Şəki qəzası Sovet hakimiyyətinin ilk illərində... 1930 cu il üsyanına aparan yol

Отправлено 2 сент. 2014 г., 3:20 пользователем Murad Nabibekov   [ обновлено 11 апр. 2015 г., 5:47 ]




Rahim HƏSƏNOV,

AMEA Şəki Regional Elmi Mərkəzinin ümumi işlər üzrə direktor müavini


        
1920-ci il 28 apreldə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildi. Şəki qəzasına, tərkibi əsasən erməni və ruslardan ibarət 11-ci Qırmızı ordu hissələri may ayının əvvəllləridə daxil oldu. Azərbaycanın  bütün bölgələrində olduğu kimi əvvəlcə Müsavat, İttihad və digər  demokratik partiyaların sıralaındakı adamlar təqib olunmağa başladı. Partiyaların yerli orqanları bağlandı. Siyası rəqiblərini qismən qırdıqdan sonra 11-ci “qızıl  ordu” hissələri kütləvi qarətlərə başladılar. Belə qarətlərin birində Azərbaycan ədəbiyyətının görkəmli nümayəndəsi olan aşıq Molla Cuma evinə soxulan əsgərlər tərəfindən qətlə yetirildi.

    Azərbaycanın Moskvadakı səlahiyyətli müvəkkili Behbud Şaxtaxtinski sentyabrın 20 də V.İ.Leninə bildirirdi; “Qızıl ordu özünü əvvəlcə yaxşı aparırdı, indi isə özünü irticaçı kimi göstərir. yerlərdən sarsıdıcı məlumatlar alınır. İş o yerə gəlib ki, qızlar, qadınlar açıq şəkildə zorlanır.

     Müvəqqəti inqilab komitəsinin 3 may dekreti ilə qəza mahal inqilab komitələri yaradıldı. Bolşeviklərin ən hiyləgər əməllərindən biri 1920 ci il 5 may dekreti olmuşdur. Dekretdə xan, bəy, vəqf torpaqları müsadirə olunur və əvəzsiz olaraq kəndlilərə paylanırdı. Bu siyasət bolşeviklərin Azərbaycanda möhkəmlənməsinə kömək edirdi. 1920 ci ildən həyata keçirilən hərbi kommunizm siyasətində  kəndlilər əldə etdikləri torpaqlarda muzdlu işçidən istifadə etməkdən, torpağı icarəyə verməkdən, alıb, satmaqdan məhrum edilmişdilər. Bu isə kəndlilərin mənafeyinə tam zidd idi. Çünki kəndlilərinin  böyük əksəriyyətinin  torpağı becərmək üçün avadanlıqları çatışmırdı. Əkinçinin birinin qoşqu heyvanı, birinin səpin üçün buğdası yox idi. Kəndli ya icarəyə avadanlıq götürməli ya da torpağı icarəyə verməli yada ki, torpağının bir hissəsini  satmaq məcburiyyətində qalırdı. Həmin işlərə də icazə verilmirdi.

    Nuxa Qəza İnqilab Komitəsinin sədri Abid Əfəndiyev qəzanın kəndlərində olarkən kəndlilər şikayət edərək bildirmişdilər ki, bolşeviklər onların əlindən zor və hədə ilə  qoşqu heyvanlarını araba və ərzağı alır nalayiq hərəkətlər edirlər.

     Bolşeviklər təbliğ edirdilər ki, onlar sinifsiz cəmiyyət yaratmaq istəyirlər. Ancaq Cəlal Qasımov “Yaddaşın bərpası” adlı əsərində haqlı olaraq göstərirdi ki, “Bolşeviklər sinifsiz cəmiyyət yaratmaq adı ilə xalqı siniflərə böldülər”. Camaata kulak, muzdurçu ünsür, muzdur kimi adlar qoyurdular. Həmin kulakların, bəylərin, ağaların əmlakını müsadirə edərək onların sərvətləri ilə “quruculuq işləri” həyata keçirirdilər. İri evlər, fabriklər, zavodlar sahiblərinin əllərindən alınırdı.

    20 ci illərdə Qəzada iqtisadi vəziyyət olduqca ağır olmasına baxmayaraq həmin dövrdə Uispalkomun sədri Ələşrəf İsmayılov “Şəki keçmişdə və imdi” əsərində quruluşu tərifləyərək hakimiyyətin tam fəhlə və kəndlilərin əlində olduğunu qeyd edirdi. Ancaq onun bu fikri arxiv materialları ilə alt üst edilir. Məsələn; 1923 cü il 13 yanvar Nuxa QİK in iclasında qərara alınır ki, maddi  vəziyyətin çətin olmasına görə əlillər evi buraxılsın.

    Hakimiyyətə gələndə ağızlarından Şəkililər deməsin “dürr tökülən” Şura höküməti büdcə kəsiri ilə müəssisələri bağlayırdı. Bu dövrdə  rüşvətxorluqda baş alıb gedirdi. 1923 cü il fevral iclasında QİK qərar çıxarırdı ki, rüşvətxorluğa qarşı mübarizə aparmaq üçün “Üçlük” yaradılsın. Ancaq sonrakı illərdə də qəzada rüşvətxorluq  faktlarına tez tez rast gəlinir.

     1923 cü ildə vəziyyətin ağır olduğunu görən hökümət uşaq evlərini bağılayır. Bunun nəticəsində şəhərdə ac yalavac uşaqların sayı artır. Problemin öhdəsidən gələ bilməyən yerli orqanlar mərkəzdən kömək istəyirlər. Mərkəzdən 8 mart 1923 cü ildə məsləhət məktubu gəlir. Məktubda yazılır: NKVD məsləhət görür ki, Bakıdan örnək götürülsün .”Kimsəsiz uşaqlar həftəliyi” keçirilsin. Göründüyü kimi mərkəzdə bu işin qarşısında aciz idi. Hansısa bir “həftənin” keçirilməsi problemin həlli demək deyildir.

    Kütləvi qıtlıq və aclıq nəticəsində qəzada müxtəlif epidemiyalar yayılmışdı. Mərkəzdən kömək istənilməsinə baxmayaraq xəstəliklərin qarşısını almaq mümükün olmurdu. Çünki iqtisadiyyatın tamamilə iflic vəziyyətdə olduğu ölkədə heç bir epidemiyanın öhdəsindən gəlmək mümkün deyildi.

      İstehsal sahələrində də tənəzzülün qarşısını almaq mümkün deyildi. Ə.İsmayılov “Şəki keçmişdə və imdi” əsərində sənayenin qəzada coşğun inkişafını qeyd etsə də, arxiv materialları əsasında bunun tam əksini görmək olur. 1924 cü il 24 iyul QİK in iclasında ipək istehsalının tənəzzülə uğraması qeyd olunur. Problemi həll etmək üçün komisiya yaradılır. Həmin ilin 20 avqust iclasında ipək sənayesi məsələsi yenidən gündəmdə idi. İclasda ipək matalnılarının tənəzzülünün saxlanılması üçün Bakıya müraciət olunması qərara alınır.

     Vəziyyətin tamamilə pisləşməsinin əsas səbəblərindən biri də bu idi ki, Şəki qədimdən ticarət və sənətkarlıq mərkəzi olduğundan əhali bolşeviklərin ideologiyasını qəbul edə bilmirdi. 

      Bolşeviklərin siyasəti nəticəsində Şəki sənətkarlığının manifaktura tipi tənəzzülə uğramış, ticarət (erməni ticarəti istisna olmaqla) tamamilə iflas etmişdir. Azad istehsala və ticarətə öyrənən Şəki əhalisi marksist ideologiyanı həzm edə bilmirdi. Düzdür istər çar Rusiyası istər Müvəqqəti Hökümət  dövründə kəndlilər və fəhlələr sahibkarlar tərəfindən istismar olunmuşdu. Ancaq aldadılmış aşağı təbəqənin etimadını qazanaraq hakimiyyəti ələ keçirən bolşeviklər özəl sektoru kökündən baltaladılar. İri sənayeçilər bolşeviklərin dili desək “istismarçılar”la birlikdə orta xırda sahibkarları da sıradan çıxarırdılar. Bu isə iqtisadiyyatın tamamilə iflic vəziyyətə düşməsinə səbəb oldu .

     Qəza İcrayə Komitəsi dövlət büdcəsini təşkil edə bilmir, müəssisələrin idarə olunması çətinləşirdi. Asayiş qoruyucuları olan sovet milisinin maaşlarının verilməməsi buna bir sübutdur. 1923 cü ildə maaşları ödəyə bilmədiyindən Nuxa QİK tərfindən hər milisə 2 pud taxıl paylanır.

    Sahibkarların müəssisələrinin müsadirə edilməsi və ya bağlanması çox sürətlə gedirdi. Həmin obyektlərin sahiblərinə yararsız ünsür adı qoyulurdu. Köhnə sahibkarlar bəylər, ruhanilər və ya onların  övladları, qohumları  hər hansı bir sovet müəssisəsində işləyəndə də, onlar təqib olunurdular. 1923 cü il 12 iyul Nuxa QİK-nin  A, İskəndərovun sədirliyi ilə keçirilən iclasında Rüstəmbəyov çıxış edərək bildirdi ki, müəssisələri yararsız ünsürlərdən təmizləmək lazımdır. Bu iş 1923 cü il 1 iyuladək başa çatmalıdır. Şəki fəhləsi qəzetinin 1928 ci il 17 sentyabr 57 ci sayında qeyd olunur ki, Komsomol təşkilatına daxil olub fırıldaq , işlətmək üçün bəzi ünsürlər familiyalarını dəyişib bəy, əfəndi titullarını ləkələrini gizlədirdilər. Müəllif burada bəy, əfəndi tiullarını ləkə kimi verməsinə baxmayaraq, bolşeviklər hələ də həmin o bəy , ağa və əfəndilərdən qorxurdular. Buna görədə hökümətin əsas tədbiri bəy, ağa, sahibkarların alilələri ilə birlikdə tamamilə aradan qaldırmaqdan ibarət  idi. Həmin o bəylər, ağalar, sahibkarlar və tacirlər öz köhnə adlarını gizlədərək acından ölməmək üçün hər hansı bir müəssisədə fəhlə işləmək istəyirdilər. Ancaq bunada bolşeviklər imkan vermirdilər. 3 oktyabr 1928 ci ildə Şəki fəhləsi qəzetində göstərilir; “ 27ci ilə qədər alverçi olan Hüsü Hacı Məhəmməd oğlu və Veysəl hiyləgərliklə fəhləliyə keçmiş və Bakıda fəhlə fakultəsində oxuyurlar. Bunun qarşısı alınmalıdır”. Bu kimi neqativ halların baş verməsi nəticəsində köhnə zadəgan və “ Kulak ” ailələri  hökümətə qarşı tam radikal siyasət yeritməli olurdular. Həmin insanlar bütün əmlakalrını itirmələri ilə barışsalar da bolşeviklər onlarla heç cürə barışmaq istəmirdilər. Onlar yalançı təbliğatlar hesabına, xalqın zəhmətkeş təbəqəsini köhnə bəylərə və ruhanilərə qarşı qaldırırdılar.

    Bolşeviklərin adlandırdıqları “yararsız elementlər” işdən qovularkən ya acından ölməli ya da hökümət əleyhinə çıxıb qaçaq olmalı idilər. Başqa yol buraxmayan sovet höküməti açıqca köhnə nə var idisə üstündən xətt çəkirdi. Bunun nəticəsində isə qəzanın müxtəlif kəndlərindən sarsıdıcı xəbərlər gəlirdi. 1924 cü il aprel ayında Nuxa qəzasının Tikanlı kəndində 30 ailənin acından ölmə təhlükəsi ilə əlaqəqədar QİK in iclası keçirilmişdir.Yerli hökümət orqanları işin öhdəsindən gələ bilmədiyindən mərkəzdən kömək istənilir. Mərkəz isə bu işin qabağında aciz idi. Çünki ölkənin bütün qəzalarından belə sarsıdıcı xəbərlər alınırdı. 1925-ci il yanvar ayında aclıq səviyyəsi artdığından mərkəzdən un istənilir. Belə bir hal həmin ilin may ayıda da təkrar olunur. Azərittifaq qəzaya 500 min pud un göndərir.

            Kütləvi aclıq nəticəsində 1924-26 cı illərdə Nuxa qəzasında bir çox epidemiyalar yayılır. 1925 ci ildə Baş Göynük, Dəhnə, Xaçmaz, Nij və Vəndam kəndlərində xəstəliklər tüğyan edirdi. Şəhər əhalisi arasında da müxtəlif xəstəliklər yaılmışdı. 1926 cı il Nuxa QİK in iclasında şəhər əhalisinin böyük bir hissəsinin tuborkulyoz (Vərəm) xəstəliyinə tutulduğu göstərilir. Bu xəstəliyin əsasən, ipək kombinatı fəhlələri arasında yayılması qeyd olunur.

       Müxtəlif xəstəliklərin əsasən də, vərəmin baş verməsinin əsas səbəblərindən biri aclıq idi. Aclıqdan  insan orqanizmi zəifləyir, immunitet aşağı həddə düşür. İpək kombinatıda belə xəstəliyin çox olmasının səbəbi, ağır iş rejimində qida rasyonunun heçə bərabər olduğu fəhlələrin işləməsi idi.

    Qəzada vəziyyətin acınacaqlı olması səbəblərindən biri də əraziyə müxtəlif dövrlərdə gələn qaçqınların yerləşdirilməsi idi. Gəlmələrin əsasını öz doğma yurdlarından, Qərbi Azərbaycan torpaqlarından qovulan soydaşlarımız, Dağıstandan köçən ləzgilər və rusların kömyi ilə qəzada məskunlaşan ermənilər təşkil edirdi. Sovet hakimiyyətinin ilk illərində tarixi Azərbaycan torpaqlarından köçürülən(azəri türkləri) məcburi köçkünlər Aşağıdakı ərazilərdən gəlmişdilər:

 

9ailə 46 nəfər Qazax qəzası Bərxudat kəndindən

28 ailə 142 nəfər Yeni Bəyazid qəzasından

78 ailə 340 nəfər Yeni kilsə qəzası Ağcaqaladan və Quldabursda

51 ailə 204 nəfər Eçmədzin qəzasından

531 ailə 2035 nəfər Qarsdan (Gümrü)

6 ailə 23 nəfər Zəngəzurdan .

 

        Vəziyyətin həddən artıq pis olduğu dövrdə didərgin düşmüş soydaşlarımızın torpaqla təmin olunması, onlara yaşamaq üçün şərait yaradılması, olduqca çətin məsələ idi. Köçkünləri əsasən qəzanın müxtəlif kəndlərində yerləşdirsələr də, onların şəraitlərini yaxşılaşdırmaq üçün bolşevik höküməti acizlik göstərirdi.

        Köçkünlər içərisində ən böyük problem ermənilərlə bağlı olmuşdur. QİK in və Mərkəzi hökümətin canfəşanlıqla ermənilərə göstərdiyi xidmətlər bir nəticə vermirdi. Ermənilərin niyyətləri həmişə olduğu kimi tükənməz idi. 1924-cü il 28-fevral QİK in iclasında göstərilir ki, Sultan Nuxa və Mirzəbəyli kəndlərində məskunlaşan ermənilər Qərbi Azərbaycandan köçürülən (deportasiya olunan) Azəri türkləri ilə birlikdə  yaşamaq istəmirlər və tələb edirlər ki, onlar kompakt halda cəmləşsinlər.

        Nuxa QİK in 2-may 1924-cü il iclasında qeyd edilir ki, Sultan Nuxa və Mirzəbəyli kəndlərində erməni və yerli muğallarla yanaşı özbaşınalıq dövründə (özbaşınalıq dövrü kimi bolşeviklər Azərbaycan xalq Cumhuriyyəti dövrünü nəzədə tuturdular. R. H. ) qonşu ərazidən köçən ləzgilər də yaşayır.

        Erməni əhali qeyd edir ki, ləzgilər imkanlı vəziyyətlərindən və kulaklıqlarından istifadə edərək ermənilərin təsərrüfatlarına ziyan vururlar.

        Bu məlumatda diqqəti cəlb edən məsələ ermənilərin bolşevik ideologiyası əsasında yerli türkləri və ləzgiləri böhtan atəşinə tutması idi. Yəni ermənilər ləzgiləri kulak və imkanlı kimi təqdim etməklə hökümət orqanlarında onlara qarşı mənfi rəy yaratmaq istəyirdilər.

    Sovet milli siyasətinin tərkib hissəsi olan erməni məsələsi bütün qəzalarda olduğu kimi Nuxa qəzasında böyük rol oynayırdı. 1925-ci il Nuxa QİK in 31-may iclasında qərara alınır ki, Göybulaq kəndində məskunlaşan ermənilər vergidən azad edilsin və onlar torpaq, iş heyvanı ilə təmin olunsunlar. Əgər bu bolşevik hökümətinin humanistliyi idisə, tarixi torpaqlarından, Qərbi Azərbaycan ərazisindən deportasiya olunmuş soydaşlarımızı, qəzanın Daşbulaq kəndində yerləşdirdikləri zaman onların güzəranına ağlayan tapılmır. 1925 ci il QiK in iclasında Daşbulaqdakı Zəngəzur köçkünlərinin kömək üçün etdikləri müraciət rədd edilir.

     Göründüyü kimi sinifsiz və “bərabərlik” cəmiyyəti yaradan bolşeviklərin öz doğma torpaqlarımızda erməniləri yerləşdirməyi bir yana, yerli türklərin problemlərini, erməni problemlərindən arxa plana çəkirdilər.

            Sovet milli siyasətindən biri də dinimiz və milli dəyərlərimizi beyinlərdən silmək idi. İslam dinini qəbul etməyən və bundan hədsiz dərəcədə qorxan sovet höküməti məscidləri, mədrəsələri dağıdır və ya müxtəlif anbarlara, oyun zallarına çevirirdilər. Şəriət qanunlarını gülüş obyektinə çevirən “ qırmızılar ” dini, əxlaqi məsələlərə qarşı müasirlık pərdəsi altında mübarızə aparırdılar. Din xadimləri həbs olunub sürgün edilir, müxtəlif təhqir və təyziqlərə məruz qalırdılar.

       Göründüyü kimi bolşeviklərin  torpaqlarımızı işğal  etməsi yetməmiş milli dini əxlaqi dəyərlərimizi də əlimizdən almağa  çalışırdılar. Şura höküməti qurulduqdan sonra islami dəyərlər alçaldılır, din xadimləri xalqın gözündən düşürülür, şəriət qanunlarını lağ obyektinə çevrilirdilər. Hətta kəbin kəsdirərkən şəriət normalarına əsaslanan şəxlər müxtəlif vasitələrlə təhqir olunurdular. Şəki  fəhləsi qəzetinin 10 sentyabr 1928 ci il 55 ci sayında şəriət qaydası ilə kəbin kəsdirən Təyyub adlı Şəki şəhər sakini aşağıdakı şerlə gülüş obyektinə çevrilmişdir. 

                          Bir belə alçaq əməl firqəçiyə sanma hec yaraşmayır idi,

.                         Molla kələ yanına

                          Bir də nikah bağlayan çox eyib olsun sana .

                          Keçmişi sən salmısan yadə Təyyub əfəndi

                          Məsləyini vermisən badə Təyyub əfəndi. 

        Dinə milli adət ənənələrə qarşı mübarizə 1925-ci ildə Allahsızlar ittifaqının yaradılması ilə daha da şiddətlənmişdir. 1929 cu ildə bu ittifaq “Mübariz Allahsızlar ittifaqı” adını almışdır. İttifaqın üzvləri dinimizə milli-mədəni, əxlaqi dəyərlərimizə qarşı təbliğatlar aparırdılar. İttifaqın fəaliyyətində məscidlərin mədrəsələrin bağlanması, müqəddəs yerlərin dağıdılması əsas yeri tuturdu.

        Marksistlərin dini dəyərləri alçaltmalarında xaqımızın din xadimlərlərinində müəyyən təqsirləri var idi. Bəzi din xadimləri zaman zaman islamda mövcud olmayan işləri öz mənfəətləri üçün şəriətə və dinimizə aid etmişlər. Bu isə xalq arasında narazılıqlara səbəb olmuşdur.Xalq bir çox din xadimlərinə axundlara və mollalara nifrət bəsləyirdi. Bolşeviklər də Azərbaycanı işğal etdikdən sonra belə zəif tərəflərdən istifadə edirdilər.

        Hər şey xalqa məxsusdur deyən Şura höküməti şəhərdə istehsal sahələrində çalışan işçilərin həyat səviyyəsini heç minimum həddə çatdırmağı bacarmırdı. Fəhlələr zavodlardan öz məvaciblərini ala bilmirdilər. Onların güzəranı həddən artıq ağır idi. Fəhlələrin yaşayış səviyyəsi dözülməz vəziyyətə çatmışdı. Onların şikayət məktubları cavabsız qalırdı. Kustar baramaçılar öz məhsullarını dövlətə satmaqdan imtina edirdilər. Səbəb isə dövlətin baramanı ucuz alması və kustarların pulunun gecikdirilməsi idi.

        Zavodlarda fəhlə itaətsizliyi başlamışdı. 27-avqust 1928 ci il Şəki fəhləsi qəzetində göstərilir:  “işə çıxmayan fəhlələrin sayı 5 ci zavodda 250,  6 cı zavodda 20 nəfər bir ay müddətində işə çıxmamışlar”. Bu itaətsizliklərin qarşısını almaq üçün hökümət sərt  inzibati metodlara əl atırdı. Ancaq bəylər, ruhanilər, kəndlilər, fəhlələr, sənətkarlar  ümumiyyətlə qəzanın bütün vətənpərvər əhalisi qaçaq hərəkatına qoşulur və ya müxtəlif gizli təşkilatlarda birləşirdilər. Bu təşkilatlardan biri “ Xalqçı ” təşkilatı idi. Mustafa Əlicanbəyovun 1930 cu il mayın 4 də təcridxanada verdiyi ifadədə bildirilir; Hüseyn İncəli Əsədulla oğlu Xalqçının üzvü olub. Təşkilata Kazım Qarabəkir paşa və M. Ə. Rəsulzadə başçılıq edir. Hüseyn Əsədulla oğlu təşkilatla 1924 cü ildə Türkiyədə olarkən əlaqəyə girib. Buradan bəlli olur ki, Nuxa qəzası sakinləri hələ 20 ci illərin əvvəllərindən gizli təşkilatlarla əlaqə saxlamışlar.

        Bolşevizm və müstəmləkəçilik əleyhinə Nuxa qəzasında fəaliyyət göstərən təşkilatlardan biri də din xadimlərinin yaratdığı “ Xilafət ” olmuşdur. Təşkilatın mərkəzi Nic kəndində yerləşirdi. Şəki fəhləsi qəzetinin 1928 ci il 22 avqust sayında göstərilən məlumata görə təşkilata Şeyx Qərib başçılıq edirdi. Təşkilatın əsas məqsədi dini dəyərlərə hörmətlə yanaşılması, məscidlərə və mədrəsələrə ziyan vurulmaması uğrunda mübarizə idi. Həmin mənbədə göstərilir ki, 1928-ci ildə Şeyx Qərib öldüyünə görə, onun yerinə Xaçmaz kəndi sakini Şeyx Murad keçmişdir. Mənbədən məlum olur ki, Şeyx Murad daha radikal addımlar atırdı. Burada göstərilir ki, Şeyx Muradın şüarı, möminlərə hörmət kollektiv təsərrüfat tərəftarlarına və dini təkzib edənlərə nifrətdir. Şeyx Muradın tərəfdarları üçüncü və dördüncü dairələrdən (Mərkəzləri Vartaşen və Nic)başqa birinci və ikinci dairələrdə də çox olmuşdur. Zəyzid kəndində də onu dəstəkləyənlər, kollektiv təsərrüfata qarşı çıxıb, kolxoz ideyasını beyinlərə yeridənləri məscidlərə  buraxmırdılar. Qoxmuq kəndində Şeyx Muradın tərəfdarları olan Hüseyn Nəsir oğlu və Əhməd Hacı Məmməd oğlu daha radikal addımlar atırdılar. Onlar məscidlərə gəlməyənləri və namaz ibadəti etməyənləri kənddən qovmaq təşəbbüsü göstərmişdilər.

        Şeyxlərin bu radikal addımı mənfi xarakter daşıyırdı. Çünki hər hansısa dini və ya dini ayini zorla yerinə yetirilməyə təhrik etmək, elə islamın özündə düzgün sayılmır. Lakin Şeyxlərin işğalçılara və onların bədnam əlaltılarına qarşı apardıqları mübarizədə dini meyillərdən istifadə etməsi başa düşüləndir. Millətçilik, azərbaycancılıq, ideologiyasının lazımi dərəcədə yetkinləşməməsi, xarici müdaxiləçilərə qarşı milli zəmində birləşə bilməməsi, şeyxləri məcbur edirdi ki, cəmiyyətdə hələlik nüfuzu olan dini qayda və qanunların ətrafında həmrəylik yaratsın.

        20 ci illərin sonunda kollektivləşmə siyasəti ölkənin başqa yerlərindəki kimi Nuxa qəzasındada böyük narazılıqlara səbəb oldu. Hakimiyyətə gəldikləri ilk vaxtlarda kəndliləri aldatmaq məqsədilə onlara heç bir əvəzi ödənilmədən, torpaq paylayan bolşeviklər, Azərbaycanda möhkəmləndikdən sonra, kolxoz, sovxoz pərdəsi altında torpaqları kəndlilərin əlindən almağa başladılar. Kollektivləşmə gedişində kənd varlıları sayılan qolçamaqların, keçmiş ağa və bəylərin təqib edilməsi, onların müxtəlif yollarla həbs, sürgün edilməsi və güllələnməsi prosesi gücləndi. Yuxarıdakı təbəqələrin təqib edilməsi formalarından biri də həmin şəxslərin səs hüququndan məhrum edilmələri idi. Səs hüququndan məhrum edilmiş şəxslər və onların ailələri çox pis vəziyyətə düşürdülər. Onları işlədikləri müəssisələrdən çıxarır, heç bir iş yerinə qəbul etmirdilər. 1929 cu ildə Şəkidə səs hüququndan məhrum edilənlərin sayı 1800 nəfərə çatmışdı. Onların əksəriyyəti qədim şəhərin ziyalıları, yüksək çinli hərbçiləri, hörmətli din xadimləri və onların ailə üzvləri idi. Həmin ildə səs hüququndan məhrum edilən şəxlərin bəziləri aşağıdakılardır;

      Ağası bəy və İskəndər bəy  Əlicanbəyovlar, Xəli Dadanov, Lütvəli Dadanov, Axund Pişnamazzadə, Xancanovlar, Qasım bəy Nəbibəyov, Soltan Hacı Nəbibəyov, Hüseyn bəy Nəbibəyovlar ailələri ilə birlikdə səs hüququndan məhrum edilmişdilər.   

        Əhalinin narazılıqlarının artması, onların kollektivləşməyə qarşı əks reaksiyası tezliklə Nuxa Zaqatala bölgəsində üsyana səbəb oldu .Üsyançıların əsas məqsədi Azərbaycanda sovet rejimini devirib ölkənin müstəqilliyinə nail olmaq idi. Şəkinin köhnə bəylərindən olan Mustafa Əlicanbəyov Tiflisdə olarkən bildirmişdi; Zaqatala-Nuxa mahalında çox yerlərdə 35 nəfərdən ibarət dəstələr yaradılmışdır və beləliklə də hal hazırda mahal üzrə  təxminən150 nəfərdən döyüş qüvvəsi vardır. Üsyan zamanı bu rəqəmin 600 nəfərə çatdırmaq olar. Əgər üsyan uğurla aparılarsa və bizim bir ay davam gətirməyimiz üçün imkan olarsa, onda bütün Qarabağ mahalında da üsyanın baş verməsi gümanı vardır. Çünki orada da əhali arasında mövcud quruluşa qarşı narazılıq son həddə çatmışdır.

        Üsyandan əvvəl Şəkidə və kəndlərində doğurdan da son dərəcə kritik vəziyyət yaranmışdı. Əhali arasında şayələr gəzirdi ki, onlar üsyan qaldırsalar, Türkiyə hərbi yardım göndərəcək. Çünki əhalinin bir hissəsi Sovet rejimindən qurtarıb Azərbaycanın Türkiyəyə birləşdirilməsi istəyində idilər. Abdurrahman Nağıbəyovun 1930 cu il 4 mayda verdiyi ifadədə bildirilir ki, Qaşqaçay kəndinin sakini Həmid Molla Kərim oğlu ona türklərin Azərbaycana gələcəyini demişdi.Balacayev Sadıxbəy verdiyi ifadədə bildirmişdir ki, üsyan rəhbəri Molla Mustafa ona Nuxa şəhərinə gələcək Kazım Paşanın adını çəkmişdir.

        Əhalinin arasında yalançı xəbərlərin yayılması çaşqınlığa səbəb olmuşdu. Camaat içərisində SSRİ rəhbəri Stalinin və Kalininin oldürülməsi və bütün sovet ölkələrində üsyanların başlaması şayələri yayılmışdır. Belə şayələrin yayılması təbii qarşılanmalıdır. Əgər Şura höküməti xalqın istəyinin  heç olmasa bir hissəsini təmin etsə idi, onda belə şayələr yayılmazdı.

        Beləlklə 1930 cu ilin yazı ərəfəsində Şəkidə üsyan başlanması üçün ilkin, müqəddəm şərtlər tam yetişmişdi. Xalqın müstəqilliyinin, milli mənliyinin əlindən alınması, dini duyğularının, adət ənənələrinin təhqir edilməsi 1930 cu il Şəki üsyanının əsas səbəblərindəndir. Xalqın səbir kasasının dolmasının ən kuliminasıya nöqtəsi isə kollektivləşmə olmuşdur. Təsadüfi deyil ki, hərəkat kənddən başlamışdı.

          Bütövlüklə üsyanın hərəkətverici qüvvəsi yüz illərin sınağından çıxmış əxlaqi, etik baxışları, dini məfkurəni, iqtisadi münasibətləri də istiqlaliyyət düşüncəsini təmsil edən zümrə idi.