Şəki və Oğuz rayonları ərazisində intensivləşən səhralaşma prosesləri və onların aradan qaldırılması istiqamətində mübarizə tədbirləri

Отправлено 8 нояб. 2015 г., 3:22 пользователем Murad Nabibekov   [ обновлено 9 нояб. 2015 г., 2:16 ]







Aygün İSMAYILOVA, 
AMEA Şəki Regional Elmi Mərkəzinin əməkdaşı 


        Məqalədə Şəki və Oğuz inzibati rayonları ərazisində son dövrlərdə aparılan təsərrüfat və həmçinin infrastruktur layihələrin nəticəsi olaraq təbii və antropogen amillərin yaratdığı xeyli problemlər və xüsusilə intensivləşməkdə olan səhralaşma problemləri araşdırılmış, əldə olunan nəticələr əsasında onların həlli yolları və yeni proqramların ekoloji cəhətdən planlaşdırılmasına dair müəyyən təkliflər verilmişdir.

        Açar sözlər: eroziya, innovasiya, intensiv inkişaf, münbitlik göstəricisi, landşaft, ekosistem, ətraf mühit, kənd təsərrüfatı.

        Giriş. Hava, su, torpaq, fauna-flora, landşaft və iqlim komponentlərinin hər birinin insan fəaliyyəti nəticəsində dəyişməsi bütünlükdə biosferdə gedən dəyişmə ilə nəticələnir. Bu dəyişiklik təkcə antropogen amillər deyil, eləcə də texnogen və demoqrafik proseslərin təsiri ilə də müşahidə olunan təhlükəli ekoloji vəziyyət yaradır və bu kimi təsirlər də biosfer və atmosferi əsaslı surətdə, hətta sürətlə dəyişməkdədir. İqlimin ekoloji xəritəsinin dəyişməsi və qloballaşması atmosferdəki CO, CO2, NH3, NO, NO2 qazlarının və halogenlərin miqdarının normadan çox artmasıyla qlobal istiləşmə və istilik effektinə səbəb olur. Bu isə nəticə etibarilə quraqlıq, səhralaşma kimi ekoloji böhranlara gətirib çıxarır. İstiləşmə hər yerdə eyni surətlə getməsə də orta illik temperaturun qalxması prosesi səhralaşmış ərazilərin areallarının durmadan genişlənməsi ilə müşahidə olunur. Bugün Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Dövlət Torpaq Xəritəçəkmə Komitəsi (DTXK) mütəxəssislərinin proqnozlarında quru iqlim şəraitində yerləşən Azərbaycan üçün səhralaşma problemi həllini gözləyən vacib ekoloji məsələlər sırasında son dərəcə aktualdır. Ölkədə səhralaşma proseslərinin dərinləşməsi – iqlim dəyişmələri və antropogen yüklənmələrin güclənməsi, texnogen, demoqrafik proseslərin təsiri ilə surətlə getməkdədir.

        Tədqiqat obyekti və metodikası. Tədqiqat obyekti olaraq Şəki və Oğuz inzibati rayonlarının dağətəyi və düzənlik sahələrində səhralaşma prosesinin intensiv getdiyi ərazilərin təbii şərait və torpağına antropogen faktorların təsirinin müxtəlifliyi, eləcə də çöl tədqiqatı şəraitində həmin ərazilərin bitki örtüyünün kserofitliyi, seyrəkliyi və kompleksliyi araşdırılmışdır. Torpağın üst qatlarından götürülmüş nümunələrdə torpaq qələviliyi və turşuluğunun ərazinin torpaq və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına təsir gücü torpaqşünaslıq elmində ümumi qəbul edilmiş qanunlara əsasən müəyyənləşdirilmişdir.

        Tədqiqatın təhlili və müzakirəsi. Bol su ehtiyatı, normal rütubət balansı, məhsuldar torpaq və geniş meşə örtüyünə malik Şəki və Oğuz inzibati ərazi vahidləri Şəki-Zaqatala iqtisadi rayonunda, Böyük Qafqazın cənub yamacında meyilli dağ ətəyi düzənlik sahələrdən başlayaraq, yüksək dağlıq zona da daxil olmaqla geniş əraziləri əhatə edir. İnzibati vahidlərin mürəkkəb torpaq-ekoloji şəraiti kənd təsərrüfatının taxılçılıq, bağçılıq, tütünçülük, üzümçülük və həmçinin maldarlığın inkişafı üçün yem əkinləri sahələrinin inkişafına şərait yaratmışdır. Lakin son dövrlərdə respublikamızın bir çox ərazilərində olduğu kimi, Şəki və Oğuz inzibati rayonlarında da həyata keçirilən təsərrüfat və infrastruktur layihələr bölgənin coğrafi mühitində bir sıra problemlərə səbəb olmuşdur. İntensiv kənd təsrrüfatı istifadəsinə cəlb olunmuş arid və semiarid landşaftlar təbii-coğrafi mühiti xeyli dəyişdirərək müxtəlif aqrokomplekslərlə əvəzlənmiş, müvafiq infrastrukturlar və müxtəlif məişət obyektlərinin tikilməsi ümumilikdə ərazinin ekocoğrafi şəraitini dəyişdirmişdir. Həmçinin, quraqlıq, meşələrin məhv edilməsi, suvarılan əkin sahələrinin zaman ərzində şoranlaşması, torpağın tullantılarla çirklənməsi, köçəri maldarlıq, biçindən sonra taxıl sahələrinin yandırılması və bu kimi səbəblər ərazinin ekoloji tarazlığına mənfi təsir göstərmişdir. Meşələrin qızınmaq üçün odun mənbəyi, mal-qara üçün otlağa çevrilməsi meşə döşənəyi və münbit üst qatın tədricən dağılmasına, səthi axınların dərinləşməsinə gətirib çıxarmışdır. Meşə bitmə arealının pisləşərək meşə sahəsinin bozqırlaşması, torpaq örtüyünün deqradasiyaya məruz qalaraq səhralaşması prosesi getmişdir 
(Şəkil 1).
        Ərazinin hidroloji şəraiti. Quraqlıq və yağıntının az düşməsi ilə əlaqədar yay aylarında kəndlərdə əkin sahalərinin suvarılmasındakı çətinliklər təsərrüfat işlərinin aparıldığı sahələrdə müəyyən problemlər yaradır. Çətinlik ən çox Əlicançaydan qidalanan Cəyirli kanalının hövzəsindəki Cəyirli, Şəki, Sarıca kəndlərində və Turan qəsəbəsində özünü göstərir. Kiçik və Böyük Dəhnə kəndləri, eləcə də Suçmanın suvarılan sahələri Daşağıl çaydan qidalanan Dəhnə kanalında suyun miqdarının azalması səbəbiylə suvarıla bilmir. Baxmayaraq ki, Şəki və Oğuz rayonları əlverişli su balansı strukturuna malikdir, dağınıq relyefləri süni suvarma kanalları sisteminin inkişafını əngəlləmiş olur. Məişət və təsərrüfat sahələrinin suya olan təlabatının ödənilməsi çətinliyi çay sularının il ərzində və ərazi üzrə qeyri- bərabər paylanması səbəbli baş verir. Kiş, Şin, Daşağıl, Oğuzçay, Əlicançay, Xalxalçay və Qalaçay çaylarının axımı tənzimlənmədiyindən daşqın və sel sularından səmərəli istifadə etmək mümkün olmur. İlin isti aylarında isə kiçik çayların bir çoxunun suyu quruyur. Əkin sahələrinin suvarılmasında problemlər yaranır. Həmçinin artezian sularından normadan artıq istifadə Oğuz və qonşu rayonlarda quraqlıqla müşahidə olunan bir çox problemləri üzə çıxarır.

        Bitki örtüyü. Məlum olduğu kimi Şəki və Oğuz rayonları ərazisinin bitki örtüyü dağ sistemlərinə məxsus şaquli qurşaqlıq qanununa uyğun olaraq yayılmışdır. İstər təbii, istərsə də antropogen amillər nəticəsində dəyişilməyə məruz qalmış bu torpaqlarda nadir ağac növləri ilə yanaşı, çay vadiləri, əkin və biçənəklərin qiymətli bitkiləri də zənginlik təşkil edir. Ərazidə aparılmış müşahidələrə əsasən deyə bilərik ki, Şəki və Oğuz rayonlarının əkinə yararlı torpaq sahələrində bugün torpaqların konservasiyası, dincə qoyulması, eləcə də alaq otlarına qarşı mübarizə tədbirlərinin görülməsi labüddür. Belə ki, Şəki (74,87%) və Oğuz (65,31%) inzibati rayonları eroziyanın inkişafı prosesində bioloji aktivliyini itirən torpaqların əkin dövriyyəsindən çıxma təhlükəliliyi ilə seçilən ərazilər siyahısındadır. İri taxılçılıq rayonları kimi hər iki rayonun quraq və yuxa (zəif) profilli torpaqlarında ardıcıl olaraq dənli bitkilərin əkininin aparılması, alaq otlarına qarşı mübarizədə aqrotexniki və kimyəvi mübarizə tədbirlərinin görülməməsi torpaqların məhsuldarlığına, münbitliyinin azalmasına və eroziya prosesinin dərinləşməsinə gətirib çıxarır. Nəticədə, Sarıcalı, Şirinbulaq, Göybulaq, Küdürlü, Kosalı; Turan qəsəbəsi (Şəki); Yaqublu, Bucaq, Calut, Xaçmaz, Böyük Söyüdlü və Padar (Oğuz) kəndlərinin əkinə yararlı torpaq sahələri quraq ərazilərə çevrilməklə landşaftında əsaslı dəyişiklik yaranır.
        Torpaq-iqlim şəraiti nəzərə alınmadan sortların seçilməsi, torpaqların meliorativ vəziyyətinin pisləşməsi, üzvi və mineral gübrələrin torpaq və bitkilərin təlabatına uyğun verilməməsi həmçinin alaqlarla mübarizə problemini ortaya çıxarır. Güclü kök sisteminə malik alaqlar taxıl sahəsində sıxlıq yaratmaqla mədəni bitkiləri kölgələndirib günəş işığından məhrum edir, onların boyca kiçik qalmasına, yatmasına və nəticə etibarı ilə, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına və keyfiyyətinə mənfi təsir edir. Ən geniş yayılan və məhsuldarlığa ciddi ziyan vuran turpəng, yabanı vələmir, barmaqvari çayır, çəhrayı kəkrə, toyuq darısı, göyümtul qıllıca, pıtraq, çöl noxudu-gülül, qanqal, lalə və kalış tipli alaqlar kənd təsərrüfatı bitkilərinin qida elementini təşkil edən azot, forsfor, kaliumu götürməklə taxıla nisbətən daha sürətlə boy atır. Dərin qata işləyən güclü kök sistemləri vasitəsi ilə torpaqda olan su ehtiyatından maksimum yararlanaraq su sərfiyyatını artırır və torpağın tez qurumasına səbəb olur. Təxmini hesablamalarda 1 hektar əkin sahəsində alaqların mənimsədiyi qida maddələrinin və suyun miqdarı həmin sahədən 20-25 sentner məhsul götürülməsinə ekvivalentdir. Torpağa belə təsərrüfatsız münasibət əkinçiliyin strukturasında ciddi dəyişikliklər yaratmaqla, suvarılan dağ boz-qəhvəyi torpaqların geniş sahələrdə qanqallaşmasına, məhsuldar əkin sahələrində məhsuldarlığın aşağı düşməsi kimi problemlərə gətirib çıxarır. Bu isə yüksək və sabit məhsul əldə edilməsində düzgün mübarizə tədbirlərinin həyata keçirilməsini qaçılmaz edir (Şəkil 2).
        Səhralaşmanın daha intensiv getdiyi otlaq sahələrində mal-qaranın normadan artıq otarılması ümumlikdə ərazinin mikroflorasına və onda gedən bioloji proseslərin intensivliyinə böyük təsir göstərir. Şəkil 3-də göründüyü kimi dik yamaclı yaylaqlarda torpaq örtüyü çox yuxa olduğundan yüklənmələr eroziya prosesinə tez məruz qalır. Normadan artıq otarılmış ərazilər bitki örtüyünün deqradasiyası, səthi və yarğan eroziyasının yaratmış olduğu problemlərlə qarşılaşır. Nəticədə torpağın strukturu pozulur, məsaməliyi və su sızdırma qabiliyyəti pisləşir, su torpağa pis hopur, cığırlarla axaraq torpağı mexaniki sürətdə dağıdır. Bu fakt eroziyaya mәruz qalan otlaq sahәlәrindә yaylaqlarda hidrotexniki,fitomeliorativ, mәdәni­texniki və aqrotexniki tәdbirlәrin kompleks şәkildә hәyata keçirilmәsini vacib edir.
        Mövcud problemlərdən biri biçindən sonra taxıl sahələrinin yandırılmasıdır. Hansı ki, bu hal torpaqda üzvi maddələrin itirilməsi və torpaq mikroflorasının məhvini mövcud edir. Çoxillik təcrübələr kövşənlərə, xəstəlik törədici və zərərvericilərə qarşı mübarizədə yandırmanın səhv metod olduğunu göstərmiş olsa da, bu hal növbəti illərdə də təkrarlanır. Nəticədə həmin sahələrdə torpaq münbitliyinin kəskin sürətdə aşağı düşməsi və becəriləcək bitkilərin məhsuldarlığında 20-30 faiz azalma müşahidə olunur.
        Ərazidən keçən Qaraməryəm-İsmayıllı-Şəki magistral yolu ilə hərəkət edən avtomobil mühərriklərinin ixrac etdiyi daxili yanma məhsulları, ekoloji tələblərə cavab verməyən irili-xırdalı istirahət mərkəzlərinin istismarı, supaylayıcı sistemlərin texniki tələblərə cavab verməməsi, tikinti materiallarının (mişar daşı, qum, çınqıl, gil və s.) istehsalında yaranan toz və aerozolların atmosfer havasına atılması və s. ərazinin torpaq-bitki örtüyündə, eləcə də hidroloji mühitində ciddi ekoloji problemlər yaradır. Təbii sərvətlərdən qeyri-rasional istifadə və ətraf mühitin idarə olunması məsələlərinə lazımi diqqət yetirilməməsi müəyyən zaman içində təbii-coğrafi komponentlərin ekoloji gərcinliyinə zəmin yaradır. İnsanların kənd təsərrüfatı fəaliyyəti nəticəsində ərazi bitki və heyvan tullantıları, pestisidlərlə, mineral gübrələrlə çirklənir.
        Aparılmış nəzəri və təcrübü tədqiqatların nəticəsi olaraq Şəki-Oğuz rayonları ərazisinin torpaq-bitki örtüyündə baş verən neqativ hallara qarşı kompleks mübarizə tədbirləri kimi aşağıdakı təkliflərin həyata keçirilməsi məqsədə uyğun olardı.

        Nəticə və təkliflər.

        1. Tədqiqat sahəsindəki torpaqların keyfiyyət parametrlərinin pisləşməsini nəzərə alaraq onların ekoloji durumunu daha da yaxşılaşdırmaq üçün ciddi aqrotexniki tədbirlər görülməlidir. Ona görə də, bu ərazilərin təsərrüfatlarında növbəli əkin sisteminin tətbiqi, yerli şəraitə uyğun toxumların seçilməsi, aqrotexniki qaydalara düzgün əməl edilməsi, suvarma və yemləmə gübrələrinin verilməsi, eləcə də alaqlarla və zərərvericilərlə mübarizə tədbirlərinin vaxtında və keyfiyyətli həyata keçirilməsi ciddi zərurət doğurur.

        2. Torpaq örtüyündə baş verən neqativ hallara qarşı digər mübarizə tədbiri torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasıdır. Bu baxımdan kanallarda və sututarlardakı sızmaların qarşısının alınması, çay hövzələrində hidrotexniki qurğuların çəkilməsi, suvarma sistemlərinin yenidən qurulması, əkinə yararsız torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, suvarmada müasir üsullardan istifadə vacib məsələlərdəndir.

        3. Otlaq ərazilərindən normadan artıq və təyinata uyğun olmayan istifadə halları həmin sahələrdə bitki örtüyünün məhvini sürətləndirir. Bu məqsədlə sıradan çıxmış yaylaqların kənd təsərrüfatı dövriyyəsindən çıxarılması, dincə qoyulması, ot örtüyü seyrәk olan sahәlәrdə çoxillik ot bitkilәrinin toxumlarının sәpimi və reabilitasiya işlərinin görülməsi məqsədyönlü addım olardı. Digər bir çıxış yolu heyvandarlıqda kəmiyyətə deyil, keyfiyyət göstəricinə üstünlüyün verilməsidir. Belə ki, heyvandarlıqla məşğul olan şəxslər koperasiyalarda birləşib böyük tövlə metodu ilə təsərrüfatlar yaratsalar səhralaşmanın qarşısı müəyyən dərəcədə alınmış olar.

        4. Meşə sahələrinin məhsuldarlığının artırılması, onun qoruyucu, səhiyyə-gigiyena və digər faydalı funksiyalarının yüksəldilməsi istiqamətində dağ ətəyi sahələrdə meşələrin salınması, dağda kolluqların və təbii otlaqların bərpası, əkin sahələri ətrafında qoruyucu meşə zolaqlarının salınması kimi real tədbirlərin həyata keçirilməsi torpaqların deqredasiyası və eroziyasının qarşısını ala bilər.

        5. Torpaqda gedən fizioloji və bioloji proseslərin gedişində, bitkilərin xəstəliklərə, şaxtaya, quraqlığa qarşı davamlı olmasında, məhsulun artmasında, onun keyfiyyətinin yaxşılaşmasında və s. mineral gübrələrlə yanaşı mikro gübrələrin rolu danılmazdır. Alaq otlarına qarşı mübarizədə profilaktiki və məhvedici üsulların, xüsusilə kimyəvi mübarizə üsulu kimi herbisidlərin tətbiqi kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında, məhsulun keyfiyyət göstəricisinin yaxşılaşdırılmasında, ümumilikdə torpağın bioloji potensialının gücləndirilməsində əhəmiyyəti böyükdür.
* * *
        ƏDƏBİYYAT

        1. Məmmədov Q.Ş.,Xəlilov M.Y. Ekologiya, ətraf mühit və insan. Bakı,“Elm”,2006,səh.406-410

        2. H.Əsgərova. Landşaftda antropogen təsir və səhralaşma. Azərbaycan təbiəti jurnalı. Bakı, “Kommunist”, 1990, № 5, səh 25-27.

        3. A.A.Əsgərov Ətraf mühitin qorunması və təbii sərvətlərdən istifadə. Bakı, 1989.

        4. H.Əsgərova. “Landşaftın səhralaşmasının fitocoğrafi xüsusiyyətlərinin tədqiqi (Kiçik Qafqazın şimal-şərq yamacı və Cöyrançöl alçaq dağlığı timsalında)” Bakı – 2012, 180səh

        5. Hacıyev V.C. Azərbaycanın bitki örtüyü. Bakı, ”İşıq” 1976, 100 səh.

        6. X.M.Mustafayev. Torpaq eroziyası və ona qarşı mübarizə tədbirləri. Azərbaycan dövlət nəşriyyatı. Bakı 1974 
* * *

Процессы интенсивного опустынивания в территории районов 
Шеки и Огуз и мероприятия по их преодолению 
А.Ч.Исмайилова 

        В этой статье, выбранные в качестве объекта исследования, изучены процессы опустынивания в предгорьях и на равнинах территорий в административных районах Шеки и Огуз. Исследованы проблемы интенсификации процесса опустынивания созданные в результате природных и антропогенных факторов. Результаты экологических аспектов были определены пути их решений в планировании новых программ и предложений.

        Ключевые слова: эрозия, сельское хозяйство, инновация, интенсивное развитие, экология, ландшафт, экосистемы, растительность, экосистема, фотосинтез, окружающая среда.