Multikulturalizm və dövlətçiliyin gələcək inkişaf modelinə aparan yollar haqqında

Отправлено 4 мар. 2014 г., 7:34 пользователем Murad Nabibekov   [ обновлено 4 мар. 2014 г., 7:34 ]

Yusif ŞÜKÜRLÜ,
AMEA Şəki Regional Elmi Mərkəzinin elmi işçisi,
Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının müəllimi,
fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent





    Məlumdur ki, etnopsixologiya və ya etnik psixologiya adlanan tədqiqat sahəsi millətlərin psixologiyasının öyrənilməsi ilə məşğul olduğuna görə bu elm sahəsinə olan böyük maraq siyasi motivlərlə əlaqədardır. Hətta politologiyada etnik psixologiyanın təsiri ilə yaranmış «Etnopolitologiya» adlı xüsusi bölmə mövcuddur. Etnopsixologiya – insanların etnik (mədəni) mənsubiyyəti ilə onların psixologiyası arasındakı əlaqəni öyrənən psixologiya sahəsidir bu elm sahəsi kimə necə təsir göstərmək işini müəyyən etməyə imkan verir. 

    Müasir dünya psixologiyasında millətlərin psixologiyasının öyrənilməsi məsələsinə iki fərqli yanaşma xətti – modelləri mövcuddur: Amerika və Avrasiya modelləri. Birinci model ABŞ psixologiyasında meydana çıxmışdır və o dövlətdə aparıcı mövqeyə malikdir. İkinci model -Avropa, keçmiş SSRİ və Uzaq Şərq ölkələrində isə millətlərin psixologiyası «etnik psixologiya» çərçivəsində öyrənilir.
    Etnik və siyasi millətçilik arasında o fərq var ki, etnik millətçilik xalqların inkişafının erkən çağlarında gərəkli oluduğu halda, siyasi millətçilik dünyanın Yeni və Ən Yeni tarixi üçün səciyyəvidir. Bu həm də xalqların ictimai-siyasi şüurunda baş verən keyfiyyət dəyişikliklərindən, rasional seçimin inkişaf etməsindən irəli gəlir. Etnik millətçilik nisbətən aşağı səviyyə hesab edilən primitiv millətçilik hesab edilir və müəyyən zəmin yarananda etnik millətçilik öz yerini daha yüksək səviyyəli millətçiliyə verir.
    Məlumdur ki, hakimiyyətin mənbəyi başqa qüvvə yox, onun öz xalqıdır və keçən əsrlərdə Avropa məkanında, hazırda isə Yaxın Şərq ölkələrində baş verən dəyişikliklərin mahiyyəti də elə xalqdan irəli gəlir. Vətəndaş millətçiliyi kimi formalaşan və ya buna can atan dövlətlərin daha uğurlu inkişaf etməsinin səbəbi də elə xalq qüvvələridir.
    Siyasi millətçilik əsasında təşkilatlanan dövlətlərdə etnik-milli enerjinin əhəmiyyətli hissəsi ölkədaxili münaqişələrin həllinə sərf edilir. Hərc-mərclik baş alıb gedir və sonda bu ölkə hansı formadasa, digər dövlətlərdən asılı vəziyyətə düşür. Əgər bir ölkədə vətəndaş identikliyi, həmrəyliyi imkan verirsə ki, milli və mədəni müxtəlifliyin tükənməz enerjisi ümumi dövlətçilik mənafeyinə xidmət etsin, o qüvvəni dövlətin inkişafı istiqamətinə yönəltsin, həmin dövlət inkişaf edəcək və əldə etdiyi müstəqilliyi qoruyub saxlayacaqdır.
    Hazırda dünyanın "immun sistemi" çox təhlükəli meyillərin birbaşa təsiri altına düşmüşdür. Beynəlxalq təhlükəsizlik, həm bütövlük keyfiyyətinə malik qlobal sistem olmaq etibarilə, həm də ayrı-ayrı regionlar və ölkələr bölümündə ifrat dərəcədə mürəkkəb məzmunlu problemli situasiya ilə qarşı-qarşıyadır. Problemin fəlsəfi ideallaşdırılması və bu prizmadan çıxış yollarına baxış birmənalı olaraq "realist məktəbin" (D.Qobson, K.KIauzevits, Q.Morqentau, Q.Kissincer) öz mahiyyəti etibarilə artıq kifayət qədər "tüklənmiş" Pareto-optimumundan elə də fərqlənməyən konseptual yanaşmasına gətirib çıxarır. Sabit qaydaların, sabit dünya nizamının mövcudluğu mütləq təhlükəsizliyin qarantı kimi çıxış etmək keyfiyyətinə malik deyildir. "Realist məktəbin" məntiqindən çıxış etsək, onda belə məlum olur ki, bir ölkənin "mütləq təhlükəsizliyi", digər bir ölkənin yaxud ölkələr qrupunun nisbi təhlükələrə məruz qalması şəraitində reallığa çevrilə bilər. Başqa sözlə, qlobal miqyasda ölkələrarası qarşılıqlı asılılığın assimetrikliyi adi gözlə müşahidə olunmaqdadır. Nəyin paylanması yaxud bölüşdürülməsindən asılı olmayaraq, qlobal assimmetriklik kütləvi şəkildə ədalətsizlik doğurur. Ədalətsizliyin qlobal miqyaslı təzahür formaları, dünya nizamının quruluş prinsiplərinin yanlışlığı ucbatından təbiilik xassəsinə malik empirik nəticələr kimi ortalığa çıxır.
    Müasir dünya prosesi olan qloballaşmada xalqlar unifikasiya cəhdlərində öz milli identikliyi üçün təhlükə görür və daha sərt müqavimət göstərirlər. Unifikasiya istehsalın seriyalılığının yüksəldilməsinə, yüksək məhsuldar və avtomatlaşdırılmış vasitələr və onları hazırlayan mütərəqqi texnologiyalar tətbiq edilməsinə, istehsalın ixtisaslaşdırılması və kooperativləşdirilməsinin dərinləşməsinə səbəb olur. Unifikasiya nəticəsində əmək və maddi ehtiyatlara qənaət edilir, yeni məhsul növlərinin işlənilməsi və mənimsənilməsi vaxtının və onun hazırlanmasının istehsal dövrünün müddəti qısaldılır, əmək məhsuldarlığı, məhsulun keyfiyyəti və istehsalın səmərəliliyi yüksəldilir. Bu proseslər yalnız bəşəriyyətin vahid və standart model üzrə inkişafı fonunda həyata keçə bilər. Bəşəriyyətin vahid və standart model üzrə inkişaf etməsi çətin məsələdir və unifikasiyaya aid fikirlərin perspektivsizliyi artıq heç kimdə şübhə doğurmur.
    İdentikliyin formalaşması prosesində mühüm rol oynayan insanlararası canlı ünsiyyəti isə informasiya cəmiyyətində ənənəvi olan sosial-identik təşkilatlanma fəaliyyətdə olduğumuz məkanı surroqat ünsiyyət forması ilə əvəzləyir, yəni alternativ qrup identikliyi formalarını yaradır. Həmin bu dəyişiklik inkişaf etmiş ölkələrdə asudə vaxtın artması və iş vaxtının azalmaması ilə həyata keçir. Yaranan həmin dəyişiklik - bütövlükdə həyat tərzinin və davranış modellərinin radikal transformasiyası - adekvat identiklik mexanizmlərinin zəiflədir, əhalinin rəqəmsal asimmetriyası nəticəsində qütbləmə yaranır. Bu vəziyyət də, öz növbəsində, dünyagörüşlərinin və müxtəlif identiklik formalarının toqquşmasına gətirib çıxarır.
    Biz Avropa Birliyində bir-birinə rəqib olan siyasi, dini dəyərlərin və layihələrin mübarizə meydanına çevrildiyi ərəfənin müasirləriyik. Dünyada identiklik böhranı normal hala çevrilməkdədir. Avropa isə kəskin identiklik böhranını yaşayır. Bu məkanda üç əsas layihə: sekulyar-liberal, konservativ və panislamist layihələr hökm sürür. Həmin layihələr Avropa dövlətlərinin müstəqilliyini və xalqların özlərinin maddi güzəranını çətin vəziyyətə salır. Məsələn, bu gün "Böyük Venetsiyaya" tənəzzül edir və şəhər-muzeyə çevrilir.
    Hər hansı bir etnosun ölkə daxilində xüsusi diqqətlə möhkəmlənməsinə rəğbət bəsləyən və vətəndaş millətçiliyini, dövlətçiliyi arxa plana çəkən multikulturalizm ziyanlı prosesdir. Bütün dünyada gedən bu proses Azərbaycandan da yan keçmir, ona hazır olmaq, onun ziyanlı təsirlərini azaltmaq üçün dövlətin aktiv fəaliyyəti lazımdır. 10-11 oktyabr 2011-ci ildə Bakıda keçirilmiş Beynəlxalq Humanitar Forumun açılışında İlham Əliyev dedmişdir:
    - Multikulturalizmin alternativi özünütəcriddir. Mən inanmıram ki, iyirmi birinci əsrdə, qloballaşan dünyada hər hansı bir siyasi qüvvə özünütəcrid siyasətini aparmağa cəhd etsin. Bu yol heç bir yerə aparmır. Multikulturalizmin dəyərləri, əsasları möhkəmləndirilməlidir. Multikulturalizm başqa xalqın nümayəndəsinə hörmət, başqa dinə hörmətdir. Öz dininə hörmət başqa dinə hörmətdən başlayır. Multikulturalizm ayrı-seçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir. Eyni zamanda, hər bir ölkənin öz qaydaları, öz ənənələri vardır. Hər bir insan - həm ölkənin vətəndaşı, həm ölkəyə gələn qonaq, əlbəttə ki, o qaydalara, o ənənələrə hörmətlə yanaşmalıdır. Mən əminəm ki, bu amillərin sintezi nəticəsində bu gün müxtəlif dairələrdə multikulturalizmlə bağlı səslənən bədbin fikirlər aradan götürüləcəkdir. Bizim bu gün keçirdiyimiz Forum multikulturalizmin təsdiqidir, onun təntənəsidir.
    Multikulturalizm etnik özəlliyi qabartdığı üçün narahatlıq doğurur və narahatçılığa səbəblərdən biri kimi, "aqressiv azlıqların" azadlıq və hüquqlardan istifadə edərək mühüm mövqeləri ələ keçirməsi və sonra öz məqsədləri üçün bundan sui-istifadə etməsi, yaşadıqları dövlətə öz şərtlərini diktə etməsini göstərmək olar.
    Bu fakt inkaredilməzdir ki, identikliyin ənənəvi meyarlarının hüdudları sezilməz olmuş – gözdən itmişdir. Qütüblənmiş dünyanın qütblərin birində kosmopolitik dünya vətəndaşlığı, digərində isə alternativ qismdə olan fundamentalist etnik-dini, konfessional, sivilizasion identiklik seçimləri durur bə bunlar qarşı-qarşıyadır. Belə bir şəraitdə hər bir dövlətin öz vətəndaşları üçün təmin etdiyi identiklik məkanına iki tərəfli təzyiq yaranmışdır. Bu təzyiqlərdən biri mədəni hegemoniya və informasiya qlobalizminin unifikasiya meyillərinin təzyiqidir, digəri isə etnik-dini və s. birliklərin təzyiqidir.
    Məlumdur ki, "neqativ (mənfi) identiklik" nisbətən az təhlil olunmuş baxışdır və neqativ identiklik - "biz onlar kimi deyilik" kimi "biz-onlar" məntiqinin total qarşıdurmasına əsaslanır. Neqativ identikliyin müəyyən hədləri aşmaması üçün onun elementlərinin pozitiv məzmunla tamamlanmasına cəhd göstərilməsi çox vacibdir. Əks təqdirdə, neqativ identiklik qrup həmrəyliyindən başlayaraq, şovinist separatizmə, vətəndaş cəmiyyətinin böhranına qədər yol aça bilən təhdidə çevrilir. Bu proseslərin nəticələrini hələ də Azərbaycan yaşamaqdadır. Belə ki, tarixi yaddaşı tamamilə neqativ identikliklə zəhərlənən erməni identikliyi milli quruculuq proseslərini mütləq başqa xalqın təmsilçilərinin qaralanması və pislənməsi, düşmən obrazının yaradılması zəmini üzərində qurmağa səy göstərir, erməni elitası siyasi məqsədlərə nail olmaq üçün səfərbəredici məqam kimi "düşmən ölkə" ritorikasından sui-istifadə edir. Lakin bu yol yanlış olduğu üçün onun gələcəyi yoxdur. İnkişafın fundamental resursu rolunu oynadığı üçün identiklik məhz bu məqamlarda özünü daha aydın büruzə verir.
    Müasir etnopolitoloji elm birmənalı şəkildə sübut edir ki, şovinizm, milli müstəsnalıq, separatizm meyilləri arxaik düşüncənin, mili inkişafın primitiv səviyyələrinə müvafiq olan etnopsixoloji fenomendir. Bu elmi qənaət Ermənistan və bunabənzər dövlətlərin ideoloji dayaqlarının hansı səviyyədə olmasının bariz sübutudur. Universalizm, bəşəri humanizm, sülh prinsiplərinə zidd olan, başqa dövlətlərə qəsd edən faşizm və s. kimi insanlıq əleyhinə olan ideoloji mövqedir. Üstəlik də universalizm hər hansı dövlətin ideya tarixində ənənəyə çevriləndə onun nəticələri bütün dünya üçün təhlükə və gərginlik mənbəyi olur. Məsələn, alman xalqının faşizm ideyasından qurtularaq öz milli amalını dəyişməyə, daha ülvi məqsədlərə qadir bir xalq olduğunu dünyaya alman möcüzəsinin arxitektoru K.Adenauer sübut edə bildi. Bu, XXI əsrdə Ermənistanın hələ də şovinizm və işğal siyasətinin əsasında duran arxaik milli ideyadan nə vaxt qurtulacağı barədə düşüncələri yada salır. Ermənistanı qlobal inteqrasiya dövrünün layihələrindən kənarda, özünütəcrid kimi ağır duruma düşməsinə gətirib çıxaran bu ideyadan xilas olmasına tarix son imkan vermişdir.
    İdentikliklərin hökmən dixotomik - məntiqi üzərində, neqativ təməllər üzərində qurulması bütün fundamentalizmlərə xasdır. Məsələn, "Şərq-Qərb", "ənənəvi-müasir" və s. "toqquşma" konsepsiyalarının kökündə bu durur. Dünya qədər qədim olan bu yanaşmada yeni heç nə yoxdur. Sadəcə, dərk edilmir ki, identikliyin ilkin formalaşmasında səmərəli rol oynayan "biz-onlar" fərqi, müxtəlifliyin dərki uzunmüddətli perspektivdə artıq ümumbəşəri dəyərlər və pozitiv identiklik elementləri ilə tamamlanmalıdır.
    Azərbaycan tarix boyu həmişə bölgədə, həm də qlobal miqyasda baş verən hadisələrin gedişatına təsir edə bilən ölkələr sırasında olmuşdur. Son iki əsrdə isə onun bu yöndə fəallığı dünyanın demək olar bütün qitələrinə yayılmışdır. Bəşəriyyətin mədəni-mənəvi irsinə olan töhfələri ölkəmizi xüsusilə dünyada tanınan dövlətə çevirmişdir. Təbii ki, belə bir ölkədə milli ideyaya dair düşüncələrin tarixi də çox qədimdir. Üstəlik də xüsusi olaraq vurğulanmalıdır ki, tarixi-obyektiv şərtlər üzündən həmişə çoxmilli, çoxkonfessiyalı birgəyaşayış ənənəsinə malik olan bu məmləkətdə milli ideya həmişə qüsurlu məzmundan uzaq olmuşdur.