AMEA Şəki Regional Elmi Mərkəzi beynəlxalq elmi əlaqələri genişləndirir

Отправлено 8 нояб. 2015 г., 1:33 пользователем Murad Nabibekov   [ обновлено 8 нояб. 2015 г., 1:39 ]
Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015–2020-ci illər üçün Dövlət Proqramının icrası ilə bağlı AMEA Rəyasət Heyyətinin 28 yanvar 2015-ci il tarixli 3/2 saylı Qərarı ilə əlaqədar “Azərbaycan 2020 – gələcəyə baxış” İnkişaf Konsepsiyası və ona müvafiq Milli Fəaliyyət Planı hazırlanmışdır. 






Fərhad ƏZİZOV,
AMEA Şəki Regional Elmi Mərkəzinin 
elmi işlər üzrə direktor müavini, b.ü. PhD 


        Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planına uyğun olaraq, Şəki Regional Elmi Mərkəzdə 2015–2020-ci illər üzrə təsdiqlənmiş Elmi-tədqiqat işlərinin proqramı çərçivəsində ayrı-ayrı şöbələr üzrə əldə edilmiş nəticələrin sənayedə tətbiqinin surətləndirmək məqsədilə onların istehsalat sınağının təşkil edilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və innovasiyaların tətbiqi, əlaqələrin genişləndirilməsi nəzərdə tutulmuşdur.
        Qeyd olunanları əsas götürərək Şəki Regional Elmi Mərkəzin rəhbərliyi və əməkdaşları bu istiqamətdə fəaliyyətlərinin genişləndirilməsi məqsədilə Şəki Regional Elmi Mərkəzində icra olunan tədqiqat işlərinə yaxın fəaliyyətlə məşğul olan ölkələrin Elmi-tədqiqat İnstitutları və müvafiq qurumları ilə elmi-texniki əməkdaşlığı qurmağa çalışmışlar.
        Bu baxımdan 2015-ci il uğurlu olmuşdur. Belə ki, bu ilin aprel ayında Şəki Regional Elmi Mərkəzin direktoru, f-.r.ü. PhD Yusif Şükürlü Rumıniyanın Sinai şəhərində keçirilən “Üzvü kənd təsərrüfatı – indi və gələcək” adlı, “Xəzər dənizi və Mərkəzi Asiya ipək cəmiyyəti” və Rumıniyanın “Biomühəndislik, Biotexnologiya və Ətraf mühit” İnstitutu ilə birgə təşkil edilən İpəkçilik üzrə Beynəlxalq konfranslarda iştirak etmiş və məruzə ilə çıxış etmişdir.
        
Bu ilin oktyabr ayının 28–31-də Bolqarıstanın Plovdiv şəhərində Aqrar Universitetinin 70 illiyi ilə əlaqədar təşkil edilən beynəlxalq konfransa dəvət edilmiş Şəki Regional Elmi Mərkəzin direktoru fizika-riyaziyyat üzrə PhD Yusif Şükürlü və elmi işlər üzrə direktor müavini biologiya üzrə PhD Fərhad Əzizov konfransın işində iştirak etmiş və məruzələrlə çıxış etmişlər.
        Dörd gün davam edən konfransda maraqlı məruzələr dinlənilmiş, digər ölkələrdən iştirak edən alim və mütəxəssislərlə fəal görüşlər olmuş, diskussiyalar aparılmış, işguzar əlaqələr yaradılmışdır.
        Ümumiyyətlə konfransın işində Rumıniya,İtaliya, Misir, Kazaxstan, Rusiya, Polşa ölkələrindən olan alim və mütəxəssislər iştirak etmişlər.
        Oktyabr ayının 29-da Aqrar Universitetinin akt zalında konfransın rəsmi açılışı olmuş, mərasimdə Bolqarıstanın Kənd Təsərrüfatı Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələri, digər ölkələrdən dəvət olunmuş qonaqlar, Aqrar Universitetinin professor-müəllim heyəti və tələbələr iştirak etmiş və təbrik nitqləri səslənmişdir.
        O cümlədən Universitetin professor-müəllim heyyətinin yubiley münasibətilə mükafatlandırma mərasimi, digər ölkələrdən dəvət edilmiş nümayəndələrin Aqrar Universitetinin rəhbərliyini təbrikləri dinlənilmişdir.
        Sonda Aqrar Universitetinin folklor ansamblı çıxışlar etmiş, maraqlı mahnılar ədəbi – bədii kompozisiyalar təqdim etmişlər.
        Fasilədən sonra müxtəlif bölmələr üzrə plenar məruzələr dinlənilmişdir.
        “Bitki mühafizəsi və aqroekologiya” bölməsində bizim təqdim etdiyimiz “Azərbaycanın Şəki rayonu Baş Şabalıd kəndi ərazisində təbii biogeosenozun biomüxtəlifliyinin mühafizəsi” mövzusunda məruzə edilmişdir.
        
İlk əvvəl Şəki Regional Elmi Mərkəzin direktoru Yüsif Şükürlü məruzə haqqında və Şəki Regional Elmi Mərkəzində yerinə yetirilən tədqiqat işləri barədə qısa məlumatlardan sonra elmi işlər üzrə direktor müavini Fərhad Əzizov mövzu üzrə geniş təqdimat etmişdir.
        Mövzu ətrafında verilən məlumatlar iştirakçılar tərəfindən maraqla dinlənmiş və yüksək qiymətləndirilmiş və təqdim edilən məqalənin nəşr edilməsi barəsində müsbət qərar qəbul edilmişdir.
        Oktyabrın 30-da həmin bölmədə Poster sessiyası təşkil edilmiş. ŞREM-in elmi işçisi C.Məmmədovun konfransa təqdim etdiyi “Azərbaycanın Şimal-qərb bölgəsinin yerli armud sortları və onların biokimyəvi xüsusiyyətləri”–məqaləsi üzrə təqdimat edilmişdir.
        Digər məqalə “Sorağan bitkisindən alınmış təmizlənməmiş ekstraktın UF və görünən oblastda spektroskopiyası” adlı məqaləsi barəsində Y.Şükürlü təqdimat etmiş və iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.
        Müddət ərzində tərəfimizdən həm konfrans iştirakçıları, həm də Aqrar Universitetinin rəhbərləri və mütəxəssisləri ilə işguzar görüşlər olmuş, dialoqlarda iştirak edilmiş,birgə fəaliyyətlərin təşkili barədə müzakirələr aparılmışdır.
        Bolqarıstanın Vratsa şəhərində fəaliyyət göstərən “İpəkçilik və bitkiçilik” təcrübə-sınaq stansiyasının rəhbəri, professor Panomir Senov ilə aparılan danışıqlar səmərəli olmuş, 2016-cı ildən Şəki Regional Elmi Mərkəzin “Tut ipəkqurdunun seleksiyası” şöbəsində onların və Aqrar Universitetinin mütəxəssislərinin iştirakı ilə “Suni yem tətbiq etməklə tut ipək qurdunun yetişdirilməsi” istiqamətində birgə elmi-tədqiqat işlərinə başlamasına dair razılıq əldə olunmuşdur.
        
Həmin gün Plovdiv Aqrar Universitetinin rektoru, professor Dmitri Qrekov bizi rəsmən qəbul etmiş həm konfrans həm də ümumi problemlər və həlli barədə müzakirələr olmuş, Aqrar Universiteti ilə Şəki Regional Elmi Mərkəz arasında müştərək elmi-tədqiqat işlərinin görülməsinin vacibliyi vurğulanmışdır. Birgə razılıq əsasında Plovdiv Aqrar Universiteti ilə Şəki Regional Elmi Mərkəz arasında gələcəkdə elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə dair çərçivə sazişi memorandum imzalanmışdır.
        Biz bunu Bolqarıstana elmi səfərimizin ən uğurlu nəticəsi hesab edirik.
        Sazişə əsasən Şəki Regional Elmi Mərkəzin əməkdaşları Aqrar Universitetdə bakalavr, magistr və doktorantura səviyyələrində həm əyani, həm də distant təhsil ala bilər, ixtisasartırma kurslarında iştirak edə bilər, dissertasiya işlərini müdafiə edə bilər, Universitetin təcrübə-sınaq stansiyalarında təcrübə qoya bilər, avadanlıq və cihazlardan istifadə etməklə öz tədqiqat işlərini başa vura bilər, məqalələr dərc etdirə bilər, həm Bolqarıstanda, həm də digər ölkələrin konfranslarında iştirak edə bilərlər.
        Hazırda Memorandumun tələblərinə uyğun olaraq 2016–2020-ci illərdə Şəki Regional Elmi Mərkəzi ilə Plovdiv Aqrar Universiteti arasında birgə aparılması mümkün olan sahələr və istiqamətlər üzrə Fəaliyyət Planı hazırlanmış və Elmi Şürada təsdiqləndikdən sonra AMEA Rəyasət Heyətinə təqdim edilməsi nəzərdə tutulur.