Sak Türklərindən yadigar 2700 yaşlı şəhər - ŞƏKİ

Отправлено 9 июл. 2014 г., 0:08 пользователем Murad Nabibekov   [ обновлено 9 июл. 2014 г., 0:25 ]
Yaşıl və füsunkar təbiətinə, maraqlı tarixinə, özünə xas mədəniyyət və mətbəxinə sahib Şəki, Azərbaycanın ən qədim şəhərlərindən biridir. Tarixin səhifələri vərəqləndikcə təməli eramızdan əvvəl 8-ci əsrə qədər uzanan bu şəhərin adının müxtəlif şəkillərdə qeyd olunduğu görünür. Orta əsrlərə dair mənbələrdə şəhərin adının Şəkə, Şaki, Şaka, Şakka, Şakke, Şakkan, Şəkkin kimi müxtəlif şəkillərdə işləndiyi məlum olur. Şübhəsiz Çar Rusiyasının tərkibinə qatıldıqdan sonra şəhərin adı Nuxa deyə dəyişdirilmişdir. 1846-1968-ci illər arasında bu adın qəsdən istifadə edilməsi ilə, fikrimizcə Şəkinin keçmiş tarixi unutdurulmaq istənilmişdir.

Bəs Şəki adının mənşəyi haradan gəlir? Eramızdan əvvəl 8-ci əsrdə bu bölgədə məskunlaşmış Sak Türkləri ilə Şəki adının bir əlaqəsi ola bilər mi? Tarixi mənbələr bu suallara cavab tapmaqda bizə necə kömək göstərir?

Həqiqətən də belə maraqlı suallar, Şəki adının izlərinin qədim tarixi mənbələrdə axtarılmasına səbəb olmuşdur. Əslində bu adın meydana çıxması və eyni adla yaşayış məntəqəsinin salınması haqqında tarix ədəbiyyatında yekdil fikir vardır. O da Şəki adının çox qədim zamanlardan etibarən istifadə olunmasıdır. Bu fikri böyük Azərbaycan tarixçisi Mahmud İsmayıl da qəbul etməkdədir. (M. İsmayıl, “Şəki Xanlığı”, Bakı 1997)

Antik Yunan müəlliflərinin əsərlərini vərəqlədikdə Şəki adına rastlamaq mümkündür. Məsələn Herodot və Strabon, Şimali Qafqazda yaşayan Sakların eramızdan əvvəl 7-ci əsrdən sonra cənuba, kiçik Asiyaya hücum etdiklərini göstərirlər. Bu hadisədən daha geniş bəhs edən Strabon yazır ki, “Saklar Zaqafqaziyada ən yaxşı torpaqları tutdular və bu yerləri öz adlarına uyğun Sakasena adlandırdılar”. Ehtimal ki, Strabonun Sakasena adlandırdığı bu yer Şəki olmuşdur. Çünkü bir sıra tarixi mənbələrdə Şəki adı Sakasena, Şakaşena kimi dəyişik şəkillərdə də göstərilmişdir.

II. əsr Yunan müəllifi Ptolomey Osika adlı bir şəhər adı çəkir. Tədqiqatçılar bu adı Şəki adının təhrifi hesab edirlər. 

Rus coğrafiyaçısı Yevgeni Mixayloviç Pospelov 1998-ci ildə çap etdirdiyi “Географические названия мира: Топонимический словарь: Около 5 000 единиц” adlı kitabında Şəki haqqında belə yazır:

Eramızdan əvvəl 8-ci əsrdə təməli qoyulan bu şəhərin adı qədim dövrlərdə Sakasena vəya Sake idi. Sonra dəyişikliklərə məruz qalaraq Şakaşena, Şaka, Şakki və Şəki şəklinə gəlmişdir. 1840-cı ildə Şəki şəhərinin mərkəzində Nuxa qəzası təsis olunmuşdu. Nuxa sözü isə Avar dilində “Nux” sözündən gəlir və “yol” mənasını verir.” Göründüyü kimi Şəkinin qədim adları Pospelovun kitabında da bir sıra tarixi mənbələrdə göstərildiyi şəkildə qeyd olunmuşdur.   

Məşhur Sovet tarixçisi Kamilla Vasilyevna Trever, 1959-cu ildə nəşr olunmuş “Очерки по Историй и Культуре Кавказской Албаний IV в. до. н. э- VII в. н. э” adlı əsərində:

Alban ittifaqına daxil olan qəbilələr arasında, Kür çayının münbit sağ vadisində Şakaşena vilayətində Sak qəbiləsi nəslindən məskun olanlar...” şəklindəki sözlərlə Sakasena (Şakaşena) vilayətinin adını çəkmiş və Sakların Şəki ərazisində yaşadıqlarını qeyd etmişdir. Trever eyni zamanda Şəkinin coğrafi mövqeyini də göstərir:

“Şəki, Qəbələdən yüksəkdə, dağətəyi bölgədir” 

IX. əsr Ərəb müəlliflərindən əl-Bəlazüri həmin ərazini Şakaşen, şəhəri isə Şake adlandırmışdır. Digər mənbələrdə də Şəki adına rastlanmışdır. Məsələn, eramızdan əvvəl II. əsrdə Erməni çarı I Artaşes (e. ə. 189-e.ə.160) bir sıra torpaqları, o cümlədən Kürün sağ sahilindəki Albaniya torpaqlarını zəbt etmişdi. Lakin Alban çarlığının sonradan zəbtdən azad etdiyi bu yerlər içində Şəkinin adı da çəkilmişdir.

Buraya qədər göstərdiyimiz mənbələrdən də anlaşıldığı kimi Şəki adı bir başa Sak Türklərinin adı və məskunlaş olduqları yer adı ilə bağlı idi. Hər halda bu yerdə Sak Türkləri haqqında məlumat vermək də yerinə düşərdi.

Sak Türklərinin tarix səhnəsinə çıxışı e. ə. 800-cü illərdə Monqolustan və Türküstanda baş verən uzun quraqlıq nəticəsində olmuşdur. Öncə mərkəzi Tyanşan dağları ətrafında, daha sonra isə cənub qərbi Asiyada yaşayan Türk qövmü olan Saklar haqqında dəqiq məlumatlar bizim eradan əvvəl 7- 4-cü əsrlərə aiddir. Sakların idarəsi tamamən Türklərin əlində idi. Hakimiyyət sahələri Fərqanə, Qaşqar, Aral gölü Xəzər dənizi arası və bugünkü Rusiyanın cənub sərhədlərinə qədərdi. Eyni zamanda Qaradəniz şimalındakı Kimmerlərin hakimiyyətlərinə son verərək bu coğrafiyaya tamamən hakim olmuşdular. Hətta bəzi vaxtlar Kimmerləri təqib edərək Ön Asiyaya doğru soxulmuş, Urartu və Assuriyalılarla mübarizələr aparmışdılar. Şübhəsiz Sakların ən çox mübarizə apardığı qövm Perslər (Farslar) idi. Fars qaynaqlarının bildirildiyinə görə, Perslər 3 Saka qrupuna qarşı döyüşmüşdülər.

Sakalar geniş ərazilərə yayıldıqları üçün müxtəlif millətlərin mənbələrində qeyd olunmuşdurlar. Məsələn, Yunan mənbələri onlara Skythai, Assuriya mənbələri Aşquzai, Fars mənbələri Sak, Çin mənbələri isə Sai deyirdilər. Antik Yunan tarixçiləri də Saklar haqqında məlumat vermişdirlər. Hipokrat Sakların əxlaq və adətlərində Hun və Göytürklərlə bənzərlik olduğunu qeyd etmişdir. Fars qaynaqlarında da onlardan bəhs edilir.

Sak Türklərinin mənşəi məsələsi mübahisəli olsa da elm dünyasında onların əsasən Türk olduğu qəbul edilməkdədir.  19-cu əsrin ilk on illiyindən etibarən qərb dünyasında onların mənşələri haqqında elmi tədqiqatlar aparılmış və bir sıra alimlər Sakların Türk olduğunu söyləmişdir.

Sakların Türk olduğunu fikrinin ən məşhur tərəfdarlarından biri B. G. Niebuhrdur. O, Herodotun əsərini incələdikdən sonra Sakların Tatar və Monqol qövmlərindən olduğunu irəli sürmüşdür. Əsaslandığı fikir isə, Saklarla Tatarların örf adətlərində oxşarlıqlar olmasıdır. Bu fikri Yunan tarixçisi Grote də qəbul etmişdir.

20-ci əsrin əvvəllərində Sakların Ural-Altay irqindən olduğunu Minns də söyləyir. Minns yazılı mənbələrə isnad edərək və çox sayda arxeolojik misalları dəyərləndirərək onları Hind Avropalı deyil, Ural Altay irqinə mənsub qəbul edir. Huntingnford da onların Asiya mənşəli, Tatar vəya Monqol irqinə mənsub olduqlarını qəbul edir. Ruben isə Sakların dillərinin farsça olmasına baxmayaraq onların Herodot tərəfindən təsvir edilən adətlərinin İran adətlərinə oxşamadığını deyərək Türk olduqlarını ifadə edir.

Sakların Ural-Altay irqinə mənsub olduğunu Türk elm adamları da qəbul edir. Bu elm adamlarından biri molla Mehmed Elabəşidir. O deyir ki, “Türk uyruqlarından və dünyanın böyük qədim qövmləri zümrəsindən biri də Sak Türkləridir”. Tatar ziyalısı Sadri Maksudi Arsal isə antik qaynaqları  elmi metodla incələyərək Sakların Türk olduğunu bəyan edir. Türk alimi Şəmsəddin Günaltay da Sakların Türklüyünü qəbul edir. Başqırd əsilli alim Zəki Vəlidi Toqan da bu fikrə qoşulur. Toqan, onların həyat tərzi, qiyafət və simaları, adət və əxlaqları haqqında Hippokrat tərəfindən verilən bilgilərin Hunlar və Göytürklər haqqında yazılanlarla eyni olduğunu söyləyir. Fəxrəddin Kirzioğlu da Sakların bir Türk qovmü olduğunu ifadə edir.

Türk alimi Bahaəddin Ogəl, orta Asiyadakı atlı qövmlər üçün bəzən Sak yerinə Skif termininin işləndiyini, Sak qövm adının yalnızca German qövmlərini bildirən bir deyim olmadığını, bunların içində Türklərin və hətta Monqolların da olduğunu bəyan edir. Mirəli Seyidov isə Sakların əsasını Türk dilli qəbilələrin təşkil etdiyini bildirir, onların xüsusən Yaqutların, Qazaxların və Azərbaycanlıların soykökündə rol oynadıqlarını və yalnız Türk dilli olduqlarını açıqlayır. Türk tarixçisi Yılmaz Öztuna isə Sakların tərkibində Ari irqi ilə qarışmış Türklər olduğunu, xanədan və hakim ünsürün isə tamamən Türk mənşəli olduğunu söyləyir.

Bu yazdıqlarımız, müxtəlif mübahisələr olmasına rəğmən Sakların Türk mənşəli olduğunun elm dünyası tərəfindən qəbul edildiyinin isbatıdır.

Sak Türkləri eyni zamanda zəngin mədəniyyətə sahip idilər. Şəraitə uyğun həyat tərzi yaşayırdılar. Ata minmək, ox atmaq ən məşhur məşğuliyyətləri idi. Hətta bir qız düşmən öldürmədən evləndirilməz, subay qalır və beləcə yaşlanırdılar. Beləcə qadınlar da həyat tərzlərinin şərti kimi kişilərlə eyni mübarizənin içində yer alırdılar.

Saklar 4 və ya 6 təkərli, 2 və ya 3 otaqlı arabalarda yaşayırdılar. Bu arabalar küləyə, yağışa, qara qarşı sağlam şəkildə inşa edilmiş olub, dört yanları və üstü keçə ilə örtülürdü. Arabaları soyuq səbəbindən buynuzları çıxmamış 2 və ya 3 öküz çəkib aparırdı. Arabaların içində qadınlar və uşaqlar yaşayır, kişilər isə at üstündə gəzərdilər. Heyvanlarına ot tapınca o yerdə qalar, sonra başqa yerə köçərdilər. Ayrıca keçmiş Türklər kimi keçədən çadır evlərdə də yaşayırdılar.

Saka ordusunun böyük bölümü atlı süvarilərdən ibarət idi. Onlar at üzərində ox ataraq savaşırdılar. At üzərində çevik manevrlər etdiklərinə görə uzaqdan ox ataraq savaşmağı tərcih edirdilər. Hücum silahlarından əsasları ox və yay idi. Ucu çox iti, hətta zəhərli ucluqlu oxlar da istehsal edirdilər. Zəhər əldə etmək üçün bir növ ilanı ovlar, vücudunun çürüməsini gözləyər, bir neçə prosesdən sonra zəhər alırdılar. Oxların ucunu zəhərə batırıb atardılar. Hədəfə dəymiş bu oxları çıxartmaq mümkün deyildi. Zatən bu arada zəhər də vücuda yayılırdı.

Uzaqdan ox atmaqla savaşmaqda Sakalar mahir idilər. Saka lideri Tomrisin belə bir savaş taktikası ilə Perslərə qarşı mübarizə etdiyi qaynaqlarda məlumat verilir. E. əvvəl 528-ci ildə Balxan adlı yerdə Pers ordusunun önü kəsilərək bu savaş taktikası ilə məğlubiyyətə düçar edilmişdi.

Sakaların inançları, ölü dəfn etmə mərasimləri Altaylılarla eyni olmuşdur. Herodotun əsərində bütün təfərrüatı ilə nəql edilən Sakaların ölü dəfn etmə adətləri, kurqanları və mühüm insanların mumyalama adətləri sonrakı dövrlərdə digər Türk boylarında da görülmüşdür.

Sakaların geyimləri də özlərinə xas olmuşdur. Öndən düyməli dar qollu köynək və pencəklər geyinirdilər. Ayrıca şalvar da geyinir, paltarları dəri kəmərlə bağlayırdılar. Ayaqlarına yumuşaq dəri çəkmə geyinirdilər. Başlarına da şiş papaq qoyardılar. Fikrimizcə hazırda Qazax və Qırğız Türklərinin istifadə etdikləri milli baş geyimləri, eyni zamanda Novruz bayramında ölkəmizdə “Kosa”nın başına qoyduğu şiş papaq, Sak Türklərindən miras qalmış ola bilər. Hətta deyilənlərə görə Saklar çörəyə “İpaka” deyirlərmiş. Bu sözün Şəkidə çörəyə deyilən “Əppək” sözü ilə nə qədər əlaqəsi vardır, dəqiq bilmirik. Ancaq iki söz arasında böyük oxşarlıq olduğunu görünməkdədir. 

Vaxtilə Qafqazda və bölgəmizdə yaşayan Sak Türklərinin daha sonralar başqa Türk etnoslarına qarışdıqları və onların adları ilə davam etdikləri bilinməkdədir. Lakin onların birbaşa adlarıyla bağlı toponimlər bu gün ölkəmizdə eləcə də dünyanın fərqli bölgələrində vardır. Tarixçi alim Qiyasəddin Qeybullayevin qeydlərinə görə Azərbaycanda Zaqatala, Balakən, Astara rayonunda Sakaşon, Ağsu rayonunun Bico kəndində Pirəmsaq toponimləri Sak Türkləri ilə bağlıdır. Bu arada Şəki adlı yaşayış məntəqəsi Azərbaycandan başqa Tatarıstan, Türkiyə, Qərbi Azərbaycanda (indiki Ermənistan) da vardır. 

                                                                                                Mənbə: "ŞƏKİ BƏLƏDİYYƏSİ" qəzeti