Böyük Qafqazın cənub yamacı çaylarının sel fəaliyyətinin öyrənilməsi işi davam edir

Отправлено 5 нояб. 2014 г., 0:00 пользователем Murad Nabibekov   [ обновлено 14 дек. 2014 г., 6:37 ]







Yusif RƏHİMOV,
AMEA Şəki Regional Elmi Mərkəzinin 
“Sellərin öyrənilməsi” laboratoriyasının rəhbəri 

        Azərbaycanın Şimal-Qərb bölgəsi adlanan və Böyük Qafqazın cənubunda yerləşən Şəki-Zaqatala iqtisadi rayonu ölkənin ən təhlükəli daşqın və sellərlə müşahidə edilən ərazisidir. 
        Şəki-Zaqatala iqtisadi rayonuna Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ inzibati rayonları və respublika tabeli Şəki şəhəri daxildir. Rayon ərazisində qərbdən-şərqə doğru Mazımçay, Balakənçay, katexçay, Talaçay, Muxaxçay, Kürmükçay, Şinçay, Kişçay, Daşağılçay, Qalaçay, Bumçay, Dəmiraparançay və Vəndamçay kimi selli dağ çayları axır.
        Məlum olduğu kimi, cəmiyyətin məhsuldar qüvvələri inkişaf etdikcə insanın təbii proseslərin inkişafına antropogen təsiri artır. Bununla əlaqəli dağıntılar yaradan təbiət hadisələrinin də öz növbəsində insanın təsərrüfat fəaliyyətinə təsiri güclənir. Bu deyilənlər dağlıq rayonlarında, o cümlədən Azərbaycanın digər bölgələrində özləri ilə böyük dağıntılar əmələ gətirən sellərə də aiddir. Elmi mənbələrdə göstərildiyi kimi, ən fəal sellər yüksək və orta dağlıq rayonlarında əmələ gəlir. İntensiv tektonik proseslər, dağ süxurlarının güclü aşınması, yamaclarda asanlıqla yuyula bilən qırıntı materiallarının toplanması, dik və mailli yamacların olması, güclü leysan yağışlarının yağması, həmçinin meşələrin qırılması, sutoplayıcı sahələrin yuxarı hissəsində torpaq və biçənəklərdən düzgün istifadə edilməməsi, bu təhlükəli təbiət hadisələrinin fəallaşmasına əlverişli şərait yaradır. Bu baxımdan mənbəyini Böyük Qafqazın cənub yamacı zirvələrindən götürən selli çaylar Şəki-Zaqatala bölgəsinin iqtisadiyyatına böyük ziyan vurur.
        Bütün bunları nəzərə alaraq Azərbaycan MEA-nın Rəyasət Heyətinin 5 aprel 1991-ci il tarixli sərəncamı ilə Şəki Regional Elmi Mərkəzində “Sellərin öyrənilməsi” laboratoriyası təşkil edilmişdir. Laboratoriyanın Şəki şəhərində yaradılması Kiş və Şin çaylarının güclü selləri ilə digər hövzələrdən fərqlənməsi və hövzə ərazilərində uzunmüddətli hidrometeoroloji müşahidələrin və qeydiyyatların aparılması ilə izah edilir.
        “Sellərin öyrənilməsi” laboratoriyasının ilk tədqiqat işi 1991-1995-ci illər üçün selli Kiş və Şin çaylarında seləmələgəlmə şəraitinin öyrənilməsi olmuşdur. Tədqiq olunan ərazidə Azərbaycan MEA-nın təşkil etdiyi kompleks ekspedisiyasının apardığı tədqiqat işləri nəticəsində Kiş çayı hövzəsinin geoloji quruluşunun seləmələgəlmə prosesindəki rolu müəyyən dərəcədə aydınlaşdırılmışdır.
        Azərbaycan MEA-nın, akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun və Şəki Regional Elmi Mərkəzinin əməkdaşlarının birgə hazırladıqları “Kiş və Şin çaylarının hövzələrinin selləri”, eləcə də “Kiş çayı hövzəsində sel hadisələri və onlara qarşı mübarizə tədbirləri” kitabları çox aktual və problemlərin həlli üçün daha geniş imkanlar açan elmi əsərlərdir. Kitabların yaradılmasında “Sellərin öyrənilməsi” laboratoriyasının əməkdaşlarının böyük əməyi olmuşdur.
        Hal-hazırda aparılan elmi-tədqiqat işləri ilə yanaşı, laboratoriyanın əməkdaşları sellərin öyrənilməsinə aid keçirilən müxtəlif tədbirlərdə iştirak edir, alınmış elmi nəticələrin tətbiq olunmasına çalışır, selə qarşı mübarizə məqsədi daşıyan təkliflər irəli sürür, respublikanın televiziya və mətbuat orqanlarında mütəmadi olaraq çıxışlar edirlər.
        Böyük Qafqazın cənub yamacı intensiv selli rayon olmasına baxmayaraq, bu ərazinin selli çay hövzələrinin təsnifatı məsələsi nisbətən zəif öyrənilmişdir. Bir çox tədqiqatçılar təsnifatlarda selli çay hövzələrinin yerləşməsi, sel ocaqlarının sahəsi, sel gətirmələrinin miqdarı, sellilik dərəcəsi və sellərin dağıdıcı fəaliyyətinin nəzərə alınması prinsipini əsas götürmüşlər. Lakin bütün bunlara baxmayaraq sellilik dərəcəsinə görə çayların təsnifatının verilməsi ən mürəkkəb və əhəmiyyətli məsələlərdən biri kimi qalmaqdadır.
        Bu baxımdan sellərin öyrənilməsi və ona qarşı mübarizənin fiziki-coğrafi istiqamətlərini geniş işıqlandırmaq və bu problemin mühəndis həllini mümkün qədər təfərrüatı ilə işlənilməsi zənunidir.
        “Sellərin öyrənilməsi” laboratoriyasının ikinci tədqiqat obyekti olan Böyük Qafqazın cənub yamacında Türyan və Girdiman çayları arası hövzələrdə 1996-2000-ci illərdə tədqiqat işləri aparılmışdır. Hal-hazırda yenidən bu ərazilərdə, eləcə də Balakən və Kürmük çayları ərazilərində müşahidə və qeydiyyat işlərinin aparılması nəzərdə tutulmuşdur.
        Laboratoriyada selli çay hövzələrində seləmələgətirmə şəraitinin öyrənilməsi ilə yanaşı sellərə qarşı mübarizə tədbirlərinin işlənməsinə də xüsusi yer ayrılır. Müxtəlif vaxtlarda verilən hesabatlarda qeyd olunan Kiş və Şin çaylarında sellərlə mübarizə tədbirlərinin tətbiqini eyni zamanda aralarındakı eyniliklərini nəzərə alaraq Böyük Qafqazın cənub yamacının bütün selli çaylarına aid etmək olar. Sellərlə mübarizə tədbirləri dedikdə ilk təxirəsalınmaz tədbir kimi selli çay hövzələrinin gətirmə konuslarında sel yönəldici məcranın müəyyən edilib dərinləşdirilməsi, bu işin birinci növbədə təhlükə daha çox olan yerlərdən başlanılması, çay yataqlarının düzənliyə çıxan hissəsində gətirmə materiallarının təmizlənməsi üçün müntəzəm fəaliyyət göstərən xüsusi ekoloji təyinatlı inşaat- istehsal birliyinin yaradılması, meşə meliorativ tədbirlərinin həyata keçirilməsi, ərazidəki selli çay ocaqlarında profilaktik tədbirlərin görülməsi, meşələrin qırılmasının qarşısının alınması, yaylaqlarda mal-qaranın otarılmasını müvəqqəti qadağan edilməsi və s. kimi vacib məsələləri qeyd etmək olar.
        Böyük Qafqazın cənub yamacının çay hövzələrində yayılmış Yura və Təbaşir yaşlı çöküntülərin litoloji xüsusiyyətlərinin öyrənilməsi göstərir ki, onların sukeçirmə və suda həllolma qabiliyyətlərinin müxtəlifliyi seləmələgətirici ocaqların yaranması ilə yanaşı həm də müvafiq geoloji strukturlarda sürüşmə hadisələrinin də inkişafına səbəb ola bilər. Ona görə də sellərin öyrənilməsi üzrə aparılan tədqiqatların icrasında sürüşmə hadisələrinin də monitorinqinin aparılmasına diqqət göstərməsi məqsədəuyğundur.
        Regionun çaylarının və ümumiyyətlə, Böyük Qafqazın cənub yamaclarında sel hadisələrinin xronologiyası və mahiyyəti etibarilə təhlili göstərir ki, Azərbaycanda sel hadisələri sönmür, əksinə son illərdə onların təbii güclənmə və daha tez-tez təkrarlanma prosesi gedir. Odur ki, Şəki REM “Sellərin öyrənilməsi” laboratoriyası qarşıda duran məsuliyyətli bir vəzifənin layiqincə yerinə yetirilməsində, sellərin öyrənilməsi və ona qarşı mübarizənin fiziki-coğrafi istiqamətlərinin geniş işıqlandırılmasında, eləcə də bu problemin mühəndis həllinin mümkün qədər yeni aspektlərdə işlənilməsində qərarlıdır.