O illəri xatırlarkən...

Отправлено 2 дек. 2013 г., 4:26 пользователем Aydin Mammadov   [ обновлено 14 сент. 2017 г., 4:36, автор: Admin Sheki.city ]











Zəkəriyyə ƏLİZADƏ,
AMEA Şəki Regional Elmi Mərkəzinin
direktoru, g.-m.e.d, professor

        Məni I şöbədə Elmi Bazaya kurator təyin olunmuş M.Bəkirovla tanış etdilər. Bəkirovla xeyli sual-cavab və söhbətdən sonra məni Şəki Şəhər Partiya Komitəsinin I katibi Sadıq Murtuzayevlə də tanış etdilər.
        S. Murtuzayevin də razılığından sonra biz Bəkirovla birlikdə bölmələrin akademik katibləri və müvafiq institutların direktorları ilə ayrı-ayrılıqda tanış olub, görüləcək işlərlə əlaqədar ətraflı söhbətlər etdik. Bundan sonra isə məni akademiyanın prezidenti Həsən Abdullayevin qəbuluna apardılar. Rəhmətlik məni çox soyuq qarşıladı və heç üzümə baxmadan çox ciddi görkəmlə danışmağa başladı. Bir neçə sual-cavabdan sonra məndən qarşıya qoyulan tələblərlə tanış olub-olmadığımı soruşdu. Mənim cavabımdan sonra o qərara daha nəyi əlavə etmək olar- sualını verdi.
Mən cavabımda Böyük Qafqazın cənub yamaclarının seysmoaktiv zona olduğundan Şəkidə seysmik stansiya da yaradılsa yaxşı olar dedikdən sonra Həsən müəllim gülümsəyərək mənim məsələmi Rəyasət Heyətinin iclasına çıxarmağı tapşırdı. Beləliklə, Şəki kompleks zonal elmi bazaya rəhbər təyin edilməsi haqqında məsələ Rəyasət Heyətinin növbəti iclasının gündəliyinə salındı.
        Akademiyanın Rəyasət Heyətinin növbəti iclaslarından birində Şəki Zonal Elmi bazasına Geologiya Institutunun baş elmi işçisi, geologiya–mineralogiya elmləri namizədi Zəkəriyyə Əlizadə rəhbər təyin edildi. Elmi katib vəzifəsinə isə Şəki Şəhər Partiya Komitəsinin təklifi ilə vaxtilə Şəhər Partiya Komitəsinin ideologiya şöbəsində işləmiş, sonradan isə radionun zona müxbiri vəzifəsinə keçirilmiş ixtisasca jurnalist olan Sabir Əfəndiyev qəbul edilmişdi.
        Elmi baza üçün bina Şəki Meşə Təsərrüfatı Idarəsinin yeni tikdirdiyi iki mərtəbəli geniş həyətli ərazisi nəzərdə tutulmuşdu. Lakin meşə idarəsinin işçiləri bu təzə binaya yenicə köçdüklərindən binanın yalnız üst mərtəbəsini Elmi Bazaya verməyə razılaşmışdılar. Meşə idarəsinin köhnə binası isə Şəki Şəhər Partiya Komitəsinin II katibi Ənvər Nəzərliyə yaşayış evi kimi istifadəyə verilmişdi. Onu da qeyd etmək lazımdır ki, adətən, həmişə Şəkidə partiya komitəsinin katibləri dəyişildikdə yalnız I katib başqa yerdən göndərilir, II katib isə yerli kommunistlərdən təyin olunardı. Lakin 1970-ci ildə nədənsə həm I katib, həm də II katib vəzifəsinə başqa rayonlardan olan kommunistlər təyin edilmişdi.
        Bir binada iki idarənin yerləşdirilməsi akademiya rəhbərliyinin də təəccübünə səbəb olmuşdu. Elmi Baza fəaliyyətə başlayandan təxminən bir ay sonra akademiyanın vitse-prezidenti, SSRI Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Sosialist Əməyi Qəhrəmanı Mustafa bəy Topçubaşov ailəsi ilə birlikdə Şəkiyə istirahətə gəlmişdi.Topçubaşovu Şəkidə yüksək səviyyədə qarşılayıb, onu öz xahişi ilə Ipək kombinatının Səadət pioner düşərgəsində (şəkililərin «Mustafa bəyin yeri» adlandırdığı sahə) yerləşdirdik. O, burada pionerlərlə birlikdə bir ay istirahət etdi.
        Alim gələndə əliboş gəlməmiş, pionerlərə bir ədəd o dövrlərdə çətinliklə tapılan “Elektron” markalı televizor və bir ədəd “Belarus” pianosu gətirmişdi. O, Şəkidə bir ay istirahət etdikdən sonra çox razı və yaxşı təəssüratla Bakıya qayıtmışdı. Şəkidə istirahət etdiyi müddətdə elmi bazanın bina məsələsi ilə əlaqəli çətinliyindən xəbərdar idi. Bizim qarşımızda duran ən vacib məsələ binanın bütövlükdə akdemiyanın istifadəsinə verilməsinə nail olmaq idi.
        Bununla əlaqəli biz- Elmlər Akademiyasının vitse prezidenti, akademik Mustafabəy Topçubaşov, Azərbaycan EA I şöbənin rəisi Mustafa Mustafayev, Emin müəllim və mən prezident Həsən Abdullayevə müraciət etdik. O, bizi çox soyuq qarşıladı və dedi ki, mən bina məsələsini də özüm həll etməli olduğumu bilsəydim, heç Şəkidə elmi baza yaradılmasına razılıq verməzdim. Mən bu işə qarışmayacağam, kim söz verib, o da həll etsin. Biz çox pərt vəziyyətdə onun kabinetini tərk etdik.
        Sonra biz akademik Həsən Əliyevdən xahiş etdik ki, o binanın akademiyaya verilməsinə kömək etsin. Həsən Əliyev bizim yanımızda Meşə Təsərrüfatı naziri Mustafayevə zəng etdi. O, telefon söhbəti zamanı söz verdi ki, yaxın vaxtlarda məsələni həll edəcəklər. Lakin, xeyli vaxt keçməsinə baxmayaraq, heç bir məsələ həll edilmədi. Biz Emin müəllimlə, demək olar ki, yalnız binanın bizə verilməsi işi ilə məşğul olurduq. Bir müddət keçdikdən sonra biz Aqrokimya və Torpaqşünaslıq Institutunun direktoru, akademik Cəbrayıl Hüseynova bina ilə əlaqədar müraciət etməli olduq. O da, öz növbəsində dostuna, sovxozlar naziri Sultan Əzizova zəng elədi ki, o Meşə Təsərrüfatı nazirindən xahiş etsin ki, binanı boşaltsınlar. Bizim bu cəhdimiz də boşa çıxdı. Hər dəfə soz verib, əməl etmirdilər.
        Nəhayət, akademik İmam Mustafayev işə qarışdı və ilin axırına yaxın-noyabr, dekabr ayları bizimlə birlikdə Meşə Təsərrüfatı nazirinin yanına gedib, bizim əvvəlcədən hazırladığımız sərəncama, yəni binanın bütövlükdə Elmlər Akademiyasının balansına keçirilməsinə qol çəkdirib, razılıq aldı Bundan sonra biz həvəslə elmi tədqiqat işlərinin planlarına uyğun fəaliyyətə başladıq.