Sandıqçılıq: Şəki sənətkarlıq nümunələrindən biri kimi

Отправлено 8 июл. 2014 г., 5:56 пользователем Murad Nabibekov   [ обновлено 8 июл. 2014 г., 5:58 ]

Şəfəq MAHMUDOVA,

AMEA Şəki Regional Elmi Mərkəzinin

“Folklorşünaslıq və el sənətləri”

laboratoriyasının baş laborantı

 

Azərbaycanda müxtəlif sənət növləri mövcuddur. Bunlardan biri də ağacişləmə sənətidir ki, bu gün bu sənətlə məşqul olan az sənətkar tapmaq olar. Sandıqçılığın ağacişləmə sənətinin növləri içərisində özünə məxsus yeri vardır. Məqalədə Şəki sənətkarlıq tarixində sandıqçılıq sənətinin inkişafı araşdırılır, onun yerli əhali və sənətkarlıq tarixindəki rolu və əhəmiyyəti öyrənilir.

Azərbaycanın incəsənət tarixi xalqımızın tarixi qədər qədim və zəngindir. Ölkəmizin ərazisində yaşayan tayfalar 400 min il bundan əvvəl daşdan, gildən, metaldan orijinal formada muxtəlif qab-qacaq, silah düzəldib öz həyat və məişətlərində istifadə etmişlər.

Ölkəmizin sənayesinin inkişafı və sənaye üsulu ilə hazırlanmış təsərrüfat və məişət vasitələri tətbiqinin genişlənməsi ənənəvi sənət növlərinin aradan çıxmasına səbəb olmuşdur. Buna baxmayaraq, milli kaloriti əks etdirən  bir sıra spesifik sənət  məhsullarına, sandıqlara tələbat azalmamışdır.

             Sandıqçılığın sənət kimi formalaşması qədim dövrlərədək şərq aləmində və eləcə də ölkəmizdə əsrlər boyu müxtəlif mərhələlərdən keçmişdir. Keçmişdə bu sənətlə elə ustaların öz övladları məşğul olurdular.

Sənətkarlıq və ticarəti özündə cəmləşdirən Şəki uzun əsirlər boyunca ölkənin mühüm mədəni mərkəzlərdən biri olmuşdur. Şəki şəhəri xanlığın paytaxtı olmaqla Azərbaycan mədəniyyətinin inkişafında az rol oynamamışdır.

Bəzək şeylərini, qiymətli əşyaları və s. saxlamaq üçün istifadə edilən məişət əşyası sandıq  xüsusi sənətkarlar tərəfindən müxtəlif ölçüdə hazırlanır (bəzən üstünə dəmir lövhə də çəkirlər). Səthi zərif həndəsi və nəbati naxışlarla bəzədilir. Sandıq qədimdən  Yaxın Şərq, Orta Asiya, Qafqaz xalqlarının, o cümlədən azərbaycanlıların məişətində geniş yayılmışdır. Azərbaycanda adətən sandıq qıza cehiz verilirdi. Bu gün məişətimizdə istifadə etdiyimiz və adi məişət əşyası kimi baxdığımız sandıqlar, qədim türklərin toy adətlərində istifadə olunurdu. [4;43]. Qızın adına alınan cehiz əşyalar həmin sandığa yığılardı. Məhz buna görə də, o cehizlərə sandıq cehizləri deyərdilər. Ər evində bəyin qohumları üçün qoyulan paylar ordan çıxarıldıqdan sonra sandıq o evin qadınına məxsus bir əşyaya çevrilirdi. O evə gələn gəlin artıq ana olduqdan sonra öz qızı və ya oğlu üçün aldığı nişan və cehizlik əşyalarını buraya yığır və beləcə sandıq nəsildən – nəslə ötürülürdü. Artıq qız boya başa çatdıqdan sonra qızın cehizləri hazırlanır və bu zaman ana, həmin cehizlər yerləşdikdən sonra onun üzərinə bir tikə çörək, bir ovuc duz və iynə-sap qoyardı. Bu, ərə gedən qızın ayağının ruzulu və sayalı, əlinin səliqəli olması, zəhmətsevər qız olmasına bir işarə idi. Cehiz qapıdan çıxdığı zaman müxtəlif  adətlər icra olunardı. Məsələn, sandıq aparılan zaman qızlar sanki yarışa çıxardılar. Qızlar sandığın üzərində əyləşərdilər ki, onların da bəxti açılsın.

    Sandıq əsasən dəmirdən və taxtadan hazırlanır. Dəmir sandıqlar ağır olduğu üçün sonralar sandıqları taxtadan hazırlanması zəruri hesab olunurdu. Taxtadan hazırlanan zaman yerli materiallara daha çox önəm verilir. Son zamanlar taxtadan, məsələn, şam ağacından istifadə olunur. Metala nisbətən aşağı möhkəmlik göstəricisinə malik olmasına baxmayaraq, ağacın öz tətbiq sahəsi mövcuddur. Qədim sandıqlar iki cəftəli olardı. Sonrakı dövrlərdə bir və üç cəftəli düzəldilməyə başlanmışdır.

Sandıqlarda istifadə olunan boyaqlar yerli ustalar tərəfindən hazırlanır. Sandıqların xarci görünüşünü müasir ustalar öz zövqlərinə uyğun bəzəyirlər. Bəzən bəy – gəlin şəkli və ya müxtəlif bəzəklər vurulur. Bəzi sandıqların üzərində nar şəkillərinə, nar ağacınada rast gəlinir ki, nar birlik, bütövlük, ailə rəmzi kimi məna kəsb edir. Bəzən də qızları  ceyrana bənzədib,   sandığının üzərinə ceyran  şəkli çəkirdilər. Sandığın iç hissəsi divar kağızı ilə örtülür.  Bahalı sandıqların iç  hissəsinə isə məxmər parça vurulur.

    Keçmişdə olduğu kimi, bu gün də ağac işləmə sənətinin nümunələri Azərbaycan mədəniyyəti xalq tətbiqi sənətinin tərkib hissəsi olaraq öz əhəmiyyətini qoruyub saxlayır.

 Sandıqlarla yanaşı kicik sandıqlar - mücrülər də düzəldilir. Mücrülər müxtəlif ölçülərdə, kiçik, orta, böyük ölçülərdə olur. Adətən mücrülərə qızıl, zinət əşyaları yığılırdı. Qədimdə xanımlar müxtəlif qızıl əşyalarını mücrüyə, mücrünü isə sandığın içinə qoyardılar.

Müasir həyatımızda cürbəcür mebellər istehsalı çoxaldıqca mücrülərə, sandıqlara münasibət dəyişir. Muasir cehiz malları içərisində sandığa meyil və maraq azalıb. Sandığı bəyənmir, köhnə məişət qalığı hesab edirlər. Özlərini müasir hesab edən qızlarımız sandığı cehiz aparmırlar. Bu da qədim adət-ənənələrimizin, səliqə - səhmanımızın yavaş-yavaş əldən getməsinə səbəb olur. Yuxarıda qeyd etdiyimiz kimi, Şəki qədim sənətkarlıq diyarı olduğu üçün burada  qədim  sənət ənənələri  davam etdirilir, istedadlı və qocaman sənətkarlar yaşayıb yaradırlar. 

 Mən özümdə sənətkarlar nəslindəndən olduğum üçün, atamın  məşqul olduğu qədim sənət sahəsi  hesab edilən sandıqçılıq haqqında danışmağı  borc bildim. Belə sənətkarlardan biri də atam sandıq ustası Sadəddin Hüseyn oğlu Xasiyevdir.  Şəkidə bu sənətkarlıq sahəsi üzrə məşhur olan Sadəddin usta bu sənəti - atası Hüseyn Hacı Hümmət oğlundan öyrənmişdir. Hüseyn Xasiyev  1920 – 1965 – ci illərdə Şəkidə sandıqçılıq sənəti ilə məşğul olmuşdur. O öz dövrünün məşhur sənətkarı olmuşdur və bu sənəti mükəmməl bildiyinə görə Şəki və Şəki ətrafında Sandıqçı Hüseyn ləqəbi ilə tanınmışdır. Hacı Hümmət (Sadəddin ustanın babası) ipəkçi olmuşdur. Şəkidə, Mincəçevirdə  özünə məxsus kiçik ipək  fabrikləri fəaliyyət göstərmişdir. Sənətkar nəslindən olan Sadəddin usta  sandıq və mücrülərə yeni, müasir forma verərək, gözəllik yaradır. Ali təhsilli mühəndis olmasına baxmayaraq, o təqaüdə çıxdıqdan sonra ata-baba sənətini davam etdirmək qərarına gəlib. Beləcə yeni – yeni sənət əsərləri yaradıb. Muncuqlarla bəzədilmiş mücrülər, bərbəzəkli sandıqlar adamı valeh edir. Sadəddin usta dəmir üzərinə döymə üsulunu sintez edib yeni bir gözəllik yaradır. Unudulmaqda olan sandıqlara yeni bir ruh, gözəllik bəxş edir.

Ustanın dediyinə görə: “Bəzi naşı ustalar presslənmiş kartondan, DSP-dən sandıqlar düzəldib ucuz qiymətə satırlar. Bu da  sənətə xələl gətirir.  Lakin sənətdən başı çıxan sənətkarlar çörəklərinə haram qatmır, sənətə hörmətlə yanaşır, onu göz bəbəkləri kimi qoruyub saxlayırlar”.

 Usta  öz  kiçik oğlu Elnura  sənətin sirlərini öyrədib. O da bacarıqda atasından heç də geri qalmır.

    Qədim sənət ənənələrini yaşadan səriştəli sənətkarlar Şəkidə hələ də çoxdur. Onların əməyi sayəsində Şəki  açıq səma altında qaynar sənət həyatına malik möhtəşəm maddi mədəniyyət muzeyini xatırladır.