Türk Cümhuriyyətinə nədən «Azərbaycan» adı verildi?

Отправлено 4 янв. 2014 г., 23:55 пользователем Murad Nabibekov   [ обновлено 5 янв. 2014 г., 0:06 ]


Faiq Ələkbərov (Q
əzənfəroğlu)
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun
böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru




XIX əsrin sonu, XX əsrin əvvəllərindən etibarən «Azərbaycan» anlayışı ilə əlaqədar vəziyyət xeyli dərəcədə dəyişməyə başladı. Belə ki, bu dövrdə bəzi ziyalılarımız tərəfindən «Azərbaycan» anlayışının yeni məna kəsb etməsi istiqamətində müəyyən addımlar atıldı: «Azərbay­can» adlı qəzetin nəşrinə cəhd göstərildi (Ünsizadə qardaşları); Qafqazın cənub-şərq hissəsinin «Azərbaycan», Qafqaz müsəlmanlarının «azərbaycanlı-türk», dilinin «Azərbaycan-türk dili» adlanması qeyd edildi (M.Şahtaxtlı); «Azərbaycan türklərinin ədəbiyyatı» adını daşıyan ilk kitab nəşr olundu (F.Köçərli); eləcə də «türk milləti», «azərbaycanlı» («Kəş­kül»-Ünsizadələr), «Azərbaycan türkləri» (Ə.Hüseyn­zadə), «Azərbaycan sadə türkcəsilə» (Ü.Hacıbəyli), «Azər­baycan (türk) arvadları» (Y.V.Çəmənzəminli), «türk Azər­baycan qə­zeti», «azərbaycanlı-türk», «Azər­bay­can türk muxtariyyəti» (M.Ə.Rəsulzadə) və b. istilah­lar gün­də­mə gətirildi.

XIX əsrin sonlarında M.Şahtaxtlı yazırdı ki, Zaqafqaz­iya müsəlmanları etnik mənşə və dil etibarilə nə tatar, nə də fars amili ilə bağlıdır, onlar türkdürlər-Azərbaycan türkləri: «Gün­dəlik həyat­ımızda xalqın adını və dilinin adını iki sözlə ifadə etmək rahat deyil: məsələn azərbaycanlı türk və yaxud azərbaycanlı türk dili. Ona görə də Zaqafqaziya müsəlman­larını azərbaycanlı, Zaqafqaziya türk dilini isə tatar dili əvəzinə Azərbaycan dili adlandırmaq məqsədəuyğun olar­dı».

«Azərbaycan» anlayışı ilə bağlı kəskin dönüş isə birinci Dünya müharibəsi illərində (1914-1918) baş verdi. Bu dövrdə «Azərbaycan» anlayışının tamamilə yeni siyasi-ideoloji prinsipləri işlənib hazırlandı. Xüsusilə, M.Ə.Rəsulzadə 1917-ci ildə yazdığı bir neçə məqaləsində Cənubi-Cərqi Qafqazın da tarixən «Azərbaycan» adlanması fikrini irəli sürdu və müdafiə etməyə başladı.

Ancaq «Azərbaycan» leksik vahidinin hüquqi və siyasi-ideoloji məna daşımasının səbəbi 1918-ci ildə Cənubi Qaf­qazda qurulan yeni tipli dövlətlərdən birinin «Azərbaycan Cüm­hu­riyyəti» adlanması olmuşdur. Halbuki, Azər­bay­can Cüm­huriyyətinin qurucusu və ideoloqu M.Ə.Rə­sul­zadənin də qeyd etdiyi kimi I Dünya müharibəsindən əvvəlki rəsmi coğrafiyaya görə Azərbaycan, Şimali İranda mövcud olan Təbriz ilə ətrafına deyilmişdir. O, daha sonra yazır: «Hərbdən və böyük Rusiya inqilabından sonra dil­lər­də dolaşan Azərbaycan hazırda Azərbaycanın şima­lın­da Cənubi-Şərqi Qafqasiya qitəsindən ibarətdir ki, mərkəzi Ba­kıdır. Azərbaycanlılar milliyyət etibarilə türk, din etiba­ri­lə islam, mədəniyyəti-əsasiyyə etibarilə şərq­li­dir­lər». Deməli, «Azərbaycan» anlayışı yalnız birinci Dünya müharibəsi dövründə, xüsusilə 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin yaranması ilə «tarixi-coğrafi» anlamdan kənara çıxaraq siyasi-ideo­loji məna kəsb etmişdir. «Tarixi-coğrafi Azərbaycan» anlayışının siyasi-ideoloji məna kəsb etməsi nəticəsində də «Azərbay­can türk milləti», «Azərbaycan türk xalqı», «Az­ər­baycan türk dili», «Azərbaycan türk dövləti» və b. istilah­lar istər ölkə daxilində, istərsə onun xaricində siyasi və hüquqi sta­tus qazanmağa başlamışdır.

Bütün bunlarla yanaşı, qeyd etmək lazımıdır ki, 1918-ci ildə yeni dövlətin «Azərbaycan» adlandırılması istər ölkə, istərsə də ondan kənarda etirazlara səbəb olmuş, xüsusilə Azərbaycan türk burjuaziyasını təmsil edənlər buna qarşı çıx­mışdılar. Türk burjuaziyası hesab edirdi ki, gürcülər və er­mə­ni­lər millətlərinin adlarına uyğun olaraq ölkələrinə Gür­cüs­tan və Ermənistan ismi verdikləri halda, türklərin döv­lət­lə­ri­nə «Azərbaycan» adı verilməsi doğru deyil. Onlara görə, «Azərbaycan» ismi türk mənsubiyyətini ifadə etmirdi. Türk ziyalıları, türk burjuaziyası yeni dövlətin Cənubi Qafqaz Türk Cümhuriyyəti adlandırılmasını təklif edirdilər. Hətta xalq arasında belə bir fikir də yayılmışdı ki, yeni dövlətə «Azərbaycan» adını verənlər bəlkə özlərini İrana bağlamaq istəyirlər. Buna səbəb isə, o zamana qədər «Azər­bay­can» adının daha çox İranın siyasi-inzibati vilayət­lə­rin­dən biri kimi çəkilməsi idi.

Azərbaycan Cumhuriyyətinin ideoloqları, başda M.Ə.Rə­­­­sul­zadə olmaqla yeni dövlətə «Azərbaycan» adının veril­məsini isə üç səbəblə izah etmişlər:

Sənubi-şərqi Qaf­qaz­ və İranın şimal-qərbi tarixən “Azər­bay­can” adlandırılmışdır;

Sənubi-şərqi Qafqazda və İranın şimal-qərbində, yəni Azərbaycanda yaşayan türklər dil, din, etnik, mədəni-sosial baxımdan birdirlər;

«Azərbaycan» adı yalnız türkləri deyil, başqa az­saylı etnik qrupları da özündə birləşdirir.

Buradan da belə bir nəticəyə gəlmək olur ki, cüm­hu­riy­yət ideoloqları, o cümlədən M.Ə.Rəsulzadə yeni dövlətə «Azər­baycan» adı verməklə ilk növbədə «tarixi-coğrafi», «siyasi-inzibati» və türkülük amillərini gözə almışlar. Yəni onlar döv­lət­lərinə həm qədim tarixi-coğrafi, həm də böyük bir siyasi-in­zi­bati coğrafiyanı əhatə edən ad veriblər. Ancaq bu, məsə­lə­nin görünən tərəfi idi.

Əslində, bu üç səbəbə uyğun olaraq cümhuriyyət ideo­loqlarının qarşısında üç hədəf dayan­malı idi. Əsas hədəflərdən biri, bəlkə də birincisi Qacarlar dövlətinin (İranın) ən böyük siyasi-inzibati vilayətlərindən biri Azərbaycan olmuşdur. Cümhuriyyət ideoloqlarının cə­nu­bi Azərbaycan türkləri ilə Qafqaz türklərinin eyni kökə, dilə, mədəniyyətə və s. ilə bağlı olduqlarını da açıq şəkildə söyləməsi bunu bir daha ortaya qoyur. Deməli, Cümhuriy­yət ideoloqları tərəfindən yeni dövlətə «Azərbaycan» adının verilməsi, nə zamansa İran türkləri ilə Qafqaz türklərinin Azərbaycan adlı dövlətdə birləşməsi, bütövləşməsi ideyası ilə bağlı olmuşdur.

Bunu, o zaman Qacarlar (İran) dövlətinin nümayəndələri anla­maqda çətinlik çəkməmiş və rəsmi Bakıya etiraz notası göndərmişdir. 1918-ci ilin sentyabrında Azərbaycan Cüm­huriy­yətinin İstanbulda olan nümayəndə heyətinin başçısı M.Ə.Rəsulzadə «İstiqlal bəyannaməsi»ni İranın buradakı konsulluğuna təqdim etmiş, konsulluq isə bütün kağızları, ayrıca bir qeydlə geri qaytarmış və bildirmişlər ki, Azərbay­can İranın ayrılmaz bir hissəsidir. Hətta İran tərəfi tək­lif etmişdir ki, yeni dövlət Aran Xalq Cümhuriyyəti ad­lan­sın. Azərbaycan türk höku­məti isə İranın eti­raz­ı­nın bir hissəsini nəzərə alaraq rəsmi sənədlərdə ölkəni bir çox hallarda «Qafqaz Azərbaycanı» kimi qələmə alsalar da, «Azərbaycan» adından imtina olunmamışdır.

Fikrimizcə, Cümhuriyyət ideoloqlarının yeni dövlətə «Azərbaycan» adını vermələrində ikinci hədəfləri türk dövlətçilik ənənələrinin bərpası və milli (türk) dövlətçilik ideologiyasının yaradıl­ması ilə bağlı olmuşdur. Belə ki, «Azərbaycan» ismi milli mənsubiyyəti bildirməsə də, türk dövlətçilik ənənəsi ba­xı­mın­dan çox vacib sayılmışdır. Bir sözlə, «Azərbaycan» adı bu ərazilərdə - İranın şimal-qərbi və Qafqazın cənu­bun­da vaxtilə mövcud olmuş türk dövlətlərlə (Albaniya, Sacilər, Atabəylər, Qaraqoyunlular, Ağqoyunlu­lar, Səfə­vi­lər və b.) yeni dövlət arasında bir bağlılıq olmalı idi. Deməli, «Azərbaycan» adı qədim dövlətçilik ənənələrini ifadə etmək, eyni zamanda milli (türk) dövlətçilik ideologiyasını yaratmaq na­minə yeni dövlətə verilmişdir. Bununla da, milli mən­su­biy­yə­ti ifadə edən «türkçülük» və milli döv­lət­çiliyi ifadə edən «Azərbaycan»ın vəhdəti kimi «milli (türk) və müstəqil Azərbaycan» ideyası yaranmışdır. Çox keçmədən «milli (türk) və müstəqil Azərbaycan» ideyası türkçülüyün rəsmi təbli­ği­nin əsas hissəsinə çevrilmişdir.

Deməli, milli ideoloqların istiqlal ərəfəsində «Azərbaycan» adına müraciət etməsi, «türkçülü­y»ün yaxın (Azərbaycan türk muxtariyyəti) və uzaq (Azərbaycan türk istiqlalı) milli hədəfi olan türk dövlətinin yaranması ilə bağlı olmuşdur. Fikrimizcə, bu məsələni ən doğru və obyektiv şəkildə M.Ə.Rəsulzadə şərh etmişdir. O hesab etmişdir ki, «milli və müstəqil Azərbay­can» ideyası yalnız türkçülük uğrunda savaş aparan müsavatçıları deyil, sosialistləri, islamçıları və başqalarını da öz ətrafında birləşdirə bilər. Əslində son hədəfi müstəqil türk dövləti yarat­maq olan türkçülərin ölkənin «Azərbaycan» adlandırılması bir tərəfdən türklüyün ifadəsi, digər tərəfdən isə siyasi-ideoloji gediş idi. Rəsulzadə yazır: «Cənu­bi-Şərqi Qafqaz topaqlarının bütünlüklə Azərbaycan adı altında yaranan siyasi quruluşlarda olması sübutundan başqa Azərbaycan türklərinin yaşadıqları bir ölkə olduğu üçün buraya Azərbaycan deməkdə heç bir sıxıntı görülməmişdir. Bu adın yeni Türk Cümhuriyyətinə ve­ril­məsində ən böyük tutalqa sözsüz bu türklük olmuşdur». Deməli, bu dövlətin bir türk dövləti olması, onun dilinin və millətinin türk adı daşıması kimi, «Azərbaycan» sözünün də türklüyü ifadə etməsi heç kəsdə şübhə doğurmamış və xalq tərəfindən birmənalı şəkildə qəbul edilmişdir. Sadəcə olaraq, siyasi-ideoloji mənada «Azərbaycan», «Azərbaycan Cümhuriyyəti» anlayışları yalnız türklüyü ifadə etməklə məhdudlaşmamış, Azərbaycanda yaşayan bütün vətəndaşların (türk və türk olmayan) vətəni və dövləti kimi daha geniş məna daşımışdır.

Deməli, Türk Cümhuriyyətin «Azərbaycan» adının verilməsində üçüncü hədəf Azərbaycanın sayca üstün milləti olan türklərlə azsaylı xalq­la­rı bir ideya altında birləşdirmək və onların bir ideolo­gi­yaya - milli dövlətçiliyə xidmət etməsinə nail olmaq idi. Çünki «Azərbaycan» adı yalnız türklərin deyil, başqa az­saylı etnik qrupların da qəbul etdiyi bir anlayış idi. Bunu, 1918-1920-ci illərdə ilk Azərbaycan Parlamentinin millət vəkili, «Sosoialistlər Fraksiyasının» nümayəndəsi Aslan bəy Səfkürdlü də etiraf etmişdir. O, Parlamentin iclaslarının birində demişdir: «Bu gün kiçik bir türk parlamenti açılıbdır. Bizim bu parlamentimiz gözlərdə bir ağ kimidir. Çox imperialistlər onu görmək belə istəmirlər. Cümhuriyyətimizə Türk Cümhuriyyəti deyil, Azərbaycan Cümhuriyyəti dedik ki, bütün vətəndaşlara ümumi bir vətən olsun».

Bizə elə gəlir ki, məhz bu mənada Azərbaycan Cümhuriyyətinin qurucusu və ideoloqu M.Ə.Rəsul­zadə və onun silah­daşları türk dövlətinə «Azərbaycan» adı verməklə, onu türklüklə məhdudlaşdırmaq istəməmiş, türk­çü­lük və dövlətçiliyi uzlaşdırmağa çalışmışlar. Bu artıq Azərbaycan türkçülüyünün bir dövlətin rəsmi milli ideyasına çevrilməsi və öz mənasını daha da genişləndirməsi demək idi. Yəni Azərbaycan Cümhuriyyəti yaranana qədər başlıca ideya etnik (türk dünyasının bir hissəsi olan Azərbaycan ərazisində) türkçülük idisi, milli dövlət qurulduqdan və «türk» anlayışı millətin rəsmi şəkildə dilinə və adını çevrildikdən sonra, Azərbaycan və türklüyün bütövləşməsi ilə «milli (türk) və müstəqil Azərbaycan» ideyası yaranmışdır. Bu məsələ ilə bağlı M.Ə.Rə­­sul­zadə doğru qeyd edirdi ki, bu Cüm­hu­riy­yət Azərbaycan adlansa da əslində bir türk hökuməti, başqa sözlə kiçik Türkiyədir. Yəni ölkənin hansı adla adlandırıl­ma­sından asılı olmayaraq əslində bu dövlət türk dövləti, türk hökumətidir. Görünür, M.Ə.Rəsulzadə «Azər­baycan» sözünə sinonim kimi «kiçik Türkiyə» ifadəsini də bu mənada işlətmişdir. Hər halda açıq şəkildə hiss olunur ki, Cümhuriyyət ideoloqları milli mənsubiyyəti, milli dili, milli mədəniyyəti, dövlətçiliyi və s. «Azərbaycan» və «türk» ideyalarının vəhdəti şəklində təbliğ ediblər. Fikrimizcə, bundan çıxış edərək M.Ə.Rəsul­zadə yazır ki, Rusiyada yaşayan Qafqaz müsəl­manlarını «türk», ölkələrini «Azərbaycan» kimi qəbul etdir­mək qaza­nılmış bir dava idi.

Göründüyü kimi, bütün hallarda, milli dövlətçiliyin əsas prinsipi türkçülük əsasında qurulmuş, sadəcə türk dövlətinə, Türk Cümhuriyyətinə yuxarıda qeyd etdiyimiz səbəblərə görə Azərbaycan Cümhuriyyəti adı verilmişdir. Bu mənada, hazırda bəzi «azərbaycançı» ideoloqların hər cür vasitə ilə XX əsrin əvvəllərindəki türkçülüyü «azərbaycançılıq» kimi yozmalarının heç bir əsası yoxdur. Ona görə də, o dövrlə bağlı «azərbaycançılıq»dan deyil, ən yaxşı halda türkçülük əsasında meydana çıxmış və türklüyü ifadə edən «azərbaycanlılılq» və «milli (türk) və müstəqil Azərbaycan» ideyasından bəhs etmək olar. Yəni mövcud olmayan «azərbaycançılıq» türkçülüyü deyil, türkçülük «milli (türk) və müstəqil Azərbaycan» ideyasını və ən yaxşı halda «azərbaycanlılığ»ı («azərbaycançılığ»ı deyil) doğurmuşdur. Bu «azərbaycanlılıq» isə Azərbaycanda yaşayan bütün vətəndaşlara (türk və türk olmayan) verilmiş siyasi millət anlamını ifadə etmişdir.

Belə ki, «azərbaycanlı» «türkiyəli», «gürcüstanlı», «rusiyalı», «iranlı» və b. kimi əslində konkret bir milləti, məsələn türkləri nəzərdə tuta bilməzdi. Əslində «azərbaycanlı» başda türklər olmaqla, Azərbaycanda yaşayan bütün etnosları ifadə etmişdir. Ancaq o başqa məsələdir ki, Azərbaycan əhalisinin böyük əksəriyyəti həmişə türklərdən ibarət olduğu üçün, «azərbaycanlı» anlayışı, ilk növbədə onlara şamil edilmişdir. Eyni zamanda türkləri azlıq təşkil edən etnik xalqlardan fərqli olaraq, «müsəlman» məfhumu kimi «azərbaycanlı» anlayışını da daha çox mənimsəmiş, özlərini «azərbaycanlı» adlandırmaqda elə bir zorluq çəkməmişlər. Bunu, bugünkü vəziyyət də bir daha ortaya qoyur. Bu günün özündə də Azərbaycan türkləri etnik mənsubiyyət kimi «azərbaycanlı» anlayışından çox istifadə edirlər, nəinki milli azlıq təşkil edən etnoslar.

Mənbə:  http://modern.az