Haqqımızda

Azərbaycan Milli Elmlər Akademiyası
Şəki Regional Elmi Mərkəzi

Tarixi

       1972-ci ildə AEA-nın Fizika institutunun nəzdində Şəki Zona elmi bazası kimi yaradılmış, 1977-ci ildə Radiasiya bölməsinin tabeliyinə keçirilmiş, 1995-ci ildən müstəqil Şəki Regional Elmi Mərkəzinə çevrilmişdir. 1972-ci ildən ipəkçilik, fizika, kimya, geologiya, mədəni və yabanı bitkilərin genofondu laboratoriyaları, 1990-cı ildən sellərin öyrənilməsi və folklorşünaslıq və el sənətləri laboratoriyaları fəaliyyət göstərmişdir.
        2015-ci ildə Şəki Regional Elmi Mərkəzinin strukturunda dəyişiklikər aparılmış və hazırda aşağıdakı struktur bölmələri fəaliyyət göstərir:

        1. Landşaftşünaslıq şöbəsi;
        2. “Ekoloji coğrafiya” şöbəsi; 
        3. Bitkilərin biokimyası şöbəsi;
        4. Tut ipəkqurdunun seleksiyası şöbəsi;
        5. Molekulyar biofizika şöbəsi;
        6. Genofond və Biomüxtəliflik şöbəsi; 
        7. Folklorşünaslıq və el sənətləri şöbəsi;
        8. Tarixi irs və etnoqrafiya şöbəsi;
       

Son beş ildə əldə edilmiş əsas elmi nəticələr

       İpək çıxımı 8-10% artıq olan xəstəliyə dözümlü tut ipəkqurdu xətləri yaradılmışdır. Biostimulyatorların tut ipəkqurdunun məhsuldarlığına təsiri öyrənilmişdir. Gön-dəri, yun məhsullarının yeni alınmış təbii boyaq maddəsi ilə rəngləmə üsulu təklif edilmişdir. Sel, onu yaradan amillər, formalaşmasının qarşısının alınması məqsədilə təkliflər hazırlanmışdır. Yeni alma və armud sortları yaradılmışdır. Polimetal filiz yataqlarının axtarışında indikatorların rolu öyrənilmişdir. Bölgə folklorunun toplanması, tədqiqi aparılmış, folklor muzeyi yaradılmışdır. Bölgənin Şəki, Qax, Zaqatala, Balakən, Oğuz rayonları üzrə coğrafi problemlər və xeyir-dualar kitabları buraxılmışdır. 2 namizədlik dissertasiyası müdafiə edilmişdir. 

Əsas fəaliyyət istiqamətləri

  1. Yerli bitki və heyvanat aləminin öyrənilməsi: təbiət abidələrinin bərpası; 
  2. Torpaqların məhsuldarlığının yüksəldilməsi və onların eroziyadan qorunması; meşə bitkilərinin inkişaf etdirilməsi; sel axınları ilə mübarizə; 
  3. Zonanın becərilən və perspektivli bitkiləri üzrə genetika və seleksiya işləri üzrə stasionar tədqiqatların aparılması; 
  4. Biogeokimyəvi əyalətin tədqiqi; 
  5. Böyük Qafqazın cənub yamacı zonasının yeraltı sərvətlərinin aşkar edilməsi ilə bağlı axtarış işlərinin aparılması, eləcə də sənayedə istifadə edilməsi və işlənməsi imkanlrı üçün yerli xammal ehtiyatlarının öyrənilməsi; 
  6. Tut ipəkqurdu baramasının kompleks fiziki metodlarla tədqiqi; heyvandarlıq və quşçuluqda şüalanmanın stimullaşdırılması; 
  7. Balakən-Şəki bölgəsinin folklorunun və el sənətlərinin toplanması və tədqiqi. 
* * *

Rəhbərlik


Tel.: (024) 246 17 12; (050) 655 68 68.
E-mail: yusifsh@mail.ru

Anadan olduğu yer: Azərbaycan Respublikası, Şəki r., Baş Şabalıd kəndi 
Təvəllüdü: 27.10.1948. 
Təhsili: Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi.
Elmi dərəcəsi: Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru. 
Elmi rütbəsi: Professor. 
Doktorluq dissertasiyasını “Quruluş zülallarının fiziki xassələrinin məqsədyönlü dəyişdirilməsinin molekulyar-kinetik mexanizmləri” mövzusunda başa çatdırıb və ilkin müzakirə mərhələlərini keçmişdir.
        Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: çap olunmuş 37 elmi, tədris-metodik və bədii əsərləri var. Onlardan 24-ü fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işi müdafiəsindən sonra dərc edilmişdir. Müdafiədən sonra dərc edilmiş işlərin 4-ü müəlliflik şəhadətnaməsi, 14-ü müxtəlif elmi jurnallarda çap olunmuş məqalələr, 3-ü beynəlxalq və yerli elmi konfransların materiallarında çap olunmuş tezislər, 2-si fizika praktikumuna aid iki yeni laboratoriya işinə həsr edilmiş məqalə və 4-ü isə kitabdır..
        Xaricdə çıxmış elmi əsərlərin sayı: 10. 
        Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 4. 
        Əsas elmi nailiyyətləri: Kitablardan biri Yusif Şükürlünün otuz illik elmi axtarışlarını əks etdirən 23,6 çap vərəqi həcmində “Quruluş zülalları” adlı (rus dilində) monoqrafiyadır ki, bu əsər 2006-cı ildə AMEA-nın “Elm” nəşriyyatında çapdan çıxmışdır. 2008-ci ildə isə AMİ-nin “Müəllim” nəşriyyatında “İşığın dispersiyası” adlı dərs vəsaiti nəşr edilmişdir. Digər kitabı insanın Yer planetində təşəkkül tapmasına həsr edilmiş və Kosmopaleokontakt nəzəriyyəsinə əsaslanan 14,25 çap vərəqi həcmində “Yetti” adlı elmı-fantastik romandır. 2004-cü ildə onun 14,5 çap vərəqi həcmində olan şeirlər, hekayələr və povestdən ibarət “Çəhrayı gödəkçə” adlı bədii kitabı da çap edilmişdir. Yusif Şükürlü 11 iyun 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Yusif Şükürlünün ümumi fizika, nəzəri fizika, nəzəri mexanika, elektrotexnika və radioelektronika və biofizika fənlərindən oxuduğu mühazirələr, apardığı seminar və laboratoriya işləri, buraxılış işlərinə rəhbərliyi və s. Təbiət elmləri və tədrisi metodikası kafedrasının əməkdaşları və Filialın rəhbərliyi tərəfindən yüksək qiymətləndirilməkdədir. Yusif Şükürlünün mühazirələri müasir elmi-pedaqoji səviyyəyə malik olması, orjinallığı, mövzuları ətraflı şərhi və müasir informasiya-kommunikasiya texnologiyasından geniş istifadə edilməsi ilə fərqlənir.
        İş yeri və ünvanı: AMEA-nın Şəki Regional Elmi Mərkəzi , Azərbaycan Respublikası, Şəki ş., L.Abdullayev küç., 24.
* * *

Elmi işlər üzrə direktor müavini:
Fərhad Şirin oğlu Əzizov 
biologiya üzrə fəlsəfə doktoru

Tel: (024) 246 05 04, (050) 612 65 64. 
Email: azbioflor@rambler.ru

        F.Ş. Əzizov 1974-cü ildən Azərbaycan Respublikası Elmlər Akademiyası sistemində fəaliyyət göstərir. 1974-cü ilin may ayında akademiyanın Şəki Zona Elmi Bazasında kiçik elmi işçi kimi fəaliyyətə başlamış, 1976-cı ildə Genetika və Seleksiya İnstitutunda aspiranturaya qəbul olunmuş, həm region, həm də respublika üçün çox əhəmiyyətli və iqtisadi baxımdan önəmli olan bir mövzu üzrə “ Çaytikanı bitkisinin biokimyəvi tərkibi və bioloji fəal maddələrinin tədqiqi” mövzusunda tədqiqatlarını uğurla başa çatdıraraq, Daşkənd şəhəri Özbəkistan Respublikası EA Bioüzvü Kimya İnstitutunun Elmi şurasında dissertasiya işini müdafiə etmiş, biologiya elmləri namizədi elmi dərəcəsi almışdır.
        1989-2014-cü illər ərzində AMEA Genetik Ehtiyatlar İnstitutu Şəki Elmi tədqiqat Bazasında böyük elmi işçi vəzifəsində işləmişdir.
        2004-cü ildən təsdiq olunmuş tematik planına uyğun olaraq, “Azərbaycanın xalq seleksiyasına aid mədəni və yabanı meyvə bitkilərinin toplanması, öyrənilməsi və genofondunun zənginləşdirilməsi” istiqamətində elmi-tədqiqat işini layiqincə yerinə yetirmişdir.
        2010-cu ildən əlavə mövzu olaraq “Şəki rayonunun faydalı yabanı dərman bitkilərinin yığılması və öyrənilməsi” üzrə tədqiqat işlərini yerinə yetirir.
        F.Ş. Əzizov 10 noyabr 2014-cü il tarixdən ŞREM elmi işlər üzrə direktor müavini vəzifəsini icra etmiş, AMEA-nın Rəyasət Heyətinin qərarına əsasən 21 yanvar 2015-ci ildən Şəki Regional Elmi Mərkəzin elmi işlər üzrə direktor müavini vəzifəsinə təsdiq edilmişdir.
        İxtisası üzrə fəaliyyət göstərdiyi müddət ərzində 4 müəlliflik şəhadətnaməsi, 1 patent, 1 səmərələşdirici təklif üçün şəhadətnamə almış, respublikada və xarici ölkələrdə 20 elmi məqaləsi və 1 elmi kütləvi kitabı nəşr edilmişdir.
* * *

Elmi katib: 
Vüqar Əbülfət oğlu Abdurahmanov,
riyaziyyat üzrə fəlsəfə doktoru 

Tel: (050) 271 65 20

        Abdurahmanov Vuqar Əbülfət oğlu Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsini 1994-cü ildə fərqlənmə diplomu ilə bitirmiş, 1994-2005-cü illərdə Şəki rayonunda riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. 2004-cü ildən AMİ-nin Şəki filialının “Təbiət elmləri və tədrisi metodikası” kafedrasında müəllim vəzifəsində çalışmışdır. 2007-ci ildən AMEA-nın Riyaziyyat və Mexanika institutunun dissertantı olmuş, 2011-ci ildə “Markov zəncirinin trayektoriyasinin səviyyəyə birinci dəfə çatma anlari üçün limit teoremləri və onlarin tətbiqləri” mövzusunda dissertasiya işini müdafiə edərək , 2012-ci ildən riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2009-cu ildən AMİ-nin Şəki filialının “Təbiət elmləri və tədrisin metodikası” kafedrasında baş müəllimdir. 2014 cü ilin dekabr ayından AMEA-nın Şəki Regional Elmi Mərkəzində elmi katib vəzifəsinə təyin edilmiş,AMEA Rəyasət Heyətinin 21 yanvar 2015-ci il tarixli qərarı ilə elmi katib vəsifəsinə təsdiq olunmuşdur.
        19 elmi məqalə və tezisilərin müəllifidir.

* * *

Ümumi işlər üzrə direktor müavini: 


* * *

Struktur bölmələri

1. Landşaftşünaslıq şöbəsi


Şöbə müdiri Hüseyn Lütvəli oğlu Mustafabəyli, 
geologiya-mineralogiya üzrə fəlsəfə doktoru 

Tel: (055) 873 22 71. 
E-mail: huseyn.mustafabeyli@mail.ru 

Əməkdaşların sayı: 5 nəfər, o cümlədən 2 elmlər doktoru. 

        Bu şöbə, 1972 -dən Azərbaycan SSR EA nın Şəki Zona Elmi Bazasının Geologiya laboratoriyası kimi fəaliyyətə başlamışdır. 1976 cı ildən isə 2015 ci ilə qədər Şəki- Zaqatala bölgəsinin zəngin mineral xammal,torpaq və bitki örtüyünü öyrənmək məqsədi ilə Geokimya laboratoriyası kimi fəaliyyətini davam etdirmişdir. 2015 ci ildən ŞREM Elmi Şurası qərarı ilə Tibbi geologiya və landşaft dəyişmələrinin öyrənilməsi məqsədi ilə “Landşaftşünaslıq Şöbəsi” adı altında fəaliyyətini davam etdirir. 

        Tədqiqatların əsas istiqamətləri :

        1. Böyük Qafqazın cənub yamacının gilli və karbonatlı suxurlarının xalq təsərrüfatında istifadəsi məqsədi ilə öyrənilməsi., gil şistləri və karbonat süxurlarından qiymətli inşaat materialı olan aqloporit və keramzitin alınması.
        2. Böyük Qafqazın cənub yamacının Yura yaşlı suxurlarının geokimyəvi xüsusiyyətlərinin öyrənilməsi; bəzi kimyəvi elementlərin müxtəlif litoloji tiplərdə və tektoniki zonalarda paylana qanunauyğunluqları., rudogen elementlərin (Cu,Pb,Zn) müxtəlif tipli süxurlarda stratiqrafiyasının bölgü üzrə paylanma qanunauyğunluqları., Yura çöküntülərinin regional geokimyəvi, zonallıq və paleocoğrafi xüsusiyyətlərinin öyrənilməsi.,Böyük Qafqzın cənub yamacının Yura çöküntülərində filizləşmə prosesini lokallaşdıran geokimyəvi faktorların öyrənilməsi., nadir elementlərin geokimyəvi xüsusiyyətlərinin öyrənilməsi.,
        3. Böyük Qafqazın cənub yamacının müxtəlif landşaft qurşaqlarının biogeokimyəvi xüsusiyyətlərinin öyrənilməsi., süxur, torpaq və bitkilərdə mikroelementlərin paylanma qanunauyğunluqlarının öyrənilməsi., bəzi kimyəvi elementlərin Cu ,Pb , Zn , Co,Ni, Cr ,V ,Ba , Sr, B,Mo,J və s. biogeokimyəvi xüsusiyyətləri., Böyük Qafqazın cənub yamacının xarakterik bitki növlərində mikroelementlərin paylanması., indikator ehtimallı bitki növlərində mikroelementlərin bioloji mənimsənilmə əmsallarının müəyyənləşdirilməsi.,landşaftların biogeokimyəvi xüsusiyyətlərinin araşdırılması və "Qlobal iqlimdəyişmə " prosesləri ilə mümkün əlaqələrinin öyrənilməsi.
        4. Böyük Qafqazın cənub yamacının Mezazoy yaşlı süxurlarında baş verən dağıdıcı təbiət hadisələrinin geokimyəvi üsullarla tədqiq olunaraq proqnozlaşdırılması., sel ocaqlarının coğrafi,litoloji və geokimyəvi xüsusiyyətlərinə istinad edərək sürüşmə proseslərinin proqnozlaşdırılması.,

        5. Şöbənin əməkdaşları tərəfindən aparılan çoxillik kompleks geokimyəvi, biogeokimyəvi, litoloji və coğrafi tədqiqatlar nəticəsində aşağıdakı elmi nailiyyətlər qazanılmışdır., Şöbənin əməkdaşları tərəfindən bir elmlər doktoru və bir elmlər namizədi elmi dərəcəsi almışdır., Böyük Qafqazın cənub yamacının üst Yura dövrünün Titon mərtəbəsinin İlisu lay dəstəsinə aid gilli və karbonatlı süxurlarından qiymətli tikinti materialı olan aqloporit və keramzitin alınması, onların inşaat işlərində istifadə olunma imkanları öyrənilmişdir., Yura yaşlı süxurların geokimyəvi xüsusiyyətlərinin öyrənilməsi onların litoloji tərkibindən, stratiqrafiq bölgüsündən, çökmə prosesinin fiziki-kimyəvi göstəricilərindən asılı olaraq tədqiq edilmişdir; Geoloji inkişaf tarixinə uyğun olaraq geokimyəvi mühitlərin fərqləndirilməsi, tipomorf elementlərin müəyyənləşdirilməsi., tədqiq olunan ərazidə filiz elementlərinin həqiqi və yalançı geokimyəvi anomaliyalarının müəyyənləşdirilməsi. - Yer qabığında paylanan kimyəvi elementləri -makroelement və mikroelement qruplarından başqa , həm də orta miqdarda paylanan mezoelement ( 0.01 -1.0 % arasında olan ) -C,S , P,Mn , Cl ,F Ba ,Sr ,Ti , Zr ,N qruplarının ayrıd edilməsi və bu elementlərdən geokimyəvi proseslərin diaqnostikasında istifadə edilməsi.,geokimyəvi mühit yaradıcı kimyəvi elementlərin Na ,K , Mg ,Ca , H ,S ,C geoloji proseslərdəki rolunun müəyyənləşdirilməsi.,geokimyəvi mühit -litoloji tip - mineral assosiasiyasından istifadə edilməklə kompleks geokimyəvi axtarış üsullarının hazırlanması.,Kimyəvi elementlərin daşınma və toplanmasında mezoelementlərin ağır izotoplarının rolunun araşdırılması və onların faydalı qazıntı yataqlarının əmələ gəlməsi prosesindəki rolunun araşdırılması., Polimetal tipli filiz yataqlarını əmələ gəlməsində H ,C ,Cl və S mezoelementlərinin əmələ gətirdikləri geokimyəvi rejimlərin bir-birini ardıcıl olaraq əvəzləməsi, filiz komponentlərinin məhlulda həll olması, daşınması, istiqamətləndirilməsi və S -li geokimyəvi mühitdə sulfidlər formasında çökməsi ilə səciyyələnən Hidrotermal- eksqalyasion genetik nəzəriyyənin sübut edilməsi.,polimetal tipli filiz yataqlarının əmələ gəlməsinin ərazidə tektoniki , maqmatik və hidrotermal proseslərin birgə vəhdətinin geokimyəvi effekti kimi baxılması.
        Böyük Qafqazın cənub yamacının Yura yaşlı qara gil şistlərində filizəmələgətirici geokimyəvi effekt tektonik mənşəli Fe , maqmatik mənşəli - Co və hidrotermal mənşəli -S elementinin birgə yaratdıqları geokimyəvi mühitlərin geokimyəvi effekti kimi qəbul olunur., Geokimyəvi mühitlər və geodinamiki proseslər (geodinamiki rejimlər və ehtizasi hərəkətlər ) arasındakı qarşılıqlı əlaqələrin mövcudluğunun müəyyən qədər araşdırılması.
        Aparılan elmi-tədqiqat işlərinin nəticəsində 7 müəlliflik şəhadətnaməsi alınmış, 48 məqalə yazılmışdır. "Tətbiqi geokimyanın bəzi problemləri" "Nafta -Press" Bakı -2007. 179 s. , "Geokimya üzrə sorğu kitabı " ,"Apostroff " Bakı -2014 ( G.V.Voytkeviç və b. Rus dilindən tərcümə) kitabları çapdan çıxmışdır. Böyük Qafqazın cənub yamacının Yura yaşlı çöküntülərinin 1: 100 000 miqyaslı geokimyəvi xəritəsi hazırlanmışdır.

* * *

2. “Ekoloji coğrafiya” şöbəsi 

Şöbə müdiri Yusif Rəsul oğlu Rəhimov
elmi işçi

Tel.: (050) 304-04-31
E-mail:  yusif59@mail.ru

Əməkdaşların sayı: 5 nəfər 

        Azərbaycanın Şimal-Qərb bölgəsi Böyük Qafqazın cənub yamacında yerləşməklə Şəki-Zaqatala iqtisadi rayonunu əhatə edir. Bu bölgə ölkənin ən təhlükəli daşqın və sellərlə müşahidə edilən ərazisidir.
        Son illərdə cəmiyyətin məhsuldar qüvvələri inkişaf etdikcə insanın təbii inkişaf prosesinə antropogen təsiri artır. Bununla əlaqəli dağıdıcı təbiət hadisələrinin də öz növbəsində insanın təsərrüfat fəaliyyətinə təsiri güclənir. İntensiv tektonik proseslər, dağ suxurlarının güclü aşınması, yamaclarda asanlıqla yuyula bilən qırıntı materiallarının toplanması, dik və maili yamacların olması, güclü leysan yağışlarının yağması, həmçinin meşələrin qırılması, sutoplayıcı sahələrin yuxarı hissələrində torpaq və bicənəklərdən düzgün istifadə edilməməsi, bu təhlükəli hadisələrin fəallaşmasına əlverişli şərait yaradır. Bu baxımdan mənbəyini Böyük Qafqazın cənub yamacı zirvələrindən götürən selli çaylar Şəki-Zaqatala bölgəsinin iqtisadiyyatına böyük ziyan vurur.
        Bütün bunları nəzərə alaraq Azərbaycan MEA-nın Rəyasət Heyətinin 05 aprel 1991-ci il tarixli qərarı ilə Şəki Regional Elmi Mərkəzində “Sellərin öyrənilməsi” laboratoriyası təşkil edilmişdir. Laboratoriyanın Şəki şəhərində yaradılması Kiş və Şin çaylarının güclü selləri ilə digər hövzələrdən fərqlənməsi və hövzə ərazilərində uzun müddətli hidrometeoroloji müşahidələrin və qeydiyatların aparılması ilə izah edilir. “Sellərin öyrənilməsi” laboratoriyasının ilk tədqiqat işi 1991-1995-ci illər üçün Kiş və Şin çaylarında seləmələgəlmə şəraitinin öyrənilməsi olmuşdur. Tədqiq olunan ərazidə Azərbaycan MEA-nın təşkil etdiyi kompleks ekspedisiyanın apardığı tədqiqat işləri nəticəsində Kiş çayı hövzəsinin geoloji quruluşunun seləmələgəlmə prosesindəki rolu müəyyən dərəcədə aydınlaşdırılmışdır. Azərbaycan MEA-nın, akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun və ŞREM-in əməkdaşlarının birgə hazırladıqları “Kiş və Şin çaylarının hövzələrinin selləri”, “Kiş çayı hövzəsində sel hadisələri və onlara qarşı mübarizə tədbirləri” kitabları nəşr edilmişdir.

        AMEA-nın Kibernetika İnstitutunun və ŞREM əməkdaşları birgə əməyi sayəsində hazırlanaraq nəşr edilmiş “Çaylarda sel və daşqın hadisələrinin riyazı modelləşdirilməsi və proqnozlaşdırılması” kitabı çox aktual və problemlərin həlli üçün daha geniş imkanlar açan elmi əsərlərdir.
        Kitabların yaradılmasında“Sellərin öyrənilməsi”laboratoriyasının əməkdaşlarının böyük əməyi olmuşdur və burada sellərə qarşı mübarizə tədbirlərindən bəhs edilən çoxsaylı təkliflər hazırlanaraq aidiyyatı nazirliklərə göndərilmişdir.
        2015-ci ildən etibarən isə laboratoriya ŞREM Elmi Şurasının qərarı ilə “Ekoloji coğrafiya”şöbəsi kimi fəaliyyət göstərməyə başlamışdır.
        “Ekoloji coğrafiya” şöbəsində AMEA-nın təsdiq etdiyi, Azərbaycan Respublikasında 2014-2020-ci illərdə aparılacaq elmi-tədqiqat işlərinin prioritet istiqamətlərinə müvafiq olaraq iqlim dəyişmələri və Şimal-Qərb bölgəsində təbii dağıdıcı proseslərin və səhralaşmanın tədqiq ilə yanaşı Böyük Qafqazın cənub yamacının landşaft qurşaqlarında sel əmələgətirici ocaqların müəyyənləşdirilməsi və onlarda fitomeliorativ tədbirlərin aparılması yolları öyrənilir.
        Regionun çaylarının və ümumiyyətlə Böyük Qafqazın cənub yamacında sel hadisələrinin xronologiyası və təhlili göstərir ki, Azərbaycanda sel hadisələri sönmür, əksinə son illərdə onların təbii güclənmə və daha tez-tez təkrarlanma prosesi gedir. Odur ki, Şəki REM-in “Ekoloji coğrafiya” şöbəsi öz işində əsasən sellərin öyrənilməsi, onlara qarşı mübarizəsinin fiziki-coğrafi istiqamətlərinin geniş işıqlandırılması və eləcə də bu problemin mühəndis həllinin mümkün qədər yeni aspektlərdə işlənilməsi istiqamətində elmi-tədqiqat işlərini davam etdirir.

* * *
3. Bitkilərin biokimyası şöbəsi

Şöbə müdiri: 
Zərbalı Murad oğlu Xəlilov
biologiya üzrə fəlsəfə doktoru

Tel: (050) 287 28 31
E-mail: xalilov.z@mail.ru

Əməkdaşların sayı: 5 nəfər 

        Şəki Zona Elmi Bazası fəaliyyətə başlayan ilk illərdən burada təşkil edilmiş laboratoriyalardan biri də “Biokimya” laboratoriyasıdır. Laboratoriyanın təşkil edilməsində əsas məqsəd bölgədə geniş yayılmış yabanı meyvə və giləmeyvə, elecə də dərman bitkilərinin morfoloji, kimyəvi və biokimyəvi xüsusiyyətlərinin öyrənilməsi ilə yanaşı ipəkçilikdə və kənd təsərrüfatının digər sahələrində biostimulyatorların tətbiqi vasitəsi ilə məhsuldarlığın artırılmasına nail olmanın yollarını araşdırmaqdan ibarətdir.
        Başlanğıc illərdə aparılan tədqiqatlar zamanı mühüm elmi nəticələr əldə edilmişdir. Məlum olmuşdur ki, biostimulyator kimi istifadə olunan selenin natriumlu və suspenziya şəklində barium birləşməsi qoyunçuluqda quzuların diri çəkisini və yun məhsuldarlığını, quşçuluqda cücələrin boy inkişafını və toyuqların yumurta məhsuldarlığını 12-15% artırır.
        Bununla yanaşı heyvandarlıqda məhsuldarlığı artırmaq məqsədi ilə Azərbaycanda ilk dəfə olaraq xlorella yetişdirmə sexi inşa edilmiş və 10 min başlıq heyvandarlıq kompleksində istifadə edilməsi nəticəsində xeyli iqtisadi səmərə əldə edilmişdir.
        Bununla yanaşı rayonda heyvandarlıqda qısırlığı aradan qaldırmaq həmçinin bala məhsuldarlığını artırmaq məqsədi ilə laboratoriyanın əməkdaşları tərəfindən 20 min dozadan artıq SJK preparatı hazırlanması və rayonun heyvandarlıq təsərüfatlarında istifadə edilmişdir. Rayonun quşçuluq təsərüfatlarında cücələrin xəstəliklərə qarşı immunitetini artırmaq məqsədi ilə çoxlu miqdarda qamma-qlobulin preparatı hazırlanaraq quşçuluq təsərrüfatında istifadə edilmişdir.
        Selenin ipəkçilikdə tətbiqi də öyrənilmiş və məlum olmuşdur ki, preparatın təsirindən barama məhsuldarlığı və ipəyin bir sıra texnoloji parametrləri yaxşılaşdırılır. Bu araşdırmalar əsasında əməkdaşlarımız iki müəlliflik şəhadətnaməsi almışdır.Yuvenil hormonunun oxşarı olan altozid SR-10 preparatının ipəkçilikdə tətbiqi də həm laboratoriya, həm də istehsalat şəraitində sınaqdam keçirilmiş və nəticədə aşkar edilmişdir ki, preparat tut ipəkqurdunun orqanizminə daxil edildikdə barama məhsuldarlığı 40-50% artmaqla yanaşı, ipəyin texnoloji parametrləri yaxşılaşır. Preparatın ipəkçilikdə istifadə edilməsi 1 kq barama toxumundan 3-4 min manat əlavə gəlir əldə edilməsinə imkan verir.
        Laboratoriyamızda bölgənin dağlıq və dağətəyi ərazilərində yayılmış yabanı meyvə və giləmeyvə, həmçinin introduksiya edilmiş dərman bitkilərinin ayrı-ayrı orqanlarında bioloji aktiv maddələrin toplanma dinamikası öyrənilmişdir.
        Bölgədə geniş yayılmış yemişan, itburnu, zirinc, çaytikanı, sumax və introduksiya edilmiş cır limonun meyvələrindən 20-yə qədər müxtəlif preparat və qida məhsulları alınmışdır.
        Mövzu ilə əlaqəli 1 namizədlik dissertasiyası müdafiə edilmişdir.
 

* * *
4. Tut ipəkqurdunun seleksiyası şöbəsi 

Şöbə müdiri:
Qüdürət Məmməd oğlu Bəkirov 
biologiya üzrə fəlsəfə doktoru 
 
Tel: (050) 392 03 85
E-mail: bakirov.q@mail.ru

Əməkdaşların sayı: 12nəfər

        Qədim ipəkçilik məskəni kimi tanınan Şəkidə XVII-XIX əsrlərdə Mərkəzi Avropanın, Asiyanın ticarət mərkəzlərinə keyfiyyətli ipək ixrac olunurdu. Həmin illərdə fransızlar Şəkini “Qafqazın Lionu” adlandırmışdılar.
        İpəkçilik sahəsində qazanılmış qədimi şöhrəti bərpa etmək məqsədilə ŞREM-də “İpəkçilik” laboratoriyasının yaradılması xüsusi əhəmiyyətə malik idi. Elə bu səbəbdən yaradılan laboratoriyanin iş planına “Şəki-Zaqatala” bölgəsinin şəraitinə uyğun, xəstəliyə davamlı, istehsalatın tələblərinə cavab verə bilən yeni, yüksək məhsuldar tut ipəkqurdu cins və hibridlərinin yaradılması mövzusu daxil edilmişdir. Bu istiqamətdə xeyli işlər görülmüş, bir sıra yeni cins və hibridlər yetişdirilmişdir. Müxtəlif dövrlərdə xarici ölkələrdən gətirilmiş yüksək yaşama qabiliyyətinə və ipəkliliyə malik cinslərdən istifadə edərək, bölgənin iqlim şəraitinə uyğun, xəstəliyə davamlı hibridlər və cinslər yetişdirilmişdir. Yüksək ipəkli monovoltin və xəstəliyə dözümlü bivoltin cinsləri arasında çarpazlaşmadan alınan hibridlərdə hər iki qeyd edilən mühüm əlamətlərin vahid orqanizmdə cəmləşdirilməsi məqsədinə nail olunmuşdur. Bu məqsədlə müxtəlif coğrafi mühitlərdən gətirilmiş Daşkənd, PS-5, Tayvan, Un, Yapon, US-4, 143(VX)9xKqa, Səki-1, Şəkı-2 cinslərindən istifadə olunmuşdur. İpəkçilikdə məhsuldarlığı artırmaq məqsədilə biostimulyatorlardan və xlorelladan istifadə olunmuş və bu işə görə müəlliflik şəhadətnamələri alınmışdır.
        2011-ci ildə İpəkçilik laboratoriyası tərəfindən yetişdirilən ŞZEM-4xGE 143; Gel143x ŞZEM hibridlərinə Kənd Təsərrüfatı Nazirliyinin Seleksiya Nailiyyətlərinin Mühafizəsi və Təsdiqi İdarəsi tərəfindən dörd patent: 00141; 00142; 00143; 00144 və dörd müəlliflik şəhadətnaməsi verilmişdir.
        İpəkçilik laboratoriyasında aparılan işin istiqamətlərindən biri də bölgədə ipəkçiliyin tarixinə dair araşdırmalar aparılmasıdır. Bu işin nəticəsi kimi 2007-ci ildə mərkəzin əməkdaşları tərəfindən “Şəki ipəyi uzaq karvan yollarında” kitabı hazırlanmış və çap olunmuşdur.
        Q.Bəkirov m“İPƏKÇİLİK - izahlı lüğət” kitabının həmmüəllifidir. 

* * *

5. Molekulyar biofizika şöbəsi

Şöbə müdiri: 
Yusif Hacıbala oğlu Şükürlü
fizika -riyaziyyat üzrə fəlsəfə doktoru

Əməkdaşların sayı: 7 nəfər,
o cümlədən 2 fəlsəfə doktoru

        Biofizika elmi molekulyar və hüceyrələrdən başlayaraq tam biosferaya qədər bütün səviyyələrdə canlı təbiətin mövcud olmasının fiziki aspektlərini, bioloji sistemlərin müxtəlif səviyyəli quruluşlarda gedən fiziki prossesləri və müxtəlif fiziki faktorların bioloji obyektlərə təsirini öyrənir. Canlı obyektlərin yaranmasının və onların həyat fəaliyyətlərinin bioloji xüsusiyyətlərinin əsasında dayanan fiziki mexanizimlərin tədqiq olunması bir vəzifə kimi biofizikanın qarşısında durur. Bu elm sahəsi ayrıca bir elm kimi XX əsrin 50-ci illərindən formalaşmağa başlamışdır və 1972-ci ildə AMEA ŞREM-in sələfi olan Şəki Zona Elmi Bazası yaradılanda bu yeni elm ocağında- fiziki qanunların bioloji səviyyədə həyata keçməsi xüsusiyyətlərinin öyrənilməsinə başlandı. Həmin illərdə bir çox bioloji obyektlərdə, əsasən, zülal mənşəli təbii ipəkdə bioloji əhəmiyyətə malik olan və molekulyar səviyyədə mövcud olan ümumi prinsiplər öyrənilməyə başlandı.
        Şəki regionun ipəkçilik mərkəzi olduğundan AMEA-nın Şəkli Regional Elmi Mərkəzin qarşısında duran əsas vəzifələrdən biri də ipəkçiliyin inkişaf etdirilməsi idi. Ona ğörə yeni məhsuldar cinslərin yaradılması ilə yanaşı ipək sapının biotexnoloji göstəricilərinin yaxşılaşdırılması aktual məsələ kimi qarşıda dururdu. Bu baxımdan ipəkçiliklə əlaqəli aparılan elmi-tədqiqat işlərində qısa müddətdə müsbət nəticələr əldə edilməyə başlandı. Azərbaycan ipəkçilik tarixində ilk dəfə olaraq sabit maqnit sahəsində tut ipəkqurdu kəpənəklərini cütləşdirdikdə ailədə erkək fərdlərin sayının 75%-ə qədər artırılması və bununla əlaqəli olaraq 25% əlavə ipək çıxımının əldə olunması mümkünlüyü isbat edildi. Daha sonra ipəkçilik sənayesində mövcud çətinliklərdən biri olan barama pupunun boğulması və eləcə də baramadan ipək sapının açılması ilə bağlı aparılan elmi-tədqiqat işlərində müsbət nəticələr əldə olunmuş və bir qrup əməkdaş müəlliflik şəhadətnaməsinə layiq görülmüşdür.
        Laboratoriyanın əməkdaşları müxtəlif fiziki faktorların zülallara təsirini öyrənmək üçün güvənilən metodları- elektron paramaqnit rezonans metodunu, infraqırmızı, görünən və ultrabənövşəyi spektroskopiyanı, rentgenquruluş, kolorimetrik və xromatik analizi, spin zondu, deformasiya-möhkəmlik xassələrini və s. tətbiq etmişlər.
        Quruluş zülallarının fiziki xassələrinin öyrənilməsi və izah edilməsi məqsədi ilə uzunmüddətli sınaqlar həyata keçirilmiş və 2006-cı ildə f.r.e.f.d. Y.H. Şükürlünün müəllifi olduğu “Quruluş zülalları” monoqrafiyası hazırlanaraq nəşr edilmişdir.
        Son illərdə “Biofizika” laboratoriyasında müxtəlif bitkilərin payız yarpaqlarında olan flavonollardan-antosianidinlərdən çeşidli çalarda boyaq maddələrinin alınması üzərində elmi-tədqiqat işləri aparılır. Bu sahədə uğurlu nəticələr əldə olunmuşdur. Bu boyaq maddələrindən istifadə etməklə müxtəlif zülal mənşəli məmulatların– yunun, ipəyin, dərinin və eləcə də qida məhsullarının boyanması istiqamətində aparılan araşdırmalar müsbət nəticələr verməkdədir.

* * * 
6. Genofond və Biomüxtəliflik şöbəsi 

Şöbə müdiri: Qəzənfər Musa oğlu Əliyev

biologiya üzrə fəlsəfə doktoru

Tel: (051) 511 85 01
E-mail: q.musa@mail.ru

Əməkdaşların sayı: 21 nəfər, 
o cümlədən 2 fəlsəfə doktoru. 

        Şöbədə 2 biologiya üzrə fəlsəfə doktoru, 2 kiçik elmi işçi,bir böyük aqranom, 1 aqranom, 2 böyük laborant işləyir.

        Bu şöbə ilkin olaraq 1972-ci ildən “Genofond” laboratoriyası kimi fəaliyyət göstərmişdir.Laboratoriyanın fəaliyyəti bilavasitə AMEA Genetika və Seleksiya İnstitunun elmi işçiləri və mütəxəssislərinin rəhbərliyi və nəzarəti ilə həyata keçirilmiş, elmi-metodiki göstərişlər verilmişdir.
        Şəki Zona Elmi Bazası nəzdində qısa müddət ərzində ərazisinə, toplanmış bitki ehtiyatlarının çeşidinə və miqdarına görə həm elmi, həm də praktiki baxımdan kifayət qədər əhəmiyyətə malik olan ölkədə yeganə “Genofond bağı” yaradılmış və sonralar tədqiqat işləri və əhatə dairəsidaha da genişləndirilmişdir.
        Şəki zona Elmi Bazası Regional Elmi Mərkəz statusu əldə etdikdən sonra da bu istiqamətdə elmi-tədqiqat işləri davam etdirilmiş, Genofond bağında toplanmış materiallar daha da zənginləşdirilmişdir.
        “Genofond və biomüxtəliflik” şöbəsinin fəaliyyətinin əsas məqsədi, təbii və bioloji resurslarla zəngin olan Azərbaycanın Şimal–qərb bölgəsində geniş yayılmış yabanı və mədəni, tumlu, çəyirdəkli və qərzəkli meyvə bitkilərinin, o cümlədən dərman bitkilərinin aşkarlanması, onların bio–ekoloji xüsusiyyətlərinin öyrənilməsi, təsərrüfat əhmiyyəti, xalq seleksiyasına aid nümunələrintoplanması, onlara dair məlumatların əldə olunması, genofond bağında məskunlaşdırılması və “Genetik bank” yaradılmasıdır. Bu məqsədə nail olmaq üçün Genofond şöbəsinin əməkdaşları tərəfindən aşağıdakı vəzifələr mövsüm ərzində icra edilir.
        · Mədəni və yabanı meyvə, dərman və dekorativ bitkilərdən ibarət təcrübə sahəsində müntəzəm olaraq calaqaltı materialın yetişdirilməsi.
        · Regionun rayonlarına ekspedisiyaların təşkili, xalq seleksiyasına aid meyvə bitkiləri nümunələrinin aşkarlanması, məlumatların əldə edilməsi və təcrübə sahəsində məskunlaşdırılması.
        · Genofond bağına köçürülmüş nümunələrə aqrotexniki qulluq göstərilməsi, vegetasiya müddəti ərzində fenoloji müşahidələrin aparılması.
        Əldə edilmiş xalq seleksiyası nümunələrinin hər birinə aid məlumatları özündə əks etdirən kartoteka tərtib etmək, nümunələri pasportlaşdırmaq.
        · Mədəni bitkilərin və onların yabanı əcdadlarının təbii biosenozlarda mühafizəsi, saxlanması və elmi – tədqiqata cəlb edilməsi.
        · Nadir və nəsli kəsilməkdə olan bitki növləri və sortlarının səmərəli istifadəsi, onların genetik ehtiyatlarının bərpası və istifadəsinə dair tədbirlər görmək.
        · Yerli, ənənəvi aqroekosistemlərin bərpası məqsədilə tinglik təsərrüfatı təşkil etmək və tinglər yetişdirmək.
        · Meyvə bağlarının məhsuldarlığının intensivləşdirilməsi məqsədilə elmi – praktiki tədbirlər yerinə yetirmək.
        · Azərbaycanın Şimal – qərb bölgəsində yayılmış yabanı dərman bitkilərinin aşkarlanması, onların bio – ekoloji xüsusiyyətlərinin öyrənilməsi.

        Əsas elmi nəticələr, uğur və fəaliyyətlər

        Hazırda Şəki Regional Elmi Mərkəzin 6 ha – lıq Genofond bağında xalq seleksiyasına aid tumlu və çəyirdəkli təsərrüfat əhəmiyyətli meyvə bitkiləri sortları 113 ədəd alma, 125 ədəd armud, 205 ədəd heyva, 47 ədəd Qafqaz xurması, 70 ədəd yemişan, 15 ədəd göyəm, 6 ədəd Şərq xurması, 7 ədəd əzgil, 20 ədəd itburnu, 7 ədəd zoğal, 3 ədəd gilas, 5 ədəd nar, 3 ədəd ağ tut, 1 ədəd xar tut, 5 ədəd zirinc, qərzəkli bitkilərdən 18 ədəd qoz, 1 ədəd şabalıd bitkiləri məskunlaşdırılmışdır.
        Regional Elmi Mərkəzin həyətyanı sahəsində 0,6 ha ərazidə calaqaltı materialların müntəzəm olaraq hazırlanması məqsədilə alma, armud, zoğal, alça, qarağat, yemişan, əncir, əzgil, tut, şam bitkilərdən ibarət təcrübə sahəsi də mövcuddur.
        Əlavə olaraq Baş Şabalıd kəndi ətrafında mövcud olan 19,700 kv.metr sahəsi olan ekzotik, nadir və itməkdə olan relikt və endemik bitki və ağac sortları ilə zəngin bir ərazidə mühafizə və bərpa işləri yerinə yetirilir.
        Elmi – tədqiqat işlərinin nəticəsi olaraq əməkdaşlar tərəfindən respublikada nəşr edilən elmi jurnallarda 21 elmi məqalə, bir elmi – kütləvi kitabça nəşr edilmiş, 10 dərman bitkisinə dair bitkinin biologiyası, ekologiyası, kimyəvi tərkibi, becərilmə üsulları, yığılma qaydası,müalicəvi xassələri və istifadə üsullarına dair məlumatları özündə əks etdirən reklam prospektləri işlənib hazırlanmışdır.

* * *
7. Folklorşünaslıq və el sənətləri şöbəsi

        Elmi Mərkəzdə “Folklorşünaslıq və el sənətləri” şöbəsi 1989-cu ildən fəaliyyətə başlamışdır. Şöbədə bölgə rayonlarının folklorunun geniş və hərtərəfli öyrənilməsi məqsədilə aşağıdakı istiqamətdə işlər aparılır:
        1. Şifahi xalq ədəbiyyatı örnəklərinin toplanması, sistemləş dirilməsi və arxivinin yaradılması;
        2. Folklor nümunələrinin elmi şəkildə araşdırılması və nəşrə hazırlanması;
        3. Ayrı-ayrı folklar biliciləri və yaşlı nəslin nümayəndələri ilə görüşlər;
        4. Müxtəlif mətbuat orqanları, radio və televiziya verilişlərində çıxışlar.

        1. Şöbədə qısa zaman çərçivəsində mühüm tədqiqatlar yerinə yetirilmiş və bir sıra kitablar işıq üzü görmüşdür. Kitablar regional araşdırma xarakteri daşısa da, onlar , daha geniş niyyətli tədqiqatlar üçün mənbə rolunu oynaya bilər.
        Bunlara misal olaraq “Ulularımızdan qalma öyüd-nəsihət və xeyir-dualar”; “Əcdadlarımızın tibbi bilikləri deyimlərimizdə”, “Şəkidə məhəllə adları, soylar və ləqəblər” (Qoruq zonası,I kitab), “Rəşid bəy Əfəndizadə və folklor”, Rəşid bəy Əfəndizadənin “Müxtəsər şəriət” kitabı, “Firidun bəy Köçərlinin şəxsi arxivi”, “Şəkidə məhəllə adları, soylar və ləqəblər”(II kitab), “Qədim türk-Oğuz yurdu Oxut”, “Şəki yaşayış evlərinin interyeri” (XVIII əsrin sonu- XX əsrin əvvəlləri), “Dahilərin ömür yolu” (rus dilindən tərcümə) və s. qeyd etmək olar
        2. Şöbə əməkdaşları tərəfindən bölgədə yaşayan bir sıra çoxsaylı xalqların folkloru,həmçinin onların adət-ənənələri, ekspedisiyalar zamanı toplanmış və nəşr edilmişdir. Hazırda həmin istiqamət üzrə işlər davam etdirilir.
        Şöbədə respublikada ilk dəfə araşdırılan “Şəkidə məhəllə adları, soylar və ləqəblər” silsiləsindən olan kitabları xüsusi qeyd etmək lazımdır.
        Kitablarda ayrı-ayrı peşə sahibləri,din xadimləri,ipək tacirləri,hərbiçilər, sənətkarlar və görkəmli şəxsiyyətlər,nəsillərin (xüsusilə, Xalisəqarızadələr-Əbdül Qəni Nuxəvi) hər biri haqda toplanan materiallar göstərir ki,onların mövzu yeniliyi və zənginliyi hər birinin ayrı-ayrılıqda daha geniş və hərtərəfli öyrənilməsinə imkan verir. Belə məsuliyyətli və şərəfli iş isə gələcək nəslin üzərinə düşür.
* * *

8. Tarixi irs və etnoqrafiya şöbəsi

Şöbə müdiri: 
Rahim Rafiq oglu Həsənov

Tel: (055) 768-69-25
Email: raqimhist@mail.ru

Əməkdaşların sayı: 16nəfər 
o cümlədən 1 elmlər doktoru, 3 fəlsəfə doktoru

        
Bu şöbənin gördüyü iş daha çoxşaxəli olmaqla yanaşı, həm də Mərkəzin ümumi fəaliyyətində böyük bir laboratoriya kollektivi daxilində çalışaraq birinci növbədə folklor nümunələrinin toplanması, onların tədqiqi, sistemləşdirilməsi və nəşrə hazırlanmasında öz töhfələrini vermiş, eyni zamanda paralel olaraq el sənətləri ilə məşğul olmuşlar.
        
Tarixi irs və etnoqrafiya şöbəsi əməkdaşları regionun mümkün qədər bütün sənətkarlıq sahələrini (xüsusən də bədii cəhətdən müasir dövr üçün əhəmiyyət kəsb edən) öyrənməyi, ayrı-ayrı sənət əsərlərinin üzünü köçürməyi, fotoşəkil və izahlarını hazırlamağı qarşılarına məqsəd qoymuşlar.
        Dövrümüzdə ictimaiyyətin qarşısında duran başlıca problemlərdən biri də Azərbaycan xalqının tarixi boyu yaratdığı mədəni irsi qoruyub saxlamaqdır. Həm də müasir elmdə maddi-mədəni abidələrə qarşı olan münasibət son vaxtlar yenidən ön plana çəkilmişdir. Dövlətin mühafizəsi altında olan memarlıq abidələrinin bərpasına, yenidən qurulmasına və mühafizəsinə ciddi diqqət yetirilir. Şəki Xan Sarayı kompleksi, karvansaralar, məscidlər, körpülər, hamamlar dövlət tərəfindən mühafizə olunsa da, memarlıq dəyərinə malik şəxsi yaşayış evləri belə qayğıdan və nəzarətdən kənarda qaldıqlarından, ev sahibləri isə bu evləri bərpa etmək üçün maliyyə imkanlarından məhrum olduğundan təbii dağılma prosesi ilə üz-üzə qalıb.
        
Tarixi irs və etnoqrafiya şöbəsi apardığı tədqiqatların nəticələri onu göstərir ki, Azərbaycan xalqının tarixi-mədəni irsi Şəkinin yaşayış evlərində yaşamaqdadır. Bu gün bu mirasın tədqiqata və bərpaya ehtiyacı var. Şəki şəhərində xalq memarlığının tarixən formalaşması və inkişaf prosesini tədqiq etmək, bu zəmin üzərində yerli memarlıq ənənələrinə xas olan spesifik xüsusiyyətləri, qanunauyğunluqları aşkarlamaq və ümumiyyətlə, Azərbaycanda yaşayış evləri memarlığının tədqiqatı sahəsində mövcud olan boşluqları aydınlaşdırmaqdan, eləcə də Şəki şəhərində xalq yaşayış evlərinin xarakterik simasını üzə çıxarmaq, bunları qoruyub saxlamaq və bununla da xalqımızın mədəni dəyərlərini hifz etmək vacib məsələlərdən biridir.

* * *
https://sites.google.com/a/sheki.org/rem/001/1545906_613673662003458_1350255443_n.jpg?attredirects=0

İctimaiyyətlə əlaqələrə məsul şəxs Murad Rüstəm oğlu Nəbibəyov
Elmi işçi 
 
Tel: (024) 244 28 02; (050) 310 69 57.
E-mail: nabibekov@gmail.com

* * *

Təşkilatın işçilərinin ümumi sayı: 75 nəfər.

Elmlər doktorları:
    
    
Əlizadə Zəkəriyyə Mahmud oğlu - geol.min.elm.dok, aparıcı elmi işçi
İbrahimov Firədun  Nadir oğlu - pedaqoji 
elm.dok, professor, aparıcı elmi işçi
Novruzov Novruz Əhməd oğlu - geol.min.elm.dok, aparıcı elmi işçi