BMT DÜNYA ƏHALİSİNİN SÜRƏTLƏ ARTMASINDAN NARAHATDIR

Отправлено 3 февр. 2014 г., 11:08 пользователем Murad Nabibekov   [ обновлено 3 февр. 2014 г., 11:09 ]


Demoqrafik vəziyyət iqtisadiyyata təsir göstərir

Dünya əhalisinin sayı 7 milyarda çatdı. Yəni son 37 ildə artım yüksək sürətlə gedir. Dünya əhalisinin sayı 1974-cü ildə 4, 1987-ci ildə 5, 1999-cu ildə isə 6 milyard olub. Təxminən 35-40 ildən sonra say 10 milyarda çatacaq.

        Maraqlıdır, əhali artımı qarşıdakı onilliklər ərzində ən çox hansı ölkələrdə baş verəcək? İlkin hesablamalara əsasən, əhalinin artımı problemi ilə üzləşən ölkələrdən biri Yəmən ola bilər. Burada əsrin sonunda əhalinin sayı 25 milyondan 100 milyona çata bilər. Xatırladaq ki, hazırda əhalisi sürətlə artan Yəmən artıq ərzaq idxalından asılıdır və su çatışmazlığı ilə üzləşib. Afrikanın ən çox əhalisi olan Nigeriyada əhali sayı 2100-cü ilə qədər 160 milyondan 730 milyona qalxa bilər. Çində isə əhalinin sayının daha 940 milyon artacağı proqnozlaşdırılır. ABŞ-da da əhali sürətlə artır. Bu ölkədə artım əsasən yüksək miqrasiyanın və ispandilli mühacirlər sayəsində baş verir. Hesablamalara əsasən, ABŞ-da əhalinin sayı əsrin sonuna kimi 311 milyondan 478 milyona çatacaq.
        Son 13 ildə əhalinin sayının 1 milyard artması demoqrafları narahat edir. Bu sürətli çoxalma nə kimi problemlər doğuracaq? Çin, Hindistan və Amerika Birləşmiş Ştatları əhali sayı ən çox olan ilk üç ölkədir. Çin 1 milyard 340 milyon nəfərlə dünya əhalisinin beşdə birinə sahibdir. Çin əhali sayını aşağı salmaq üçün tək uşaq siyasətini həyata keçirə bilib və ölkədə doğulan uşaqların sayı azalıb.
        Amma bu siyasət başda qadın və kişi tarazlığının pozulması olmaqla bir çox problemləri də ortaya çıxarıb. 1 milyard 200 milyon əhalisi olan Hindistanda isə doğulanların sayı durmadan artır.
        Mütəxəssislər Afrikada hətta əhalinin üçqat artımını gözləyirlər. Narahatlıq doğuran odur ki, "Qara qitə"də əhalinin sürətli artımı sakinlərin ərzaq və su təchizatını kəskin surətdə çətinləşdirə bilər.
        Daha çox immiqrantlar ölkəsi olaraq tanınan 310 milyonluq əhaliyə sahib ABŞ-da əhalinin sayı etnik qrupların lehinə çoxalır.
        Avropa ölkələri və Rusiyada isə əhalinin azalma tendensiyasının davam edəcəyi bildirilir. Yaponiya dünyanın ən tez yaşlanan ölkəsi vəziyyətindədir. Bu ölkədə artıq ailələr övlad sahibi olmaq əvəzinə ev heyvanları saxlamağı üstün tuturlar. Rusiya, Yaponiya və Avropa kimi inkişaf etmiş ölkələrdə əhalinin yaşlaşma problemləri meydana çıxır. İnsan ömrünü uzatmaq istəkləri dünyada yaşlı əhali sayının çox sürətlə artmasına səbəb olub. Ən yaşlı əhali sayı olan 41 ölkədən 32-si Avropadadır. Mütəxəssislər hər bölgədə sənayeləşmiş ölkələrdəki orta yaşayış tərzinə sahib olmaq istəyinin artması nəticəsində ikinci dünyaya ehtiyac olacağını bildirirlər.
        "Qolos Rossii"nin məlumatına görə, BMT dünya əhalisinin sürətlə artmasından narahatdır. Qurum bildirir ki, yalnız 1960-1999-cu illərdə əhalinin sayı 2 dəfə artıb. Artımın 95%-i yoxsul ölkələrdədir. Əhali artımının məhz inkişaf etməmiş, kasıb ölkələrdə yüksək olması isə əlavə problemlər yaradır. Kasıblar daha kasıb olmağa məhkum olur. İnkişaf etmiş ölkələr isə əksinə, əhalinin yaşlanması və doğumun kəskin azalması ilə qarşılaşıblar. Nəticədə işçi qüvvəsi azalır və Avropada olduğu kimi, ümid qalır miqrantlara. Bu isə qloballaşma prosesini sürətləndirir. Demoqrafik problemlər nəticəsində bəzi ölkələrdə insanların böyük meqapolislərə, digər ölkələrdə isə əksinə, daha ucuz olan kəndlərə miqrasiyası artır. Bu isə disproporsiyaya gətirib çıxarır ki, nəticədə iqtisadiyyat əziyyət çəkir.
        Bu məsələ ilə bağlı BMT rəsmisi Hanya Zlotnik bildirib ki, kasıb ölkələrin inkişafına yardım edən zəngin Qərb dövlətləri indi seçim qarşısındadır: bu ölkələrdə ailə planlaşmasını həvəsləndirən proqramların səmərəsini artırmaq üçün daha nələr etmək olar?
        Bu sahədə müəyyən uğurların əldə olunduğunu inkar etmək düzgün olmaz. Belə ki, bir çox inkişaf etməkdə olan ölkələr 1970-1980-ci illərdə cinsi tərbiyə və qadınların cəmiyyətdə rolunun artırılmasını hədəf kimi seçib və bu istiqamətdə nəzərəçarpan uğurlar əldə ediblər. BMT mütəxəssisləri hesablayıblar ki, arzuolunmaz hamiləliyin qarşısının alınmasına dünyada 2009-cu ildə 238 milyon dollar xarici yardım ayrılıb. ABŞ uzun müddət bu işdə böyük donor olub..