YERİ GƏLMİŞKƏN…

Отправлено 10 дек. 2013 г., 0:27 пользователем Murad Nabibekov   [ обновлено 15 нояб. 2014 г., 4:43 ]

Həkimə deyirlər: -“Səni o dünyada böyük cəza gözləyir...”
-“Niyə? Mən həkiməm!Mən insanlara kömək edirəm.
 Onları əzab əziyyətdən qurtarıram.”
- “Çünki Allah insanlara xəstəliyi cəza kimi, onları ayıltmaq üçün göndərir, sən isə onlara bunu dərk etməyə mane olursan.”
 


    Dəyərli oxucum təəcüblənməsin, bu yazıda memarlıq haqqında söhbət açmaq fikrim yoxdur. Hər halda, memarı da narahat edən  başqa həyati prolemlər var və bu yazıda mən cəmiyyətdə nəzərəçarpan “xəstə” düşüncələr, belə düşüncələrin səbəbləri və ağır fəsadları  barədə fikirlərimi - cəmiyyəti formalaşdıran hər bir fərdin sağlamlığının cəmiyyətin sağlamlığına olan təsirini araşdırmaq fikrindəyəm. Belə bir deyim var: “Dünyada ən şirin nemət olan can sağlığı”. Lap kiçik vaxtlarımızdan bu sözləri eşidirik və əzizlərimizə, yaxınlarımıza yazdığımız açıqcaları da həmişə bu sözlərlə tamamlayırıq: “...uzun ömür və can sağlığı arzulayıram!”. Amma xəstələnməyincə heç birimiz bu sözlərin əsl mahiyyətinə varmırıq. Cəmiyyət də belədir. İnsanlar təminatlı, ədalətli cəmiyyətin bərqərar olmasını istəyirlər, lakin belə cəmiyyətin necə formalaşması və bu prosesin çətinliyi çoxlarını heç düşündürmür. Xoş güzəran təmin edən sağlam cəmiyyət də sağlam insanlardan ibarət olmalıdır.

Ali tibb məktəblərində gələcəyin həkimlərinə xəstəni sağaltmaq üçün xəstəliyin diaqnozunu tapıb onu aradan qaldırmağı öyrədirlər. Lakin altı il tibb universitetində təhsil alan və iki il internatura təcrübəsi keçən tələbələrə müəllimlər xəstəliyin əsas əmələgəlmə səbəblərini aşkar etməyi öyrətmirlər, fikrimcə həmin səbəbləri özləri də bilmirlər. Baxmayaraq ki, həkimlər bu səbəbləri axtarır, özü də çoxdan axtarır, amma hələ tapmayıblar. Paradoks! Belə çıxır ki, əslində xəstəni sağaltmaq üçün xəsləliyin səbəbi bilinməlidir, lakin tibb elmi səbəbləri əşkar edə bilmir. Belə çıxır ki, təbabət xəstəlikləri aradan qaldırmır, sadəcə xəstələrin əzablarını yüngülləşdirir və müvəqqəti olaraq onlara ağrısız həyat bəxş edir. Bir çox alımlər artıq müəyyən ediblər ki, qida, infeksiyalar, hava şəraiti sadəcə xəstəliyin inkişafı üçün fon yaradır. Əsas xəstəlikləri yaradan amillər isə insan orqanizminin daha dərinliklərindədir, fərqi yoxdur, bu ruhun zədələnməsindən əmələ gəlir, yoxsa bədənin. Əslində isə insan sağlamlığına xətər yetirən problemlər (xəstəliklər, streslər, emosiyalar, depressiyalar) onun şüurlu düşüncələri ilə bilinçaltı (şüuraltı) niyyətləri üst-üstə düşməyəndə özünü göstərir.

    Bu gun təkcə sehrbazlara və cadugərlərə deyil, həm də tibb elminə məlumdur ki, insanın niyyətlərinə tabe olan güclü bir enerji mövcuddur. Yəni, insan hansısa bir hadisəni gozləyərkən, artıq başqa enerji sistemlərinə təsir edir, hadisələr insanın gözlədiyi şəkildə düzülür. Deməli, taleyimizin asılı olduğu əsas güvvə insanın daxilində yerləşir.

    Körpə “neyrofizioloji aparat” adlanan görmə, eşitmə, qoxu, dad, toxunma düyğuları ilə dünyaya göz açır. Həmin o düyğularla uşaq Reallığı dərk etməyə hazır olur. Beləliklə, valideyinlər, tərbiyəçilər, müəllimlər uşağa istiqamət verir, sonra isə uşaq boya başa çatdıqca öz davranış qaydalarına dəyişikliklər və yeniliklər gətirir. Bu həm onun həyatını zənginləşdirən duyğular ola bilər, həm də əksinə, həyatda səmərəli hərəkətini məhdudlaşdıran, kasadlaşdıran fikirlər ola bilər. Bizim taleyimiz - bizim  fikirlərimizdir! Deməli hər kəsin dünyası onun fikirlərinin əksidir. Lakin fikir həyata keçincə müxtəlif transformasiyaya uğrayır.

    Bir tanışımla olan söhbəti sizə çatdırmaq istərdim. Çox mehriban, səmimi, qayğıkeş bir  insandır.  Maraqlandım ki, sən oruc tutursan, qurban kəsirsən, namaz niyə qılmırsan? Mənə cavab verdi ki, “Sən mənim işimə qarışma, mənim Allahımla öz münasibətim var”. Cavab xoşuma gəlməsə də, fikirləşdim ki, bəlkə də o haqqlıdır. Bu insanın daxilində öz Allahı var, o, Allahını səmimi sevir, əsas odur ki, Allahsız deyil və heç vaxt həyatında namərd hərəkətlərə yol verməz. O özünü çox xoşbəxt hiss edir, ailəsindən, qohumlarından, qonşularından, dövlətdən, bir sözlə, cəmiyyətdən razıdır... O Allahı göylərdə, buludlar arasında oturan, onu barmağıyla hədələyən bir qoca kişi obrazında təsəvvür etmir. Onun Allahı qəlbindədir...

    Xəstəni müalicə edə bilməyən, yaxud da müalicənin başqa üsullarından bixəbər həkimdən çox hallarda belə sözlər eşitmək olar: “Qərək bağışlayasız, amma  tibb sizə kömək edə bilməyəcək”. Xəstə də müalicəsini dayandırır, çünki xəstəliyinin əlacsız olduğuna inanır. Müasir təbabətdə əlacı olmayan xəstəliklər kiçik olmayan bir siyahı təşkil edir. Və bu cür xəstəlikləri sağalmaz hesab edirlər. Lakin insan öz iradəsinə tabe olub məsuliyyəti öz üzərinə götürə bilsə, heç bir xəstəlik sağalmaz sayıla bilməz. İnsan həyatında nəyisə dəyişmək istəyirsə (səhətini, ətrafdaki insanlarla münasibətini, işini, maddi vəziyyətini və s.), öz daxili qüvvələrinə müraciət edib, bilinçaltı proqramını, fikirlərini, yəni özünü dəyişməlidir.

    Belə bir hadisə Moskvada baş verib. 14 yaşlı qız uşağının anası həkimə müraciət edir. Həmin qız gündə bir neçə dəfə 20-30 dəqiqə əllərini yusa da, həmişə şikayətlənirdi ki, əlləri təmiz deyil və yenə yuyurdu. Psixiatrlar qıza şizofreniya diaqnozu təyin edir, güclü psixotrop dərmanlarla müalicəyə başlayırlar. Əlavə olaraq qızın anası onu psixoterapevtin yanına aparır. Bir neçə seans psixoterapevtlə söhbət edəndən sonra, uşaq başına gələn bir əhvalatı danışır. Qızın 9 yaşı tamam olanda, valideyinləri ona ad gününə balaca bir tutuquşu bağışlayırlar. Qəfəs olmadığı üçün, quş evdə azad uçur və istədiyi yerə qonur. Bir gün mətbəxtə girəndə qız yerdə quşu görməyib, bilmədən onu tapdalayır və quşu əlinə alanda, əli qana bulanır. Quşun öldüyünə görə valideyinlərindən qorxan qız onu həyətdə basdırır və evdə deyir ki, quş pəncərədən uçub gedib. Bu hadisə illər ötəndən sonra uşaqda şizofreniya xestəliyinə səbəb olur. Belə ki, o, hər dəfə əllərini yuyanda həm qan izlərini, həm də gunahını yumağa çalışırmış. Xəstə uşağın başına gələn hadisədən valideynlərinin xəbəri olduqdan sonra qızın vəziyyəti tez bir zamanda yaxşılığa doğru dəyişir.

    Dahi Kaudzo Nişi müasir təbabəti onda günahlandırır ki, o, xəstəliyin səbəbini yox, nəticəsini müalicə edir, səbəb isə qalır kənarda. Demək xəstəlik hər an yenidən özünü göstərə bilər. Səbəb aradan qaldırıldıqda isə xəstəlik özü birdəfəlik insan orqanizmini tərk edir. Nişi bildirir ki, xəstəliklərin əsas səbəbi sinirlərin fəaliyyətinin pozulmasıdır.

Vaxtılə insanlar sosializm uğrunda mübarizə aparan dövrdə, Karl Mark xəstə cəmiyyətin sağlamlaşdırılması üçün nəticələrin deyil, səbəbin aradan qaldırılmasını zəruri hesab edirdi və bildirirdi ki, “xəstəliyin” səbəbi xüsusi mülkiyyətdir və nə qədər ki, xüsusi mülkiyyət var, istismar da olacaqdır. Beləliklə, xəstə cəmiyyətin müalicəsi üçün “xəstə” (proletariat) “həkimin” (marksizm nəzəriyyəsinin) köməyi ilə “xəstəliyə” (kapitalizmə) qalib gələ bilər. Bunun üçün səbəbi (xüsusi mülkiyyəti) aradan qaldırmaq lazımdır. Bu gün Karl Marksın bu fikirləriylə razılaşmaq qeyri mümkündür. Çünki dünyanın bir çox ölkələrində kapitalizm devrilib, uzun müddət sosializm düşərgəsi bərqərar olsa da cəmiyyətin sağlamlaşmağı nəzərə çarpmadı. Hazırda isə demək olar ki, bütün dünyada kapitalizm qalib gəlib, amma yenə də bir çox ölkələrdə cəmiyyət yenə “xəstədi” və bu xəstəliyin səbəbləri naməlumdur.

    Yeri gəlmişkən, Kaudzo Nişinin “Güclü insanın qaydaları”nı qısa şəkildə xatırlatmaq yerinə düşərdi. Həmin beş qaydaya riayət edən insan güclü və sağlam hesab edilir.

     1.      Heç nədən qorxub kənara çəkilməyin. Əgər qorxu hissinizi cilovlayıb sizi dəhşətə salan hadisənin “gözlərinin içinə” dik baxsanız və həmin hadisəni sakitcə analiz etsəniz sizə heç bir xətər toxunmayacaq.

 

2.      “Taleyin hökmü”dür deyib hər şeylə barışmaq insan həyatını uçuruma aparan və mənasız edən amillərdəndir.

     3.      Keçmişi ilə yaşamaq insanın gələcəyini zərbə altında qoyur. Olanlar haqqında daim fikirləşən kəs gələcək uğurlardan özünü məhrum edir.

     4.      Pis fikirləri yaxına buraxmayın. Xəyallarınızda həmişə pozitiv hadisələr canlandırıb onların reallaşmasına çalışın. Arzularınızın həyata keçməsi üçün atacaq addımlarınızı sonraya saxlamayın.

     5.      Bağışlamağı bacarın.  Sizə qarşı ədalətsiz davranan insanlar haqqında çalışın heç fikirləşməyin. Bağışlamağı bacarmayan insan sağlam ola bilməz.

     Kaudzo Nişidən də əvvəl  bu və digər (düzgün davranış qaydaları, təmizkarlıq, qida mədəniyyəti və s.) məsələrlə bağlı müqəddəs kitablarda da insanlara məlumatlar verilib. Lakin həmin məsləhətlərə əməl edənlərin sayı getdikcə azaldığından son vaxtlar tez-tez dünyanın sonu barədə söhbətlər gündəmə gəlir.

    Cəmiyyətdə xəstəliyi insandan asılı olmayan bir bəla kimi qəbul edirlər. Ona görə də hamımız xəstələndikdə bunun səbəbini özümüzdə yox, kanarda axtarırıq. “Çox əlverişli mövqe”dir: - “Mən xəstəliyimə cavabdeh deyiləm. Qoy həkimlər bu problemlə məşğul olsunlar”. Belə xəstə müvəqqəti olaraq “sağalır”, sonra isə xəstəlik ya güclənir, ya da başqa bir şəkildə özünü büruzə verir. Əlini hər şeydən üzən xəstə də əhatəsində və əlaqədə olduğu hər şeyi - havanı, əşyaları, özünün işini, həkimləri, hətta  qohumlarını və yaxınlarını qunahlandırır. Halbuki, o öz “daxili həkimi”nə müraciət etsə özünə komək edə bilər.

Əlbəttə, dünyada tibb elminin son illərdə əldə etdiyi nailiyyətlər çoxdur və hamısı göz qabağındadır.  Bu gün səhiyyə sistemində çalışanlar insanların əzab-əziyyətlərini azaltmağı bacarırlar və bu az iş deyil. İnsan qəzaya düşüb beyin xəsarəti alıbsa, infarkt olubsa, ona öyüd-nəsiyət vermək, söhbət etmək yersiz olar, onu mütləq həkimə çatdırmaq lazımdır. Lakin bir çox hallarda unutmaq olmaz ki,  hər insanın daxilində öz həkimi var. Bəlkə də heç kim təsəvvür etmir ki, onun bilinçaltısı həm yaradıcı, həm də dağıdıcı qüvvəyə malikdir. Kiminsə xətrinə dəyirsənsə, deməli ona qarşı öz dağıdıcı enerjini yönəltdin və bununla da nə vaxtsa özünə qarşı qayıdacaq ağrı və acının təməlini qoydun. Lakin ətrafındakı insanlara məhəbbət, qayğı göstərdinsə, yəni onlara qarşı yaradıcı, müsbət enerjini yönətdinsə, deməli sevinc və uğur səni gözləyir. Bu söylədiklərimizdən belə çıxır ki, insanlar öz bilinçaltı səviyyəsində bir birini məhv edirlər, sonra isə təəcüblənirlər ki, dünyanı zorakılıq bürüyüb, xəstəliklər də artıb. Maraqlı bir xüsusiyyət də diqqəti cəlb edir: insan əgər öz daxilində dəyişməyə başlayırsa, o, özünü müalicə etməklə yanaşı, ətrafında sağlam bir məkan yaradır.

    Fikir - enerjinin unikal bir formasıdır, belə ki, o həm yaradıcı, həm də dağıdıcı qüvvəyə malikdir. Hamıya yaxşı məlumdur ki, insana göstərilən məhəbbət, qayğı, diqqət və edilən yaxşılıq necə təsir edir. Belə insan daim özünü xoşbəxt, sakit, şən və sağlam hiss edir. Əksinə, insanı qorxudanda, haqqında pis fikirlər söyləyəndə, onun beynini dağıdıcı fikirlərlə yükləyəndə, insanın səhəti tezliklə pisləşəcəkdir.

    Belə bir təcrübənin keçirildiyini çoxları eşidib yəqin: bir birinə yaxın qoyulmuş iki qəfəsdən birinə canavar, o birinə isə qoyun salıblar. Qısa bir müddət keçdikdən qoyunun öldüyü aşkarlanıb.

    Yazdıqlarım bir çox oxuculara qəribə gəlsədə, deməliyəm ki, həyatınızdan, övladlarınızdan, səhətinizdən, cəmiyyətinizdən narazı olmaqdansa, birinci növbədə özünüzə fikir verin, ozünüzü sevin, özünüzü sağaldın. “Sağlam insan – sağlam ailə -sağlam cəmiyyət” devizini həmişə hər şeydən üstün tutun. Ailənin sağlamlığı bizlərdən aslıdır. Sağlam cəmiyyətin yaranması üçün hər insan öz üzərində çalışıb sağlamlığını əldə edə bilməlidir.  Hər bir fərd, digər bir fərdlə mehriban və səmimi ünsiyyət qurmalıdır, nəfsi istəklərdən uzaq olmalıdır, əxlaq normalarına zidd olan hadisələr törətməməlidir. Bütün bunlar sağlam cəmiyyətin yaranmasının əsas meyarıdır.

    Necə ki, həyatda iki eyni barmaq izləri olan insana rast gəlmək mümkün deyil, eləcə də, həyat yolu, taleyi eyni qaydada təkrar olunan insanla qarşılaşmaq qeyri mümkündür. Hətta monoziqot (bir yumurtalı)  əkizlərin həyatı da fərqli olur. Başqa sözlə desək, hər insan öz dünyasında yaşayır və özü öz unikal dünyasının yaradır.

Bir çox bir birindən fərgli cəmiyyətlərdə baş verən hadisələri müşahidə etsək, aydın görərik ki, insanlar problemlərini həll etmək üçün çox aqressiv yol seçirlər. Belə üsülun isə yaxşı nəticə vermədiyinin həmişə şahidi olmuşuq. Hər insan öz həyatı üçün məsuliyyət daşıyır. Adi bir misal. Alimlər artıq sübüt ediblər ki, tək alkoqoliklər, narkomanlar дейил, siqaret çəkənлəр дə, бир сöзлə, зəрəрли адəтлəрə алудə оланлар хəстə щесаб олунурлар. Belə olan təqdirdə hansı sağlam cəmiyyətdən danışmaq olar?

    Cəmiyyətdə xəstələrın sayı çoxaldığı halda, qonşu-qonşunu, qohum-qohumu saymadığı halda və insanların yadlaşması, biganəlik hallarının çoxalması göstərir ki, artıq cəmiyyət  tənəzzülə uğrayıb. Bunun gunahı kimdədir? Təbii ki, hər birimizdə... Əvvəlcədən boynuma alıram ki, bu yazıya görə mənimlə razılaşmayanlar çox olacaq. Lakin bir faktı da unutmayaq ki, müasir dövrümüzdə özlərini deyil, dövləti, cəmiyyəti, mühiti gunahlandıranlar çoxluq təşkil edir. Bəziləri isə fikirləşir ki, “Varım-dövlətim olsa günüm-güzaranım xoş keçər, xəstəlik nədir bilmərəm”. Lakin mənim fikrimcə bu yanlış fikirdir. Başımıza gələn uğursuzluğun səbəbini özümüzdə axtarıb, heç kimi gunahlandırmamalıyıq. Unutmayın ki, varlılar da ağlayır!..

 


"Şəki Bələdiyyəsi" qəzeti