirmir. Ona görə də, çox sevindirici haldır ki, təbii materiallar - daş, kərpic, taxta həmişəki kimi tikinti işlərində geniş istifadə olunur.
    XVIII-XX əsrlərdə Şəkidə inşaat sahəsində əhalinin istifadə etdiyi geniş yayılmış tikinti materiallarından biri də çiy kərpic idi. Burada kvadrat və paraleloqram formalı çiy kərpic geniş yayılmışdır. Kvadrat çiy kərpiclər qədim binalarda daha çox yer tuturdu. Bu göstərir ki, keçmişdə əhali bu formadan daha çox istifadə etmişdir. Hazırda isə bu tip kərpic az kəsilir və inşaatda müxtəlif ölçülərdə olan paraleloqram formalı çiy kərpic növü daha geniş yayılmışdır.
    Çiy kərpic - havada qurudulmuş çiy materialdır. Çiy kərpic ağır olduğu üçün ev tikənlər çox vaxt onu inşa edilən evin həyətində hazırlayırlar.
    Çiy kərpicin hazırlanmasında əsasən gildən, qumdan, samandan və sudan istifadə olunur. Keçmişdə çiy kərpic kəsmək üçün hazırlanan qarışığa peyin də əlavə edirdilər və bu qarışıq qıcqırdıqdan sonra istifadə olunurdu. Çiy kərpic altı olmayan taxta formalara doldurulmuş məhlulun havada qurudulması ilə əldə olunur.
    Çiy kərpicdən tikilmiş evlərin əsas dörd inkaredilməz üstünlükləri var:
    1.Çiy kərpic tamamilə ekoloji təmiz materialdır;
    2.Çiy kərpicdən hörülmüş divar minimal istilikitirmə qabiliyyətinə malikdir. (bu da soyuq mövsümdə evi isti, isti mövsümdə evi sərin saxlayır.)
    3.Kərpicin istehsalı üçün böyük vəsait tələb olunmur.
    4.Evin divarları odadavamlı olur.

    Aydın məsələdir, çiy kərpicdən ev ucaltmaq ucuz başa gəlsə də daha çox zəhmət tələb edir. Lakin müasir dövrümüzdə evlərin dəmir-beton karkasla çiy kərpicdən inşa edilməsi daha məqsədəuyğun olardı və belə evlər ekoloji təmiz olmaqla yanaşı, həm də öz sahiblərinin sağlamlığının keşiyində dayanardı.
    
İndi isə qapı və pəncərələr barədə...
    Son zamanlar evtikmədə istifadə olunan plastik qapı pəncərələrin “parnik” efektini görməmək qeyri-mümkündür. Plastik materialdan istehsal edilmiş (PVX) qapı-pəncərələr quraşdırılmış evlərdə temperatur və nəmlik rejiminin normal olması haqqında heç danışmağa dəyməz. Həmçinin bu cür qapı-pəncərələr xarab olduqda, deformasiyaya uğradıqda onları təmir etmək də mümkün deyildir. Belə qapı-pəncərələrə malik evlərin istilik və havakeçirmə qabiliyyəti də olduqca aşağı səviyyədə olur. Belə evlərin pəncərələrindəki şüşələrin qış mövsümündə ifrat dərəcədə tərlədiyinin hamımız şahidi oluruq ki, bu da evdə nəmliyin yüksək həddə çatdığını göstərir.
    Bir çoxları bəzi qərb ölkələrini, o cümlədən Almaniyanı misal çəkərək bildirirlər ki, orada qapı və pəncərələrin 55%-i PVX-dandır. Lakin onu da qeyd etmək lazımdır ki, almanlar plastik qapı-pəncərələrdən müəssisə və təşkilatlarda, istehsal ashələrində, zavodlarda istifadə edirlər. Evlərdə isə ən çox üstünlüyü taxta qapı və pəncərələrə verirlər. Fikrimcə, bu barədə də fikirləşməyə dəyər...
    Baxmayaraq ki, plastik pəncərələrin bəzi üstünlüklərinə son vaxtlar ev sahibləri həvəslə istifadə edir, lakin müasir tikinti materiallarının bir çox şübhəli cəhətləri insanları təbii materiallara üstünlük verməyə vadar edir.
    İnşaat materialları haqqında çox danışmaq olar. Və mən qətiyyən istəmirəm ki, istehsalçılar mənim yazdıqlarımı reklam, yaxud anti-reklam kimi qəbul etsinlər. Bu məsələlər bir memar kimi məni maraqlandırır və bu barədə memarlar da danışmayıb sussalar, gələcək nəslimiz böyük problemlərlə qarşlaşa bilərlər. Odur ki, inşaat materiallarının bütün mənfi cəhətlərinin öyrənilib aradan qaldırılnası günümüzün vacib məsələlərindən biridir.
    Onu da qeyd edək ki, hətta hamımızın yaxşı tanıdığımız beton da təhlükəli maddələrin ifrazına malikdir. Çünki bir çox beton istehsalçıları qənaət məqsədi ilə qarışığın tərkibinə metallurgiya zavodlarının tullantılarını (şlakları) qatırlar...
    Hazırda həm fərdi yaşayış evlərində, həm də qeyri-yaşayış binalarında “laminat” adlanan döşəmə örtüyü geniş istifadə olunur. Pərakəndə satış obyektlərində müxtəlif firmalar tərəfindən istehsal olunan laminat əldə etmək olar. Laminat öz keyfiyyəti, rəngi, ölçüsü və əlbətdə, qiyməti ilə fərqlənir. Bu müasir tikinti materialının hansı müsbət keyfiyyətlərindən danışmaq olar? Mən belə cəhətləri görmürəm. Parketlə, taxtayla laminatı necə müqaisə etmək olar? Adətən firmalar istesal etdiyi laminata 15-20 il zəmanət verir. Lakin istifadə edənlər başqa qənaətə gəliblər. Ev şəraitində istifadə etmək şərti ilə, laminat sizə 5-10 il xidmət edə bilər.
Yeni və şübhəli tikinti materiallarından biri də penobetondur. Bu tikinti materialının reklamı bizlərə onu yüngül, ekoloji təmiz, ucuz, tez quraşdırılan bir material kimi təqdim edir. Ola bilsin ki, belə reklamda həqiqət var, amma elə də heyranedici deyil. Düzdü, penobetonun istilikkeçirmə xüsusiyyətləri adi kərpicdən iki dəfə üstündür. Eyni parametrlərə nail olmaq üçün, kərpicdən hörülmüş divar 1,5 m olmalıdır, penobetondan isə 50 sm. Təbii ki, belə halda daha az vəsait tələb olunur və tikinti işləri sürətlə gedir.
    Təəssüf ki, kiçik həcmli bir qəzet məqaləsində tikinti materiallarının bütün müsbət və mənfi cəhətlərindən danışmaq mümkün deyil. Redaktorun mənə ayırdığı reqlamentə uyğun çalışdım ki, az da olsa sizləri məlumatlandırım.
    Sonda onu da qeyd edim ki, yeni tikinti materialların siyahısı çox uzundur - çardaq örtukləri, interyerdə-eksteryerdə istifadə edilən boyalar, lambir, laminat və daha nələr, nələr... lakin bu siyahının əsasını cəmi 3 söz təşkil edə bilər: Daş, kərpic, taxta!..
Mənbə: "Şəki Bələdiyyəsi" qəzeti