Şirməmməd Hüseynov zirvəsi

Отправлено 1 янв. 2015 г., 12:28 пользователем Murad Nabibekov   [ обновлено 1 янв. 2015 г., 12:29 ]













Cavanşir FEYZİYEV,

fəlsəfə doktoru, millət vəkili


        Onun haqqında danışanda adının önündə çoxsaylı epitetlər qoymağa çalışırlar. “Böyük alim”, “görkəmli tədqiqatçı”, “jurnalistikamızın patriarxı”, “jurnalistika elmimizin korifeyi”, “qeyrətli vətəndaş”, “fədakar insan”, “mehriban ailə başçısı” və s. Beləcə, ildən-ilə pərəstişkarları onun kimliyini, şəxsiyyətini layiqincə xarakterizə edə biləcək daha nadir, daha bəlağətli, daha sanballı ifadələr axtarıb tapmağa və sanki bununla ona olan, lakin özünün iddiasında bulunmadığı bir mənəvi borcun öhdəsindən gəlməyə, əvəzini verməyə çalışırlar. Son günlərdə eşitdiyim “millətin mühəndisi”, “müasir milli düşüncəmizin arxitektoru”, “millətin müəllimi” kimi fəxri adlar da Şirməmməd Hüseynova xalq sevgisinin, ziyalı rəğbətinin, tələbə məhəbbətinin doğurduğu ən səmimi duyğulardan qaynaqlanır. Bəxtiyar Vahabzadə isə Şirməmməd Hüseynov haqqında ən səmimi duyğularını belə ifadə etmişdi:
        Şirməmməd - əxlaqın, haqqın öz səsi / Ləyaqət, dəyanət mücəssəməsi!
        Bəli, özünün ürək dostu, qəlb sirdaşı, vicdan və məslək qardaşı Şirməmməd Hüseynov haqqında bu heyrətamiz misraları poetik düşüncənin ən mükəmməl ifadə tərzində yalnız və yalnız dahi söz ustadımız Bəxtiyar Vahabzadə deyə bilərdi.
        
Çoxları onun haqqında çox dəyərli fikirlər söyləyir. Şirməmməd Hüseynova dahi kimi baxırlar, onun zəkasına həsəd aparırlar. Doğrudan da, bir insanın on minlərlə insanı bir peşənin vurğununa və fədaisinə çevirməyi bacarması böyük düha tələb edir. Bu gün jurnalist peşəsini özünun həyat tərzinə çevirmiş, özünü bütövlükdə bu peşəyə həsr etmiş, öz varlığını bu peşə fəaliyyətindən kənarda təsəvvür etməyən minlərlə tələbəsi bu dühanın cəmiyətimizdəki görüntüləri, cəmiyyətin yoluna işıq saçan qığılcımlarıdır.
        Ona “bənzəri olmayan natiq” də deyirlər. Həqiqətən, minlərlə insanın nəfəs dərmədən, zamanı hiss etmədən, yorulmadan, usanmadan qulaq asmağa hazır olduğu bir natiqə tarixdə çox nadir hallarda rast gəlinir. O əsil natiqdir. İnamlı duruşu ilə, ona qulaq kəsilənlərin gözlərinə zillənən iti baxışları ilə dediyi sözləri dinləyənlərin zehnlərinə birdəfəlik həkk etməyi bacaran bir natiq. Şirməmməd Hüseynov sadə bir natiq deyil. O bəzən söylədiyi fikirlərin arxasında gizlətdiyi ən vacib məna və mahiyyət çalarlarını dinləyicisinə səsinin ahəngi ilə, üzünün ifadəsi ilə asanlıqla anlatmaq kimi qeyri-adi bir məharətə sahib olan natiqdir. Elə bir natiq ki, söyədiyi hər bir cümlə, hər bir fikir, hər bir mülahizə təkzib olunması mümkün olmayan bir aksiomdur.
        Ona “fədakar araşdırmaçı” deyirlər. Çox tədqiqatçılar illərlə kitabxana rəflərində qalıb toz basmış ədəbiyyatla çalışmaqdan, indiyədək elmi dövriyyəyə çıxmamış bilgiləri öyrənib bu bilgilər əsasında yeni bir elmi əsər ortaya qoymaqdan zövq alır və haqlı olaraq bununla fəxr edirlər. Şirməmməd Hüseynov isə adi tədqiqatçı deyil. O sadəcə əsər yazmır, o milli düşüncəmizin keçmişində bu günümüzü və gələcəyimizi araşdırır. O dahi Mirzə Fətəlinin, Həsən bəy Zərdabinin, Əli bəy Hüseynzadənin, Əhməd Ağaoğlunun, Ömər Faiq Nemanzadənin, Məmməd Əmin Rəsulzadənin, Üzeyir bəyin bu günümüzə gəlib çatmış saralmış arxiv sənədlərinin hər sətrində bu millət fədailərinin düşüncələrini, arzu və istəklərini , sonsuz vətən eşqini aşkar edir. Bütün bu bilgiləri öz qəlbinin genişliyindən, öz dərrakəsinin süzgəcindən və öz ruhunun vətənpərvərliyindən keçirib bu günümüzə gətirir və bizimkiləşdirir. O özünün elmi tapıntılarını yalnız alimlərin oxuyacağı elmi əsərə yox, aydın və məntiqli şərhləri ilə millətini sevən hər bir vətəndaşın həyat amalına və fəaliyyət proqramına çevirə bilir. Belə idrak, belə peşəkarlıq, millətin gələcəyi qarşısında belə bir məsuliyyət hissi və nəhayət, belə bir vətənnsevərlik bütün tədqiqatçılara xas olan bir keyfiyyət deyil.
        Doğmaları onu “mehriban ata”, “qayğıkeş həyat yoldaşı”, “məsuliyyətli ailə başçısı” adlandırılar. Lakin o sadə bir ailə başçısı deyil. O, həm də həyatının hər gününü sevdiyi peşəni başqalarına sevdirməyə
        həsr edən, bilik və bacarığını əsirgəmədən bölüşən bir müəllimdir. Şirməmməd müəllim onu sevən on minlərlə tələbənin, bir ölkədə bir peşə fəaliyyətində çalışan bütün insanların mənəvi atasıdır. Onu prinsippial, mübariz, usyankar kimi də sevirlər. Çünki o gördüyü işin doğruluğuna inanan və həm də inandıran, fədakar və mübariz ruhlu siyasi-ictimai xadimdir. Adətən belə insanlar haqqında deyirlər ki, onlar özləri üçün yaşamır. Şirməmməd Hüseynov da bu qəbildən olan, lakin adi bir ictimai-siyasi xadim qəlibində olmayan bir şəxsiyyətdir. İçərisində bulunduğu cəmiyyətin çatışmazlıqlarına dözməyən və qəzəblənən, eyni zamanda yeri gəldikcə sözü və əməlləri ilə başqalarını qəzəbləndirən, heç bir təzyiq qarşısında, heç zaman, heç bir halda öz inamından dönməyən üsyankar birisinin evin kandarından içəridə - ailə ocağında mərhəmətli bir insana, güzəştli və sevimli bir ataya, qayğıkeş bir həyat yoldaşına çevrilməsi, doğrudan da inanılmaz bir iradə, qibtə olunacaq bir dözüm və nəhayət, nəcabət dəyərlərinə əsaslanan yüksək əxlaq tələb edir. Bu mənada Şirməmməd Hüseynovun ailə məhəbbəti, doğma ocaq sədaqəti əsrlərin təcrübəsindən yoğrulmuş milli əxlaq mərtəbəsinə yüksəlir və onun etalonunu özündə əks etdirir.
        Milli fikir və milli inkişaf tariximizdə, milli istiqlal mücadiləmizdə və milli əxlaq xəzinəmizdə millət başını ucaldan, milli qürur gətirən, zaman-zaman fəth olunmuş şöhrət zirvələrimiz var. Bu zirvələrdə Nizami, Nəsimi, Mirzə Fətəli, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə, Üzeyir bəy Hacıbəyli kimi mütəfəkkirlərimiz dayanır. Öz həyatı, mübarizəsi, ictimai fikir cərəyanı ilə bu sırada qərarlaşan və öz varlığı ilə milli sərvət xəzinəmizi daha da zənginləşdirən şöhrət zirvələrimizdən biri də Şirməmməd Hüseynov zirvəsidir. Bu elə bir möhtəşəm zirvədir ki, bu günkü və gələcək ziyalı nəsillərimiz üçün belə bir yüksəkliyi bir daha fəth etmək olumsuz görünür. Ona görə də bu zirvələrdə dayananlar ölümsüzlərdir.
        Bütün bunlara baxmayaraq, Şirməmməd Hüseynov özü haqqında danışmağı xoşlamır. Jurnalistlər nə qədər çalışsalar da tərifdən və onun şəxsiyyətinə səmimi pərəstişdən xoşhal olduğunu sezmək, verəcəyi cavabların başında onun dilindən “mən” sözünü eşitmək mümkün deyil. Onun haqqında yazılmış çoxsaylı məqalələrdə, dəyərli ziyalılarımızn çıxışlarında “istiqlal aşiqi”, “qeyrət simvolu”, “haqq-ədalət carçısı” adlandırılan bu böyük İnsanın ətrafında baş verən və onun şəxsiyyətinə sevgidən doğan pərəstiş həyəcanlarına reaksiyası təəccüb doğuracaq dərəcədə sadədir. Buradan da onun portretinə yeni bir cizgi, adının önünə isə yeni bir epitet yaranır – Təmənnasız İnsan. Şirməmməd Hüseynova “təmənna” anlayışı yaddır. O “təmənna” adlı hissiyatdan çox uzaqlarda və çox yüksəklərdə dayanan bir İnsandır. Bu günkü ziyalılarımız arasında yaşından asılı olmayaraq elə bir insan tapmaq çətindir ki, nədə isə Şirməmməd Hüseynova oxşamaq arzusunu ürəyindən keçirməsin. Amma bir məsələdə nə bu sətirlərin müəllifi, nə də Şirməmməd Hüseynovu sevən on minlərlə insanlar nə qədər çalışsaq da ona oxşaya bilməyəcəyik. Bu da elə təmənna məsələsidir. Şirməmməd Hüseynovdan danışırkən, onun haqqında düşünürkən təmənnasız olmaq mümkün olmur. Təmənnamız isə ondan ibarətdir ki, ana Təbiət Şirməmməd Hüseynova uzun ömür, möhkəm can sağlığı bəxş etsin, bu böyük ustada hələ uzun illər yazıb-yaratmaq xoşbəxtliyi və ən müqəddəs arzularına qovuşmağı nəsib etsin.
        Millətin şərəfini uca tutmağı özünün şərəf işi hesab edən, “Şərəf”li millət müəllimimiz Şirməmməd Hüseynova 90 illik yubileyi münasibətilə ən səmimi arzularımla...
Mənbə: Modern.az